Məhkəmə qərarları › İş №2-2(103)-475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-475/2021

03.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-475/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı “ödənilmiş pulun qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-402/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Cavabdehnə qarşı iddiaçı tərəfindən cavabdehə ödənilmiş 102.222,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının istixanasına cavabdeh tərəfindən 24.02.2017-ci il tarixdə sayğaca müdaxilə adı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən 102.222 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Bununla əlaqədar olaraq, o, “Azərqaz ASC-yə və X5 İstismar İdarəsinə qarşı iddia qaldırılmış və həmin iddia Salyan rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi ilə təmin edilərək, Cavabdeh 20.02.2017-ci il tarixli ******* saylı, 22.02.2017-ci il tarixli, 24.02.2017-ci il tarixli SS-29/1640-00394 saylı aktları və 02.03.2017-ci il tarixli abonent saldosu qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən kassasiya şikayəti verilməmiş qanuni qüvvəyə minmişdir. Lakin həmin iş hələ məhkəmənin icraatında olarkən, iddianı təmini tədbiri barədə məhkəmə qərardadı olmasına baxmayaraq, cavabdeh pulu ödəmədiyi təqdirdə qazı kəsəcəyini israrla bildirmiş və o, məhsullarının məhv olmasından ehtiyatlanaraq, həm də daha çox ziyana düşməmək üçün məcburiyyət qarşısında həmin aktlarla ona hesablanmış 102.222,40 manat məbləğində pulu ödəmişdir. Salyan rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra isə dəfələrlə cavabdehə ödənilmiş pulun geri qaytarılması üçün yazılı və şifahi müraciətlər etsə də, cavabdehlər məhkəmə qətnaməsi olmadan həmin pulu geri qaytara bilməycəklərini söyləmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-402/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş 102.222,40 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq onun hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni qismən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmə iş üzrə qərar qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə göstərdiyi dəlillər işin hallarına uygun olmamış, cavabdeh tərəfindən təqdim olunmuş, sübutları nəzərə almamış, iddiaçının mülahizələrinə əsaslanaraq səhv qətnamə qəbul etmişdir. Belə ki, SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Qaz servis informatika Departamentinin 24.02.2017-ci il tarixli SS, 29/1640-00394 saylı rəyinə əsasən iddiaçıya məxsus istixananın qaz xətti üzərindən çıxarılmış qaz sayğacının arxiv məlumatlarına əsasən 05-31 dekabr 2016, 01-31 yanvar 2017, 01-21 fevral 2017-ci il tarixlərdə 511112 m3 qaz sərfinin hesabatdan kənarda qalmışdır. Hesabatdan kənarda qalmış qaz sərfinin iddiaçının hesabına əlavə olunması üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 24.02.2017-ci il tarixli akt tərtib edilmiş və qeyd olunan qaz sərfi abonentin hesabına qeydiyyata alınmışdır. İddiaçı V .Eminovun istixanada təbii qazdan istifadəyə görə 28.12.2017-ci il tarixə 105948,84 manat məbləğində borcu olmuşdur. Cavabdeh İB-nin Salyan RQİİ-nin rəhbərliyi ilə İddiaçı nümayəndəsi X2 arasında 28.12.2017-ci il tarixdə borcun ödənilməsi barədə razılaşma protokolu tərtib edilmişdir. Qeyd olunan razılaşma protokoluna əsasən İddiaçı 105948,84 manat məbləğində borcu 2018- ilin yanvar ayından başlayaraq (hər ay 13243,50 manat) 2018-ci ilin avqust ayınadək ödənilməsini öhdəlik götürmüş, Cavabdeh İB-yi tərəfindən isə İddiaçı məxsus istixananın qaz təchizatının bərpa edilməsi öhdəlik götürülmüşdür. Hər iki tərəf 28.12.2017-ci il tarixli razılaşma protokolu ilə müəyyən edilmiş öhdəliklərinə tam riayət etmişdir. V. Eminov tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 105948,84 manat borcunu tam olaraq Cavabdeh İB-nin hesabına ödəmişdir. Tərəflər arasında tərtib edilmiş razılaşma protokolu mücərrəd müqavilə xarakterli olmaqla qarşılıqlı razılaşmanı özündə əks etdirir. Mülki Məcəllənin 324.1, 389.1, 442.1-ci maddələrinin tələbləri baxımından qeyd olunanlar iddia tələbinin əsassız olmasının birbaşa sübutudur. Qətnamədə məhkəmə iddia tələbinin təmin edilməsini Cavabdeh İB-nin məhkəmə qətnamələri ilə qanunsuz olması müəyyən edilməklə ləğv edilmiş akt əsasında iddiaçının 102222,40 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız varlanması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələri ilə müəyyən olunur ki, əsassız varlanma hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi ilə varlanan şəxsdir. Lakin qeyd etdiyimiz kimi İddiaçı istixanada qazdan istifadəyə görə 105948,84 manat borcu olmuş və Cavabdeh İByi ilə həmin borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşma protokolu imzalanmışdır və iddiaçı həmin protokola əsasən yaranmış borcunu ödəmişdir. Razılaşma protokolu imzalanarkən qeyd olunan borcla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmamışdır. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcunu Cavabdeh İB-nin hesabına ödəmişdir. Məhkəmə isə qeyd edilənləri nəzərə almamış, nəticədə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək səhv qətnamə qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Xəqani Salahov apellyasiya şikayətini müdafaiə etdiyini bildirərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi ilə Cavabdeh İB-nin 20.02.2017-ci il tarixli ******* saylı, 22.02.2017-ci il tarixli, 24.02.2017-ci il tarixli SS-29/1640-00394 saylı aktları və 02.03.2017-ci il tarixli abonent saldosu qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən veilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-12222/2018 saylı 13.06.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, dəyşdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin işə əlavə olunmuş həmin qətnaməsi ilə müəyyən edilən hallardan göürünr ki, cavabdehin qeyd olunan aktları əsasında 102.222,40 manat manat məbələğində əlavə sərfiyyat hesablanmış və 02.03.2017-ci il tarixində abonetin (iddiaçının) hesabına mədaxil edilmişdir. İşdən görünür ki, iş hələ Şirvan Apellyasiya Məhkəməsinin icraatında olarkən Cavabdeh İB ilə Salyan RQİİ İddiaçı arasında “28.12.2017-ci il tarixinə olan “105.948,84 manat borcun, ayda 13.243,50 manatdan 2018-ci ilin avqust ayınadək ödənilməsi barədə” razılaşma protokolu tərtib edilmiş və həmin razılaşma protokolunun 1-ci bəndinə əsasən də müəyyən olunur ki, həmin borc məbləği iddiaçının aylıq istehlak olunmuş təbii qazın dəyərindən əlavə olaraq hesablanmışdır. Cavabdeh apellyasiya şikayətinin qeyd olunan dəlillərində, məhz , həmin borc məbləğinin qeyd olunan məhkəmə qətnamələri ilə ləğv olunan - 24.02.2017-ci il tarixli aktlar əsasında hesablandığını və tam olaraq iddiaçı tərəfindən Cavabdeh İB-nin hesabına ödədiyi öz təsdiqini tapır. İddiaçı iddia ərizəsində mübahisələndirir ki, qeyd edilən iş, hələ Şirvan Apellyasiya Məhkəməsinin icraatında olarkən, cavabdeh iddianı təmini tədbiri barədə müvafiq məhkəmə qərardıdının olmasına baxmyaraq, ondan pulu ödəməyi tələb etmiş, əks təqdirdə qazını kəsəcəyi ilə ona təsir etmiş, məhsullarının məhv olmasından ehtiyatlanan iddiaçı daha çox ziyana düşməmək məqsədilə həmin protokolu imzalayaraq pulu ödəmişdir. Göründüyü kimi, təbii inhisarçı cavabdehin o qazı kəsiləcəyindən və bu halda məhsullarının real məhv olma təhlükəsinə məruz qalacağından ehtiyatlanaraq imzalamışdır. Başqa sözlə cavabdeh müvafiq məhkəmə mübahisəsi axarında, iddiaçının çıxılmaz vəziyyətindən məharətlə istifadə edərək həmin məhkəmə müdahisəsinin araşdırma predmetini təşkil edən aktlar əsasında hesablanmış 102.222,40 manat pulun ödənilməsinə nail olmuşdur. Nə qədər ki iddiaçı bu halı mübahisələndtirilir Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələrinin tələbi baxımından həmin razılaşma protokolunun qüvvəsi ola bilməz, etibarsızdır. Digər tərəfdən, ən azından, 28.12.2017-ci il tarixində razılaşma protokolu tərtib edildikdən sonra da iddiaçının Şirvan Apellyasiya Məhkəməsində baxılan məhkəmə mübahisəsini davam etdirməsi və yekun məhkəmə qərarı çıxarılanadək hazırkı mübahisələndirilən 102.222,40 manat məbəlğində əlavə sərfiyyatın hesablanmasına əsas olan yoxlama aktlarının və abonent saldosunun ləğv edilməsi barədə iddia tələbini müdafiə etməsi, onun bütün bu kimi hərəkətləri onu göstərir ki, həqiqətən də o, qeyd olunan razılaşma protokolunu bağlandığı andan qəbul etməmiş, əhəmiyyətsiz və etibarsız hesab etmişdir. Mülki Məcəllənin 337.2-ci maddsinin tələbindən isə görünür ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 102.222,40 manat məbləğində pul vəsaitinin ləğv edilən yoxlama aktları əsasında hesablanmış və iddiaçı tərəfindən ödənilmiş olan və heç bir hüquqi əsas olmadan cavabdehin iddiaçıdan aldığı pul məbləğidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası Məcəllənin qeyd olunan tələbləri baxımından, hesab edir ki, cavabdehin hesabına ödənilən həmin 102.222,40 manat məbləğində pul vəsaiti heç bir əsas olmadan əldə olunduğuna və cavabdehin əhmin pul hesabına əsassız varlandığına görə Məcəllənin qeyd olunan tələbi baxımından cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 1095-ci maddəsi isə nəzərdə tutur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunan işə baxılıb qurtardıqdan sonra, iş 01 oktyabr 2018-ci il tarixində Şirvan rayon Məhkəməsinə göndərilmiş, lakin Cavabdeh həmin qətnamədən kassasiya şikayəti və müddətin bərpası barədə ərizəsi məhkəməyə müraciət etmiş və son nəticədə Şirvan Apellyasiya Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdehin həmin ərizəsi təmin olunmamış və cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmamışdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, iddiaçının 22 .01.2019-cu il tarixindən etibarən hüquqlarının pozulduğunu bildiyi, yəni cavabdehin ona məxsus 102.222,40 manat məbləğində pul vəsaitini hüquq əsas olmadan ondan alaraq əsassız varlandığını bildiyi gün qiymətləndirilməlidir. Belə olan halda isə iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı həmin tarixdən (22.01.2019) iki il keçməmiş - 29.10.2020-ci il tarixində, yəni, Mülki Məcəllənin qeyd olunan 1092-ci maddəsi ilə müəyyən olunan 2 illik müddəti buraxmadan, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallarının araşıdırılmadığını, öz mülahizələrinə əsasən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-402/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-402/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar