Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-476/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun qaytarılması və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-53/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəqiqləşdirilmsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən obyekt barəsində (Abonent kodu: **********4) hesablanmış 1.282,88 manat borcun qanunsuz olaraq hesablanmış 610,89 manat məbləğində hissəsinin silinməsi, həmin obyekt üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək enerji sərfiyyatı ilə bağlı ödənilən 28.548 manat vəsaitin artıq sərfiyyat hesablanması ilə bağlı yaranmış 18.000 manat hissəsinin İddiaçınə geri qaytarılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində haqqın cavabdehdən iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, İddiaçınə məxsus olan ünvan 1 ünvanında yerləşən obyekt **********4 abonent kodu ilə xx.xx.2015-ci il tarixdən elektrik enerjisi istehlakçısıdır və müvafiq orqandan əldə olunan rəsmi məlumata görə xx.xx.2022-ci il tarixədək 42.862,58 manat məbləğində elektrik enerjisindən istifadə haqqı ödənilmişdir. Həmin vəsaitin xx.xx.2016-cı il tarixədək olan 14.314 manat məbləğində hissəsi ilə bağlı hər hansı irad və ya tələbləri yoxdur. Lakin, "xxxx" ASC-nin Bağlar İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə KRN-də aparılan təmir zamanı buraxılmış səhv nəticəsində, həmin tarixdən bugünədək ödənilən 28.548 manat vəsaitin 18.000 manatadək hissəsi artıq sərfiyyat hesablanması ilə bağlı yaranmış əlavə ödənişdir. Belə ki, İddiaçınə məxsus olan ünvan 1 ünvanında yerləşən obyektə aid elektrik sayğacının (abonent kodu: **********4) düzgün işləməməsi, artıq sərfiyyat hesablanması ilə bağlı şübhələr olduğundan xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət edilmişdir. Müraciətlə bağlı yoxlama aparıldıqdan sonra cavabdehin əməkdaşları tərəfindən də aşkar edilmişdir ki, həqiqətən, şübhələr əsaslıdır, lakin bununla bağlı hər hansı tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixində tərəflərindən bir neçə nəfərin iştirakı ilə sayğacda yenidən yoxlama olunmuş və bununla bağlı videoçəkiliş aparılmışdır. Həmin yoxlama zamanı aşkar edilmişdir ki, sayğacda sərfiyyat ən azı 2,1 dəfədən artıq hesablanır. Fərq aşkar edildikdən sonra, xx.xx.2022-ci il tarixdə yenidən "xxxx" ASC-yə yazılı şəkildə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 7-02/xx-xx/2310 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “müraciətin araşdırılması ilə bağlı uçot kompleks dəstinə baxış keçirilərkən, elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürünün qırılması və cərəyan transformatorunun özbaşına olaraq yenisi ilə əvəz edilməsi məlum olmuşdur. Cərəyan transformatoru yenisi ilə əvəz edilərkən isə, elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmışdır. Elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq aradan qaldırılmış və yuva qapıları yenidən möhürlənmişdir.” Eyni zamanda, daha öncə, küləkli hava şəraiti ilə əlaqədar qapıların sınması nəticəsində möhürün qopması barədə "xxxx" ASC Bağlar Rayon Enerji Təchizatı və Satışı İdarəsinə iddiaçı tərəfindən müraciət olunmuşdur. Həmçinin, bu fakt “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” 230081 №-li aktla öz təsdiqini tapmışdır. Dəfələrlə şifahi formada "xxxx" ASC əməkdaşlarına bildirilmişdir ki, sayğacın möhür və plombuna özbaşına müdaxilə edilməmişdir, lakin yaranmış nasazlıqla bağlı gərginlik transformatorunun dəyişdirildiyi tarixə qədər, abonentə əlavə borc hesablanmışdır. Sayğacın oxunmasını təmin edən şəxs ərazidə hər hansı qanun pozuntusuna, sayğacda müdaxilə ehtimalına rast gəlinmişdirsə belə, sayğac abonentin iştirakı ilə dəyişdirilib xüsusi qabda qablaşdırılaraq möhürlənib möhürün nömrəsi abonentə təqdim olunmalı və təyin olunmuş vaxtda abonentin iştirakı ilə "xxxx" ASC-nin laboratoriyasında bəlli möhür qablaşdırmadan açılaraq bütün parametrlərlə birgə sayğaca rəy verilməlidir. Beləliklə, cavabdeh "xxxx" ASC müdaxilə olduğu faktını sübuta yetirmədən sayğaca müdaxilə olması barədə qərarı qəbul edə bilməz. Lakin, bütün bunlara baxmayaraq, Bağlar rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçınə xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilmiş və xx.xx.2022-ci il tarixədək istifadə olunmuş elektrik enerjisi üçün 1.282,88 manat borcun ödənilməsi tələb edilmişdir. Halbuki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmiş və cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, heç bir sübut təqdim olunmamışdır. Habelə, cavabdeh tərəfindən tərtib edilən aktla, göstərilən borcun hansı qaydada hesablanması və sayğacda qüsur əmələ gəlmə tarixi qeyd olunmamışdır. Beləliklə, cavabdehin nümayəndələrinin vaxtında aşkar etməli olduğu qüsura görə bu qədər borcun hesablanması qanunsuzdur.
3. Cavabdeh iddiaya etiraz edir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-53/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 4.775 (dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pulun "xxxx" ASC tərəfindən İddiaçınə geri qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı və cavabdeh "xxxx" ASC ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə görə nöqsan aradan qaldırıldıqdan sonra ilə müqayisədə nöqsanlı qoşulma zamanı təxmini 11.000 kvt. artıq sərfiyyat hesablansa da, məhkəmə bu müqayisəli təhlil üçün sərfiyyatın hər il üçün 10.000 kvt-dan hesablanmasını ağlabatan hesab etmiş və gəldiyi bu nəticəni əsaslandırmağa belə cəhd etməmiş, sadəcə bir cümlə işlətməklə kifayətlənmişdir. Həmçinin, iddiaçı KRN-nin xətalı vəziyyətinə qaytarmaq və paralel sayğac qoşmaqla, xəta nəticəsində nə qədər artıq elektrik sərfiyyatının göstərildiyini dəqiq müəyyən edilməsi barədə təklif irəli sürmüş, lakin, məhkəmə bu barədə tələblərini nəzərə almamışdır. Beləliklə, 2016-cı ilin dekabr ayından xx.xx.2022-ci il tarixədək sayğacının qoşulma sxeminin səhv yığılmış halda olması və “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanmış vəziyyətdə qalması nəticəsində, sayğacın nə qədər elektrik sərfiyyatını artıq göstərdiyini müəyyən etmək üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam aydınlaşdırılmamışdır.
7. Cavabdehin apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 Səmd qızı apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.
11. Həmin Qaydaların 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.
12. Həmin Qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
13. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həymin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
15. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
17. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
19. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
20. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir.
26. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində **********4 saylı abonent kodu üzrə eletrik enerjisinin istehlakçısıdır. xx.xx.2016-cı il tarixdə KRUN-da (paylayıcı qurğu) aparılan təmir zamanı buraxılmış səhv nəticəsində elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” fazasının girişçıxışı tərs bağlanmış və nəticədə xx.xx.2022-ci ilədək ünvan 1 ünvanında yerləşən obyektə qoşulma sxemi səhv yığılmış şəkildə sərfiyyat hesablanmışdır.
27. İddiaçı bildiri ki, bunu nəticəsində artıq sərfiyyat hesablanmışdır.
28. Cavabdeh tərəf isə hesablanmış sərfiyatın sayğac göstəricisi olduğunu qeyd edir.
29. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 7-02/xxxx/2310 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürü qırılmış və cərəyan tranformatoru özbaşına olaraq yenisi ilə əvəz edilmişdir. Cərəyan tranformatoru yenisi ilə əvəz olunan zaman elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmışdır. Elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq aradan qaldırılmış və yuva qapıları yenidən möhürlənmişdir.
30. Qeyd olunanlardan müəyyən edilmişdir ki, elektrik sayğacının qoşulma sxemi səhv yığılmış, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmış və bu hal 2016cı ilin dekabr ayından 2022-ci ilin aprel ayına kimi davam etmişdir.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, “CBA” cərəyan naqilində “C” fazasının girişçıxışının tərs bağlanmasının sərfiyyatın qeyd edilməsinə (artıq və yaxud az) hansı formada təsir etməsidir.
32. Bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi Nümayəndə4 həm məhkəmə iclasında, həmçinin də vermiş olduğu rəydə qeyd etmişdir ki, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması uçot dəstinin normal iş pinsipini pozur ki, bu da elektrik sayğacının xəta ilə işləməsinə səbəb olur.
33. Bundan sonra məhkəmə tərəfindən “CBA” cərəyan naqilində “C” fazasının girişçıxışının tərs bağlanmasının sərfiyyatın artıq və yaxud az qeyd etməsinin araşdırılması məqsədi ilə ekspertiza təyin edilmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində mühəndistexniki ekspertizalar şöbəsinin böyük eksperti Röyal Tallıbov qeyd etmişdir ki, “elektrik sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması uçot dəstinin normal iş pinsipinin pozulmasına, bununla da, elektrik sayğacının xəta ilə işləməsinə (sərfiyyatın artıq və yaxud az qeyd etməsinə) gətirib çıxara bilər”.
35. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi Nümayəndə4 bildirmişdir ki, “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanmasın sərfiyyatın qeyd etməsinə hansı dərəcədə təsir etməsini ancaq həmin anda müəyyən etmək mümkün olardı, hazırkı halda bunun sərfiyyata hansı dərəcədə təsir etməsini müəyyən etmək mümkün deyildir.
36. Qeyd edilmiş hallardan məhkəmə belə nəticəyə gəlmişdir ki, həqiqətən də, elektrik sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” faza girişçıxışı tərs bağlanması elektrik sayğacının xəta ilə işləməsinə və sərfiyyatın nöqsanlı qeyd etməsinə səbəb olur. Ona görə də, hazırkı mübahisənin həlli baxımından sayğacın qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasını girişçıxışının tərs bağlanmasının məhz kimin tərəfindən həyata keçirilməsi yəni, sayğacının xəta ilə işləməsinin və sərfiyyatın nöqsanlı qeyd etməsinin məhz kimin hərəkəti ilə bağlı olduğu müəyyən edilməlidir.
37. İddiaçı tərəf sayğacın qoşulma sxeminin səhv yığılması və “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanmasının "xxxx" ASCnin nümayəndələri tərəfindən edildiyini bildirmiş və öz fikrini, 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan 10.000 cərəyan olan KRUN qurğusunda hər hansı bir işlərin görülməsinin mümkün olmaması ilə əsaslandırmış və "xxxx" ASC-nin öz nümayəndələrinin 35.000 cərəyan olan yarımstansiyadan xətdi ayırdıqlarını və 10.000 cərəyan olan KRUN qurğusunda müvafiq işləri görüdüklərini bildirmişdir.
38. Cavabdeh tərəf isə sayğacının qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışı tərs bağlanma halının olmasını qəbul etmiş, lakin "xxxx" ASC-nin əməkdaşlarının tərs bağlamanı qəbul etmədiklərini bildirmişdir.
39. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi Nümayəndə4 və Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti Röyal Tallıbovdan 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan 10.000 cərəyan olan KRUN qurğusundan hər hansı bir işlərin görülməsinin, indiki halda “sayğacının qoşulma sxeminin yığılması, “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışının bağlanması” kimi işlərin görülməsinin mümkün olub-olmaması soruşulmuş və hər iki şəxs belə bir işlərin xətdən ayrılmadan aparılmasının qeyrimümkün olmasını, hətta qeyd edilən sahəyə 60 sm-dən yaxın yaxınlaşmanın həyat üçün təhlükəli olduğunu bildirmişlər.
40. Bundan başqa, məhkəmə 35.000 cərəyan olan yarımstansiyadan mübahisəli KRUNa gedən cərəyanın kimin tərəfindən ayrılmalı olması halını araşdırmış və qeyd edilən işin yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən edilməli olması müəyyən edilmiş və tərəflər bu halı mübahisələndirilməmişlər.
41. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, 10.000 cərəyan olan KRUN qurğusunda 35.000 cərəyan olan yarımstansiyadan xətdən ayrılmadan hər hansı bir işlərin görülməsi mümkün deyildir. Buna görə də, qeyd edilmiş KRUN qurğusundan iddiaçı tərəfindən hər hansı bir işlərin görülməsi istisna olunur və KRUN qurğusunda görülən işlərdən indiki halda, sayğacının qoşulma sxeminin səhv yığılması və “CBA” cərəyan naqilində “C” faza giriş-çıxışının tərs bağlanması halı məhz "xxxx" ASC-nin məsuliyyət dairəsinə aiddir, yəni 2016-cı ilin dekabr ayından 2022-ci ilin aprel ayına kimi sayğacın qoşulma sxeminin səhv yığılması, “CBA” cərəyan naqilində “C” fazasını giriş-çıxışının tərs bağlanması nəticəsində sərfiyyatın düzgün qeyd edilməməsi halı məhz Azərişıq” ASC-nin əməkdaşlarının səhvi nəticəsində baş vermişdir. Bundan başqa, cavabdeh tərəf xx.xx.2022-ci il tarixli məktubunda elektrik sayğacını qidalandıran cərəyan, gərginlik transformatorları olan yuva qapılarının möhürünün qırılmasına, cərəyan tranformatorunun iddiaçı tərəfindən özbaşına olaraq yenisi ilə əvəz edilməsini qeyd etsə də, cavabdeh tərəf bu barədə də, məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin, mütəxəssis və ekspertin də, bildirdiyi kimi qeyd edilən işlərin yüksək gərginlik altında edilməməsi mümkün olmadığından, məktubda qeyd edilmiş hallar ümumiyyətlə inandırıcı belə deyildir. Buna görə də, hazırkı mübahisənin ancaq qeyd edilmiş qusurlar aradan qaldırıldan sonra hesablanmış sərfiyyat üzrə, sayğacın qüsurlu şəkildə işləyən zaman qeydə alınmış sərfiyyat müqayisə edilməklə həll edilməsi mümkündür.
42. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə akta əsasən elektrik sayğacının qoşulma sxemində olan yanlışlıq xx.xx.2022-ci il tarixdə aradan qaldırılmışdır.
43. Buna görə də, məhkəmə tərəfindən kompleks məhkəmə-mühasibatlıq və mühəndistexniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında 2 sual qoyulmuşdur. 1-ci sual xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış sərfiyyat və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği nə qədər təşkil etməsi olmuşdur. Qeyd edilmiş sual məhz sayğacın qüsurlu şəkildə işlədiyi 1 il ərzində sərfiyyatın müəyyən edilməsi üçün olmuşdur. 2-ci sual xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış sərfiyyat və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği nə qədər təşkil etməsi olmuşdur. Bu sual isə nöqsanlar aradan qaldırıldıqdan sonra 1 il ərzində sərfiyyatın müəyyən edilməsi və nöqsanlı işlədiyi zaman ilə müqayisə edilməsi üçün qoyulmuşdur.
44. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində, İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış sərfiyyatın 32.439 kvt. və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği 3.411,37 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış sərfiyyatın 21.033 kvt. və həmin sərfiyyata görə ödənilməli olan pulun məbləği isə 2.313,63 manat təşkil etdiyi qeyd olunmuşdur.
45. Ekspert rəyindən göründüyü kimi, nöqsan aradan qaldırıldan sonra ilə müqayisədə nöqsanlı qoşulma zamanı təxmini 11.000 kvt. artıq sərfiyyat hesablanmışdır. Məhkəmə bu müqayisəli təhlil üçün sərfiyyatın hər il üçün 10.000 kvt-dan hesablanmasını ağlabatan hesab etmiş və belə olan halda, yəni 2016-cı ilin dekabr ayından xx.xx.2022-ci il tarixədək sayğacının qoşulma sxeminin səhv yığılmış halda olması və “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışının tərs bağlanması vəziyyətində qalmasını nəzərə alaraq hesab etmişdir ki, 2017-ci il üçün hər kvt. elektrik enerjisinin dəyərinin 0,09 manat olması nəzərə alındıqda 900 (10.000x0,09) manat, 2018-ci il üçün 900 (10.000x0,09) manat, 2019-cu il üçün 900 (10.000x0,09) manat, 2020-ci il üçün 900 (10.000x0,09) manat, 2021-ci il üçün 900 (10.000x0,09) manat, 2022-ci ilin 3 ayı üçün isə hər kvt. elektrik enerjisinin dəyərinin 0,11 manat olması nəzərə alınaraq 275 (10.000/12=833,3 (1 ay üçün), 833,3x3=2500 (3 ay üçün kvt), 2500x01,11=275) manat artıq sərfiyyat hesablanmışdır. Ona görə də, hesablanmış əlavə sərfiyyata görə ödənilmiş 4.775 (dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə geri qaytarılmalıdır.
46. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia 610,89 borcun manat məbləğində borcun silinməsi hissəsində əsassızdır. Belə ki, 2022-ci ilin aprel ayında elektrik sayğacının qoşulmasında olan nöqsanlar aradan qaldırılmışdır. Hazırda, da iddiaçı tərəfindən silinməsi xahiş edilən borc da, məhz 2022-ci ilin aprel ayından sonrakı dövrü əhatə edir. Qeyd edilmiş tarixdən sonra da, elektrik sayğacının qoşulmasında hər hansı bir nöqsan olmadığından, hər hansı bir akt əsasında borc hesablanmadığından, yalnız istifadə olunmuş elektrik enerjisinə görə borc hesablandığından, iddia qeyd edilən hissədə təmin edilə bilməz.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
48. Eyni zamanda, apellyasiya şikayətlərindəki dəlillər tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri dəlillərlə eyni olduğunu və birinci instansiya məhkəməsinin həmin dəlillərə qiymət verdiyini, məhkəmə kollegiyasının da həmin qiymətləndirmə ilə razılaşdığını nəzərə alaraq kollegiya hesab edir ki, işin hallarına, sübutlara və apellyasiya şikayətlərinin bütün dəlillərinə təkrarən qiymət verilməsinə zərurət yoxdur.
49. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçının dəlillərinin yoxlanılması məqsədilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki elektrik sayğacının qoşulma sxemi yenidən səhv yığılaraq və “CBA” cərəyan naqilində “C” fazasının giriş-çıxışı tərs bağlanaraq tədqiqat aparılsın və elektrik sayğacının hansı xəta ilə işləməsi (sərfiyyatın artıq və yaxud az qeyd etməsi) və xətanın hansı ölçüdə olması müəyyən edilsin.
50. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatda isə qeyd edilmişdir ki, qərardadın suallarında qoyulmuş məsələ, elektrik sayğacının qoşulma sxeminin yığılması Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsində mövcüd olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir.
51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-53/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Ziya Şirinov