Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-473/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: xidmət müqaviləsi, “respondeat superior”, estoppel, müqavilə azadlığı. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)- 523/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli MD-CB nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehdən aldığı endirim faizini özünün müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablamağı, cavabdeh öz müəssisələrində iddiaçıya aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini, müştərilər tərəfindən cavabdehin müəssisələrində xidmətin tam dəyəri iddiaçının plastik kartları ilə pos-terminallar vasitəsilə ödənildiyi hallarda endirim faizi nisbətində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı həmin müqaviləyə əsaslanmaqla 4658,91 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
3. Cavabdeh adıçəkilən müqavilə üzrə yalnız ünvan 1 ünvanında yerləşən 11201214 nömrəli pos-terminal üzrə xidmətin göstərilməsinin razılaşdırıldığını, lakin təqdim edilən çıxarışlardan qeyd edilən pos-terminal üzrə müştərilərə endirim tətbiq edilmədiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.
4. Elektron-qaimə fakturalardan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək ümumilikdə dəyəri 18619,97 manat olan xidmətin göstərilməsi ilə bağlı 22 elektron qaimə-faktura cavabdehə göndərilmiş, sonuncu tərəfindən həmin elektron qaimlərdən 11-i birbaşa təsdiq edilmiş, digər 11 elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir
5. Hesab üzrə çıxarışdan görünür ki, ümumilikdə 18536,53 manat məbləğində endirim faizi tətbiq edilmiş, 13877,62 manat cavabdeh tərəfindən qaytarılmışdır və hazırda 4658,91 manat çıxış qalığı mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 4658,91 manat məbləğində pulun və ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 06 noyabr 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi həmin müqavilə ilə müştərilərin cavabdehdə apardıqları əməliyyatlarla bağlı sonuncu tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə iddiaçı və cavabdeh arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 2%, endirimləri təqdim edən obyekt kimi isə ünvan 1 ünvanında yerləşən “Optimal” mağazası göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən X3 kampaniyasından yararlanmaq üçün bank kartlarını cavabdehin müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən iddiaçı endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, cavabdehin müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək cavabdehin digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi iddiaçının hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini iddiaçı öz hesabından müştəriyə ödənildiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, cavabdehin sərəncamı əsasında onun hesabından iddiaçının müxbir hesabına hər ayın ilk 10 iş günü ərzində müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində cavabdehin digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 iş günü ərzində iddiaçının müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən cavabdehin endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyəti üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin iddiaçıya köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 iş günündən gec olmayaraq iddiaçıya ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən cavabdehin 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: müqavilə şərtlərinə əsasən “Kartmane” kart müştəriləri ünvan 2 ünvanında yerləşən “Optimal” mağazasında ödəniş zamanı İddiaçı ödəniş məbləğinin 2% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya olan borcu 4658,91 manatdır.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, müqavilə yalnız bir obyekt və bir posterminal üzrə bağlanmışdır. Həmin obyekt ünvan 3 ünvanında olan 11201214 nömrəli posterminal üzrə olmuşdur. İddiaçının təqdim etdiyi çıxarışda isə həmin obyekt üzrə müştəriyə bonus qaytarılması öz təsdiqini tapmır. Cavabdeh tərəfindən elektron qaimələrin təsdiq edilməsinin səbəbi isə sonuncunun müştərilərə ödənilən bonusların verilib-verilməməsini yoxlamaq imkanı olmadığı ilə bağlı olmuşdur. İddiaçı isə cavabdehlə üzləşmədən yayınmışdır. Cavabdeh tərəfindən edilmiş ödənişlər isə iddiaçının müqavilə üzrə ödənişləri tələb etməsi və cavabdehin həmin anda ödənişlərin əsassız tələb etməsini müəyyən etmək imkanının olmaması ilə bağlı olmuşdur. Hazırda məhkəməyə təqdim edilən sənədlərdən müqavilədə qeyd edilən terminal üzrə hər hansı xidmətin edildiyi təsdiq edilmir. Bu səbəbdən iddia tələbi rədd edilməklə yanaşı vəkilə ödənilən 376 manat hüquqi yardım xərci də iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-523/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 4658,91 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli MD-CB nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 22. xx.xx.2020-ci il tarixli MD- CB nömrəli müqavilənin 3-cü hissəsinə (iddiaçı Bank qismində, cavabdeh Təşkilatçı qismində, müştəri – adına iddiaçının hesablaşma kartı olan və hazırkı müqavilənin şərtlərinə görə cavabdehin müəssisələrində xidmət göstərilən şəxs) əsasən, Tərəflər razılaşır ki, bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, Bankın marağı nağdsız qaydada hesablaşmaların həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışını stimullaşdırmaqdan, Təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlbi və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir (3.1). Bank Təşkilatçıdan aldiğı Endirim faizini Bankın müəyyən etdiyi qaydada nağd pul və ya Virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində Müştərinin xeyrinə hesablayır. Hesablanmış Virtual ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Bankın müəyyən etdiyi dövr ərzində istifadə edilməyən Virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır (3.2). Tərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların pos-terminallarmı əhatə edəcəkdir (3.3). X3 kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, bu Müqavilənin şərtlərinə uyğun endirimlər alır (3.4). Təşkilatçı öz müəssisələrində Banka aid Tanıtım Materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə Tanıtım Materiallarının vəziyyəti və yeri ilə tanış olmaq üçün Təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı Tanıtım materiallarını yalnız bu Müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı Bankın razılığı olmadan Bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığını bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalnız Müqavilə qüvvədə olduğu müddət ərzində Tanıtım materiallarından istifadə edə bilər və Müqaviləyə xitam verildikdən sonra dərhal, habelə Bankın tələb etdiyi halda Müqaviləyə xitam verilənədək Tanıtım materiallarını tam olaraq Banka geri qaytarmalıdır (3.5). Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların pos-terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavlənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir (3.6). Endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçının Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək Təşkilatçı, onun posterminahnın olduğu Digər bank və Bank arasında üzləşmə aktı tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən sonra Təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10- dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir (3.7). Müştərilər tərəfindən Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Bankın pos-terminalları vasitəsi ilə ödənildiyi hallarda Təşkilatçının bu Müqavilə üzrə Banka köçürməli olduğu vəsaitləri və ödəməli olduğu ödənişləri, habelə Bank qarşısında yaranmış hər hansı bir digər öhdəliyi üzrə ödənişləri X1 hesab(lar)ından Təşkilatçının razılığı tələb olunmadan birtərəfli qaydada akseptsiz şəkildə silir. Təşkilatçının hesab(lar)ında vəsait olmadıqda, Təşkilatçı və Bank arasında bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə Bankla Təşkilatçı arasında Üzləşmə Aktı tərtib olunur və Təşkilatçı tərəfindən Banka ödəniş edilir (3.8). Tərəflər razılaşır ki, Təşkilatçı müştərilərə xidmətlər göstərilən zamanı istifadə üçün nəzərdə tutulmuş bütün pos-terminallarının (siyahıda POS İD qeyd olunmalıdır) siyahısını 7 (yeddi) iş günü ərzində yazılı şəkildə Banka təqdim edəcək və Bank öz növbəsində həmin posterminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.9). Təşkilatçı öz müəssisələrində hər dəfə Digər banka məxsus yeni pos- terminallar quraşdırdıqda, bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir və Bank öz növbəsində həmin posterminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.10). Təşkilatçı qeydiyyatdan keçən posterminallar üzrə POS İD dəyişəndə bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir (3.11). Bank Endirim faizini Müştərinin xeyrinə Vitual bal şəklində hesabladığı hallarda, Bankın bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş müddət bitdikdən sonra müvafiq Endirim faizinin Bankın mülkiyyətinə keçməsinə Təşkilatçı razılaşır və təsdiq edir ki, bununla bağlı heç bir tələb və ya iddiası yoxdur (3.12). Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Bu mənada məhkəmə göstərmişdir ki, iddiaçı hazırda müştərilərə tətbiq edilmiş endirim faizi nisbətində pulun cavabdehdən tutulmasını tələb edir. İş materiallarında olan elektron-qaimə fakturalardan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək ümumilikdə dəyəri 18619,97 manat olan xidmətin göstərilməsi ilə bağlı 22 elektron qaimə-faktura cavabdehə göndərilmiş, sonuncu tərəfindən həmin elektron qaimlərdən 11-i birbaşa təsdiq edilmiş, digər 11 elektron qaimə isə sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin məhkəməyə təqdim edilən hesab üzrə çıxarışdan görünür ki, ümumilikdə 18536,53 manat məbləğində endirim faizi tətbiq edilmiş, 13877,62 manat cavabdeh tərəfindən qaytarılmışdır və hazırda 4658,91 manat çıxış qalığı mövcuddur. Cavabdehin elektron qaimələrin statusunun təsdiq edilməsi, qaimə-fakturalar barədə etirazın edilməməsi, həmin qaimələr üzrə ödənişlər edilməsinə münasibətdə isə işçilərinin diqqətsizliyi və müqavilədə yalnız bir pos-terminalın razılaşdırılması barədə arqumentlər səsləndirməsini məhkəmə əsassız hesab etmişdir. Belə ki, əvvəla qeyd edilməlidir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personallardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir). Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir. Digər tərəfdən, müqavilədə yalnız bir posterminalın nəzərdə tutulmasına münasibətdə isə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərar Tərəflər arasında formalaşmış işgüzar praktika, yəni digər posterminallar üzrə də tətbiq edilmiş endirim faizlərinin ödənilməsi, həmin elektron qaimələrin təsdiq edilməsi özü-özlüyündə cavabdehin yalnız bir posterminalın şərtləşdirilməsi arqumenti ilə ziddiyyət təşkil edir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar). Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlillərini əsassız sayır və 4658,91 manat məbləğində pulun tutulması hissəsində iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə qeyd etmişdir ki, xidmət müqaviləsi üzrə görülmüş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli MDCB nömrəli müqavilə üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 4658,91 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı qeyd etmişdir ki, iddiaçı həmçinin ödənilmiş 67 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 67 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən cavabdehin hüquqi yardım xərci sonuncuya aid edilməlidir.
11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 425, 442, 448.1, 448.2, 448.3, 456-cı maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-523/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılan müqavilə yalnız bir obyekt və bir pos-terminal üzrə bağlanılmışdır. Həmin obyekt ünvan 3 ünvanında olan 11201214 nömrəli pos-terminal üzrə olmuşdur. İddiaçının təqdim etdiyi çıxarışda isə həmin obyekt üzrə müştəriyə bonus qaytarılması öz təsdiqini tapmır. Ona görə də iddia tamamilə əsassızdır. Məhkəmə bütün bunları nəzərə almayaraq üzərimizə götürmədiyimiz öhdəlik üzrə üzərimizə öhdəlik yükləmişdir ki, bu da tamamilə qanunsuzdur. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd edilən bir obyekt və bir pos-terminal qeyd edilməsə idi məhkəmə haqlı olardı. Lakin bir obyekt üzrə tərəflər öhdəlik daşıdığı halda cavabdehin bütün obyektlərinə tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləsinin 71.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərini icra etdiyini sübut etmədiyi halda Məhkəməiddianı təmin etməklə səhfə yol vermişdir. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Şikayətdən də görsəndiyi kimi Məhkəmə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Məhkəmə ümumiyyətlə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sübutlara düzgün qiymət verməmişdir. Əgər məhkəmə işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırsaydı iddia tələbi rədd edilməli idi.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
14. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
15. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-523/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, tərəflər arasında bağlanmış “endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir.
23. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
24. Bununla yanaşı, Mülki Məcəllənin 390.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
26. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehdən aldığı endirim faizini özünün müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablamağı, cavabdeh öz müəssisələrində iddiaçıya aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini, müştərilər tərəfindən cavabdehin müəssisələrində xidmətin tam dəyəri iddiaçının plastik kartları ilə pos-terminallar vasitəsilə ödənildiyi hallarda endirim faizi nisbətində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
27. Tərəflər arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 2%, endirimləri təqdim edən obyekt kimi isə ünvan 1 ünvanında yerləşən “Optimal” mağazası göstərilmişdir.
28. İş materiallarında olan elektron-qaimə fakturalardan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan və hesab üzrə çıxarışdan görünür ki, hazırda 4658,91 manat borcu var.
29. Cavabdehin iddiaya etirazının dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynilik təşkil edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan sübutlara obyektiv, hərtərəfli və tam araşdıraraq səlahiyyətləri daxilində düzgün qiymət vermiş, sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
31. Belə ki, cavabdeh müqavilədə yalnız bir pos-terminalın razılaşdırıldığını və müştəriyə bonusun həmin obyekt üzrə qaytarılmadığını qeyd etsə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında formalaşmış işgüzar praktika, yəni digər posterminallar üzrə də tətbiq edilmiş endirim faizlərinin ödənilməsi, həmin elektron qaimələrin təsdiq edilməsi özü-özlüyündə cavabdehin yalnız bir pos-terminalın şərtləşdirilməsi arqumenti ilə ziddiyyət təşkil edir, başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir. (Estoppel prinsipi)
32. Məhkəmə kollegiyasının brinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşdığını nəzərə alaraq kollegiya hesab edir ki, işin hallarına, sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə təkrarən qiymət verilməsinə zərurət yoxdur.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-523/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.