Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-488/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi X1, 3-cü şəxs Məmmədov Sabir Hidayət oğlunun, onun vəkilləri Nümayəndə və Vəkil iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-171/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2nə (3-cü şəxs Məmmədov Sabir Hidayət oğlu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən “Mercedes Benz” markalı **-JE-*** nömrəli X8 avtomobili barədə qiymətləndirmənin və bununla bağlı Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2-2(82)- 171/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınar əmlaklara 2017-ci il tarixdə bazar qiymətinə uyğun olaraq qiymət qoyulmuşdur. Yenidən qiymətləndirmə ekspertizasının keçirilməsi əsassızdır. Həmçinin, hal-hazırkı ekspertizanın nəticəsi olaraq qiymətlər 2019-cu il tarixdə qoyulmuş və həmin dövrün bazar qiymətlərini əks etdirmir. Həmçinin, hərrac təşkilatı olaraq hərrac keçirilərkən hərrac xərcləri əmələ gəlmişdir ki, qiymətləndirmə rəyinin və həmin rəy əsasında keçirilmiş hərracın nəticələrinin ləğvi ilə bu xərclərin qarşılanması Cavabdeh2 MMC-nin öz üzərində qalır. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC-yə daxil olan sifariş məktubuna əsasən açıq hərracda satışı təşkil olunan İddiaçı MMC-yə məxsus daşınar əmlaklar Cavabdeh1 MMC-nin ekspert rəyinə əsasən ilkin, təkrar və növbəti hərraclarda da satıla bilmədiyi halda, hal-hazırkı Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən qoyulan yüksək qiymətlə necə alına bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2-2(82)-171/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3-cü şəxs Məmmədov Sabir Hidayət oğlu həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-167/2022 saylı qərarı ilə Məmmədov Sabir Hidayət oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, 3-cü şəxs Məmmədov Sabir Hidayət oğlu, onun vəkilləri Nümayəndə və Vəkil apellyasiya şikayəti ilə razı olduqlarını bildirdilər. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-167/2022 saylı qərarında göstərilmişdir ki, MPM-in 165, 167.1.7 və 171-ci maddələrinin məzmunundan aydın olur ki, işlərin məhkəmədə baxılmağa hazırlanması mərhələsinin vəzifəsi ondan ibarətdir ki, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında araşdırılmasına, mahiyyəti üzrə həll edilməsinə yönələn bütün lazımi hərəkətləri etsin, o cümlədən işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat versin, işi kifayət qədər hazırlanmış hesab etdikdə onu məhkəmə iclasında baxılmağa təyin etsin. Hazırkı halda isə işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə premeti olan hərracın qalibi olmuş 3-cü şəxs ümumiyyətlə icraata cəlb olunmamış, öz hüquqlarını həmin mərhələdə müdafiə etmək imkanından məhrum edilmiş, buna baxmayaraq hərracın nəticələri məhkəmə tərəfindən ləğv olunmuş, nəticədə 3-cü şəxsin hüquqları kobud surətdə pozulmuşdur. MPM-in 387.2.4 və 383.3-cü maddələrinin tələblərinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, bu, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməli və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ilə nəticələnməlidir. Həmin qərardakı göstərişləri, o cümlədən Mülki Prosessual Məcəllənin 420, 387.2 və 387.2.4-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-252/2016 nömrəli qətnaməsi ilə “Holçim (Azərbaycan)” ASCnin İddiaçı MMC-yə qarşı iddiası təmin olunaraq, cavabdehdən 312.933,3 manat əsas borcun, 16.244,10 manat cərimə və 30 manat dövlət rüsumunun tutulub, iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(006)-500/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)-252/2016 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin təqdimatı təmin edilərək, İddiaçı MMC-nin təqdim etdiyi siyahıya əsasən mülkiyyətində olan 4 ədəd qaynaq aparatının, 3 ədəd generatorun, 3 ədəd Zip-Zipler, 1 ədəd yarımqoşqu, 1 ədəd X8 Mersedes Benz avtomaşını, 1 ədəd “Liebbherr LTM 1040” markalı avtokran, 1 ədəd MAZ markalı avtomobil, 1 ədəd “Qutlinq” markalı avtomobil, 2 ədəd kondisioner, 1 dəst ofis mebelindən ibarət əmlaklar üzərinə həbs qoyulmuş, qərardadın icrası Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə həvalə edilmişdir. Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli QR 97/5 nömrəli Qiymətləndirmə hesabatı ilə İddiaçı MMC-yə məxsus “Mersedes Benz” markalı 99-JE612 dövlət qeydiyyat nişanlı X7 bazar qiyməti 40.000 manat müəyyən edilmişdir. Cavabdeh2 MMC-nin Hərrac təşkilatının Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 290 nömrəli protokoluna əsasən İddiaçı MMC-yə məxsus “Mersedes Benz” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X8 avtomobili 40.000 manata Məmmədov Sabir Hidayət oğluna satılmışdır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, Cavabdeh1 MMC tərəfindən qoyulmuş qiymətlər tamamilə əsassızdır, real bazar dəyərindən qat-qat aşağıdır. Belə ki, texnika bazarında işlənmiş Beton Pompa avtokran və yük avtomobili olduqca baha qiymətədir. Hazırda Azərbaycan Respublikasında satışda 25.000 manata avtokran, 40.000 manat Beton Pompa mövcud deyildir. Bu əmlaklara qiymət qoyularkən hansı meyarların əsas götürüldüyü aydın deyil. Cavabdeh2 MMC iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Cavabdeh1 MMC də iddiaya etiraz edir və onun mövqeyi də Cavabdeh2 MMC-nin mövqeyi ilə eynilik təşkil edir. 3-cü şəxs Məmmədov Sabir Hidayət oğlu da iddiaya etiraz edir və bildirir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2019-cu il tarixli 13956 saylı ekspert rəyi tamamilə əsassızdır. Belə ki, o, “Mercedes-Benz” markalı ** JE *** nömrəli X8 nəqliyyat vasitəsini hərrac vasitəsi ilə 2018-ci il 8 noyabr tarixində əldə etdikdən sonra nəqliyyat vasitəsinin yeni mülkiyyətçisi kimi dövlət qeydiyyatından keçirilərək ona yeni nömrə (** KK ***) verilmişdir. O, həmin nəqliyyat vasitəsinə 32.000 manat vəsait xərcləmiş, bununla belə, həmin nəqliyyat vasitəsini tam təmir edə bilmədiyindən satmaq qərarına gəlmişdir. Alıcı tapa bilmədiyindən 2019-cu il 05 mart tarixində Azərbaycan Respublikasından çıxarmaqla Gürcüstana aparıb satmışdır. Əmlak 2019-cu il 5 mart tarixində Azərbaycan Respublikasında olmadığı halda sözügedən qiymətləndirmə ekspertizası 2019-cu il 10 iyul tarixində və nəqliyyat vasitəsinə baxış keçirmədən aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş qiymətləndirmə rəyinin ləğv edilməsi barədə iddia “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həll olunmalıdır. Həmin Qanunun 7-ci maddəsinin tələblərinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsində isə təsbit olunmuşdur ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 iyul 2019-cu il tarixli 13956 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı 99-JE612 dövlət qeydiyyat nişanlı X7 orta bazar qiyməti 150.000 manat müəyyən edilmişdir. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları nəzərə alaraq və müəyyən edilən qiymətləri müqayisə edərək kollegiya hesab edir ki, mübahisələndirilən hesabatdakı qiymətlərin reallığı əks etdirməməsi və bazar qiymətlərinə uyğun olmaması fikrinə gəlmək üçün əsaslar mövcuddur. Belə ki, mübahisələndirilən Cavabdeh1 MMC-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli QR 97/5 nömrəli Qiymətləndirmə hesabatında qiymətləndirilən əmlakın qiyməti 40000 manat müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2019-cu il tarixli 13956 saylı ekspert rəyində həmin əmlakın qiyməti 150.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda mübahisələndirilən hesabatda qiymətləndiricinin hansı tədqiqat və ya əsaslara görə nəticəyə gəlməsi müfəssəl təsvir olunmamış, ümumiyyətlə əsaslandırma aparılmamış, analoji əmlakların qiymətləri barədə məlumatlar və əmlakın dəyərinə təsir edən amillər göstərilməmişdir. Eyni zamanda nəqliyyat vasitəsinə 32.000 manat vəsait xərcləməsi barədə 3-cü şəxs Məmmədov Sabir Hidayət oğlunun dəlillərinə dair kollegiya qeyd edir ki, sonuncu bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İş materiallarında olan fotoşəkillərə əsasən də həmin hallar, habelə nəqliyyat vasitəsinin yararsız halda olması öz təsdiqini tapmır. Göründüyü kimi həmin əmlakın dəyərinin aşağı məbləğdə qiymətləndirilməsi öz təsdiqini tapır. Ona görə də, hesabat ləğv hesab edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tələbləri qalan hissələrdə təmin edilə bilməz. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-167/2022 saylı qərarında göstərilmişdir ki, hazırkı iş üzrə iddia tələblərindən birini HŞQ tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv olunması təşkil edir. MM-in 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı arasında imzalanmış hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Deməli, HŞQ-nin Hərrac təşkilatının Hərracın yekunları barədə 2018-ci il 8 noyabr tarixli 290 nömrəli protokolu MM-in 415.5 və 567-ci maddələrinə uyğun olaraq, alqı-satqı müqaviləsi hesab olunur. Beləliklə, Vast HŞQ tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv edilməsini tələb etməklə, mahiyyət etibarilə həmin hərrac nəticəsində hərrac təşkilatçısı olan HŞQ ilə alıcı olan S.Məmmədov arasında bağlanmış alqı-satqı müqaviləsinin də ləğvini tələb etmiş olur. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə, açıq hərracın nəticələri ləğv edildiyi halda, həmin hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməməsi qeyri-mümkündür. Halbuki MM-in 421 və 423-cü maddələrindən aydın olur ki, müqavilənin ləğvini yalnız həmin müqavilənin tərəfləri bunun üçün əsas(lar) olduqda tələb edə bilərlər. Müqavilənin tərəfi olmayan şəxslərə isə qanun belə bir hüquq verməmişdir. Hazırkı halda isə Vast mübahisə predmeti olan hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin tərəfi deyildir. Vast ilə HŞQ və S.Məmmədov arasında heç bir alqı-satqı öhdəliyi yaranmamışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin 421 və 423-cü maddələrinin tələblərinə görə müqavilənin ləğvini yalnız həmin müqavilənin tərəfləri bunun üçün əsas olduqda tələb edə bilərlər. Hazırkı işdə isə iddiaçı mübahisə predmeti olan hərrac nəticəsində bağlanmış alqısatqı müqaviləsinin tərəfi deyildir. Çünki həmin müqavilə hərrac təşkilatı ilə Sabir Məmmədov arasında bağlanmışdır. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən hərracın nəticələrinin ləğv edilməsi tələblərini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olan şəxs deyildir. Ona görə də, həmin iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və Cavabdeh1 MMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-171/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus 2006-cı il buraxılışlı “Mersedes-Benz 3236 Xüsusi” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı X7 qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 17 iyul 2017-ci il tarixli QR 97/5 nömrəli qiymətləndirmə hesabatı ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu 15 manat hissəsi Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı MMC və Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-488/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-488/2022
14.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver