Məhkəmə qərarları › İş №2-2(103)-469/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-469/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-469/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-504/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.580 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 309 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.889 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi, habelə müvafiq qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-504/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2580 manat əsas borc, 100 manat dəbbə pulu, 70 manat mediasiyaya dair xərc, ümumilikdə 2750 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-504/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə faktiki olaraq 30 oktyabr 2021-ci il tarixdə xitam verilməsə də, borc məbləği xx.xx.2024-cü il tarixədək hesablanmışdır. Halbuki, cavabdeh həmin müddət ərzində heç bir fəaliyyət göstərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, əlavə izahatında bildirdi ki, icarəyə götürdüyü qeyriyaşayış sahəsini digər şəxsə “işlətməsi üçün” vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

9. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

10. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2521 nömrəli icarə müqaviləsinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı icarəyə verməyi, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür.

21. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən 34 m2 olan 2521 nömrəli mağaza - qeyri-yaşayış sahəsidir.

22. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqında əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir.

23. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin bir faizi həcmində cərimə ödəməlidir.

24. İddiaçı tərəfindən tərtib olunmuş 30 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün aktdan görünür ki, icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilir. İcarəçinin icarəyə verənə borcu 2580 manat müəyyən edilmişdir.

25. İddiaçı tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli 02-01/446 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2521 saylı icarə müqaviləsinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan icarə haqqı borcu 2580 manat, ona hesablanmış cərimə borcu 309 manat, ümumilikdə borcu 2889 manat təşkil edir.

26. Tərəflər arasında tərtib edilmiş icarə obyektinin qaytarılması barədə akta əsasən icarə sahəsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, akt cavabdeh tərəfindən imzalanmışdır.

27. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərə 30 oktyabr 2021-ci il tarixdə xitam verilsə də, icarə haqqı xx.xx.2024-cü il tarixədək olan borcdan ibarətdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin əməliyyat tarixçəsinə baxış keçirilmiş və icarə müqaviləsinin xitam verildiyi tarixə cavabdehin ödəməli olduğu borcun 2580 manat təşkil etdiyi müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası apellyatorun qeyri-yaşayış sahəsinin digər şəxsin faktiki istifadəsində olması və həmin borcun məhz bu istifadə ilə bağlı yaranması mövqeyini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında subicarə müqaviləsinə dair sübut təqdim edilməmişdir.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2-2(113)-504/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar