Məhkəmə qərarları › İş №2-2(103)-490/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-490/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-490/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1107/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X4 Azərbaycan” QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli Worldcard Business Kredit Kartı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 25-ci bəndinə əsasən bank 5 il müddətinə 5000 manat məbləğində kart sahibinə kredit kart limitini (kredit xətti) açır. Kart sahibi isə həmin krediti, ona hesablanmış faziləri, komisyonları, həmçinin nəzərdə tutulmuş digər borcları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür.

3. Həmin müqavilənin 13.5.5-ci bəndinə əsasən limit aşma komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komisyon haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5 faizi + 2,50 manat kimi olaraq tətbiq edilir.

4. Həmçinin, tərəflər arasında bağlanmış 18 iyun 2021-ci il tarixli 004L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 004R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə kredit alana verir.

5. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür.

6. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən əsas borc üzrə 3.559,48 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 337,11 manat, cərimə borcu üzrə 322,93 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc üzrə 4 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 mamat, cəmi 4.228,32 manat kredit borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 70 manat məbləğində xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir.

9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1107/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 3559,48 manat əsas borc, 337,11 manat faiz borcu, 150 manat cərimə, komissiya üzrə 4 manat borc, ödənilmiş 70 manat dövlət rüsumu, ümumilikdə 4120,59 manat məbləğində pulun tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.

22. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

23. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtlərinə görə borc müqaviləsi üzrə borcun verilməsi halını borcverən, borcun qaytarılması halını isə borcalan, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut etməlidir.

24. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Worldcard Business Kredit Kartı müqaviləsi üzrə iddiaçı tərəfindən 5000 manat məbləğində kredit kartı limitinin ayrılması və cavabdeh tərəfindən həmin məbləğdə pul vəsaitindən kredit kimi istifadə etməsi işin mübahisəsiz hallarıdır.

25. Çünki cavabdeh həmin halları mübahisələndirmir. Bununla yanaşı, o, üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş və istifadə etdiyi kredit məbləğinin qaytarılmasını təsdiq edən sübutları təqdim etməmişdir.

26. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən isə xx.xx.2020-ci il tarixli Worldcard Business Kredit Kartı müqaviləsi üzrə hazırda cavabdehin əsas borcu 3559,48 manat, faiz borcu 337,11 manat, cərimə borcu 322,93 manat təşkil edir.

27. Qeyd olunanları, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit borcunun hesablanması barədə arayışı və Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

29. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 13.5-ci bəndində nəzərdə tutulmuşdur ki, «Borcalan» kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 28 % miqdarında cərimə (dəbbə pulu) tətbiq edilir.

30. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı 150 manat məbləğində dəbbə pulununu tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1107/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apalleyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Elbəy Allahverdiyev

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar