Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-481/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: icarə müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının və cərimənin tutulması barədə iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3268/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında 01 noyabr 2019-cu il tarixli 11- İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmış, icarəyə verən – "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binanda 325 kv.m. ibarət sahəni icarəçi – "İmport Group of Azerbaijan” MMC-yə ofis kimi icarəyə vermişdir.
2. "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli “01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi”nin ləğvinə dair sazişə əsasən 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi 02 mart 2020-ci il tarixdən ləğv edilir. İcarəçi həmin sazişə əsasən sahəni xx.xx.2020-ci il tarixədək boşaldıb təhvil verməyi və həmin tarixədək yaranan icarə və kommunal haqqa görə yaranmış borcları ödəməyi öz öhdəsinə götürmüşdür.
3. İşdəki elektron qaimələrdən görünür ki, xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 276028 nömrəli elektron qaiməyə əsasən noyabr ayı üzrə 5752,5 manat, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 652795 nömrəli elektron qaiməyə əsasən dekabr ayı üzrə 5752,5 manat, xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 038616 nömrəli elektron qaiməyə əsasən yanvar ayı üzrə 5752,5 manat, xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 247235 nömrəli elektron qaiməyə əsasən fevral ayı üzrə 5752,5 manat olmaqla 4 ay üzrə "İmport Group of Azerbaijan” MMC-yə sahənin icarəsi ilə bağlı 23010 manat məbləğində borcu hesablanmışdır. Cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 23010 manat icarə haqqı borcu, icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 40267,5 manat cərimə və kobud pozuntuya görə yaranmış 11505 manat cərimə olmaqla, ümumilikdə 74782,5 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğinin "İmport Group of Azerbaijan” MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada ümumi sahəsi 325 kv.m olan ofis sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 5752,5 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı müqavilənin 6-cı hissəsinin müddəalarına uyğun olaraq icarə müddətinin qurtarmasından əvvəl müqaviləyə xitam verilə bilər. Eyni zamanda, müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 13 aprel 2022-ci il tarixli 11-2022-0036 nömrəli pretenziya məktubu ünvanlanaraq 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 1 oktyabr 2020-ci il tarixinə qədər yaranmış 23010 manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 33191,93 manat cərimə olmaqla, ümumilikdə 56201,93 manat məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh isə bu günə kimi ödəniş etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3268/2022 nömrəli qətnaməsi ilə (Fərrux Qasımov) iddia tələbi qismən təmin edilmiş, 23010 manat məbləğində pul əsas borc və 1500 manat məbləğində cərimə olmaqla ümumilikdə 24510 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə cavabdehin 2019-cu ilin noyabr və dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə ümumi 23010 manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC ilə "İmport Group of Azerbaijan” MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli “01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi”nin ləğvinə dair sazişin 2-ci bəndində qeyd olunmuşdur ki, icarəçi bəyan edir ki, “....18 mart 2020-ci ilə qədər icarə dövrü üzrə icarə və kommunal haqqına görə yaranan borcları öz öhdəsinə götürür”.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında öhdəliklərin qarşılıqlı əvəzləşdirməsi barədə yazılı razılaşma məhkəməyə təqdim olunmamış, iddiaçı tərəfindən isə şifahi razılaşmanın mövcud olması qəbul olunmur. Bundan başqa, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı irəli sürülmüş tələbi hazırki mübahisə predmeti olmamaqla, digər icraatda araşdırılır, borcun olub-olmaması, olduğu təqdirdə isə miqdarı müəyyən olunmamışdır. Buna görə də cavabdehin icarə haqqı borcunun ödənilməməsi ilə bağlı etirazı əsassız hesab olunmalıdır.
9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh hesablanmış icarə haqqının məbləği ilə razı olmadığı təqdirdə iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
10. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən icarəçi kobud pozuntuya yol verdikdə icarəyə verənə iki aylıq icarə haqqı həcmində cəriməni ödəməlidir. Müqavilənin 6.2.1-ci bəndində göstərilmişdir ki, icarə haqqının 10 gündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehin cərimə ödəməli olduğuna dair iddiaçının tələbini əsaslı hesab etsə də, tələb edilmiş cəriməni MMnin 467-ci maddəsinə əsasən azaldaraq 1500 manat hissədə təmin etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3268/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən verilmiş yazılı etiraza və onun dəlillərinə formal yanaşmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ”İmport Group of Azerbaijan” MMC 2017-ci ilin sonlarından Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında icarə müqaviləsi əsasında fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilin əvvəllərində yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofis binası) mülkiyyətçisi dəyişərək “ASK“ ASC olmuşdur. Məhkəmənin diqqətinə catdırmaq istərdik ki, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 35 ünvanının yaxınlığında yerləşən Yasamal rayonu, 1033-cüməhəllə, Tbilisi prospekti 33 nömrəli qeyri yaşayış binası da “ASK“ ASC-yə məxsusdur. Tbilisi prospekti 35 ünvanında yerləşən ofis binasında ofis sahəsinin icarəsi ilə bağlı iddiaçı və cavabdeh arasında müxtəlif tarixlərdə icarə müqaviləsi bağlanmışdır və bununla tərəflər arasında inam və işgüzar münasibətlər formalaşmışdır. Cavabdehin əsas fəaliyyət sahəsi təmir tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən “ASK“ ASC və onun törəmə şirkəti olan “ASK Xidmət“ MMC ilə 2018- 2019-cu illərdə bir neçə dəfə xidmət müqavilələri imzalanmış, həmin xidmət müqavilələrinə əsasən “İmport Group of Azerbajian“ MMC “ASK“ASC-yə məxsus olan qeyri yaşayış binasında təmir tikinti işləri həyata keçirmişdir. Bu təmir tikinti işləri həyata keçirildikdən sonra xidmət haqqı iddiaçının törəmə şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bu münasibətlərin nəticəsində cavabdehin “ASK“ ASC-yə olan inamı daha da artmışdır. 2018-ci ilin əvvəllərində “ASK“ ASC cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 1033-cüməhəllə, Tbilisi prospekti 35 (33) ünvanında yerləşən yaşayış binasının təyinatının dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin həyata keçirilməsi üçün qiymət təklifi verməsini xahiş etmişdir. Həmin müraciət əsasında cavabdeh qiymət təklifi hazırlayaraq “ASK“ ASC-ə təqdim etmiş, onun tərəfindən həmin qiymət təklifi qəbul edilmişdir. Qiymət təklifinin qəbul edilməsi ilə bağlı “ASK“ ASC tərəfindən xx.xx.2018-ci il tarixli 02\04-289 nömrəli məktub verilmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 (33) ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin görülməsi üçün 17 may 2018-ci il tarixli, 12 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan satınalma müqaviləsinin dəyəri “ASK“ ASC tərəfindən hissəvi olaraq, 2018-ci ilin avqust və 2019-cu ilin yanvar ayları aralığında ödənilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdeh arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan “ASK“ ASC göstərilən ünvanda təmir tikinti işlərinin tez zamanada görülməyə başlanılmasını cavabdehdən xahiş etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Bu minvalla həmin ünvanda cavabdeh tərəfindən təmir tikinti işlərinin görülməsinə 2018-ci ilin iyun ayında başlanılmışdır. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrdən də görünür ki, cavabdeh qeyd olunan ünvanda işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb etmişdir. Buradan aydın olur ki, cavabdeh iddiaçının razılığı olmadan ona məxsus olan əmlakda işlərin görülməsinə digər şəxsləri və podratçıları cəlb edə bilməzdi. Qeyd etdiyimiz kimi, iddiaçı ilə cavabdeh arasında etibarlı işgüzar münasibətlər olduğundan, tərəflər razılaşmışlar ki, bütün ödənişlər cavabdehə nağd qaydada ödəniləcəkdir. İddiaçı cavabdehə ödənilməli olan 510.626.90 manat məbləğində pul vəsaitindən 413.626,90 manat ödənişi müxtəlif vaxtlarda ödəmiş, cavabdehin qarşısında 97.000 manat məbləğində ödənilməmiş pul vəsaiti qalmışdır. Tərəflər icarə münasibətlərində olduğundan iddiaçının cavabdehə ödəməli olduğu pul vəsaitinin ödəniləcəyindən narahatçılığı olmamışdır. Qeyd etmək istərdik ki, həmin təmir tikinti işləri görülüb qurtardıqdan sonra, iddiaçı cavabdehi borcun ödəniləcəyinə inandırmaq üçün, "xxxx" ASC-nin törəmə şirkəti olan “ASK Xidmət“ MMC tərəfindən 2019-cu ilin iyul ayında cavabdeh “İmport Group of Azerbaijan“ MMC ilə yenidən xidmət müqaviləsi imzalamış, lakin heç bir xidmət göstərilməmişdir. “ASK“ ASC həmin müqavilə ilə cavabdehin onunla arasında olan işgüzar münasibətlərin davam edəcəyinə inandırmağa çalışırdı və cavabdeh buna inanaraq iddiaçıdan pul tələb etməyib. 2020-ci ilin fevral ayında tərəflər icarə münasibətlərinə xitam vermək qərarına gəlmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsininin ləğvinə dair saziş imzalanmışdır. Həmin sazişdə cavabdehin iddiaçıya icarə müqaviləsi üzrə borcunun olması barədə qeyd olmamışdır. Həmin sazişin 2-ci bəndində də göstərilmişdir ki, icarəçi yalnız xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaranan icarə haqqını ödəyəcəkdir. Məhkəmə isə bu hissədə sübutlara düzgün qiymət verməyərək, saziş bağlandığı tarixdən deyil, guya tərəflərin iradə ifadəsinin ümumilikdə icarə münasibətləri ilə bağlı yaranmış borcun ödənilməsi olduğunu qeyd etmişdir. Halbuki, tərəflər əvvəlki dövr üzrə borcun olmasını təsdiq etsəydilər, bu barədə müqavilədə geniş (borcun məbləği, borc məbləğinin əhatə etdiyi dövr, ödənilmə müddəti və s.) qeyd edilərdi. Əlavə olaraq, bu faktı iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsi də təsdiq edir. Belə ki, iddiaçı 2019-cu il noyabr - 2020-ci il fevral ayınadək (ümumilikdə dörd ay) olan dövr üçün icarə haqqı tələb etmişdir. Lakin, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair Sazişdə qeyd olunan xx.xx.2020-ci il tarəxədək olan icarə haqqını tələb etməmişdir. Əgər cavabdehin iddiaçıya həqiqətən icarə haqqı borcu olsaydı, xx.xx.2020-ci il tarəxədək olan icarə haqqının da ödənilməsini tələb edərdi. İddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dörd aylıq icarə haqqı iddiaçının cavabdehə olan 97.000 manat məbləğində borcundan çıxılmalı idi. Eyni zamanda iddiaçı "xxxx" ASC cavabdehi əmin etmişdir ki, onlar arasında daimi işgüzar münasibətlər mövcuddur və yeni layihələr olacaqdır, həmin layihələr üzrə işlərin görülməsi də məhz cavabdehə həvalə ediləcəkdir. Həmin qalıq borc məbləği (97.000-23.010=74.000) qısa zamanda iddiaçı tərəfindən ödənilməli idi. Lakin ödənişlər gecikdirildikdə cavabdeh iddiaçının və “Ximekspress“ MMCnin rəhbər şəxsləri ilə dəfələrlə görüşmüş və müzakirələr aparmış, iddiaçı isə cavabdehi yenə də əmin etmişdir ki, borc qısa müddət ərzində ödəniləcək, hətta yeni layihələr üzrə işlərin görülməsi də ona həvalə ediləcəkdir. 2020-ci ildə baş tutan sonuncu görüşdən sonra ölkədə hökm sürən pandemiya səbəbindən cavabdeh məcbur olaraq bununla razılaşmış və qısa müddət səbr edib gözləməyə məcbur olmuşdur. Lakin “ASK“ ASC öz vədinə əməl etməyərək xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqını tələb etmişdir. Halbuki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin icarə haqqı iddiaçının cavabdehə olan borcundan çıxılmalı idi. Bundan sonra xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçı “ASK“ ASC-yə pretenziya məktubu ünvanlayaraq, görülmüş təmir tikinti işləri nəticəsində yaranmış borcun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh arasında yenidən danışıqlar baş tutmuş, müvəqqəti olsa da razılıq əldə edilmişdir. Lakin iddiaçı "xxxx" ASC yenidən öz vədinə əməl etməyərək xx.xx.2019-cu il tarixli 11-İC-AX19 saylı icarə müqaviləsi üzrə 2022-ci ildə məhkəməyə müraciət etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 462.1-ci maddə- dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddə- dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddə- əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddə- əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddə- əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 540.1-ci maddə-əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddə-tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.
Azərbaycan Respublikası Vergi Məcəlləsi 71-1-ci maddə- həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. 176-cı maddə- həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, məzmununda qeyd edilənlərə əsasən qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3268/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 01 noyabr 2019-cu il tarixli 11-İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqı məbləği 5752,5 manat müəyyən edilmiş, 28 fevral 2020-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə tərtib edilmiş sazişlə müqaviləyə xitam verilmişdir. Hazırkı iddia ərizəsi ilə iddiaçı-icarəyəverən cavabdehdənicarəçidən 2019-cu ilin noyabr və dekabr ayları, 2020-ci ilin yanvar və fevral ayları üçün cəmi 23010 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. Cavabdeh icarə müqaviləsi üzrə tələb edilmiş məbləğin ödənilmədiyini qəbul edərək iddiaya və apellyasiya şikayətinə etirazda qeyd edir ki, iddiaçı ilə aralarında şifahi bağlanmış podrat müqaviləsi üzrə iddiaçının cavabdehə borcu olduğundan və icarə haqqı üzrə borcun həmin borcla əvəzləşdirilməsi barədə tərəflər arasında şifahi razılaşma olduğundan iddia rədd edilməlidir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında belə bir razılaşmanın mövcudluğu, ümumiyyətlə hansısa podrat müqaviləsi üzrə iddiaçının cavabdehə borcu olduğu iddiaçı tərəfindən qəbul edilmədiyindən bu halların mövcudluğunu sübut etmə yükü cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.
20. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verilə bilməsinə o halda yol verilir ki, qarşılıqlı tələblərin mövcudluğu sübut edilmiş olsun və hər iki tələbinin icra müddəti çatmış olsun. Hazırkı iş üzrə cavabdeh əvəzləşdirilməsini tələb etdiyi pul öhdəliyi ilə bağlı öhdəliyin mövcudluğu və icra müddətinin çatması ilə bağlı əsaslı şübhədən kənar sübutlar təqdim etməmişdir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair iddia qaldırmış, həmin iddia üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair işin hazırkı işlə bir icraatda birləşdirilməsi barədə vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi prosessual pozuntu hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilən normaya əsasən məhkəmənin icraatında olan eyni tərəflər arasında digər işin baxılan işlə birləşdirilməsinin məqsədəuyğun olub-olmadığını müəyyən etmək işə baxan hakimin səlahiyyətinə aid edilmişdir. Hazırkı halda məhkəmə MPM-nin 169.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tərəfləri dinlədikdən sonra baxılan iddiaların predmetinin fərqli olması əsası ilə işlərin bir icraatda birləşdirilməsi barədə vəsatəti şifahi qərardadı ilə təmin etməmişdir. Müəyyən edilmişdir ki, işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmiş, sübutlara düzgün hüquqi qiymət verilmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3268/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3268/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.