Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-488/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı pul tələbi və tələbin ipoteka əmlakına yönəldilməsinə dair iddiası üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda iş üzrə icraata xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), X9 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tələbin ipoteka əmlakına yönəldilməsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-2013/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən xx.xx.2010 il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 20.614,39 manat əsas borcunun tutularaq ona ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazasına yönəlməsi yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2013/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tələbin ipoteka əmlakına yönəldilməsinə dair mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilmişdir
3. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2013/2025 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, hazırda İddiaçıASC (Ləğv prosesindədir) 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-dən və Cavabdeh1 əsas borcun tutulmasını tələb edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılan iddia ərizəsində iddiaçı 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə yalnız faiz borcunun tutulasını tələb etmişdir. Yəni iddiaçının hazırkı tələbi məhkəmə baxışının əsası olmamış və bu tələb üzrə məhkəmə araşdırması aparılmamışdır. Bundan əlavə, Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsi üzrə baxışının predmeti olmuş iddia hazırki iddiadan predmeti və əsasına görə fərqlənir. Lakin buna baxmayaraq məhkəmənin eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına əsaslanıb iş üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 nömrəli qətnaməsi ilə bankın 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə iddiasının təmin edilməməsi əsası bankın həmin kredit müqaviləsi üzrə yalnız faiz borcunun tələb etməsi olmuşdur. Əvvəlki icraat zamanı faktiki tələbə qiymət verilməmişdir. Belə ki, iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə - iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə - iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bildirmək istəyirik ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2013/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tələbin ipoteka əmlakına yönəldilməsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2013/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı ASC (Ləğv prosesindədir) verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
170.1-ci maddəsinə əsasən 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apellyasiya baxışının həddi
7. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.
9. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir.
10. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur.
11. Hazırki iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir: a) Tərəflər arasında xx.xx.2010 il tarixli 2290 saylı kredit müqaviləsi bağlanmış; b) Tərəflər arasında daha əvvəl baş tutmuş məhkəmə mübahisəsi üzrə İddiaçı ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu olaraq 55164,49 manat məbləğində pulun tutulmasını tələb etmişdir; c) Nəticədə iddiaçının 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu barədə iddia tələbi rədd edilmişdir.
12. İddianın predmetini isə 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması təşkil edir.
13. Bununla yanaşı, tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsi ilə (hakim Azər Tağıyev) ilk iddia qismən təmin edilmiş, 06 may 2009-cu il tarixli, K-002/OPEC saylı kredit müqaviləsi üzrə 3526,56 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 3536,56 ABŞ dolları borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 MMC-yə məxsus və 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməsi, avadanlığın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin 3536,56 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının iddiaçının hesabına ödənilməsi, qalan məbləğin MMC-yə verilməsi, 29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının cavabdehlər X4, Cavabdeh2 MMC-dən və X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu üçün ödənilmiş 30 manatın həmin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Azəriqazbank” ("xxxx") ASC ilə X5 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli, G10/SKMF saylı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi, evə dair ipoteka qeydiyyatının ləğv edilməsi, ekspertiza tədqiqatlarının ümumi dəyərinin Cavabdeh2 MMC-dən, X2 və X4 müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Daha sonra iddiaçı və cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsinin iddianın Cavabdeh2 MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbin rədd olunması hissədə ləğv olunması, iddia həmin hissədə qismən təmin olunması qət edilmişdir. Cavabdeh2 MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428798,59 manat əsas borc, 106139,68 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsi, həmçinin “29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının, həmçinin 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv olunmuş, iddia həmin hissədə X3 münasibətdə təmin olunmamışdır. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
15. Həmin iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil etmişdir: a) Tərəflər arasında 06 may 2009-cu il tarixli K-002/OPEC saylı, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı, 16 aprel 2010-cu il tarixli 2290 saylı və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqavilələri bağlanmış; b) Kredit müqavilələri üzrə öhdəliklər lazımınca icra edilməmişdir. Həmin mübahisəyə baxılarkən, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallar nəzərə alınaraq aşağıdakı hallar araşdırılmışdır:
1. Tərəflər arasında bağlanmış həmin kredit müqavilələri üzrə borclular tərəfindən öhdəliklərin icra edilib-edilməməsi;
2. Həmin kredit müqavilələri üzrə borcun məbləği.
16. Mübahisəni həll edən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu yoxdur.
17. Hazırda isə iddiaçı 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 MMC-dən əsas borc tələb etmişdir.
18. Bununla yanaşı, tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktı ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
19. Bu kontekstdə o da qeyd edilməlidir ki, Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsinin aid olduğu iş üzrə iddiaçının irəli sürdüyü əsaslar hazırkı iddianı irəli sürərkən istinad etdiyi əsaslarla eyni olsa da, hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiqi qanunun mənasına uyğun deyildir.
20. Həmin prosessual hüquq normasının tətbiqi onu ehtiva edir ki, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 nömrəli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
21. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
22. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
23. İşdən görünür ki, iddiaçı tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş qətnamənin aid olduğu iddia tələbini eyni əsaslarla irəli sürsə də, iddia tələbini “faiz borcun tutulması” kimi ifadə etmiş, məhkəmələr də iddiaya məhz faiz borcu ilə bağlı qanunvercilik müddəaları çərçivəsində qiymət vermişlər.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi məhkəmə baxışının predmeti olmamış və bu tələb üzrə məhkəmə araşdırması aparılmamışdır.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2013/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tələbin ipoteka əmlakına yönəldilməsinə dair iş üzrə sonrakı prosessual hərəkətləri icra edilməsindən ötrü Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.