Məhkəmə qərarları › İş №2-2(103)-474/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-474/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-474/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(113)-250/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər müqavilədə qeyd edilən əşyaların icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən isə həmin əşyaların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəlmişlər.

2. İcarəyə verilən əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi üzrə yaranmış 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən tərəflər müqavilədə qeyd edilən əşyaların icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən isə həmin əşyaların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İcarəyə verilən əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. Elektron qaimə üzrə borc məbləğləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli, 254956 nömrəli elektron qaimə üzrə 5321,80 manat, xx.xx.2021-ci il tarixli, 878260 nömrəli elektron qaimə üzrə 601,80 manat, xx.xx.2021-ci il tarixli, 381310 nömrəli elektron qaimə üzrə 1562,67 manat, xx.xx.2021-ci il tarixli, 008946 nömrəli elektron qaimə üzrə 2660,90 manat, xx.xx.2021-ci il tarixli, 286227 nömrəli elektron qaimə üzrə 2973,60 manat, xx.xx.2021-ci il tarixli, 656616 nömrəli elektron qaimə üzrə 2596 manat, xx.xx.2021-ci il tarixli, 391016 nömrəli elektron qaimə üzrə 5310 manat, xx.xx.2021-ci il tarixli, 402160 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2021-ci il tarixli, 179740 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 176674 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 120719 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 701037 nömrəli elektron qaimə üzrə 208,86 manat olmaqla, ümumilikdə 32091,63 manat (ƏDV daxil) məbləğində borc mövcuddur. Mövcud borcun ödənilməsi üçün iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, 02 sentyabr 2022-ci il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 10 (on) gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün iddiaçı tərəfindən 5 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsinə dair arayış təqdim edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsindən qərəzli olaraq yayınır. Belə ki, icarəçi sözügedən müqavilə üzrə 366783 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 1545,80 manat, 389867 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 2194,80 manat, 037947 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 1121 manat ödəniş etmiş, lakin digər qaimələr üzrə ödənişi etməmiş və ümumilikdə 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqını ödəməkdən yayınmışdır.

5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi üzrə yaranmış 37401,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-250/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 32091,63 manat icarə haqqı, 200 manat mediasiya xərci və 400 manat hüquqi yardım xərci olmaqla, cəmi 32691,63 manat məbləğində pulun iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-250/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmuş hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Belə ki, X4 Respublikasının vətəndaşıdır. Azərbaycan dilində o qədər də yaxşı bilmədiyi üçün bəzi məsələləri bilməyə bilər. Məhkəmə onu tərcüməçi ilə təmin etməlidir. Lakin cavabdeh özü ifadə vermək məcburiyyətində qalaraq tam müdafiəsiz qalmışdır.

10. İddiaçı faktiki olaraq hansı malların təqdim edilməsi və təhvil-təslim aktını sübut qismində təqdim etməmişdir.

11. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış, ümumiyyətlə qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən göstərilənlərlə sübutları tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, cavabdehin nümayəndəsi Azərbaycan dilini bilməməsinə dair öz mülahizəsini məhkəməyə bildirməmişdir. Məhkəmənin isə işdə iştirak edən şəxsin Azərbaycan dilini bilib-bilməməsini müəyyən etmək kimi bir vəzifəsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni, pulsuz tərcüməçi xidmətindən istifadə edə bilmək üçün şəxs ilk növbədə Azərbaycan dilini bilməməsini məhkəməyə bildirməlidir və daha sonra, onun bu hüququnu realizə etməsi üçün şərait yaradılmalıdır. Lakin, cavabdehin nümayəndəsi Sinan Duman məhkəmənin dəfələrlə hazırlıq iclası keçirməsinə baxmayaraq bir dəfə də olsun pulsuz tərcüməçi ilə təmin olunmasına dair vəsatət verməmişdir. O cümlədən, məhkəmənin birinci hazırlıq iclasında işə baxan hakim cavabdehin nümayəndəsinə pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququnu izah etmiş və bu xidməti ona təklif etmişdir, lakin cavabdehin nümayəndəsi bundan imtina etmişdir (bu hal məhkəmə iclasının video görüntülərində öz əksini tapıb). Həmçinin, nəzərə alınsa ki, cavabdehin prosesdə iştirak edən nümayəndəsi Türkiyə vətəndaşıdır, Azərbaycan dili və Türk dili eyni dil ailəsinə - türk dilləri ailəsinin oğuz qoluna aiddir, bu halda həmin şəxs çox rahat şəkildə Azərbaycan dilini yaxşı bilmədiyini və tərcüməçi xidmətinə ehtiyac duyduğunu ifadə edə bilərdi. Digər tərəfdən, cavabdehin prosesdə iştirak edən nümayəndəsi prosesin aparıldığı dili bilmirdisə, bu halda cavabdeh şirkətin öz ana dili olan Azərbaycan dilini mükəmməl səviyyədə bilən digər əməkdaşı prosesdə iştirak edə və cavabdehin hüquqlarını lazımi qaydada həyata keçirə bilərdi.

13. İkincisi, iddiaçı tərəfindən hansı malların çatdırıldığını və malların çatdırılmasını təsdiq edən bütün təhvil-təslim aktları birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilmişdir (iş materiallarında bütün təhvil-təslim aktları mövcuddur). Cavabdeh apellyasiya şikayəti vermək üçün heç bir əsas olmadığını bildiyi üçün əsassız olaraq iddiaçının təhvil-təslim aktlarını təqdim etməyinə dair həqiqəti əks etdirməyən mülahizə irəli sürmüşdür.

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinin hazrılanmasına lazımınca diqqət göstərilməmiş, tamamilə səthi yanaşılmışdır, bu da onu deməyə əsas verir ki, cavabdeh birinci instansiya məhkəməsinin tam əsaslı və qanuni qətnaməsinin icrasını yubatmaq üçün apellyasiya şikayəti vermişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

20. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

22. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

25. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

29. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi bağlanmışdır.

30. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verənin mülkiyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar icarə formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində icarəyə verilməsi müqavilənin predmetini təşkil edir. Bu icarə müqaviləsi bir il ərzində bu müqavilənin istinad nömrəsi ilə tərtib olunan və ya tərtib olunacaq bütün icarə formaları üçün qüvvədə hesab olunur.

31. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnikanın icarə haqqı və digər xidmətlərin qiymətləri ödəniş müddətləri ilə birlikdə icarə formasında göstərilmişdir. Ödənişlər göstərilən tarixlərdə edilmədiyi təqdirdə ödənilməli olan məbləğə görə 2% dəbbə pulu tətbiq edilir. İcarəyə götürən hər hansı bir ödənişi təyin edilən gündə etmədiyi təqdirdə, qalan bütün borcları, hər hansı bir xəbərdarlığa ehtiyac qalmadan, müddəti çatmış borc hesab edilir. Belə olan təqdirdə icarəyə götürən texnikanı dərhal icarəyə verənə geri qaytarmağa borcludur. Daşınma, operator və digər öhdəlikləri icarəyə götürən daşımaqla birlikdə, bu xidmətlərin birinin və ya bir neçəsinin dəyəri icarəyə verən tərəfindən ödənilərsə, icarəyə götürəndən əlavə olaraq bu məbləğləri ödəməsi də tələb ediləcəkdir. İcarəyə götürən müqavilə üzrə icarəyə verilmiş texnikaya görə icarə haqqını təyin olunmuş müqavilənin (bəndşərtidir) 2-ci bəndinə əsasən ödəmə müddətindən sonra bir həftə ərzində ödəmədikdə icarəçi heç bir etiraz qəbul etmədən avadanlığı qeyri-şərtsiz geri götürəcəkdir. İcarəyə götürən icarəyə görüdüyü texnikanın icarə haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə icarə haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirəcəkdir.

32. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 254956 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5321,80 (ƏDV daxil) manat təşkil edir.

33. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 878260 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 601,80 (ƏDV daxil) manat təşkil edir.

34. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 381310 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1562,67 (ƏDV daxil) manat təşkil edir.

35. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 008946 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2660,90 (ƏDV daxil) manat təşkil edir.

36. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 286227 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2973,60 (ƏDV daxil) manat təşkil edir.

37. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 656616 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2596 (ƏDV daxil) manat təşkil edir.

38. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 391016 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5310 (ƏDV daxil) manat təşkil edir.

39. xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 402160 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir.

40. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 179740 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir.

41. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 176674 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir.

42. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 120719 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir.

43. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 701037 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 208,86 (ƏDV daxil) manat təşkil edir.

44. İddiaçı tərəfindən iş materiallarına “Xidmət blankı” adlı sənədlər əlavə edilmişdir

45. "xxxx" QSC xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin 10 (on) gün müddətində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

46. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr üzrə ödənişləri vaxtında həyata keçirməmiş, icranı gecikdirdirmiş, ona görə də iddiaçıya icarə haqqı üzrə borcu yaranmışdır. Qeyd edilən hallar işin mübahisəsiz halını təşkil edir. İddiaçıya 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı üzrə borcun olmasını cavabdehin nümayəndəsi təsdiq etmişdir. Həmçinin təqdim edilən elektron qaimələr üzrə də ümumi məbləğ 32091,63 manat (ƏDV daxil) təşkil edir.

47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində keçirilən xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi Sinan Duman iddia tələbini 32091,63 manat hissəsində qəbul etdiyini bildirmişdir.

48. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları və müqavilə şərtlərinə, eləcə də yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olması və iddia tələbinin qismən cavabdehdən icarə haqqına görə ƏDV daxil 32091,63 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 200 manat mediasiya xərci və 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi X3 Respublikasının vətəndaşı olması, azərbaycan dilində o qədər də yaxşı bilmədiyi üçün bəzi məsələləri bilə bilməməsi, məhkəmənin onu tərcüməçi ilə təmin etməli olması, lakin cavabdehin özü ifadə vermək məcburiyyətində qaldığı üçün tam müdafiəsiz olması barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilən xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının audio-video yazısına baxış keçirilərkən müəyyən edilir ki, məhkəmə tərəfindən verilən azərbaycan dilini bilib-bilməməsi, tərcüməçi ilə təmin edilməsini istəyib-istəməməsi barədə suala cavab olaraq Sinan Duman azərbaycan dilini bildiyini, başa düşdüyünü, bir problem olduğu təqdirdə məhkəməyə bunu bildirəcəyini qeyd etmişdir.

52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-250/2023 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-250/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar