Məhkəmə qərarları › İş №2-2(103)-478/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-478/2021

22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-478/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı“ MMC-nin cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı ”müqavilədən irəli gələn öhdəliklərin icrası” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1847/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “İddiaçı“ MMC cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin 1(bir) il müddətinə uzadılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş sementin satışına olan maneənin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilmişdir. Cavabdeh məhkəmənin həmin qərardaından şikayət verərək ləğv edilməsini və iddiaçının iddianı təmin tədbiri barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasındakı xx xxxxxx 2019-cu il tarixli müqavilənin 3.3.1-ci bəndinə əsasən tərəflər malın alınması üçün əvvəlcədən ödənişin edilməsini müqavilədə razılaşdırmışlar. iddiaçı mal almaq üçün müqavilənin bağlandığı tarixdən hər-hansı ödəniş etməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, malın satılmasını tələb etmək hüququ yoxdur. İkincisi, müqavilənin 5-ci bəndi ilə tərəflər satışın hansı qaydada həyata keçiriləcəyini və satıcının hansı halda satmaq öhdəliyinin yaranması razılaşdırmışlar. Üçüncüsü, nəzərə alınmalıdır ki, müqavilənin bağlanması ilə bərabər satılan məhsulların növlərinin və qiymətlərinin razılaşdırılması da tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsi baxımından vacib rol oynayır. Müqavilənin 3.1cimaddəsinə görə mal və qiymətlər Müqaviləyə edilən Əlavələrdə göstərilir. İddiaçı ilə cavabdeh arasında müqaviləyə 1 saylı əlavə imzalanmış, həmin əlavədə qiymətlər razılaşdırılaraq xx.xx.2020-dən xx.xx.2020dək müəyyən edilmiş və 1.1-ci bəndinə əsasən bu qiymətlər yalnız öncədən ödəniş şərti ilə qüvvədə qalır. İddiaçı həmin əlavə üzrə heç bir sifariş etməmiş, ödəniş etməmiş, həmin əlavənin qüvvəsi xx.xx.2020-ci ildə başa çatmışdır. Bundan başqa tərəflər arasında heç bir əlavə imzalanmamış, qiymət, həcm və s. razılaşdırılmamışdır, iddiaçı bu barədə cavabdehə hər hansı bir təşəbbüs irəli sürməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. Müqavilənin 10.1-ci bəndinə əsasən isə müəyyən olunur ki, hazırkı müqaviləyə hər-hansı əlavə və dəyişikliklər ancaq hər iki tərəfin yazılırazılığı ilə edilə bilər. Belə olan halda, iddiaçı 1 saylı əlavənin tələblərinə əməl etmədiyi və bu əlavədən sonra da tərəflər arasında digər hər-hansı əlavənin bağlanmadığı halda iddiaçının ona malın satılması tələbi və iddianın təmin tədbiri barədə ərizəsi əsaslı deyildir. Tərəflər müqavilənin 13-cü bəndində ona hansı hallarda öhdəliyə xitam veriləcəyi ilə razılaşdırmışlar. Bu xitam səbəblərindən biri də müqavilənin 13.1.6-cı bəndiə əsasən iki ay ərzində heç bir alqı-satqı əməliyyatı keçirilmədiyi hallarda, satıcı müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. İddiaçı ilə şirkət arasında müqavilənin bağlandığı tarixindən indiyədək heç bir alqı-satqı əməliyyatı həyata keçirilməmişdir ki, buna da səbəb iddiaçının müqavilənin şərtlərinə əsasən sifariş verməməsi və əvvəlcədən ödəniş etməməsi olmuşdur. İddiaçı faktiki olaraq özü müqavilənin şərtlərinə əməl etməmişdir, müqavilə faktiki olaraq fəaliyyət göstərməmişdir. Buna görə də cavabdeh iddiaçıya yazılı bildiriş göndərərək müqaviləyə 13.1.6-cı bəndə əsasən xitam vermişdir. (məktubun surəti əlavə olunur). Bundan əlavə Dövlət Vergi Xidmətinin portalından əldə olunan əlavədəki çıxarışda qeyd olunur ki, iddiaçı kommersiya fəaliyyətini dayandırmışdır, fəaliyyət göstərmir, aktiv subyekt deyildir. Belə olan halda, onun guya sahibkarlıq fəaliyyəti göstərməsi və üçüncü şəxslər qarşısında öhdəliklərinin olması barədə arqumentləri əsaslı hesab oluna bilməz. Məhkəmənin qərardadında “sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı maneələrin yaradılması, müqavilədə nəzərdə tutulmuş malın satılmamasının iddiaçının hüquqlarını və digər şəxslər qarşısında öhdəliklərinin icrası zamanı bir sıra çətinliklər yarada biləcəyi ilə bağlı qənaətini əsaslandırmamış, iddiaçıya hansı maneənin yaradıldığı aydınlaşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə və qəbul etdiyi qərardad əsaslı deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş etirazında şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəfləri həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə cavabdeh, iddiaçı və Azsement Bakı” MMC arasında imzalanmış “Razılaşma Memarandumuna əsasən sonuncu alıcının satıcı qarşısınıda öhdəliklərinin icrasını öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixində müqaviləyə xitam vermişdir. Qərardad çıxarılarkən müqavilə qüvvədə olmuşdur. Müqaviləyə xitam verilməsi barədə bildiriş göndərilsə də işə mahiyyəti üzrə baxılanda buna hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qafurlu şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının ərizəsi rədd olunmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbiri, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədini daşımalıdır. Lakin konkret halda, birinci instansiya məhkəməsi öz qərardadında iddiaçının ərizəsinə əsasən tətbiq etdiyi iddianı təmin etmə tədbirinin, gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını hansı formada təmin edəcəyi və ya onun icrasında yarana biləcək hansı çətinliyin mövcudluğu ilə deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması və müqavilədə nəzərdə tutulmuş malın iddiaçıya satılmamasının onun hüquqlarını poza və digər şəxslər qarşısında öhdəliklərinin icrası zamanı bir sıra çətinliklər yarada biləcəyi ilə əsaslandırmışdır. Halbuki, mülki-prosessual qanunvericiyin yuxarıda qeyd olunan tələbləri baxımından, iddiaçının tələbləri müqabilində onun xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını təmin edilməsinə yönələn və iddiaçının tələblərinə mütənasib olan tədbir növünün görülməsi ehtiva olunur. Konkret halda, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqısatqı müqaviləsinin 1(bir) il müddətinə uzadılmış hesab edilməsini tələb edir. İddiaçının bu tələbi, onun ərizəsində görülməsini xahiş etdiyi iddianı təmin etmə tədbiri qətiyyən mütənasiblik təşkil etmir. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından isə göründüyü kimi, məhkəmə, iddiaçının görülməsini xahiş etdiyi tədirlə müqayisədə, tamamilə fərqli olan, başqa bir iddianı təmin etmə tədbirinin tətbiq olunması qənaətinə gəlmişdir. Əslində, bununla da məhkəmə faktiki olaraq, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbində həll edilməli məsələni bu başdan artıq həll etmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirləri, o cümlədən, məhkəmənin tətbiq etdiyi iddianı təmin etmə tədbiri, Konstitusiya Məhkəməsinin qərarında təsbit olunan meyarlara cavab vermir. Yəni, həmin tədbirlər – heç də gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını təmin etmir və ya onun icrasını çətinləşdirən halların qarşısını almır. Yəni, iddia tələbləri çərçivəsində iddiaçının xeyrinə qətnamə qəbul olunacağı təqdirdə, icra qanunvericiliyinin tələbləri qaydasında həmin qətnamənin icrasının təmin olunmasında heç bir əngəllik və onun icrasını çətinləşdirən hal mövcud deyil. Bundan əlavə, işin hazırkı mərhələdə müəyyən edilən hallarından göründüyü kimi, artıq cavabdeh müqavilənin 13.1.6-cı bəndinə müvafiq olaraq, onun ləğvinə dair iddiaçıya bildiriş də göndərmiş və sonuncu bundan məlumatlıdır. Bu isə tərəflər arasındakı, müqavilənin müddətinin bir il müddətinə uzadılmış hesab edilməsi ilə bağlı, mübahisənin həllinə əhəmiyyətli dərəcədə öz təsirini göstərməsini istisna etmir. Ona görə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1847/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, qəraradad ləğv edilməli və iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə yeni qərardad çıxarılmalıdır. MPM-in 402-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin iddianı təmin etmə tədbiri qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1847/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “İddiaçı“ MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar