Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-475/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına köçürülən 13560 manat pulun, mediasiyaya ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin, cəmi 23760 manat pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.01.2022-ci il tarixli e-2-2(113)-470/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, ünvan 1 ünvanında su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Həmin xəttin çəkilməsi üçün "xxxx" ASC ilə iddiaçı arasında 19/15-11-8 nömrəli 2011-ci il tarixli müqavilə imzalanmış və həmin ərazidə su xəttinin çəkilməsi zamanı asfalt örtüyü qazılmışdır. Onlar işə başlayandan bir gün sonra özlərini "xxxx" ASC-nin (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) əməkdaşları kimi təqdim edən bir neçə şəxs yaxınlaşaraq asfalt örtüyünün dağıdılmasına narazılıqlarını bildirmiş və işləri bitirən kimi asfalt örtüyünün bərpa edilməsini tələb etmişlər. Həmçinin bu işlərin yerinə yetirilməsi üçün ASC-nin müvafiq hesab nömrəsini təqdim etmişlər və asfalt örtüyünün bərpa edilməsi üçün 13560 manat məbləğində pul vəsaitinin həmin hesaba köçürülməsini bildirmişlər. Həmin gün pul vəsaiti təqdim edilən hesaba köçürülmüş, bir neçə gündən sonra iddiaçı öz işlərini bitirmiş və cavabdehin əməkdaşlarından asfaltın nə vaxt bərpa edilməsini öyrənmiş, onlar isə bir iki günə ediləcəyini bildirmişlər. Lakin həmin ərazidə yaşayan sakinlər və əraziyə baxan sahə müvəkkili yolun qısa bir müddətdə bərpa edilməsini tələb etmişlər və iddiaçı məcbur qalıb həmin asfaltı öz vəsaiti hesabına ayrıca bərpa eləmişdir. Təxminən iki il bundan əvvəl statistik hesabat hazırlanan zaman cavabdehin hesabına köçürülən 13560 manat pulun geri qaytarılmadığı müəyyən edilmişdir. Bu günə qədər cavabdehin məsul şəxsləri müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina edirlər. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəflər arasında 19/15-11-8 nömrəli 2011-ci il tarixli müqavilənin bağlandığını bildirsə də, həmin müqavilənin surətini təqdim etməmişdir. Eyni zamanda cavabdeh belə bir müqavilənin bağlandığını etiraf etmir. Bununla yanaşı iddiaçıya məxsus bank hesabından çıxarışdan müəyyən edilir ki, 14.07.2011-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin hesabına asfalt örtüyünün bərpası üçün 13560 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, həmin ödəniş nəzərə alınaraq tərəflər arasında podrat müqaviləsinin bağlanması qəbul edildiyi halda, 13560 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1 və 443.1-ci maddələri təşkil edir və hazırki işdə həmin maddələrin dispozisiya şərtləri mövcuddur. Çünki cavabdeh Mülki Məcəllənin 752.1-ci maddəsi ilə üzərinə düşən “müqavilədə nəzərdə tutulan işi icra etməyi” öhdəliyini icra etmədiyinə görə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən dəymiş zərərin (əvvəlcədən ödənilmiş muzdun) əvəzini ödəməyə borcludur. Tərəflər arasında podrat müqaviləsinin bağlanmadığı qəbul edildiyi halda isə həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına 13560 manat məbləğində varlanmışdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin iddia tələbləri təmin edilə bilməz. Belə ki, tələb olunan 13560 manat məbləğində pul vəsaiti 14.07.2011-ci il tarixdə cavabdehin hesabına köçürülüb və iddiaçının özünün bildirdiyinə görə asfalt ortüyünün bərpası işləri həmin vaxt həyata keçirilməli idi. Göründüyü kimi iddiaçı artıq həmin vaxt hüquqlarının pozulduğunu bilirdi. Hazırkı iddia isə 30.11.2021-ci il tarixdə irəli sürülmüşdür. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 1095-ci maddəsində isə təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinin bağlanması qəbul edildiyi halda iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilən 3 illik iddia müddəti, belə müqavilənin bağlanmadığı qəbul edildiyi halda isə Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilən 2 illik iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə həmin tələbləri iddia rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, 10.000 manat məbləğində mənəvi zərərin tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər". Göründüyü kimi, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-470/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.01.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-475/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-475/2022
17.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver