Məhkəmə qərarları › İş №2-2(103)-494/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-494/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-494/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)-441/2020 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 19/16 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 43281,07 manat əsas borc, 21693,12 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faizlə 6118,18 manat faiz borcu olmaqla, cəmi 71092,37 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzıbati-lqtısadı Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC-nın ləğv edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində X1 təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC ilə “Cavabdeh" MMC-nin Azərbaycan filialı arasında bağlanılmış xx.xx.2016-cı ıl tarixli, 19/16 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 4 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla, 500000 manat kredit verilmişdir. Cvabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər yerinə yetirilməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehə müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)-441/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 11416,73 manat əsas borc, müqavilənin müddəti bitdikdən sonra illik 5%- lə hesablanmış 347,26 manat, gecikdirməyə görə 500 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 12293,99 manat pulun tutularaq İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən 150 manat ekspertiza xərcinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, maliyyə arayışı, hesabdan çıxarış təqdim edilmiş, məhkəmə isə həmin sübutları nəzərə almadan ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmiş, rəyə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)-441/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı apelyasiya şikayətində qətnamənin təm ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamə iddianın təmin edilmədiyi hissədə mübahisələndirilir. Məhkəmə apelyasiya şikayətinin dəlilləri bağlı araşdırma apararaq müəyyən edir ki, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2016cı il tarixli, 19/16 nömrəli kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 4 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla, 500.000 manat məbləğində kredit xətti açılması razılaşdırılmışdır. Müqavilənin 6.2-cü bəndinə əsasən kredit üzrə əsas borcun ödənişi xx.xx.2016-cı il tarixinə qədər tam şəkildə borcalan tərəfindən müqaviləyə əsasən borcverənə ödənilməsi müəyyən edilmişdir. İşdəki hesabdan çıxarışdan və bank çeklərindən görünür ki, cavabdeh kredit hesabına bank tərəfindən mədaxil edilmiş kredit vəsaitindən xx.xx.2016-cı il tarixdə 250.000 manat, xx.xx.2016-cı il tarixdə 100.000 manat məbləğində istifadə etmişdir. İddiaçının xx xxxxxx 2019-cu il tarixli **********725 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 19/16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə cavabdehin banka 43281,07 manat əsas, 21693,12 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 6118,18 manat borc olmaqla cəmi 71092,37 manat borcunun olduğu göstərilmişdir İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, kredit borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2930 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş arayış və hesabdan çıxarış məlumatları, ekspertizaya təqdim edilmiş kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixli 19/16 saylı müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixə olan borcu 373.925 manat (350000 manat əsas, 23925 manat faiz) təşkil etmiş, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən maliyyə arayışında borcun hesablandığı tarixə - xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 11.763,99 manat (11.416,73 manat əsas, 347,26 manat faiz) təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək və MM-nin 385.1, 386.1, 442, 448, 462, 467, 739-cu maddələrə istinad edərək iddianı həm əsas, həm faiz borcu, həm də cərimə borcu ilə bağlı hissədə qismən təmin etmişdir. İddiaçı apelyasiya şikayətində kredit borcunun məbləğinin məhkəmə tərəfindən ekspert rəyinə əsasən müəyyən edilməsinin düzgün olmadığını qeyd etsə də, ekspert tərəfindən həyata keçirilmiş hesablama ilə iddiaçının hansı hissədə razılaşmadığı qeyd edilməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçıya cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği ilə bağlı yeni maliyyə arayışı təqdim edilməsi təklif edilmiş, təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə cəmi 350.000 manat ödəniş edilmişdir. Bu da onu təsdiq edir ki, ekspert tərəfindən ödənişlərin məbləği düzgün hesablanmışdır. Ekspert tərəfindən öhdəliyin icra müddəti bitdiyi tarixədək cavabdeh tərəfindən müqavilə şərtlərinə əsasən ödənilməli olan faiz 23.925 manat müəyyən edildiyi halda iddiaçının təqdim etdiyi maliyyə arayışında həyata keçirilmiş ödənişin 67419,07 manatının faiz borcu üzrə silindiyi qeyd edilmişdir. Halbuki kredit vəsaitindən istifadə müddətinin cəmi 4 ay, illik faiz dərəcəsinin 22 faiz olduğu nəzərə alınarsa 350.000 manat vəsaitdən 4 ay ərzində istifadəyə görə ödənilməli olan faiz borcu 67419,07 manat təşkil edə bilməz. Buradan məlum olur ki, bank öhdəliyin icra müddəti bitdikdən sonra da müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə cavabdehə faiz borcu hesablamış və tutmuşdur. Nəticədə cavabdehin həyata keçirdiyi ödənişlərin əsas borc üzrə silinməli olan hissəsi düzgün olmayaraq faiz üzrə silinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. Hazırkı halda kredit öhdəliyinin icra müddəti bitdikdən sonra iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faizlərin hesablanması və hesablanmış məbləğinin bir hissəsinin cavabdehin həyata keçirdiyi ödənişlərdən silməsi əsassız olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit borcunun məbləğini ekspert rəyini əsas götürərək müəyyən etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2930 nömrəli ekspert rəyi ilə cavabdehin öhdəliyin icra müddəti bitənədək ödəməli olduğu faiz borcunun məbləği 23925 manat, öhdəliyin icra müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən ilik 5 faizlə ödəməli olduğu faiz məbləği 11977 manat müəyyən edilmiş, faiz üzrə ümumilikdə 35554,73 manat ödəniş həyata keçirildiyi nəzərə alınaraq qalıq faiz borcunun 347,26 manat təşkil etdiyi qeyd edilmişdir. Ekspert tərəfindən həyata keçirilmiş hesablamanın düzgün olmadığı işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən sübut edilmədiyindən, o cümlədən məhkəmə tərəfindən MM-nin 467-ci maddəsinə əsasən 500 manat müəyyən edilmiş və cavabdehdən tutulmuş cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan məhkəmə hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)-441/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)-441/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar