Məhkəmə qərarları › İş №2-2(103)-481/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-481/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-481/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və iddiaçının (ləğvedicisinin etibarnaməsi üzrə) nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan “X2” ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 1015/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan “X2” ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -xx.xx.2014-cü il tarixli, 47 nömrəli kredit müqaviləsi üzrə 1.400.000 manat əsas borc, 79.800,07 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 190.944,44 manat faiz borcu (5%); - xx.xx.2015-ci il tarixli, 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559.59 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561.34 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu (5%); - ümumilikdə, 1.683.267,21 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun javabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 47 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə - «tikinti avadanlıqlarının alınması» məqsədi üçün illik 12% dərəcəsi ilə 24 ay müddətinə 1.400.000 manat, xx xxxx 2015-ci il tarixli, 110 nömrəli digər bir kredit müqaviləsinə əsasən isə «heyvandarlığın inkişafı» məqsədi üçün illik 6% dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat - məbləğində kredit verilmiş, lakin cavabdeh həmin müqavilələrin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən aldığı ıkredit məbləğini və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun hər ay sabit məbləğdə banka qaytarma öhdəliyini lazımınca yerinə yetirməmiş, ona şifahi və yazılı müraciətlər edilməsinə və xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq da borcun ödənilməsini təmin etməmiş, xx xxxx 2019-cu il tarixinə qeyd olunan borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini cavabdeh onunla əsaslandırmışdır ki, qətnamə ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasının qanununvericiliyindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. İddiaçı cavabdehə heç bir xəbərdarlıq etmədən, pretenziya qaydasına riayət etmədən kredit borcu tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasları cavabdehə heç bir məlumat verilmədən və cavabdehin iştirakı olmadan keçirilmiş, qətnamə cavabdehə çatdırılmamışdır. Xüsusilə, məhkəmədə baxılan tələbə, eyni zamanda, cinayət mühakimə icraatı qaydasında baxılan digər işlə birgə baxılmış, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)233/2018 saylı cinayət işinə baxılarkən, ləğv prosesində olan “X2” ASC eyni tələblə mülki iddia qaldırmış və həmin tələbə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 1(101)233/2018 saylı hökmlə hüquqi qiymət verilmişdir.Həmin hökmündən apellyasiya şikayəti verilmiş, hökm qanuni qüvvəsini almamışdır. Həmin cinayət işi hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla baxılması davam etdirilir. Ona görə də qətnamə ləğv edilib, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 259.0.4.-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə işi baxılmamış saxlayır. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdfiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsini baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 maliyyə arayışlarını, bank hesablarından çıxarışları və ödəmə cədvəllərini və qeyd edilən cinayət işi üzrə “X2” ASC-nin mülki iddia ərizəsini məhkəməyə təqdim edərək, mübahisələndirilən kredit müqavilələrinin və həmin müqavilələr üzrə yaranmış borc məbləğlərinin, adıçəkilən cinayət işi üzrə məhkəmə araşdırırmasının predmeti olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, onun tərəfindən ilk öncə mübahisələndirilir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.Lakin şikayətin sonrakı məzmununda hansı maddi hüquq normalarının pozulması, habelə, cavabdehin banka olan iddia tələbində qeyd olunan borcunun mövcudluğu barədə hər hansı bir mövqe və bununla bağlı mübahisənin mövcudluğu müəyyən olunmur və yalnız işə baxılarkən prosessual hüquq normalarının pozulması mübahisələndirilir. Odur ki, qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinin tələbi baxımından hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində baxılmalıdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozulmasını cavabdeh onunla əsaslandırır ki, iddiaçı cavabdehə heç bir xəbərdarlıq etmədən, pretenziya qaydasına riayət etmədən kredit borcu tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasları cavabdehə heç bir məlumat verilmədən və iştirakı olmadan keçirilmiş, qətnamə ona çatdırılmamışdır. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə xx xxxx 2019-cu il tarixli - **********559 və **********557 saylı xəbərdarlıq məktubları ünvanlanaraq onun xx xxxx 2019-cu il tarixinə banka iddia olunan borc məbləğləri barədə bildirilərək, üç gün müddətində həmin borcun banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə ona qarşı borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin həmin xəbərdarlığın müsbət nəticəsi olmamış və iddiaçı xx.xx.2019-cu il tarixində məhkəmdə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin iddiaçı tərəfindən ona borcu barədə pretenziya verilmədiyini bildirən dəlilləri əsassızdır. Eyni zamanda, cavabdehin məhkəmənin qətnaməsinin ona göndərilmədiyini mübahisələndirən dəlili ilə də razılaşmaq mümkün deyil. Çünki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş və cavabdehin MPM-in 10-1-ci maddəsinin tələbləri qaydasında üzərinə düşən vəzifəsi idi ki elektron kabinetini yaratmaqla 135.5 və 135.8-ci maddələrinin tələblərinə müvafiq bütün məzhkəmə sənədlərinə əldə etmiş olsun. Digər tərəfdən, qətnamə məhkəmənin poçt vasitəsilə xx.xx.2019-cu il tarixli məktubu ilə cavabehin işdə olan Nizamnaməsində qeyd olunan və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış hüquqi ünvanı (ünvan 1 ünvanına rəsmi qaydada gönldərilmiş, lakin həmin göndəriş «bu ünvanda yaşamır» qeydi ilə məhkəməyə geri qaytarılmışdır (Hətta qətnamə ijraya yönəldilərkən xx xxxx 2020-ci il tarixli icra vərəqinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubunun ona göndərilmiş surəti də eyni qayjdada geri qaytarılmışdır). MPM-in 146-cı maddəsinin tələbidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişmələri barədə məhkəməyə məlumat verməlidirlər. İş materiallarından isə görünür ki, cavabdeh ünvanını dəyişməsi və faktiki ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh onun hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə qətnaməsinin ona çatdırılmadığını mübahisələndirməkdə haqlı hesab edilə bilməz. Cavabdehin apellyasiya şikayətində digər bir mübahisələndirdiyi hal ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)233/2018 saylı cinayət işinə baxılarkən, eyni tələblər üzrə həmin məhkəmədə iddiaçı tərəfindən ona qarşı mülki iddia qaldırılmış və həmin tələbə dair cinayət məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 1(101)233/2018 saylı hökm çıxarılmış, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və hal-azırda Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılması davam etdiyindən hazırkı işə baxılması davam etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsi baxılmamış saxlanmalıdır (Məhkəmə kollegiyası tərəfindən işin hazırda həqiqətən Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu müəyyən edilmişdir). Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə də razılaşmır. Çünki, işə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)233/2018 saylı cinayət işi üzrə xx xxxx 2018-ci il tarixli hökmündən və hazırkı mərhələdə həmin cinayət işi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iş üzrə iddia ərizəsində irəl sürülən iddia tələbləri və qeyd olunan cinayət işində irəli sürülən iddia tələbləri eynilik təşkil etmir. Belə ki, hazırkı işin məhkəmə araşdırmasının predmetini xx xxxxxx 2014-cü il tarixli, 47 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.400.000 manat əsas borc, 79.800,07 manat faiz borcu və gecikdirilməyə görə beş faizlə hesablanmış 190.944,44 manat faiz borcu; xx.xx.2015-ci il tarixli, 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559.59 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561.34 manat faiz borcu (5%), ümumlikdə iki müqavilə üzrə, cəmi, 1.683.267,21 manat kredit borcun qaytarılması tələbi təşkil etdiyi halda, həmin predmet qeyd olunan cinayət işinin araşdırma obyektini təşkil etməmiş, tamamilə başqa kredit müqavilələri üzrə təqsirləndirilən şəxslərə X4 və X1 qarşı, ümumilikdə, onlara qarşı 5.036.790 manat məbləğində ziyan tələbini əhatə edir. MPM-in 259.0.4-cü maddəsinin tələbinə görə isə məhkəmə o halda, iddia ərizəsini baxılmamış sayxlayır ki, həmin və ya digər məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olmuş olsun. Qeyd olunanlardan isə göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanunla müəyyən edilən sözügedən prosessual əsaslar mövcud deyil. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılıb mahiyyəti üzrə qətnamə çıxarılması prosessual qanunvericiliyə uyğundur. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyəti üzrə mübahisələndirilməsə də hər bir halda qəbul etdiyi qətnamənin işdə olan sübutlara və maddi hüquq normalarına uyğun olduğu müəyyən olunur. Belə ki, iş materiallaından görünür ki, tərəflər arssında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 47 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə - «tikinti avadanlıqlarının alınması» məqsədi üçün 24 ay müddətinə, illik 12% dərəcəsi ilə 1.400.000 manat, xx xxxx 2015-ci il tarixli, 110 nömrəli digər bir kredit müqaviləsinə əsasən isə «heyvandarlığın inkişafı» məqsədi üçün 36 ay müddətinə, illik 6% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Lakin işə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli – **********565 və **********566 saylı maliyyə arayışlarından, habelə, iddiaçının nümayəndəsinin izahatına və onun hazırkı mərəhələdə təqdim etdiyi cavabdehin bank hesablarından çıxarışlara, kredit müqavilələr üzrə ödəmə cədvəllərinə əsasən müəyyən olunur ki, onun ödənişləri nəzərə alınmaqla, banka olan borcu aşağıdakı kimidir : - 47 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.400.000 manat əsas borcu, müqavilə müddəti üçün 12 faiz dərəcəsi ilə hesablanmış 79.800,07 manat faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 190.944,44 manat faiz borcu, cəmi 1.670.744,51 manat ; -110 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 10.443,45 manat əsas borcu, müqavilə müddət üçün 6 faiz dərəcəsi ilə hesablanmış 559,59 manat faiz borcu, borcun ödənilməsinin gecikdirildiyinə görə 958,32 manat cərimə (dəbbə 0,1%) borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə hesabdlanmış 561,34 manat, cəmi 12.522,70 manat, təşkil edir. Beləliklə də cavabdehin iki müqavilə üzrə, ümumilikdə, cavabdehin iddiaçı banka olan borcu 1.683.267,21 manat məbləğində olduğu müəyyən olunur. Qeyd olunan borc məbləğləri kredit müqavilələrinin 1.1, 4.1-ci və 9.3-cü bəndlərinin şərtlərinə, habelə mülki qannunvericiliyin aşağıda qeyd olunan tələblərinə uyğundur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh tərəfindən isə mülki qanunvericiliyin qeyd olunan imperativ tələbləri qaydasında mübahisələndirilən kredit müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməmiş, iddiaçıdan aldığı krediti məbləğlərini faizləri ilə birlikdə müqavilə müddətləri çərçivəsində qaytarmamış, iddia olnan borc məbləğləri həddində ona ziyan vurmuşdur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işin hallarına maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar