Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-476/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 mart 2023cü il tarixli e-2-2(113)-750/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. xx.xx.2019-cu il tarixli 10964 nömrəli inventar aktından görünür ki, Cavabdeh ASC-nin Nizami rayon SKİ-nin nümayəndələri tərəfindən 29 iyul 2019- cu il tarixində ünvan 1 ünvanında yerləşən abonent kodu 19037150 olan obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və obyektin su sayğacından keçməyən d=25 mm olan quyu su xəttinin aşkar edildiyi və abonentə məxsus su sayğacının quyu su xəttinin çıxışına qoyulması qeyd edilmişdir.
2. Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən müqavilə nömrəsi 040165 olan “Nemət Ə” firmasının obyekti olan “Bahar” Şadlıq sarayına tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyan olaraq 2.794 manat hesablanmışdır.
3. Abonentin Saldosundan görünür ki, “Nemət Ə” firmasının cari tarixə qalıq borcu 2.808,80 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Firması Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 19037150 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 2.794 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, xx.xx.2019-ci il tarixlərdə Nizami Rayon Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək sudan qanunsuz istifadə edildiyini bildirmişlər. Keçirilən yoxlamadan bir müddət sonra məlum olmuşdur ki Nizami Rayon Sukanal İdarəsi tərəfindən sözügedən tarixdə xx.xx.2019-ci il tarixli, 10964 nömrəli akt tərtib etmiş, bu akt əsasında 2.794 manat cərimə pul məbləği hesablanmışdır. Bu barədə yalnız iddiaçının suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 2.794 manat borc məbləği hesablanmışdır. Qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2-2(113)-750/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasına aid 19037150 abonent kodu üzrə əsassız olaraq hesablanmış 2.794 (iki min yeddi yüz doxsan dörd) manat məbləğində borcun silinməsi qət edilmişdir.
5. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində göstərilmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 2794 manat məbləğində ziyan vurulmuşdur. Qanunsuz qoşulma faktlarını təsdiq edən aktlar tərtib edilmiş,aktların tərtib edilməsində iştirak etmiş əməkdaşın məhkəmə baxışında dindirilməsi həyata keçirilmiş və onun tərəfindən sayğacdan kənar sudan istifadə olunması faktı təsdiq olunmuşdur. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını Cavabdeh ASC həyata keçirir. Cavabdeh ASC balansında olan xəttlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Hesab edir ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
10. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
11. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
12. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
14. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
15. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
16. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
17. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
18. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia tam əsaslıdır.
21. Belə ki, cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
22. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.
23. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
24. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-2-2(113)-750/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova