Məhkəmə qərarları › İş №2-2(103)-494/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-494/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-494/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6500 manat pulun “X2” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.02.2021-ci il tarixli e-2-2(113)-294/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında 21.12.2018-ci il tarixli 039 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC İddiaçı MMC-nin sifarişinə və araşdırmaların göstərmiş olduğu nəticələrinə əsasən Biznesin İnkişafı üzrə Satış, Müştəri Xidmətləri, Müştəri Məmnuniyyəti və lazımı tədbirləri həyata keçirilməsini, sifarişçi kimi İddiaçı MMC isə təşkilatçıya 3 aylıq reklamın səsləndirilməsi məqsədi ilə 6000 manat (aylıq 2500) ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, müqavilə imzalanan anda cavabdehə aktla 6500 manat müqavilə dəyəri nağd şəkildə ödənmişdir. Həmin müqavilənin müddəti 31 mart 2019-cu il tarixinə qədər göstərilmişdir. Cavabdeh sözügedən müqaviləni imzalaması və ödənişini dərhal almasına baxmayaraq müqavilə öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 21.12.2018-ci il tarixli 039 saylı müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçı qarşısında ikincinin sifarişinə və araşdırmaların göstərmiş olduğu nəticələrinə əsasən biznesin inkişafı üzrə satış, müştəri xidmətləri, müştəri məmnuniyyəti və lazımı tədbirləri həyata keçirilməsi üçün 3 aylıq reklam səsləndirməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, cavabdehə pulu ödəmiş, lakin cavabdeh öz öhdəliklərini icra etməmiş və nəticədə ona zərər dəymişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 779.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddianın əsaslı hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, yuxarıda qeyd olunan müqavilə üzrə cavabdehə 6500 manat pul ödəmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etməmiş və nəticədə iddiaçıya zərər dəymişdir. Lakin iddiaçı qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 21 dekabr 2018-ci il tarixli aktda isə İddiaçı tərəfindən 6500 manat məbləğində pulun “X2” MMC-yə nağd şəkildə ödənildiyi qeyd olunsa da, akt yalnız birtərəfli qaydada İddiaçı MMC-yə aid şəxslər tərəfindən imzalanmış və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Ona görə də, həmin akt pul vəsaitinin ödənilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar