Məhkəmə qərarları › İş №2-2(103)-47/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-47/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-47/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-838/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firması arasında 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 2466949,18 manat məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Bank "xxxx" ASC cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN-00003-00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1428952,81 manat əsas borc, 313597,5 manat faiz borcu və 440859,89 manat dəbbə pulu, ümumilikdə 2183410,2 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin və iddianın qaldırılması üçün ödənilmiş 1481,71 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, cavabdehin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1428952,81 manat, faiz borcu 313597,5 manat, dəbbə pulu 440859,89 manat, cəmi kredit müqaviləsi üzrə borcu 2183410,2 manat təşkil edir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, bankın təqdim etdiyi ödəniş cədvəli və maliyyə arayışı üzrə təqdim etdiyi rəqəmlər ciddi şübhələr yaradır. Ödənilmiş məbləğlərin böyük hissəsi faiz ödənişi üçün hesablanmış, nəticədə əsassız borc qalığı yaranmışdır. Bundan əlavə, kredit müqaviləsi ümumi yığıncağın qərarı olmadan bağlanmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-838/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bank "xxxx" ASC ilə Təhsil Texnologiyaları Mərkəzi Hüquq Kommersiya "xxxx" LTD Firması arasında bağlanmış 30 iyun 2017-ci il tarixli, BKN00003-00/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 1.428.952,81 manat əsas borc, 313.597,5 manat faiz borcu və 71.440 manat dəbbə pulu, ümumilikdə 1.813.990,31 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasından tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 1481,71 manat dövlət rüsumunun 1163,33 manat məbləği Təhsil Texnologiyaları Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasından tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi, qalan 318,38 manat məbləği Bank "xxxx" ASC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh Təhsil Texnologiyaları Mərkəzi HüquqKommersiya "xxxx" LTD Firması apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" LTD-nin Nizamnaməsinin 7.2-ci maddəsinə əsasən, bank krediti və ya digər kreditlərin götürülməsinə dair qərarların verilməsi firmanın təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Lakin iş materiallarında firmanın təsisçilərinin Ümumi Yığıncağının sözügedən kreditin alınması ilə bağlı hər hansı qərarı yoxdur. Bu isə bağlanmış müqavilənin etibarsızlığı məsələsinin yoxlanılmasını zəruri edir. Bu barədə məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə müqavilənin etibarsızlığı və bağlanmasının prosedur problemlərinə qiymət verməmişdir. Eyni zamanda, məhkəmə ekspertizası dəbbə pulunun hesablanması məsələsinə qiymət verməmiş, məhkəmə isə yekunda əsaslandırılmamış və xeyli yüksək həddə dəbbə pulunun ödənilməsini qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

11. Həmin Məcəllənin 739.1-ci maddəsinin (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462-ci maddələri təşkil edir.

20. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh "xxxx" LTD öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

21. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən banka ümumillikdə 06 mart 2020-ci il tarixədək 1.452.443,01 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 1.037.996,37 manatı əsas borca, 414.446,64 manatı isə faiz borcuna silinmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 may 2023-cü il tarixli 9/1922 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ’’Borcalan” Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 1.428.952,81 manat, faiz borcu üzrə 314.218,66 manat müəyyən edilmişdir.

23. Apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 aprel 2024-cü il tarixli 9/8713 saylı ekspert rəyi verilmişdir.

24. Həmin rəyə əsasən borcalan "xxxx" LTD Firması tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1.428.952,81 manat, faiz borcu üzrə isə 266.586,91 manat təşkil edir. Həmçinin sözügedən müqavilə üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tətqiqatı ilə cavabehə cərimə hesablanmamışdır.

25. Eyni zamanda hesabdan çıxarış məlumatlarından göründüyü kimi "xxxx" LTD Firması tərəfindən xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün hər hansı ödəniş aparılmamışdır.

26. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, 04 aprel 2024-cü il tarixli 9/8713 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Faiz borcun məbləği isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 313.597,50 manat deyil, 266.586,91 məbləğində müəyyən edilməlidir.

27. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixə olan faiz borcunun tutulması barədə nəticəyə gəlmiş, lakin nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kreditin müddətinin bitdiyi tarix xx.xx.2022-ci il müəyyən edilmişdir.

28. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

29. Tərəflər arasında bağlanmış 30 iyun 2017-ci il tarixli kredit müqaviləsinin 5.4-cü bəndində də müəyyən edilmişdir ki, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində cərimə hesablanır.

30. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 71.440 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.

31. Apellyasiya şikayətinin dəlilləri isə (faiz borcuna aid hissədə qismən istisna olunmaqla) əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində ilk olaraq cavabdehin nümayəndəsi yalnız borcun məbləğini mübahisələndirərək iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, ekspert rəyi məykəməyə daxil olduqdan sonra isə həmin kredit müqaviləsinin ümumi yığıncağın qərarı olmadan bağlanması halına istinad etmişdir. İlk olaraq kollegiya qeyd edir ki, cavabdeh "xxxx" LTD Firmasının Nizamnaməsinin 7.2-ci bəndinə istinad etsə də, həmin nizamnamənin surətini məhkəməyə təqdim etməmişdir.

32. Bundan əlavə, cavabdeh kredit müqaviləsi bağlayaraq 2.466.949,18 manat məbləğində kreditdən istifadə etmiş və hazıra kimi cəmi 1.452.443,01 manat məbləğində ödəniş etmişdir. Hazırda isə həmin müqaviləni yuxarıda qeyd olunan əsasla mübahisələndirir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin hərəkətləri Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlıq prinsipinə ziddir və hüququdan sui-istifadə kimi qiymətləndirilməlidir.

33. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

34. Dəbbə pulunun məbləğinə dair qeyd edilir ki, ekspert həmin məbləğin müəyyən edilməsindən imtina etsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.4-cü bəndində cərimənin hesablanması şərti və qaydası müəyyən edilmişdir. Eyni zamanda, hesabdan çıxarış məlumatlarından və ekspert rəyindən müəyyən edilir ki, cavabdeh sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirmiş və müqavilənin müddəti bitdiyi xx.xx.2022-ci il tarixə qədər, yəni 834 gün heç bir ödəniş etməmişdir. Sadə riyazi hesablama ilə müəyyən edilir ki, iddiaçı 71.440 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.

35. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 119.1 və 119.3-cü maddələrinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-838/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi faiz borcuna aid hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin və faiz borcu 266.586,91 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh Təhsil Texnologiyaları Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar