Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-472/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1132/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadə olunan torpaq sahəsində yerləşən 12a nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 35,78 kv.m ümumi, 26 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 379 nömrəli reyestr kitabının 35346 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. 04.04.2018-ci il tarixli Əmlak Sığorta Şəhadətnaməsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-də sığortalanmışdır.
3. "xxxx" ASC tərəfindən PRM60462 nömrəli sığorta aktı tərtib edilmişdir. Aktda sığorta predmeti kimi ünvan 2 ünvanında yerləşən mənzil göstərilmişdir. Sığortanın başlanma tarixi xx.xx.2018-ci il, sığortanın qurtarma tarixi xx.xx.2021-ci il, sığorta predmetinin dəyəri 48000 manat, sığorta məbləği 46500 manat qeyd edilmişdir. Hadisə xx.xx.2019-cu il tarixdə baş vermiş, sığortalanmış mənzilə istilik sisteminin su borusu partlaması nəticəsində maddi ziyan dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 375 manat müəyyən edilmişdir.
4. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “Baş vermiş sığorta hadisəsinə yerində əmlaka dəymiş zərərlə bağlı baxış aktı”nın məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixində sığorta hadisəsi baş vermiş əmlaka baxış keçirilmi və məlum olmuşdur ki, yaşayış binasının ümumi istilik sisteminin su borularında olan nasazlıq nəticəsində 2 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olan mənzilin tavan hissəsi və divar kağızları qopmuşdur. Tavan hissədə kif yaranmışdır.
5. Bakı şəhəri 147 saylı Mənzil Kommunal və Texniki Xidmət Sahələri (bundan sonra MKİS) tərəfindən tərtib edilmiş aktın məzmunundan məlum olur ki, 147 saylı MKİSin balansında olan A.Alı küçəsi ev 12A, mənzil 10 ünvanında yaşayan İbrahimov Rövşən N. oğlunun xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə əsasən MKİS əməkdaşları tərəfindən həmin mənzilə baxış keçirilmişdir. Baxış zamanı aydın olmuşdur ki, həqiqətən binanın dam hissəsindən keçən istilik sisteminin su borusu partlamış, nəticədə su axıntısı mənzilə axmış, divarlara, mənzilin tavan hissəsinə, döşəməyə ziyan vurmuşdur. Aktın doğruluğu MKİS əməkdaşlarının imzası ilə təsdiq edilmişdir.
6. "xxxx" ASC-nin AZ05HAJC**********0SK0000347 nömrəli hesabından xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə AZ69HAJC******************** nömrəli hesaba 363,28 manat pul köçürülmüşdür. Ödənişin təyinatı kimi PRM60462 nömrəli sığorta aktı qeyd edilmişdir.
7. Cavabdeh ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-12/2-618/2023 nömrəli məktubun məzmunundan görünür ki, ünvan 2 ünvanında su axıntısının baş verməsinə dair məlumat ASC-yə daxil olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
8. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun faydalanan şəxs qismində çıxış etdiyi 04 aprel 2018-ci il tarixli PRM100123484 saylı sığorta şəhadətnaməsi üzrə dəymiş ziyanla bağlı 375 (üç yüz yetmiş beş) manat sığorta ödənişinin mənzilin təmirinə sərf olunması üçün mənzilin mülkiyyətçisi X4 ödənilməsinə etiraz edilməmişdir.
9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0221/20 nömrəli qiymətləndirmə aktından məlum olur ki, sığorta hadisəsi nəticəsində ziyan dəymiş ünvan 3 ünvanında yerləşən, PRM100123484 nömrəli şəhadətnamə ilə sığortalanan mənzilin təmir edilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 375 manat müəyyənləşdirilmişdir.
10. "xxxx" ASC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən PRM60462 saylı sığorta aktı əsasında zərərçəkmişin hesabına 363,28 manat köçürüldüyü qeyd edilmiş, ödənilmiş məbləğin Cavabdeh ASC tərəfindən 10 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi tələb edilmiş, əks halda mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xabardarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 363,28 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, X4 məxsus və "xxxx" ASC tərəfindən PRM100123484 saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış ünvan 4 ünvanında yerləşən 10 saylı mənzil olan binanın dam hissəsindən keçən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olan istilik sisteminin su borusu partlamış, nəticədə su axıntısı baş vermiş və sığortalı mənzilə maddi zərər dəymişdir. Baş vermiş hadisə üzrə Bakı şəhəri 147 saylı MKİS-nin əməkdaşları tərəfindən sığortalı mənzilə baxış keçirilməklə akt tərtib edilmişdir. Aktın təsviri hissəsindən də aydın olur ki, sığorta hadisəsi məhz Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus istilik borusunun partlaması nəticəsində baş vermişdir. Sığortalı mənzilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən dəymiş zərər qiymətləndirilmiş və 02221/20 saylı qiymətləndirmə aktı tərtib edilməklə mənzilə dəymiş zərərin 375 (üç yüz yetmiş beş) manat olduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PRM60462 saylı sığorta aktı tərtib edilməklə mənzilin natamam sığortalanmasını nəzərə alaraq 363,28 manat zərərçəkənin hesabına köçürülmüşdür. Hadisə ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində dəymiş zərərlə bağlı ödənilmiş sığorta ödənişinin ödənilməsi xahiş edilsə də, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.6-cı, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6, 36.1.5-ci maddələrinə istinad olunmuşdur.
13. Cavabdeh ASC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” e-2- 2(113)-8927/2024 saylı işlə bağlı nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edəm ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və barpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda qeyd edilmişdir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Qeyd olunanları rəhbər tutaraq iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddianın tamamilə əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
14. "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin etiraz ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfidən təqdim edilmiş məhkəmə qətnamələrinin hazırkı iş üzrə heç bir aidiyyatı yoxdur və başqa bir məhkəmə qətnaməsi mövcud iş üzrə iddianın rədd olunması əsası deyildir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırkı iş üzrə mənzilə suyun basması mənzil sahibinin daxilindən keçən hər hansı istilik sisteminin borusunun aşınmasından deyil, məhz 10 saylı binanın dam hissəsindən keçən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olan istilik sisteminin su borusunun partlaması nəticəsində zərər dəymişdir. Hər kəsin bildiyi kimi, mənzildən kənarda yerləşən və mənzil sahiblərinə aid olmayan sakin bu boruların keyfiyyətinə nəzarət etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Göründüyü kimi Cavabdeh ASC-nin üzərinə müəyyən xidmətlər göstərilməsi qoyulmuşdur. Bu xidmətlərin göstərilməsi üçün isə istilik borularının salamatlığı vacibdir. İstilik sistemi borularına xüsusi xidmətin göstərilməsi nizamnamədə xüsusi qeyd olunmasa da, məlum məsələdir ki, istiliyin verilməsi üçün boruların salamatlığı əsasdır.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1132/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri 147 saylı MKİS tərəfindən 147 saylı MKİS-in balansında olan A.Alı küçəsi ev 12A, mənzil 10 ünvanında yaşayan İbrahimov Rövşən N. oğlunun xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə əsasən MKİS əməkdaşları tərəfindən həmin mənzilə baxış keçirilməsi nəticəsində binanın dam hissəsindən keçən istilik sisteminin su borusunun partladığı, nəticədə su axıntısının mənzilə axdığı, divarlara, mənzilin tavan hissəsinə, döşəməyə ziyan vurduğu müəyyən olmuşdur. "xxxx" ASC tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0221/20 nömrəli qiymətləndirmə aktına əsasən mənzilin təmir işləri ilə bağlı xərclərin əvəzi olaraq 375 manat pul vəsaiti İbrahimov Rövşənin bank hesabına köçürülmüşdür. "xxxx" ASC ödənilmiş sığorta haqqının Cavabdeh ASC tərəfindən ödənilməli olduğunu bildirmişdir. Cavabdeh ASC isə baş vermiş sığorta hadisəsinə səbəb olmuş istilik sisteminin su borusunun onun balansında olmadığını qeyd edərək və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu əsas gətirərək iddianı qəbul etməmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətində olduğundan, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi əsassızdır. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 17, 21, 227.1, 235.1, 936.1, 936.2, 936.5, 1096, 1097, 1099.1-ci maddələrinə, AR Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə istinadıla əsaslandırmışdır.
18. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş ürə qətnamədə istinad edilən Mənzil Məcəlləsinin normalları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin bəndləri ilə hesab edir ki kolliziya təşkil edir. Belə ki, 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarın bəndlərinin təsvirindən görünür ki, istilik kəmərlərinin istismarı zamanı baş vermiş nasazlıqlarla bağlı texniki xidmətin göstərilməsi, həmçinin təmiri və salamatlığının təmin edilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik kimi qoyulmuş, lakin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edəm ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və barpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur. Bu halda Cavabdeh ASC tərəfindən binanın giriş hissəsinə qədər istilik borularına və sistemlərinə nəzarətin yalnız sonuncuya aid olmasını təsdiq edən müqavilə və ya hər hansı təsdiq edici sənəd təqdim olunmadığı halda məhz bütün mərkəzi xətlərin nasazlığına və yararlılığına nəzarət etməkdə cavabdehin öhdəliyində olmalıdır. Belə ki, binanın dam hissəsində olan Cavabdeh ASCnin balansında olan boruya heç bir vətəndaşın müdaxiləsi yolverilməzdir. İş üzrə, məhkəmə tərfindən qətnamədə qeyd olunmuşdur ki, Məhkəmə hesab edir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətində olduğundan, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi əsassızdır. Lakin bu xətlərin məhz binanın yalnız giriş hissəsinə qədər olan hissəsinin Cəmiyyətin balansında olmasını təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Bu hal yalnız cavabdehin nümayəndəsi tərəfindən verilmiş izaha istinadən qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 2.2-ci yarımbəndinə əsasən Cəmiyyətin ayrıca əmlakı vardır, özadından əmlak və şəxsi qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir, öhdəliklərinə görə öz əmlakı ilə məsuliyyət daşıyır. Həmçinin həmin qərarın 3-cü bəndində Cəmiyyətin məqsəd və funksiyaları öz əksini tapmışdır. Qeyd olunan bəndin müvafiq yarımbəndlərində istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması sistemlərinin etibarlı və səmərəli fəaliyyət göstərməsi, ölkə iqtisadiyyatının və əhalinin istehlak tələblərinə cavab verən istilik və isti su təchizatının, habelə müvafiq iş və xidmətlərə olan tələbatının ödənilməsi, istilik enerjisinin istehsalı, nəqli və satışının təşkili sahəsində Cəmiyyətin tərkibinə daxil olan müəssisə və təşkilatların fəaliyyətinin təşkil edilməsini, onların bu sahədə fəaliyyətinin tənzimlənməsini, istilik təsərrüfatı obyektlərinin, o cümlədən nasos stansiyalarının, istilik kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsini, istilik enerjisi istehsalı və təchizatı sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş texniki təhlükəsizlik və sanitar-mühafizə qaydalarına riayət edilməsinin təmin edilməsini və onlara nəzarət olunması vəzifələri qoyulmuşdur. Qərardan aydın olduğu kimi istilik kəmərlərinin istismarı zamanı baş vermiş nasazlıqlarla bağlı texniki xidmətin göstərilməsi, həmçinin təmiri və salamatlığının təmin edilməsi cavabdehin vəzifəsidir. Hadisə üzrə 10 saylı binanın dam hissəsindən keçən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olan istilik sisteminin su borusunun partlaması nəticəsində zərər dəyməsi müəyyən edilmişdir. 10 saylı binanın dam hissəsindən keçən istilik sisteminin su borusunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olmaması və partlamış boruya kim və ya hansı orqan tərəfindən nəzarət edilməsi və xidmət göstərilməsini təsdiq edən hal araşdırılmamış və bu borunun Cavabdehin balansında olmaması sübuta yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
22. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, iddiaya etiraza uyğun izahat verərək, şikayətin rədd edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: - 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. -227-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. -235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. -936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-də sığortalanmış, sığortalının xx.xx.2019cu il tarixli şikayəti üzrə mənzilə Bakı şəhəri 147 saylı MKİS-in əməkdaşları tərəfindən baxış keçirilməsi nəticəsində akt tərtib edilərək binanın dam hissəsindən keçən istilik sisteminin su borusu partladığı, nəticədə su axıntısının mənzilə axdığı, divarlara, mənzilin tavan hissəsinə, döşəməyə ziyan vurulduğu qeydə alınmışdır. Sığortaçı "xxxx" ASC tərəfindən mənzilin təmir işləri ilə bağlı xərclərin əvəzi olaraq 375 manat pul vəsaiti İbrahimov Rövşənin bank hesabına köçürülmüşdür. Hazırda "xxxx" ASC subroqasiya qaydasında icra edilmiş sığorta ödənişinin Cavabdeh ASC-dən tutulmasını xahiş edir. Cavabdeh ASC isə baş vermiş sığorta hadisəsinə səbəb olmuş istilik sisteminin su borusunun onun balansında olmadığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir.
30. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.
31. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.
32. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalı və həmin tələb hüququ sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində sığorta ödənişi həddində sığortaçıya keçməlidir.
33. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməlidir.
34. Hazırkı halda isə subasma hadisəsinin Cavabdeh ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.
35. Belə ki, iddiaçı baş vermiş su borusunun partlaması hadisəsinə görə Cavabdeh ASC-nin məsuliyyət daşımasını sübuta yetirmək üçün Bakı şəhəri 147 saylı MKİS tərəfindən tərtib edilmiş sığortalı X3 mülkiyyətində olan mənzilin yerləşdiyi binanın dam hissəsindən keçən istilik sisteminin su borusunun partlaması nəticəsində mənzilə ziyan dəyməsi barədə xx.xx.2024-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir.
36. Göründüyü kimi həmin akta əsasən qəza hadisəsinin cavabdehin balansında olan istilik avadanlıqlarında baş verməsi öz təsdiqini tapmır, əksinə aktdan da görünür ki, qəza binanın daxilində yerləşən su borularında baş vermişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 152.11, 227, 235-ci maddələrinin tələbləri baxımından yaşayış binasının daxilində yerləşən və sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab edilən mexaniki, texniki avadanlıqların işlək vəziyyətində saxlanılması yükünü yaşayış binasının sahə mülkiyyətçiləri (və ya yaşayış binasının idarə edilməsi üçün yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və digər idarəedici təşkilatlar) daşıyır. Odur ki, yaşayış binasının daxilində istilik sistemində baş vermiş qəzaya görə Cavabdeh ASC-nin məsuliyyət daşıması istisna olunur.
38. Beləliklə, mübahisəli istilik sisteminin su borusunun partlaması hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1132/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov Ziya Şirinov