Məhkəmə qərarları › İş №2-2(103)-472/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-472/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-472/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi Nümayəndə2 Fikrə qızının, X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arid oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" İstehsalat Birliyi MMC-nin “Radioquraşdırma” zavodunun cavabdeh "xxxx" Sahələrarası Elmi- İstehsalat Şirkətinə qarşı zəbt edilmiş torpaq sahələrinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-482/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdırma” zavodu cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbini tam həcmdə təmin edərək cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1393,62 kv.m təşkil edən ərazinin (tikili altı sahəsi 345,6 kv.m) boşaldılaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə ilə cavabdeh Şirkət arasında xx.xx.2006-cı il tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 1643/42059 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 524.4 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmişdir. İddiaçının istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. Bu isə icarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir. Ona görə də iddiaçı tərəfdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilərək icarə müqaviləsinə xitam verilməsi və icarə predmeti olan əmlakın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, **********94 nömrəli cavab məktubunda isə iddiaçıya məlumat verilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 1643/42059 saylı icarə müqaviləsi xx.xx.2007- ci il tarixində ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Şirkət tərəfindən icarə predmeti olan sahə boşaldılmamış və iddiaçıya qaytarılmamışdır. Bundan əlavə cavabdeh həmin torpaq sahəsini zəbt edərək zəbt edilmiş torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz tikililər inşa etmişdir. Bu qeyriqanuni hərəkətlər artıq uzun müddətdir ki, davam edir. Ona görə də cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər (pretenziya məktubları) edilmişdir. Lakin cavabdeh tərəfindən hələ də həmin torpaq sahəsinin boşaldılması, qeyriqanuni tikilinin sökülməsi üçün hər hansı tədbirlər görülməmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli, e-2-2(113)-482/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3-İstehsalat Şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən, 345,6 kv.m sahəsinin boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi qət edilmişdir. İş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh “Strımersahələrarası Elmiistehsalat” şirkəti 1986-cı ildə kooperativ formasında təsis edilmişdir. Yarandığı vaxtdan etibarən Şirkətin normal fəaliyyətinin təmin edilməsi məqsədilə onun “Radioquraşdırma” İB-ilə müvafiq hüquqiqarşılıqlı münasibətlər yaranmış, müvafiq madditexniki bazası yaradılmış, avadanlıqlar və ərazi, eləcə də orada olan tikililər də ayrılmışdır. Daha sonra cavabdehə ayrılmış sahə və onun üzərində olan tikililər ümumiyyətlə ona təhkim olunmuşdur. Buna dair də 1-ci instansiya məhkəməsində cavabdeh bütün zəruri olan arxiv sənədləri təqdim etsə də, işə baxan məhkəmə buna ümumiyyətlə nəinki hüquqi qiymət verməmiş, hətta onları işə əlavə etməmişdir. Proses zamanı cavabdehin təqdim etdiyi sənədlərin işdə olmaması səbəbindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı ekspert onları nəzərə almamış və onları tədqiq etməmişdir. Nəticədə, ekspert rəyi qeyri-obyektiv olaraq qəbul olunmuşdur. Ekspert yalnız cavabdehin təqdim etdiyi texniki pasportu araşdırmış, amma daha əvvəlki tarixlərdə cavabdehin adına tərtib olunmuş texniki pasportlar nəzərə alınmamış və ümumiyyətlə araşdırılmamışdır. Halbuki, tərəflərin iş üçün əhəmiyyət kəsb edən təqdim olan bütün sənəd və sübutlar araşdırılmalı və onlara hüquqi qiymət verilməli idi. İddianın qismən təmin olunması üçün məhkəmə əsas gətirir ki, iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, **********94 nömrəli cavab məktubunda bildirilir ki, cavabdehlə Komitə arasında bağlanılmış 1643/2059 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi xx.xx.2007-ci il tarixindən guya ləğv olunmuşdur. Halbuki, bu fakt məhkəmə tərəfindən ətraflı olaraq araşdırılmalı idi. Ancaq məhkəmə iş üzrə Əmlak Komitəsini 3-cü şəxs qismində cəlb olunmaqla kifayətlənmişdir. Digər tərəfdən işə baxan məhkəmə ümumiyyətlə ən vacib faktı araşdırmamışdır. Belə ki, iddiaçının irəli sürdüyü tələblə əlaqədar subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Yalnız Komitə ilə bağlanılmış icarə müqaviləsinin guya ləğv olunmasına, istehsalın genişləndirilməsinə, istehsal həcminin artırılması zərurətinə və sairə istinad edir. Halbuki, yalnız əşyanın mülkiyyətçi və ya sahibi əşyanı digər şəxslərdən tələb edə bilər. Amma işin hallarına görə, iddiaçı yalnız texniki pasportuna və tikillərə yaranmış ehtiyaca əsaslanaraq bu qanunsuz iddia tələbi irəli sürmüşdür. Baxmayaraq iddia ərizəsində iddiaçı qeyd edir ki, tikilillərin istifadəsinə ehtiyac yaranıbdır, amma digər tərəfdən isə həmin tikillərin cavabdehin vəsaiti hesabına sökülməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Burada iddianın uydurma olması açıq-aşkardır. İddia tələbi işin mahiyyətilə uyğunlaşmır. Bundan başqa qeyd etmək istəyirəm ki, tərəflər arasında bu ilk mübahisə deyil. Hələ, 2006-cı ildə hazırki iş üzrə iddiaçı eyni məzmunlu, eyni predmet və eyni hüquqi əsaslarla cavabdehə qarşı iddia tələbləri irəli sürmüşdür. İşə mahiyyəti üzrə baxılmış və nəticədə, iddia tələbinin rədd olunması haqqında 3047/5-638 nömrəli, xx.xx.2006-cı il tarixli Qətnamə çıxarılmışdır. Həmin qətnamədən isə iddiaçı apellyasiya şikayəti belə verməmişdir. İndi isə illər keçərək demək olar ki, eyni hüquqi əsaslarla, eyni predmet və eyni tələblər üzrə iddia irəli sürülmüşdür. Beləliklə, bu qətnaməni işə baxan məhkəmə əsassız olaraq nəzərə almamışdır. Həmçinin qeyd etmək istəyirik ki, icarəyə götürülmüş sahədə, cavabdehin tam qanuni olaraq və öz vəsaiti hesabına başqa tikili inşa etdirilmişdir. Belə olduğu halda, iddia tələbinin qismən də təmin olunmasının nəticəsində cavabdehə maddi zərər vurulur, vaxtılə həmin daşınmaz obyektlərə xeyli pul vəsaiti cavabdeh tərəfindən xərclənilmişdir. Apellyasiya şikayətində “İcarə haqqında” Qanunun 1ci, 2-ci, 4-cü, 5-ci, 7.1-ci, 7.2-ci, 9.3, 9.7-ci,10-cu, 13.1-ci, 13.4-cü, 13.5-ci, Mülki Məcəllənin 704.1, 704.2, 691-ci maddələrinə istinad edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arid oğlu məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-482/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predimeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 524,4 m2 təşkil edən “Radioquraşdırma” İB-nin balansında olan qeyri-yaşayış sahəsi “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti (sonradan Azərbaycan Respublikasının dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) ilə bağlanmış 12 iyun 2002-ci il tarixli və 01 may 2006-cı il tarixli “Dövlət əmlakının (qeyri yaşayış) sahəsinin icarəyə verilməsi haqqında” icarə müqavilələrinə əsasən cavabdehin icarəsində olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən xx.xx.1998-ci il tarixli, 3601 saylı texniki pasportda Bakı şəhəri, Xətai rayon R.Quliyev-4 ünvanında yerləşən daşınmaz əmlakın icarəçisi Bakı Radioquraşdırma Zavodu, icarəçi "xxxx" S.E.İ.Ş-i qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən xx.xx.1998-ci il tarixli 3760 saylı texniki pasportda Bakı şəhəri, Xətai rayon Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın icarəçisi Bakı Radioquraşdırma Zavodu, icarəçi "xxxx" S.E.İ.Ş-i qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, 11/409220611 inventar nömrəli **********64-12101 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunda Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 4 ünvanında yerləşən daşınmaz əmlakın balans saxlayıcısı Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodu, hüquq subyekti "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodu qeyd olunmuşdur. “Radioqayırma” BİB və "xxxx" kooperativi arasında hüquqi münasibətlərinin müəyyən edilməsi haqqında 1465 nömrəli əmrdə qeyd olunur ki, SSR Nazirlər Sovetinin 14 avqust 1986-ci il tarixli 315 nömrəli qərarına müvafiq olaraq “Radioqayırma” BİB nəzdində "xxxx" Kooperativi yaradılmışdır. xx.xx.1988-ci il tarixədək BEŞ keçmiş istehsalat və inzibati tikililərini (binalarını) "xxxx" kooperativinə verilməsi əmr olunmuşdur /11 №-li sex/ və qeyd edilən sahələr zəruri avadanlıqla təmin edilməsi əmr olunmuşdur. “Balanssaxlayıcı” Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi, “icarəçi” "xxxx" Sahələrarsı Elmi-İstehsalat Şirkəti olmaqla imzalanmış 08 yanvar 2008-ci il tarixli təhvil-təslim aktına əsasən 30 dekabr 2007-ci il tarixində, 1643/2059 saylı 01 may 2006-cı il tarixli icarə müqaviləsinin 2.1-ci bəndinin 2-ci maddəsi üzrə, 7 saylı binanın- 497,7 m2 - lik yarımzirzəmi istehsal sahəsi “icarəçi”-dən geri götürülmüşdür. 17 avqust 2021-ci il tarixli, 10/1863 saylı ekspert rəyində qeyd olunur ki, "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinin istifadəsində olan ərazi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdırma” zavodunun **********364-12101 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli, 11/409 invertar nömrəli texniki pasport sənədində göstərilən ərazinin cənub-qərb küncündə yerləşən hissəsi ilə və ərazidə yerləşən tikililər həmin texniki pasport sənədində G2, S2, R2, və H2 literləri ilə göstərilmiş tikililərlə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən normalara düzgün olaraq istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə tərəfindən “İcarə haqqında” Qanunun tələbləri pozulmuş, iddiaçı ilə aralarında hər hansı hüquq münasibəti olmadığı halda məhkəmə torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə kollegiyası bu mülahizələri əsassız hesab edir. Cavabdehdən geri tələb edilən torpaq sahəsinin iddiaçının balansında olan torpaq sahəsi olduğu işdəki texniki pasportlarla təsdiq olunur. Eyni zamanda ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçının balansında olan ünvan 1 ünvanında yerləşən, 345,6 kv.m torpaq sahəsi iddiaçının balansında olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin sahə üzərində cavabdehin sahibliyinin qanuni olması barədə iş materiallarında sübutlar mövcud olmadığından balansında olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə iddiaçının tələbi əsaslıdır. Cavabdehin nümayəndəsi və vəkili həmin sahə üzərində hüquqlarının xx.xx.2006-cı il tarixli müqavilə əsasında yarandığını və həmin müqavilənin hazırda qüvvədə olduğunu iddia etsə də, iş materiallarından görünür ki, müqavilə müddətli bağlanmış, müddət bitdikdən sonra tərəflərdən biri digər tərəfə xitam verilməsi üçün digər tərəfə müraciət etmədiyindən uzadılmış, 2008-ci ildə icarəyə verilmiş sahənin 497,7 m2- lik hissəsi cavabdeh tərəfindən geri qaytarıldığından faktiki olaraq müqavilə qismən ləğv edilmiş, xx.xx.2017-ci il tarixdən həmin müqaviləyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xitam verildiyinə dair iş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məktubu əlavə edilmişdir. 2017-ci ildən sonra cavabdeh tərəfindən müqavilə üzrə icarə haqqı ödənilməmişdir. İşin qeyd edilən halları ilə sübut olunur ki, xx.xx.2006-cı il tarixli müqavilə xx.xx.2017-ci il tarixdən tam ləğv edilmişdir. Apellyasiya şikayətində istinad edilmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında əvvəllər baxılan mübahisə üzrə iddia tələbi xx.xx.2006-cı il tarixli icarə müqaviləsi qüvvədə olduğu müddətdə qaldırılmış, iddia tələbi müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkətinin icarəyə verilmiş sahədən çıxarılması olmuşdur. Qeyd edilən iş üzrə iddianın predmeti və əsası fərqli olmuş, həmin işdə hazırkı iş üzrə preyudisial xarakter daşıyan hər hansı fakt müəyyən edilməmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehin ekspertiza qarşısında qoyulmasını təklif etdiyi suallar məhkəmə tərəfindən qərardada daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Prosessual qanunvericiliyin normalarından göründüyü kimi, işdə iştirak edən şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etmək hüququ olsa da sualların yekun məzmununu müəyyənləşdirmək məhkəmənin səlahiyyətinə aid edilmişdir. Hazırkı halda ekspert qarşısında baxılan mübahisənin həlli üçün zəruri olan sual qoyulmuş, cavabdeh tərəfindən məhkəməyə suallar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-482/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" Sahələrarası Elmi-İstehsalat Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-482/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar