Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-476/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: torpaq icarəsi müqaviləsi, icarə haqqının tutulması, icarə müqaviləsinə xitam verilməsi, vaxtaşırı icra edilməli olan öhdəlik, iddia müddəti, nisbi hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli və 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrdən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 383 saylı xx.xx.2003-cü il tarixli sərəncamı və xx.xx.2003-cü il tarixli 11270 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 2212 kv.m olan torpaq sahəsini yaşayış binasının tikintisi üçün, illik 8 614 196 AZM icarə haqqı və icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtilə 49 il müddətinə, 07 sentyabr 2005ci il tarixli 0597 nömrəli müqavilə üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı və xx.xx.2003-cü il tarixli 11270 saylı inşaat pasportu və xx.xx.2005-ci il tarixli 05/328 saylı ayrıc aktı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış 432,7 kv.m olan torpaq sahəsini çoxmərtəbəli qaraj binasının tikintisi üçün, illik 2 592 046,8 AZM icarə haqqı və icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtilə 49 il müddətinə icarəyə götürmüşdür.
2. Cavabdeh MTK Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 0235 nömrəli və xx.xx.2005-ci il tarixli 0597 nömrəli icarə müqavilələrinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi “tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli 0597 nömrəli icarə müqaviləsinə xitam verilməsi” hissəsində baxılmamış saxlanılmış, eyni tarixli qətnamə ilə iddia tələbi təmin olunaraq 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edilməsi qət olunmuşdur.
3. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2003-cü il tarixli 235 saylı və xx.xx.2005-ci il tarixli 597 saylı icarə müqavilələri üzrə yaranmış 35 101 manat borcun ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə MTK-ya mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023cü il tarixdə 18 saylı Mediasiya təşkilatına müraciət etmiş, Cavabdeh MTK-nın nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2023-cü il tarixdə “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə üzrə 31 012 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə üzrə 9332 manat məbləğində haqqın dövlət büdcəsinin, 200 manat mediasiya xərcinin özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2003-cü il tarixli 235 nömrəli və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 597 nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş, bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri və müqavilənin şərtləri pozulmuşdur. Hazırda cavabdehin dövlət büdcəsinə ödənilməli olan 235 nömrəli icarə müqaviləsi üzrə 31 012 manat, 597 nömrəli icarə müqaviləsi üzrə 9332 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqı borcunu dövlət büdcəsinə ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni tələblə cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, lakin həmin məhkəmə xx.xx.2021-ci il tarixli qətnamə ilə qeyd edilən iddianın Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaldırıla biləcəyini və Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasını qeyd edərək, iddianı təmin etməmişdir. Kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir (xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00526 nömrəli arayış). Mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində vəsait mediatorun bank hesabına ödənilmişdir.
7. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü, 18-ci və 23-cü maddələrinə istinad olunmuşdur.
8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddia ərizəsinin icraata götürülməsindən imtina olunması haqqında qərardad çıxarılmasını xahiş etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmıdşır: “İddiaçı iddia ərizəsində xx.xx.2003-cü il tarixli 235 nömrəli və xx.xx.2005-ci il tarixli 597 nömrəli icarə müqavilələri üzrə konkret olaraq hansı illər, hansı aylar üzrə icarə haqqını tələb etdiyini dəqiq şəkildə qeyd etməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı müqavilə bağlandığı tarixdən bu günə qədər olan dövr üçün icarə haqqını tələb edir. İcarə müqavilələri xx.xx.2003-cü il və xx.xx.2005-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Uzun müddət ötdüyü üçün burada iddia tələbi üzrə 6 illik iddia müddəti tətbiq edilməlidir. Bununla əlaqədar olaraq iddiaçı iddia ərizəsini məhkəməyə təqdim etdiyi tarixdən yalnız 6 il geriyə icarə haqqını tələb edə bilər. 2007-ci ildən cavabdeh tikinti işlərini başa çatdırdıqdan sonra öz fəaliyyətini dayandırmışdır, icarə müqaviləsində icarə predmeti olan torpaq sahəsi hazırda öz nizamnaməsi ilə fəaliyyət göstərən “Nəsimi-45” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin mükiyyətindədir. Bu baxımdan cavabdeh olaraq hazırkı iddia tələbinə cavab verməli olan tərəf olmadığına görə də həmin iddia tələbi cavabdehə qarşı irəli sürülə bilməz”.
9. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad olunmuşdur.
10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 19 dekabr 2024-cü il tarixli rəyində göstərilmişdir ki, “...Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə xx.xx.2022-ci il tarixə icarə haqqı borcu 27 565,44 manat, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 9331,37 manat məbləğində müəyyən olunur. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaitinin hansı icarə müqaviləsi üzrə ödənilməsi iş materiallarında olan sənədlərdə öz əksini tapmamışdır. Bu səbəbdən hər iki müqavilə üzrə aparılmış hesablamalarda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır”.
11. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər.
12. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə xitam verilmişdir, lakin 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə qüvvədədir.
13. İddiaçının və cavabdehin nümayəndələri 19 dekabr 2024-cü il tarixli 9/9158 nömrəli ekspert rəyinə etiraz etmədiklərini bildirmişlər.
14. Birinci instansiya məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 24 565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 9331,37 manat olmaqla ümumilikdə 33 896,81 manatın, habelə mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manatın Cavabdehndən tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.Wİ.F.T bik: NABZAZ 2C), ekspertiza xərci olaraq 100 manatın Cavabdehndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır. 15.2. İddiaçı 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 31 012 manat və 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə 9332 manat icarə haqqının cavabdehdən tutulmasını tələb edir. 15.3. Cavabdeh iddiaya etiraz edərək, 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilənin qüvvədə olmadığını, hər iki müqavilə üzrə iddia müddətinin ötdüyünü bildirərək iddianın rədd edilməsini xahiş edir. 15.4. İcarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. 15.5. İddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur. Lakin 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edildiyindən və təqdim edilən xx.xx.2023-cü il tarixli cavabdehə məxsus şəxsi hesab vərəqəsindən ödənişlər də nəzərə alınmaqla 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə icarə haqqı borcunun hesablanması xüsusi bilik tələb etdiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli 9/9158 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan Cavabdeh MTK (VöEN: **********) Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə "Hüquq” MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə xx.xx.2022-ci il tarixə icarə haqqı borcu 27 565,44 manat, Bakı şəhər İcra Hakimiyyəti ilə "Hüquq” MTK arasında bağlanmış 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə üzrə hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 9331,37 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaitinin hansı icarə müqaviləsi üzrə ödənilməsi iş materiallarında olan sənədlərdə öz əksini tapmamışdır. Bu səbəbdən hər iki müqavilə üzrə aparılmış hesablamalarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmiş 3000 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır. 15.6. Göründüyü kimi, ekspert rəyi ilə 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə (xitam tarixi) icarə haqqı borcu 27 565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 9331,37 manat müəyyən edilmiş, ödənilmiş 3000 manat icarə haqqının təyinatı, yəni hansı müqavilə üzrə silinməsi müəyyən edilə bilmədiyindən nəzərə alınmamışdır. 15.7. Həmin məbləğin "Hüquq” MTK-nın şəxsi hesab vərəqəsindən hansı müqavilə üzrə borca silindiyi müəyyən edilə bilmədiyindən Mülki Məcəllənin pul öhdəliklərinin ödənilməsi növbəliyi ilə bağlı nomaları əsas götürülməlidir. 15.8. Hazırkı iş üzrə ödənişin təyinatı ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, icarə haqqının hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməsi şərtləşdirildiyindən öhdəliklərin icra müddətləri də eyni olmuşdur. Lakin 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilə üzrə həm icarə haqqının digər müqavilədən çox təşkil etməsi, həm də müqavilənin digərindən daha əvvəl bağlanması səbəbindən ödəniş edilən tarixə borclu üçün daha ağır tələbli müqavilə 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli müqavilədir və edilmiş ödəniş məhz həmin müqavilə üzrə borca yönəldilməlidir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı torpaq icarəsi müqaviləsi üzrə borc 24 565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı torpaq icarəsi müqaviləsi üzrə borc 9331,37 manat olaraq müəyyən edilməlidir. 15.9. 11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyindən, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli müqavilə qüvvədə olduğundan və iddiaçının mediasiya tətbiqi barədə təkliflə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi nəzərə alındığında iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 377-ci maddəsinə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372-ci, 373-cü, 377-ci, 425-ci, 440-cı, 442-ci, 448.1-ci, 448.2-ci, 700.1-ci, 700.2-ci, 706.1-ci, “Torpaq icarəsi haqqında” Qanunun 4-cü, 8-ci, 14-cü, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarına istinad etmişdir.
17. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin iddia müddətinin hesablanması ilə bağlı əsassız qənaətə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
20. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, hesablanmış icarə haqqı borcunun məbləğini mübahisələndirmir, lakin iddia müddətinin ötürülmüş olması səbəbilə iddianın rədd edilməli olduğunu hesab edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
30. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
34. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.
35. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
40. Maddə 440. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi.
43. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər.
46. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
47. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
48. Maddə 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
“Mediasiya haqqında” Qanun
49. Maddə 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
50. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
51. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
52. Maddə 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: ... 32.1.9. bu Qanunun 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda.
53. Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: ... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
54. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
55. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
56. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
57. Maddə 8. Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
58. Maddə 14. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanı
59. Bənd 2.5. Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
70. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
71. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
72. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
75. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
77. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
78. İşin hallarından görünən odur ki, iddiaçının tələb hüququ və icarə haqqı borcunun məbləği mübahisəli olmasa da, cavabdeh digər əsaslarla yanaşı, həm də iddia müddətinin ötməsinə istinad etmişdir.
79. Buna görə də kollegiya yalnız, iddiaçının iddia müddətini ötürüb-ötürmədiyi ilə bağlı məsələyə qiymət verəcəkdir.
80. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir (§ 27).
81. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
82. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
83. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir (§ 28).
84. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
85. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (§ 31).
86. Hazırkı iş üzrə müəyyən edilən odur ki, Bakı şəhəri İcra Hakimiyyəti ilə cavabdeh arasında 11 sentyabr 2003-cü il və 07 sentyabr 2005-ci il tarixlərində icarə müqavilələri bağlanmış, 11 sentyabr 2003-cü il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir – iddiaçı isə həmin müqavilələrin bağlandığı tarixlərdən etibarən hesablanmış icarə haqqı borclarının ödənilməsini tələb edir.
87. İcarə müqaviləsi üzrə ödənilməli icarə haqqı vaxtaşırı ödəmədir – bu vaxtaşırılıq günlərlə, həftələrlə, aylarla, rüblərlə və ya illərlə müəyyənləşdirilə bilər.
88. Hazırkı işdə vaxtaşırılıq rüblük olaraq müəyyənləşdirilmişdir; hər iki müqavilənin 7.7-ci bəndində tərəflər razılaşdırmışlar ki, icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir.
89. Bu isə o deməkdir ki, hər rübün birinci ayının 5-nə qədər cavabdeh icarə haqqı borcunu ödəməmişdirsə, həmin tarixdən etibarən iddia müddətinin axımı başlamışdır – çünkü icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
90. İşdən görünür ki, cavabdeh icarə müqavilələri üzrə yalnız bir dəfə xx.xx.2015-ci il tarixdə 3000 manat ödəniş həyata keçirmiş, iddiaçı icarə haqqı borclarının ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət ünvanlamış, bundan sonra xx.xx.2023-cü il tarixinə yaranmış borcu hesablayaraq xx.xx.2023-cü il tarixdə müvafiq iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
91. Belə olan halda kollegiyanın qənaətinə görə, 11 sentyabr 2003-cü il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən əvvəlki 22 ay 10 günün (xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər), 07 sentyabr 2005-ci il tarixli müqavilə üzrə isə xx.xx.2023-cü il tarixindən (iddianın məhkəməyə verildiyi tarix) əvvəlki 3 ilin icarə haqqı borcları iddia müddətinin tətbiq olunmadığı borclar qismində cavabdehdən tutula bilər.
92. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi üçün mediasiya təşkilatına müraciət etmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur; “Mediasiya haqqında” Qanunun tələblərinə görə (§ 49, 54, 55) iddia müddətinin axımı maksimal hədd olaraq 30 gün müddətinə dayandırılmış hesab olunduğundan, 11 sentyabr 2003-cü il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən əvvəlki 22 ay 10 günün (xx.xx.2023 – 3 il + 30 gün) icarə haqqı borcunun tutulması mümkündür, hazırda qüvvədə olan 07 sentyabr 2005-ci il tarixli müqavilə üzrə isə hər bir halda xx.xx.2023-cü il tarixindən əvvəlki 3 ilin icarə haqqı borcu tutulmalıdır.
93. 11 sentyabr 2003-cü il tarixli müqavilə üzrə illik icarə haqqı 1722,84 manat, 07 sentyabr 2005-ci il tarixli müqavilə üzrə isə 518,41 manat olduğundan, cavabdehdən tutulacaq məbləğ 4760,97 manat (11 sentyabr 2003-cü il tarixli müqavilə üzrə 3205,74 manat, 07 sentyabr 2005-ci il tarixli müqavilə üzrə 1555,23 manat) müəyyənləşdirilməlidir.
94. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, düzgün olmayan qətnamə çıxarmışdır.
95. Kollegiya bir daha vurğulayır ki, hazırkı qətnamə ilə gəlinən nəticə 07 sentyabr 2005-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixindən əvvəlki 3 ilin icarə haqqı borcu ilə bağlıdır və qeyd olunan tarixdən sonra yaranmış borcun ödənilməsi tələbinin irəli sürülməsi hüququnu istisna etmir.
96. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericilikdə “daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olduğu” müəyyənləşdirilsə də (§ 29), müvafiq maddənin (MM-nin 373.2-ci maddəsi) mənası o qənaətə gəlməyə əsas yaradır ki, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, məhz daşınmaz əşyanın özünün verilməsi tələbini irəli sürməyə imkan verən müqavilələr üzrə (misal üçün, alqı-satqı, bağışlama, dəyişmə və s.) həmin müddət tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, müqavilələr üzrə yaranan haqlar nisbi haqlar olmaqla yalnız öhdəlik münasibətlərinin tərəflərinə münasibətdə irəli sürülə bilinir, belə tələb hüquqları sahibinə məhz borcludan müqavilə üzrə yaranan öhdəliyi yerinə yetirməyi tələb etmək imkanı verir. Hazırkı mübahisə daşınmaz əşya barəsində bağlanmış icarə müqaviləsi üzrə yaranmış olsa da, nəticə etibarilə “icarə haqqı borcunun ödənilməsi” tələbi irəli sürülmüşdür – bu tələb isə müvafiq nisbi haqqın realizəsi ilə əlaqədardır və “daşınmaz əşyalarla bağlı müqavilə tələbi” kimi qiymətləndirilə bilməz.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-32/2025 saylı iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi “Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh arasında bağlanmış 11 sentyabr 2003-cü il tarixli 0235 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 24 565,44 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 9331,37 manat olmaqla ümumilikdə 33 896,81 manatın Cavabdehndən tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X4 İdarəsindəki hesabına ödənilməsi” hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə çıxarılsın. Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh arasında bağlanmış 11 sentyabr 2003cü il tarixli 0235 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 3205,74 manat, 07 sentyabr 2005ci il tarixli 0597 saylı “Torpaq icarəsi müqaviləsi” üzrə 1555,23 manat olmaqla ümumilikdə 4760,97 (dörd min yeddi yüz altmış manat 97 qəpik) manat Cavabdehndən tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X4 İdarəsindəki hesabına ödənilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “11 sentyabr 2003-cü il tarixli 0235 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə üzrə 31 012 manat, 07 sentyabr 2005-ci il tarixli 0597 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə üzrə 9332 manat məbləğində haqqın dövlət büdcəsinin xeyrinə ödənilməsi” tələbi qalan hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissədə, yəni “mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manatın Cavabdehndən tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.Wİ.F.T bik: NABZAZ 2C), ekspertiza xərci olaraq 100 manatın Cavabdehndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva