Məhkəmə qərarları › İş №2-2(103)-470/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-470/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-470/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması”na dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək “xxxxxxxxxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əsasən 1.375.267,89 manat əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2017-ci il tarixə 343.787,4 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən sonra illik 5 faizlə hesablanmış 235.651 manat əldən çıxmış fayda olmaqla 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi əsasında cavabdehə 3 ay müddətinə illik 13 faiz olmaqla 2.100.000 manat məbləğində kredit verilmişdir. Buna görə də kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə razılaşma əlavə edilərək, qalıq borc məbləği 1.899.694,73 manat olmaqla müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Hal-hazırda kredit müqaviləsinin müddətinin başa çatmasına baxmayaraq cavabdeh bank qarşısında olan borc öhdəliyini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 1305966,12 manat əsas borc, 322.732,24 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 235.651 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1864379,36 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən 350 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsinin əsas və faiz borcu hissəsində ləğv olunması və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh “xxxxxxxxxx” MMC-nin əsas və faiz borcunun mövcudluğunu təsdiq edən sübutları (ödəniş qrafiki, hesabdan çıxarış, kredit müqaviləsi və s.) təqdim etmişdir. Məhkəmə qətnamə qəbul edərkən əsas borcun 1 375 267,89 manat, faiz borcuhissəsinin 343.787,4 manat olmasının təsdiq edilməməsini ekspert rəyi ilə əsaslandırmış və rəydə qeyd edilən məbləğ həcmində əsas və faiz borcu tutmuşdur. Lakin, məhkəmə əsas və faiz borcunun ekspert tərəfindən hansı əsaslarla azaldılmasını tam araşdırmamışdır. Kredit müqaviləsi üzrə tələb olunan borc üzrə ekspert tərəfindən əsas və faiz borcu düzgün hesablanmamışdır. Məhkəmə iş üzrə qətnamə çıxararkən ekspert rəyinə sübut qismində münasibət bildirsə də bankın təqdim etdiyi mülki iş materiallarında olan digər sübutlara qiymət verməmişdir. Cavabdeh MMC apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsini ləğv edib iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdr. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyri-obyektiv, qərəzli və qanunsuz araşdırma aparmış, sübutlara düzgün qiymət verməmiş, eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tövsif olunmadan, çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan iş üzrə qətnamə qəbul etmişdir. MMC ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixində 2.100.000 manat kredit verilməsinə dair 03 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixində kreditin qalıq məbləğinin yəni 1.899.694 manatın ödənilməsinə dair əlavə saziş bağlanmışdır. Bu hissəyə qədər MMC iddianı qəbul edir, lakin xx.xx.2015-ci il tarixində həmin kredit məbləği, yəni 1.899.694 manatı və əlavə olaraq 72.386 manat faiz borcu "Cavabdeh" MMC tərəfindən ödənilmişdir. Elə həmin gün MMC kredit hesabının debet hissəsində 1.972.081 manat vəsait görsənir və daha sonra silinir. Bu qeyd edilənlər əyani şəkildə iş materiallarının 68-ci səhifəsində, 69-cu səhifəsində, 85-ci səhifəsində, 87-ci səhifəsində, 90-ci səhifəsində bankın özünün təqdim etdiyi hesablardan çıxarışlarda da əks olunur. “Cavabdeh" MMC-nin öhdəlikləri barədə arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc tam ödənilmişdir. Orada qeyd edilir ki, guya MMC-nin öhdəliyi xx.xx.2015-ci il tarixli müqavilə üzrədir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də məlumatlar bankların verdiyi informasiya əsasında formalaşır. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC-nin “Rabitə” filialı və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 2.100.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü, 1.7-ci bəndlərinə əsasən, kredit 3 ay müddətinə, illik 13%-lə verilmişdir. Həmin müqaviləyə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, qeyd olunan tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən müqavilənin 1.4, 1.5, 1.9 və 1.11ci bəndləri dəyişdirilərək kredit müqaviləsinin müddəti uzadılaraq 18 ay, kreditin qalıq məbləği 1.899.694,73 manat, aylıq ödəniş 213.000 manat müəyyən edilmiş, xx.xx.2015-ci il tarixədək kreditin illik 13% hesabı ilə ödənilməsi, əgər xx.xx.2015-ci il tarixinə müştəri tərəfindən 1.500.000 manat məbləğində vəsait ödənilməzsə, belə halda bu tarixdən kredit üzrə illik 16% həcmində faiz ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2017-ci il tarixli 1701/6628 bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə 27 dekabr 2017-ci il tarixə olan 1397767,89 manat əsas, 658865,86 faiz borcunun 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli 1701/1291 nömrəli maliyyə arayışında xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə Cavabdeh MMCnin banka 1397767,89 manat əsas, 343787,40 manat faiz borcu olduğu, kredit müqaviləsinin müddətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın isə 83607,49 manat təşkil etdiyi qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən birinci dəfə məhkəmənin təşəbbüsü ilə, ikinci dəfə iddiaçının vəsatəti əsasında, üçüncü dəfə isə cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 13779 nömrəli ekspert rəyində xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx.xx.2015-ci il tarixdə imzalanmış razılaşmanın şərtləri, xx.xx.2018-ci il tarixədək edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı ASC olan əsas borcunun 1.304.527,62 manat, faiz borcunun 261.929,36 manat olmaqla ümumilikdə 1.566.186,98 manat təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda göstərilmişdir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081,08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 20750 nömrəli ekspert rəyində isə Cavabdeh MMC-nin İddiaçı ASC olan əsas borcunun 1.305.966.12 manat, faiz borcunun 322.732,24 manat olmaqla ümumilikdə 1.628.698,36 manat təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081,08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlərdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/184 nömrəli əlavə mühasibatlıq ekspertizasının rəyində xx xxxxxx 2014cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin kredit borcunun ümumilikdə 1.628.698,36 manat təşkil etdiyi bir daha qeyd edilmiş, eyni zamanda məhkəmənin ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü sualları üzrə bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında olan çıxarış məlumatlarında xx.xx.2015-ci il tarixində bank tərəfindən cavabdehin kredit hesabının debet hissəsində görünən vəsaiti təsdiq edən kassa mədaxil qəbzlərinin təqdim edilməsi ilə bağlı sonuncu ekspert rəyindən də göründüyü kimi, vəsatət verilmiş, həmin vəsatətə cavab olaraq qeyd edilən cavabdehin kredit hesabının debet hissəsində görünən 1.899.694,73 manat məbləği özündə əks etdirən ödəniş qəbzləri (kassa mədaxil qəbzləri) təqdim edilməmişdir. İş materiallarında olan çıxarış məlumatlarında xx.xx.2015-ci il tarixində bank tərəfindən cavabdehin kredit hesabının debet hissəsində görünən məbləğin təyinatının konkret olaraq xx xxxxxx 2014-cü il tarixli, 03 saylı kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx xxxxxx 2015-ci il tarixdə imzalanmış razılaşma üzrə olub-olmadığı, eyni zamanda hansı əsaslarla həmin hesaba köçürüldüyü və bank tərəfindən həmin debet hesaba köçürülmüş vəsaitin hara silindiyini sənədlər olmadığından tədqiqatla müəyyən etmək mümkün olmamışdır. Bundan başqa qeyd edilmişdir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081,08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər (əlavə razılaşma) öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğunu, xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin əsas borcunun 1.305.966,12 manat, faiz borcunun 322.732,24 manat olmaqla, ümumilikdə 1.628.698,36 manat borcunun mövcud olduğunun xx xxxxxx 2019-cu il tarixli 20750 nömrəli ekspert rəyi ilə də təsdiq olunduğunu müəyyən edərək, MM-nin 385.1, 386-cı, 442-ci, 448-ci, 739-cu maddələrinə istinad edərək iddianı əldən çıxmış fayda ilə bağlı hissədə tam, əsas və faiz borcu hissəsində qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsini əsas borc və faiz borcu hissəsində mübahisələndirsə də, xx xxxxxx 2019-cu il tarixli 20750 nömrəli ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı mötəbər dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli 20750 nömrəli ekspert rəyi ilə cavabdehin qalıq kredit borcu həm kredit müqaviləsi, həm də əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla hesablandığından və hesablama aparılarkən cavabdehin mədaxil qəbzləri ilə təsdiq edilən bütün ödənişləri nəzərə alındığından (cəmi 641.931,98 manat) birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun məbləğinin həmin rəy əsasında müəyyən edilməsi düzgün olmuşdur. Buna görə də məhkəmə qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə borcun xx.xx.2015-ci ildə tam bağlandığını bildirsə də, həmin tarixdə tərəflərindən nağd və ya köçürmə yolu ilə banka pul ödənilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda qeyd edilən tarixdə hesabın debet hissəsində 1.972.081,08 manat məbləğin əks olunması hesaba vəsaitin cavabdeh tərəfindən mədaxil edildiyi təsdiq olunmadan ödəniş kimi nəzərə alına bilməz. Apellyasiya şikayətində tələb edilən kredit borcunun xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsindən irəli gəlmədiyi qeyd edilsə də cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2015-ci il tarixdə (1.972.081,08 manatın kredit hesabının debet hissəsində qeyd edildiyi tarixdə) tərəflər arasında yeni kredit müqaviləsi bağlanmadığını bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2015-ci il tarixdə 1.972.081,08 manat vəsaitin kredit hesabının debet hissəsində qeyd edilməsi ilə bağlı bildirmişdir ki, həmin tarixdə cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün bu barədə hər hansı sübut təqdim olunmur. xx.xx.2015-ci il tarixdə cavabdehin qalıq kredit borcu kapitallaşdırılmış və sistemdə texniki səhv baş verərək kapitallaşdırılan 1.972.081,08 manat məbləğ debetə düşmüşdür. Cavabdehə təqdim edilmiş hesabdan çıxarışlarda əks olunmuş və bank tərəfindən kredit reyestrinə verilmiş məlumatların bu səbəbdən düzgün olmadığı müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə qalıq borcun xx.xx.2015-ci il tarixdə tam ödənilməsi barədə iddiaya etirazı və apellyasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun deyil. Qeyd edilən tarixdə cavabdehin kredit hesabının debet hissəsində 1.972.081,08 manatın görünsə də, iş materiallarında bu məbləğin qeyd edilən tarixdə banka cavabdeh tərəfindən ödənilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh tərəfindən qeyd edilən tarixdən sonra banka sözügedən kredit müqaviləsi üzrə 641932 manat ödəniş edilmiş, mədaxil qəbzlərində ödənişin təyinatı hissəsində xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə istinad edilmişdir. Bundan əlavə cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2018-ci il tarixli məktubda banka kredit borcunun mövcudluğu təsdiq edilərək yaxın vaxtlarda ödəniləcəyi bildirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili həmin məktubda xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə borcun nəzərdə tutulmadığını bildirsə də, tərəflər arasında xx.xx.2015-ci il tarixdə yeni bir kredit müqaviləsinin bağlandığını qəbul etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi, iş materiallarının 95-98-ci vərəqlərinə əlavə edilmiş xxxxxxxxxxxxxxxxxxxxxxxxndan çıxarışda öz əksini tapan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilməli və həmin sənəd iş üzrə mötəbər sübut hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılaraq müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən tam ödənildiyi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC və Cavabdeh MMC-yə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-342/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar