Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-493/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 426/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, DCS90074494-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən əsas borc üzrə 15.427,12 manat, faiz borcu üzrə 76,54 manat, cərimə borcu üzrə 103,26 manat olmaqla, cəmi 15.606,92 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-426/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli, DCS90074494-01 saylı müqaviləyə əsasən əsas borc üzrə 15.427 (on beş min dörd yüz iyirmi yeddi) manat, 12 (on iki) qəpik, cərimə borcu üzrə 103 (bir yüz üç) manat, 26 (iyirmi altı) qəpik olmaqla, cəmi 15.530 (on beş min beş yüz otuz) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hesab edir ki, məhkəmə ilk növbədə Konstitusiyanın bu tələbini pozmuşdur. Belə ki, işə baxarkən yalnız tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin mövcudluğuna əsaslanmış, həmin müqavilələlərin icrası ilə bağlı məsələləri yetərincə təhlil etməmiş, yəni faktiki hallara istinad etməmişdir. Bunu məhkəmə qətnaməsindən görmək mümkündür. Halbuki tərəfindən faktiki halların obyektiv müəyyən edilməsi məqsədilə iddia tələbi üzrə göstərilmiş əsas borc və cərimə məbləği üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı yazılı vəsatət verilmiş, lakin bu vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Hesab edir ki, e-2-2(113)-426/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla bu vəsatətin rədd edilməsi əsassız və qanunsuz olmuşdur. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı verdiyi vəsatət kifayət qədər əsaslı idi. Çünki DCS90074494-01 saylı kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin hansı məbləğdə əsas borcu və cərimə borcunun olmasının müəyyən edilməsi, cərimə məbləği hansı tarixdən etibarən və hansı məbləğlərlə hesablanması və indiki tarixədək cavabdehlər tərəfindən hansı məbləğdə borclar ödənmiş və bunun hansı hissəsi əsas borc, hansı hissəsi cərimə məbləğinə hesablanmasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələlərdir. Məhkəmə isə bu vəsatəti təmin etməmiş, yalnız iddia tərəfinin təqdim bildirdiyi xüsusatlarla kifayətlənmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
8. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
10. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
11. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
12. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
13. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
17. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli DCS90074494-01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X2 “17” noyabr 2020-ci il tarixli ZM-334/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Borcalan "xxxx" MMC arasında bağlanmış DCS90074494-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DCS90074494-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
18. Məhkəmə müəyyən etmişdir ki, bankla cavabdeh "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli, DCS90074494-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən əsas borc üzrə 15.427,12 manat, faiz borcu üzrə 76,54 manat, cərimə borcu üzrə 103,26 manat olmaqla, cəmi 15.606,92 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Məhkəmə əsas və cərimə borcunu tutmuş, faiz borcu hissəsində isə iddianı rədd etmişdir.
19. Apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə (ödənişlərin nəzərə alınması məqsədilə) Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olunanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4460 №li ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4460 saylı rəyi ilə xx.xx.2022-ci il tarixə, yəni müqavilə müddəti bitən tarixə əsas borc 24.586,15 manat, faiz borcu 283,32 manat müəyyən edilmişdir. Rəylə cərimə borcu hesablanmamışdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu iddia tələbindən artıq olduğu və tələbdən kənara çıxma qaydasına əsaslar olmadığı üçün həmin rəy mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir və bu səbədən nəzərə alına bilməz.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-426/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.