Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-489/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X5 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “icarə obyektinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 816/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01 sentyabr 2023-cü il tarixli əmri ilə xitam verilmiş 2420 və 4301 nömrəli icarə müqavilələri üzrə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən 2420 və 4301 nömrəli qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-816/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Firması arasında 02 fevral 2015-ci il tarixdə bağlanmış 2420 və 4301 nömrəli icarə müqavilələrinə əsasən Cavabdeh Firmasına icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən 2420 və 4301 nömrəli qeyri-yaşayış sahələrinin Cavabdeh Firması tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi, Cavabdeh Firmasından ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pulun tutularaq İddiaçınə, 30 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh Firması qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-816/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) APELLYASİYA ŞİKAYƏTİNİN, ŞİKAYƏTƏ ƏLAVƏNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: 02 fevral 2015-ci il tarixli 2420 və 4301 nömrəli icarə müqavilələrinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən 2420 və 4301 nömrəli qeyri-yaşayış sahələri 02 fevral 2015-ci il tarixdən 01 iyun 2030-cu il tarixinədək cavabdehin icarəsinə verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 01 mart 2018-ci il tarixli “barışıq razılaşması və icarəyə verənin əvəz edilməsi” haqqında müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən və icarəsində olan bütün əmlak hüquqları müvafiq icarə müqavilələri üzrə 01 fevral 2018-ci il tarixdən iddiaçıya verildiyindən, həmin icarə müqavilələri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini 01 mart 2018-ci il tarixdən etibarən iddiaçı əvəz etmişdir. Qeyd edilən 2420 nömrəli icarə müqaviləsinə 19 fevral 2019-cu il tarixli 01 nömrəli əlavə üzrə edilmiş dəyişikliyə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 473 kv.m sahədən ibarət olan icarə obyektinin icarə haqqı 2019-cu ilin altı ayı üçün (fevral-iyul) 50% azaldılmış, həmçinin icarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrini təmin etmək məqsədilə sözügedən icarə sahəsinin icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Bəhs edilən 4301 nömrəli icarə müqaviləsinə 20 fevral 2019-cu il tarixli 01 nömrəliəlavə üzrə edilmiş dəyişikliyə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.m sahədən ibarət olan icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində, müvafiq müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsi və həmin xərclər həddində icarə haqqının əvəzləşdirilməsi, həmçinin icarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrinin təmin edilməsi məqsədilə icarə sahəsinin 200 kv.m sahəsinin (yəni yeniarakəsmə quraşdırılmış 120 kv.m-dən ibarət olan sahəsində və öncədən arakəsmələri mövcud olan 80 kv.m-dən ibarət olan sahəsində) icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən icarə obyektində yerləşdirilmiş və dəyəri icarə haqqı ilə əvəzləşdirilməli olan kondisioner (soyuducu) avadanlıqlarının dəyərini əks etdirən, habelə qeyd edilən icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.msahədən ibarət olan icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində, həmin müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsinə dair 17 aprel 2019-cu il tarixli 239810 nömrəli, 17 iyun 2019-cu il tarixli 846070 və 850508 nömrəli, 18 iyun 2019cu il tarixli 908412 və 908679 nömrəli elektron qaimələr 01 iyul 2019-cu il tarixdə iddiaçıya (ümumilikdə 14336,37 manat) rəsmi qaydada təqdim olunmuşdur. Bundan sonra tərəflərindən iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla birlikdə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan icarə haqqının hesablanmasına dair üzləşmə cədvəli təqdim edilərək, həmin məktubda xx.xx.2015-ci il tarixli, 2420 nömrəli İcarə Müqaviləsinin xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavəsinə, xx.xx.2015-ci il tarixli 4301 nömrəli İcarə Müqaviləsinin xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavəsinə və xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublar əsasında icarə haqqının əvəzləşdirilməli olması bildirilmişdir. Qeyd olunan üzləşmə cədvəlinin məlumatlarına əsasən xx.xx.2019-cu il tarixinə, yəni icarə obyektlərinə verilən elektrik enerjisinin kəsilməsinə qədər iddiaçıya hər hansı məbləğdə icarə haqqı üzrə boclarının olduğu ətraflı göstərilmişdir. Bununla da qeyd olunan qeyri-yaşayış sahələrinə görə tərəflərindən icarə haqqının iki aylıq ödənilməməsi halı mövcud deyildir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi icarə müqavilələrinin və onlara edilmiş əlavələrin şərtlərinə uyğun olmayan hesablama apararaq iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəf xx.xx.2019-cu il tarixinə qədər, yəni icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsinə qədər iddiaçıya dəqiq hansı məbləğdə ödənilməmiş icarə haqqı borclarının olmasına dair hər hansı bildiriş təqdim etməmiş, eləcədə ödənilməli olan icarə haqqının ödənilməsi üçün elektron qaimə təqdim etməmişdir. Halbuki, İcarə Müqavilələrinin 4.6-ci bəndlərinə əsasən icarə haqqı İcarəyə verənin hesabına nağd və ya köçürmə yolu ilə ödənilir. Həmçinin iddiaçı İcarə Müqaviləsinin ləğv edilməsinə dair verdiyi xx.xx.2023-cü il tarixli, 153 nömrəli Əmrində yalnız Müqavilənin 2.1.5-ci və 2.3.4-ci yarımbəndlərinə istinad etmiş, tərəflərindən yol verilmiş pozuntunun dəqiq nədən ibarət olması, eləcədə əmrin icarə haqqının ödənilməməsinə dair verilməsi göstərilməmiş və əsaslandırılmamışdır. Eyni zamanda qeyd edirik ki, iddiaçı tərəfindən “İcarə Müqaviləsinin ləğv edilməsinə dair” tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda müqaviləyə xitam verilməsinin səbəbləri ümumiyyətlə göstərilməmişdir. Qeyd olunanlara baxmayaraq işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarının tam araşdırılmasını, eləcədə işdə olan sübutların mötəbərliyi üzrə qiymətləndirilməsini təmin etməmiş, bununla da iş üzrə səhv nəticəyə gələrək, iddia tələbinin təmin olunmasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir.
c) Apellyasiya şikayətinə əlavənin dəlilləri İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli "xxxx" Xəbardarlıq məktubu Firmanın hüquqi ünvanına deyil, vergi orqanının informsiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, Firma xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək dayandırması səbəbindən vergi orqanının informsiya sistemində yaradılmış elektron kabinetindən istifadə etməmiş, bununla da həmin xəbərdarlıq məktubundan məlumatlı olmamışdır. Həmçinin iddiaçının Cavabdeh Firmasına ünvanlandığı xx.xx.2023- cü il tarixli “X3 barədə” Təklif məktubuna verilmiş xx.xx.2023- cü il tarixli cavab məktubunda xx.xx.2023-cü il tarixli "xxxx" Xəbərdarlıq məktubunun yazılı formada Firmaya təqdim edilmədiyi səbəbindən həmin məktub barədə məlumatlarının olmaması, eləcədə həmin təklif məktubunda göstərilmiş telefon nömrəsinin Bakı 2 saylı Mediasiya Təşkilatına deyil, Şəki 1 saylı Mediasiya Təşkilatma məxsus olması qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış 2420 və 4301 nömrəli İcarə Müqavilələrinin 2.2.4-cü bəndinə əsasən obyektin temperatur həddini qış mövsümündə 18 dərəcədən aşağı, yay mövüsümündə isə 24 dərəcədən yuxarı olmamasının təmin edilməsi “İcarəyə verən”in vəzifəsi kimi təsbit edilmişdir. Tərəflərindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli məktublarda İcarə Müqavilələrində müəyyən edilmiş temperaturun əldə edilməsinin mümkün olmaması, cavabdeh Cəmiyyətin enerji təsərrüfatı müdirinin tövsiyyəsinə əsasən icarə obyektinə elektrik enerjisinin verilməsini təmin edən kabellərin artıq yük götürməməsi səbəbindən quraşdırılan soyuducu avadanlıqların məhdud sayda olması nəzərə alınaraq, icarə obyektlərinə məhdud sayda kondisionerlər quraşdırılıdığı, quraşdırılmış kondisionerlıərin temperatur rejimini təmin etmədiyi üçün icarə obyektinə əlavə quraşdıraln kondisionerlərin enerji yükünü təmin etmək üçün elektrik paylayıcı otaqdan icarə obyektlərinə yeni kabellərin çəkilməsi xahiş edilmişdir. Qeyd olunan kabellərin çəkilməsi xərcləri tərflərindən təmin ediləcəyinə görə, həmin xərclərin də icarə haqqı ilə əvəzləşdirilməsi də nəzərdə tutulmuşdur. Həmin Müqavilələrin 4.7-ci bəndində isə Müqavilənin 2.2.4-cü və 2.2.5-ci bəndinin tələblərinin pozulduğu halda icarə haqqmın ödənilməyəcəyi müəyyən edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci tarixində Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
6. Etiraz belə əsaslandırılmışdır: Qeyd edilən 2420 nömrəli İcarə müqaviləsinin 19 fevral 2019-cu il tarixli 01 nömrəli Əlavə üzrə edilmiş dəyişikliyə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 473 kv.metr sahədən ibarət olan icarə obyektinin icarə haqqı 2019-cu ilin altı ayı üçün (fevral-iyul) 50% azaldılmış, həmçinin İcarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrini təmin etmək məqsədilə sözügedən icarə sahəsinin icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Bəhs edilən 4301 nömrəli İcarə müqaviləsinin 20 fevral 2019-cu il tarixli 01 nömrəli Əlavə üzrə edilmiş dəyişikliyə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.metr sahədən ibarət olan icarə obyektinin 120 kv.metrdən ibarət sahəsində, müvafiq müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsi və həmin xərclər həddində icarə haqqının əvəzləşdirilməsi, həmçinin İcarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrinin təmin edilməsi məqsədilə icarə sahəsinin 200 kv.metr sahəsinin (yəni, yeni arakəsmə quraşdırılmış 120 kv.metrdən ibarət olan sahəsində və öncədən arakəsmələri mövcud olan 80 kv.metrdən ibarət olan sahəsində) icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Cavabdeh firması tərəfindən icarə obyektində yerləşdirilmiş və dəyəri icarə haqqı ilə əvəzləşdirilməli olan kondisioner (soyuducu) avadanlıqlarının dəyərini əks etdirən, habelə qeyd edilən icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.metr sahədən ibarət olan icarə obyektinin 120 kv.metrdən ibarət sahəsində, həmin müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsinə dair 17 aprel 2019-cu il tarixli 239810 nömrəli, 17 iyun 2019-cu il tarixli 846070 və 850508 nömrəli, 18 iyun 2019-cu il tarixli 908412 və 908679 nömrəli elektron qaimələr 01 iyul 2019-cu il tarixdə İddiaçınə (ümumilikdə 14.336,37 (on dörd min üç yüz otuz altı manat otuz yeddi qəpik) manat rəsmi qaydada təqdim olunmuşdur. Lakin qeyd edilən qaimələr üzrə alınmış malların quraşdırılmasmı təsdiq edən akt təqdim edilməmişdir. İddiaçı Cavabdeh firmasına ünvanladığı “borc məbləğinin ödənilməsi tələbinə dair” 17 fevral 2022-ci il tarixli 02-02/41 və 02-02/42 nömrəli pretenziya məktubları ilə 02 fevral 2015-ci il tarixli 4301 və 2420 nömrəli İcarə müqavilələri üzrə ümumilikdə müvafiq olaraq ödənilməmiş 62.776 (altmış iki min yeddi yüz yetmiş altı) manat və 36.557,75 (otuz altı min beş yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində icarə haqqı borclarının 7 (yeddi) gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borc məbləğinin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlərin görüləcəyi və müvafiq icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq pretenziya məktublarına hər birinə ayrılıqda obyektlərin əməliyyat tarixçələri əlavə edilmişdir. Tərəflər arasında imzalanmış 02 fevral 2015-ci il tarixli 2420 və 4301 nömrəli İcarə müqavilələrinin: 2.1.5-ci yarımbəndinə əsasən, icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə müqaviləyə xitam vermək icarəyə verənin hüququdur; 2.3.4-cü yarımbəndinə əsasən, icarəyə verən öz üzərinə düşən öhdəlikləri müvafiq qaydada, vaxtıvaxtında həyata keçirməzsə, icarəyə verəni 1 (bir) ay öncədən, yazılı qaydada xəbərdar etməklə, bu müqaviləyə xitam vermək icarəçinin hüququdur; 2.4.1-ci yarımbəndinə əsasən, bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını ödəmək icarəçinin vəzifəsidir; 3.1-ci bəndinə əsasən, tərəflər bu müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi şəkildə yerinə yetirməsə, qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər icarə haqqının sonunda ödəməzsə və ya əsassız olaraq ödənişdən imtina edərsə, bu halda icarəyə verən icarəçiyə yazılı xəbərdarlıq edir. Yazılı xəbərdarlıq edilən müddət ərzində icarə haqqının ödənilməyən məbləğinin hər gününə 0,1% cərimə əlavə edilir. Yazılı xəbərdarlıq etdikdən 1 (bir) ay sonra, icarəçi yaranmış icarə borcunu bağlamasa mağazanın fəaliyyəti dayandırıla bilər. Obyektin fəaliyyəti dayandırıldığı gündən icarə haqqı və cərimə hesablanır; 5.4-cü bəndinə əsasən, icarəçi icarəyə verən qarşısında icarəyə götürmüş qeyri- yaşayış sahəsindən öz təqsiri ucbatından vurmuş olduğu zərərə görə məsuliyyət daşıyır. Qeyd edilən İcarə müqavilələrinin müvafiq bəndlərinə əsasən, 2019-cu ilin avqust ayından etibarən müvafiq icarə obyektlərinin fəaliyyətlərinin cavabdeh tərəfindən dayandırılması səbəbindən, bəhs olunan icarəçi obyektlərindən artıq hazırda 6 (altı) ildir ki, təyinatına uyğun istifadə etməməklə icarəyə verənə cavabdeh təşkilat tərəfindən ziyan vurulmuşdur. Bu baxımdan qeyd edilən icarə müqavilələrinə xitam verilməsi icarəyə verənin hüququ olmuşdur. Eyni zamanda, icarəyə verən öz üzərinə düşən öhdəliklərini müvafiq qaydada həyata keçirmədiyi təqdirdə, icarəyə verəni 1 (bir) ay öncədən, yazılı qaydada xəbərdar etməklə, bu müqaviləyə xitam vermək cavabdeh təşkilatın hüququ olduğu təqdirdə, bu hüquqdan qərəzli olaraq istifadə etməmiş və müqavilənin məzmunundan nəzərdə tutulmayan qaydada obyektlərin fəaliyyətini dayandırmaqla, icarəyə verənə hazırda 6 (altı) il ərzində hesablanmış aylar üzrə müəyyən edilmiş icarə haqlarını ödəməməklə əsassız olaraq varlanma faktı müəyyən edilmişdir.Müvafiq xəbərdarlıq məktubuna bu günədək cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçı 01 sentyabr 2023-cü il tarixli 514 nömrəli əmri ilə tərəflər arasında imzalanmış 02 fevral 2015-ci il tarixli 2420 və 4301 nömrəli İcarə müqavilələrinə qeyd edilən tarixdən bəhs edilən müqavilələrin 2.1.5- ci və 2.3.4-cü yarımbəndlərinə əsasən xitam verilmişdir. Habelə, müvafiq qeyri-yaşayış sahələrinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən tələb yerinə yetirilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən göndərilmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin çağırışlarına əsasən cavabdeh Avand Firmasının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu baxımdan tərəflər arasında müvafiq mübahisənin həlli istiqamətində razılıq əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh Firması qeyd edilən icarə müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən və həmin öhdəliklərin icrasından boyun qaçırdığından, bu günə kimi müvafiq qeyri-yaşayış sahələrini icarəyə verənə təhvil verməməkdə qərəzli şəkildə öz hərəkətlərini (hərəkətsizliyini) davam etdirdiyindən tərəflərindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmənin hazırlıq iclası ərəfəsində hakim tərəflərə işin məhkəmədən kənar həlli məqsədi ilə təklif vermiş və tərəfimizdən bu addım müsbət qiymətləndirilməklə Cavabdeh Firmasına, - Cəmiyyətimizlə icarə münasibətlərində olan digər subicarəçilərlə eyni hüquq və vəzifələri ehtiva edən müqavilənin imzalanaraq (heç bir borc tələbi edilmədən 2019-2023-cü illər ərzində ödənilməyən icarə haqqları) münasibətlərin yenidan davam etdirilməsi təklif edilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələri və təklifləri (perronda olan digər sahibkarlara verilmiş qeyri-yaşayış obyektlərinin (dönər, köşk və s) bağladılmasını, gah peronda avtobus istiqamətlərinin dəyişdirilməsini, subicarə müqaviləsinin müddətinin azı 5 il müddətinə imzalanması və s.) gündəmə gətirməklə müqavilə imzalamaqdan dolayısı ilə imtina etmiş və faktiki olaraq istifadə etmədiyi, boşaltmadığı sözügedən qeyri-yaşayış sahələrini icarəyə verənə təhvil verməmişdir. Belə ki, məhkəmə baxışı zamanı da müəyyən edilmidşdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən ümumi sahəsi 13754,4 kv.m qeyri-yaşayış sahəsi Azerbaijan Ground Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə 04 may 2023-cü il tarixli 3439 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 xx.xx.2024-cü il tarixli 3-27-103/2-13315/2024 saylı məktubunda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin hüquqi təyinatının dəyşdirilərək, dövlət mülkiyyətinə keçdiyi, icarə müqavilələrinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 100 nömrəli sərəncamına uyğun olaraq, AYNA-nın tabeliyində olan 13754,4 m2 qeyriyaşayış sahəsinin İddiaçı MMC-nə 1 il (bir) il müddətinə istifadəsinə verildiyini və subicarə müqavilələrinin yalnız 1 (bir) il müddətinə bağlanılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Cavabdeh hüquqi şəxslə aralarındakı mübahisə 02 fevral 2015-ci il tarixli subicarə müqavilələrindən əmələ gəlmişdir və həmin müqavilə icarə müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 34-cü fəslinin (“icarə”) normaları tətbiq olunmalıdır. Bundan başqa cavabdeh hüquqi həm İ instansiya məhkəmsində, həm də şəxs apelyasiya şikayətində 24 dekabr 2019-cu il tarixdə icarə obyektlərinin elektrik enerjisini kəsildiyinin və bu səbəbdən icarə obyektlərindən istifadə edə bilmədiklərini və icarə haqqını ödəyə bilmədiklərini bildirmişdir. Bu barədə İ instansiya məhkəməsinə təqdim etdiyimiz maliyyə arayışlarından da görünür ki, cavabdeh təşkilat 02 fevral 2015-ci il tarixli 2420 nömrəli müqavilə üzrə (473 kv.m) xx.xx.2019-cu il tarixədək qismən, xx.xx.2023-cü il tarixədək isə tam olaraq icarə haqqının ödənilmədiyi, 02 fevral 2015-ci il tarixil 4301 nömrəli müqavilə üzrə (700 kv.m) xx.xx.2019-cu il tarixədək qismən, xx.xx.2023-cü il tarixədək isə tam olaraq icarə haqqını qərəzli olaraq ödəməmişdir. Məhkəmə cavabdeh təşkilatdan bu barədə - üzləşmə cədvəlində qeyd etdiyi aylar üzrə ödənişin edildiyinə dair sübutları məhkəməyə təqdim olunması təklif etsə də, cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Qeyd edilən məbləğ hər iki müqavilə üzrə 2 aylıq icarə haqqının məbləğlərinin cəmindən daha çoxdur. Hesab edirik ki, bu hətta 2019-cu ilin dekabr ayından cavabdehin bildirdiyi kimi elektrik enerjisinin kəsildiyi həqiqi qəbul edilsə belə, həmin tarixə cavabdehin icarə haqqı borcları aylıq icarə haqqlarının 2 mislindən çox olmuşdur, bu isə hər iki icarə müqaviləsinin icarəyə verən tərəfindən birtərəfli qaydadaxəbərdarlıq müddəti gözlənilmədən ləğvi üçün əsasdır. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini, apellyasiya şikayətinə əlavəni müdafiə edərək təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
10. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
11. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
12. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
13. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
14. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 2420 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 473 kv.m olan 2420 nömrəli mağazanı xx.xx.2030-cu il tarixinədək cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 4301 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m olan 4301 anbarı xx.xx.2030-cu il tarixinədək cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
27. Məhkəməyə təqdim edilən 30 yanvar 2018-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcarəyə verən qismində) ilə iddiaçı (icarəçi qismində) arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən, “İcarəçi” “İcarəyə verən”dən Bakı şəhəri, Sumqayıt yolu, 3 və 6 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki aşağıda göstərilən əmlakları və həmin əmlaklara olan bütün hüquqları icarəyə götürür: əmlak kompleksi kimi müəssisə - Avtovağzal Kompleksi (ümumi sahəsi 140448,6 kv.m); qeyri-yaşayış binası (89,5 kv.m); həmin ünvandakı torpaq sahəsinin üzərində yerləşən, İcarəyə verənə məxsus bütün digər əmlaklar. İcarə predmetləri ilə bağlı “İcarəyə verən”ə məxsus olan və qanunvericiliklə başqa şəxsə verilə bilinməsi mümkün olan bütün hüquqları (subicarəyə vermək, ipoteka və girovla, habelə sair formada yüklü etmək, təmirtikinti, yenidənqurma işləri görmək, həmin əmlaklarla bağlı istənilən əqd bağlamaq da daxil olmaqla – bütün hüquqlar) “İcarəyə verən” bu müqavilə ilə “İcarəçi”yə verir və “İcarəçi” bu hüquqları “İcarəyə verən”dən razılıq almadan istifadə edə bilər. “İcarəyə verən” bu müqaviləni imzalamaqla “İcarəçi”nin icarəyə götürdüyü torpağın təyinatını dəyişməyə, torpaqda binalar, digər tikililər və qurğular ucaltmağa razılıq verir.
28. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 mart 2018-ci il tarixli barışıq razılaşması və icarəyə verənin əvəz edilməsi haqqında müqaviləyə əsasən, 02 fevral 2015-ci il tarixli 2420 və 4301 saylı icarə müqavilələri üzrə tərəflər 01 mart 2018-ci il tarixinədək bir-birinə qarşı irəli sürdükləri tələblərdən imtina etmiş, icarəyə verəni iddiaçı əvəz etmiş, icarə müqaviləsinin digər şərtlərinin olduğu kimi qalması razılaşdırılmışdır.
29. 02 fevral 2015-ci il tarixli 2420 saylı icarə müqaviləsinə 19 fevral 2019-cu il tarixli 01 nömrəli əlavəyə əsasən, adıçəkilən müqavilə üzrə icarə haqqı 2019-cu ilin fevral ayından iyul ayınadək (6 ay üçün) 50 faiz azaldılmış, icarə obyektində müvafiq temperaturu təmin etmək məqsədilə cavabdehin kondisioner avadanlıqları alaraq icarə obyektinə yerləşdirməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi, əvəzləşdirilmədən sonra kondisioner avadanlıqlarının iddiaçının mülkiyyəti olması və cavabdeh tərəfindən istifadə edilməsi razılaşdırılmışdır.
30. 02 fevral 2015-ci il tarixli 4301 nömrəli icarə müqaviləsinə 20 fevral 2019-cu il tarixli 01 nömrəli əlavəyə əsasən, icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində arakəsmənin quraşdırılması, arakəsmənin quraşdırılması üçün çəkilmiş xərclərin cavabdeh tərəfindən ödənilməsi, həmin xərclərin icarə haqqı ilə əvəzləşdirilməsi, həmçinin icarə obyektinin 200 kv.m sahəsində müvafiq temperaturu təmin etmək məqsədilə cavabdehin kondisioner avadanlıqları alaraq icarə obyektinə yerləşdirməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi, əvəzləşdirilmədən sonra kondisioner avadanlıqlarının iddiaçının mülkiyyəti olması və cavabdeh tərəfindən istifadə edilməsi razılaşdırılmışdır.
31. xx.xx.2019-cu il tarixli məktuba əsasən Cavabdeh Şirkəti tərərfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan icarə haqqının hesablanmasına dair üzləşmə cədvəli İddiaçı MMC-yə göndərilmişdir.
32. İddiaçı MMC-nin Cavabdeh Şirkətinə ünvanlanmış 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, 02 fevral 2015-ci il tarixli icarə müqavilələrinin xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada ləğv ediləcəyi barədə cavabdeh şirkət xəbərdarlıq edilmişdir.
33. İddiaçı MMC-nin 01 sentyabr 2023-cü il tarixli 514 nömrəli əmri ilə tərəflər arasında imzalanmış 02 fevral 2015-ci il tarixli 2420 və 4301 nömrəli İcarə müqavilələrinə qeyd edilən tarixdən bəhs edilən müqavilələrin 2.1.5-ci və 2.3.4-cü yarımbəndlərinə əsasən xitam verilmişdir.
34. 20.09.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli pretenziya məktublarına əsasən, icarə müqavilələrinə xx.xx.2023-cü il tarixdən bir tərəfli qaydada xitam verildiyindən qeyri-yaşayış sahələrini 10 gün müddətində boşaldaraq icarəyəverənə təhvil verilməsi, əks təqdirdə 2019-cu ilin iyul ayından etibarən hesablanmış və ödənilməmiş aylıq icarə haqları, hesablanmış cərimə məbləğləri, 4 il ərzində əldən çıxmış fayda məbləğləri il bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcəyi qeyd olunmuşdur.
35. AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Dövlət Xidmətinin 04 may 2023cü il tarixli 100 nömrəli sərəcamına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X8 tabeliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən ümumi sahəsi 13754,4 kv.m qeyri-yaşayış sahəsi 1 il müddətinə iddiaçının icarəsinə verilmişdir.
36. AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Dövlət Xidmətinin xx.xx.2023-cü tarixli məktubuna əsasən, İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinin ikinci əldən subicarəyə verilməsinə etiraz etmədiklərini qeyd etmişlər.
37. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışlarlna əsasən, Cavabdeh MMCnın 02 fevral 2015-ci il tarixli 2420 nömrəli müqavilə üzrə (473 kv.m) xx.xx.2019-cu il tarixədək qismən, xx.xx.2023-cü il tarixədək isə tam olaraq icarə haqqının ödənilmədiyi, 02 fevral 2015-ci il tarixli 4301 nömrəli müqavilə üzrə (700 kv.m) xx.xx.2019-cu il tarixədək qismən, xx.xx.2023-cü il tarixədək isə tam olaraq icarə haqqının ödənilmədiyindən müvafiq müqavilələr üzrə 11.134,42 manat və 16.478.00 manat icarə haqqı ödəmək öhdəliyi yaranmışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmək istəyir ki, icarəçi tərəfindən obyektin kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin, arakəsmələrin quraşdırılması ilə bağlı çəkilmiş xərclərin icarə haqqı ilə əvəzləşdirilməsinin razılşadırılması işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəfindən elektron qaimələr təqdim olunsada məhz həmin obyektə hansı avadanlıqların, arakəsmələrin qurşadırılması ilə bağlı hər hansı təhvil təslim aktı tərtib olunmasına, icarəverənin məlumatlandırılmasına dair hər hansı sübut təqdim olunmamışdır.
39. Eyni zamanda qeyd edilməlidir ki, 02 fevral 2015-ci il tarixli 2420 nömrəli müqaviləyə əlavəyə əsasən kondisenerlərin quraşdırılmasına görə icarə haqqına güzəşt 50% həcmində 2019-cu ilin fevral-iyul aylarına münasibətdə nəzərdə tutulduğundan növbəti aylarda icarə haqqı tam ödənilməli idi.
40. İddiaçı tərəf xx.xx.2019-cu il tarixdə icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətinin dayandırdıqlarını, bu səbəbdən heç bir borclarının olmadığını qeyd edir. Buna münasibətdə kollegiya bildirir ki, obyektin elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətin dayandırılması icarə haqqının ödəməkdən azad etmədiyi kimi icarədərarın öz fəaliyyətini davam etdirməsi üçün məlumat verməsinə baxmayaraq icarəyə verən hərəkətsizlik etdiyi zaman elektrik enerjisinin verilməsini təmin edən müvafiq quruma ( "xxxx" ASC-yə) müraciət etməsi, ümumiyyətlə obyektin elektrik enerjisinin kəsilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
41. Apellyaisiya şikayətinin İcarə Müqaviləsinin ləğv edilməsinə dair verdiyi xx.xx.2023-cü il tarixli, 153 nömrəli Əmrində yalnız Müqavilənin 2.1.5-ci və 2.3.4-ci yarımbəndlərinə istinad etmiş, tərəflərindən yol verilmiş pozuntunun dəqiq nədən ibarət olması, eləcədə əmrin icarə haqqının ödənilməməsinə dair verilməsi göstərilməmiş və əsaslandırılmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh icarə müqaviləsinin ləğv edilməsinə dair sözügedən əmri qanunsuz hesab etdiyi halda qanunvericiliyin tələbinə uyğun məhkəmə qaydasında mübahisələndirməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir.
42. "xxxx" Xəbardarlıq məktubu Firmanın hüquqi ünvanına deyil, vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, Firma xx.xx.2022ci il tarixindən xx.xx.2027-ci il tarixinədək dayandırması səbəbindən vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetindən istifadə etməmiş, bununla da həmin xəbərdarlıq məktubundan məlumatlı olmamaları dəlilini kollegiya əsassız hesab edərək qeyd edir ki, icarəverən məlumat vermə öhdəliyini yerinə yetirərək elektron informasiya sistemi vasitəsilə icarəçini məlumatlandırsa da icarəçi tərəfindən etiraf olunur ki, subyektiv səbəbdən (fəaliyyətlərinin dayandırılması) elektron kabinetindən istifadə etməmişlər.
43. “X3 barədə” təklif məktubunda göstərilmiş telefon nömrəsinin Bakı 2 saylı Mediasiya Təşkilatına deyil, Şəki 1 saylı Mediasiya Təşkilatına məxsus olması qeyd olunması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bununla bağlı apellyator hər hansı sübut təqdim etməmişdir.
44. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsinə dair əmr hal-hazırda qüvvədə olduğundan tərəflər arasında icarə münasibətlərinə xitam verildiyindən icarə verən icarəçinin obyekti bolşaldaraq təhvil verilməsini tələb etməkdə haqlıdır.
46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-816/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.