Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-476/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair iddiaçının ərizəsinin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxx” MMC-nin hüquqi varisi olan “Cavabdeh ”MMC-dən “xxxxxxxxxxxxx” MMC ilə onun arasında bağlanılmış xx.xx.2014-cü il tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manat məbləğin və ona dəymiş 6.000.000 manat məbləğində zərərin tutularaq ona ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, cavabdehin bank hesablarına iddianın həcmi miqdarında həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə tətbiq olunan prosessual tədbir olmaqla, 03 əsas meyara cavab verməlidir. Bu tədbirlər onların tətbiqi üçün əsas olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir. Bu tədbirlər müvəqqəti xarakter daşımalıdır. Tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bundan əlavə iddianı təmin etmə tədbiri görülərkən məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verməsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutların məcmusu nəzərdən keçirilərək tələb olunan borcun həqiqətən mövcudluğu ilə bağlı kifayət qədər əsaslı sübutların təqdim edilib-edilmədiyi (iddianın uğurluluq ehtimalı) araşdırılmalıdır. Hazırkı halda iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılanadək cavabdehin bank hesabları üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyi əsaslandırılmamış, iddia tələbinin əsasları ilə bağlı kifayət qədər sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-476/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-476/2020
26.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver