Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-481/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-693/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh İB arasında 30 avqust 2022-ci il tarixli AMX-4253/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır.
2. Cavabdeh İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.
3. İddiaçı məxsus “G-6” markalı mexanika tipli 06244569 zavod nömrəli sayğac 04 aprel 2023-cü il tarixdə çıxarılmış, 09 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində həmin sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının plomblar olan hissədən gövdədən aralı olduğu, plastmas qapağın daxili qulaqcıqların əzik-cızıq izlərinin olduğu, xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, bu barədə qeyri-əhali sayğacının yoxlanılması haqqında 17 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3763 nömrəli akt tərtib edilmiş, daha sonra həmin akt əsasında 20 aprel 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir.
4. 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə tərtib edilərək 21600 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 4-cü ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 5400 manat məbləğində borc daxil edilmişdir.
5. KY231916993 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edir ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanmış 5400 manat borcun silinməsi və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu Avaxıl kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd olunan qeyri-yaşayış sahəsinin təbii qazla təmin olunması məqsədilə cavabdeh ilə xx.xx.2022-ci il tarixli AMX-4253/22 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixində cavabdehin əməkdaşları iddiaçının fəaliyyət göstərdiyi ünvana gələrək müqavilə şərtlərinin yerinə yetirilməsi və “Qazdan istifadə Qaydaları”na riayət olunması vəziyyəti ilə bağlı yoxlama aparmış, daha sonra isə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş və əvvəlki qaz sayğacını özləri ilə aparmışlar. Sayğac əvəz olunan zaman hər hansı irad tutulmamış, sayğacın işlək vəziyyətdə olduğu, sadəcə növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədilə dəyişdirildiyi bildirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, guya sayğaca müdaxilə edildiyi üçün xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 5400 manat məbləğində borc (cərimə) yazılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Daha sonra isə cavabdeh öz qanunsuz yoxlamasının nəticəsini legitimləşdirmək üçün yoxlama başa çatandan uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixində yoxlamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirmişdir. Halbuki sahibkarlıq sahəsində aparılan yoxlamaların, vahid məlumat reyestrində vaxtında qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Digər tərəfdən, qanunvericiliyin tələblərinə əsasən iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış sayğaca Cavabdeh İB-dir. İddiaçı tərəfindən qeyd olunan sayğaca hər hansı müdaxilə edilməmişdir. Bundan əlavə abonent saldosuna nəzər saldıqda iddiaçının hər ay mütəmadi olaraq təbii qazdan istifadəyə görə ödənişlər etdiyi aydın şəkildə görünür. Cavabdehə abonent hesabından hazırda mübahisələndirilən borcun silinməsinə dair pretenziya ilə müraciət olunmuş, qanunvericiliyin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya təklifi göndərilmiş, daha sonra isə mediasiya təşkilatına müraciət edilmişdir. Lakin mediasiya prosesində də müsbət nəticə əldə etmək mümkün olmamış və mediasiya prosesi ilə bağlı mediator tərəfindən arayış verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-693/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi əksini iddia etsə də, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 17 aprel 2023-cü il tarixli MS-14-2-2/3-5-3763 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir, bu isə 04 aprel 2023-cü il tarixdə sayğacın oxunması ilə yanaşı, ona yoxlamanın da həyata keçirildiyini göstərir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq pozuntunun aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız dəymiş zərər üçün tələbnamə üzrə borcun daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-693/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Avaxıl kəndində yerləşən qeyri-yaşayaış sahəsi Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinin qeyri-əhali abonenti olmaqla **********0008 nömrəli hesabla qeydiyyata alınmış müvafiq qaydada təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışa əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək yoxlama aparılmışdır. Yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və müəsisədə 5400 manat məbləğində qazdan istifadə halı aşkar edilərək abonent hesablarına daxil edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
15. Tətbiq edilən hüquq
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11-ci maddə- plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. “Qaz təchizatı haqqında” Qanun 3-cü maddəsinin 5-ci bəndi- sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndi- qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndi- qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 4.3-1-ci bənd- Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.4-cü bənd- yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-693/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı qaz təchizatı sistemi xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlanıldığı halda bu barədə yoxlama yoxlamaların vahid məlumat reyestrində xx.xx.2023-cü il tarixdə (yoxlamadan sonra) 20 aprel 2023-cü il tarixli akt əsasında hesablanan borc məbləğinin hüquqi qüvvəsi yoxdur. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli, e-2-2(113)-693/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-693/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.