Məhkəmə qərarları › İş №2-2(103)-483/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-483/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-483/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1766/2022 nömrəli iş üzrə 28 mart 2022-ci il tarixli qərardadından cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, 4.888.105 manat əsas, 589.831,34 manat faiz, 43.992,94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 19.688,1 manat faiz borcu, 12 manat notarial xərclər və iş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 4.888.105 manat əsas borcun, 586.572,6 manat faizin, 40.000 manat cərimənin, kredit müqaviləsinin müddəti bitəndən sonra 5%-lə hesablanmış 19.688,1 manat faiz borcunun, 12 manat notarial xərclərinin və ödənilmiş dövlət rüsumuna görə 30,4 manat olmaqla, ümumilikdə 5.534.408,1 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan 30.09.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.09.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 10-1.3-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh bu dəfə qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli qərardadı ilə şikayət MPM-in 363.1.2 və 363.1.3-cü maddələrinə əsasən geri qaytarılmışdır Bakı Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli qərardadından cavabdeh şikayət vermiş, həmin məhkəmənin 21.01.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, 11.01.2022-ci il tarixli qərardad ləğv edilmiş, cavabdehin apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra cavabdeh 21.01.2022-ci il tarixli qərardaddan şikayət və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 31.01.2022-ci il tarixli qərardadları ilə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə geri qaytarılmış, 21.01.2022-ci il tarixli qərardaddan şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Məhkəməsinin 2-2(103)-314/2022 nömrəli iş üzrə 22.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, 21.01.2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh elektron kabinet vasitəsilə yenidən qətnamədən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 10.09.2021-ci il tarixli qətnamədən 30.09.2021-ci il tarixdə rəsmi qaydada apellyasiya şikayəti verilmiş, həmin vaxt verilmiş apellyasiya şikayəti mexaniki yanlışlıqla elektron qaydada deyil, kağız daşıyıcı vasitəsi ilə verilmişdir. 30.09.2021-ci il tarixdə verilmiş apellyasiya şikayəti elə həmin gün tərtib edilmiş qərardadla geri qaytarılsa da, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə və ya nümayəndəyə qaytarılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 08.04.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti MPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli qətnaməsini ilk dəfə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət daxilində mübahisələndirmiş, lakin şikayəti mülki-prosessual qanunvericiliyin formal tələblərinə cavab vermədiyindən qaytarılmışdır. Bundan sonra cavabdeh bir neçə dəfə yenidən ümumi qaydada ərizə və şikayətlə çıxış etsə də, müraciətləri hər dəfə texniki səbəblərdən geri qaytarılmış, nəticədə qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən ötürülmüşdür. Belə olan halda, müddətin buraxılmasının səbəbi üzrlü hesab edilə, buraxılmış müddət isə bərpa edilə bilər. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin ərizəsi təmin edilməli, buraxılmış prosessual müddət bərpa edilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.3-cü maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1766/2022 nömrəli iş üzrə 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC-nin ərizəsi təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1766/2022 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilsin. Cavabdehin şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar