Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-471/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-381/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.011.792,50 manat (əsas borc 7.775.781,80 manat; faiz borcu 1.236.010,70 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(81)- 381/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(81)-381/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 135.1, 137.1, 360, 363.1.3-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(81)-381/2017 saylı qətnaməsi “Famko” sürətli poçt daşınma xidməti vasitəsi ilə xx xxx 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən qətnamənin alınmasından imtina edilmişdir. Bu halda məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi Mülki Prosessual Məcəlləsinin 137.1-ci maddəsinin tələblərinə əsasən xx xxx 2017-ci il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunduğundan, apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Beləliklə, cavabdehin həmin qətnamədən şikayət vermə müddəti xx xxxx 2017-ci il tarixədək olmuşdur. Cavabdeh isə apellyasiya şikayətini xx xxx 2020-ci il tarixdə məhkəməyə vermişdir. Göründüyü kimi cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Bundan başqa, cavabdeh xx xxxxx 2017-ci il tarixli iddianın etiraf olunması barədə məhkəməyə ərizə təqdim etmişdir ki, həmin ərizədən də müəyyən olunur ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə apellyasiya şikayəti geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan qaimədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(81)-381/2017 saylı qətnaməsinin surətinin cavabdehin ünvanına göndərilməsi və ünvanda qətnamənin alınmasından imtina edilməsi barədə poçt orqanı nümayəndəsinin qeydi və bu barədə ayrıca akt olsa da (i/v 145, 147), hazırki işdə Mülki Prosessual Məcəllənin 137.1-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Lakin qeyd olunan qaimə və aktda məhkəmə qətnaməsinin surətinin kim tərəfindən qəbul edilməsindən imtina edildiyi göstərilməmiş və qətnamənin surəti həmin ünvanda saxlanılmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin qətnamə cavabdehə Mülki Prosessual Məcəllənin 137.1-ci maddəsinə əsasən rəsmi qaydada verilmiş hesab oluna bilməz. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi xx xxx 2020-ci il tarixdə qətnamənin surətinin rəsmi qaydada verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş (i/v 197) və qətnamənin surəti xx xxx 2020-ci il tarixdə sonuncuya təqdim edilmişdir. Cavabdehin apellyasiya şikayəti isə xx xxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində nəzərdə tutulan 1 aylıq müddətdə verilmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-381/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-471/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-471/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver