Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-494/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarəyə verən İddiaçı ilə icarəçi "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən “icarəyə verən” ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********25-05301-083003 daşınmaz əmlakın dövlət reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 777,60 m2 olan qeyri-yaşayış sahəsini ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün “icarəçi”yə icarəyə verməyi, “icarəçi” isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Borc alan İddiaçı ilə borc verən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borc verən borc alana 50.000 manat məbləğində borc pulu aşağıdakı məqsədlər üçün notariusun depozit hesabı vasitəsi ilə verir: icarə obyektinə su xəttinin çəkilməsi, icarə obyektinin yer döşəməsinə keramoqranitdən metlax döşənilməsi, icarə obyektinə 170 kv.m gücündə elektrik xəttinin çəkilməsi və müvafiq texniki şərtin alınması, icarə obyektində havalandırma sisteminin qurulması və obyektin kondisionerləşdirilməsi. “Borc alan” krediti xx/xx/2022 tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.
3. Cavabdeh MMC tərəfindən İddiaçı Möhubbət qızına göndərilmiş 10 fevral 2021-ci il tarixli bildirişə əsasən 03 iyun 2020-ci il tarixli icarə müqaviləsinə 11 mart 2021-ci il tarixindən xitam verilməsi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış və reyestrdə 3M-625 nömrə ilə qeydə alınmış icarə müqaviləsinin ləğv edilməsi, onun nəticəsində iddiaçıya dəymiş real zərərə görə 40.000 manatın, əldən çıxmış faydaya görə isə 8.000 manatın, cəmi 48.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, o, cavabdehdən işlərin görülməsi üçün 50000 manat borc aldıqdan sonra qeyri-yaşayış sahəsinin yeri döşənmiş, usta xərci ilə birlikdə buna 16500 manat, 11 kondisioner üçün xətlərin çəkilməsinə 8000 manat, 3 ədəd kondisionerin alınmasına 9000 manat, işıq və qaz xətlərinin çəkilməsi usta ilə birlikdə 6500 manat olmaqla, cəmi 40000 manat xərc çəkilmiş, cavabdehin istədiyi qalan işlərin tamamlanması üçün cavabdehin verdiyi 50000 manatdan əlavə də pul vəsaiti tələb olunmuşdur. Bu ərəfədə cavabdehin əməkdaşları rəhbərliyin qeyri-yaşayış sahəsini artıq icarəyə götürmək istəmədiklərini, şirkətin planlarının dəyişdiyini və müqavilənin pozulmasını istəmişlər. İddiaçı qeyri-yaşayış sahəsini məhz cavabdehin istədiyi şəkildə təhvil vermək üçün artıq 40000 manat xərc çəkdiyini, müqavilə pozulacağı təqdirdə cavabdehin bu xərcləri ödəməsini tələb edəcəyini bildirmişdir. Tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə iddiaçıya məktublar göndərmiş, bundan sonra mart ayında tərəflər arasında münasibətlərin bərpa edilməsi istiqamətində görüş olsa da, görüşdən sonra hər hansı müsbət nəticə olmamışdır. Qeyd olunanlardan müəyyən olunduğu kimi iddiaçıya cavabdehin hərəkətləri nəticəsində 40000 manat zərər dəymişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı iddia ərizəsində müqavilənin ləğvini, dəymiş zərərin və əldən çıxmış faydanı cavabdehdən nəyə əsasən istədiyini bildirməli və sübut etməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı “müqavilənin ləğvində və ona zərər dəyməsində”cavabdehin təqsirinin nədən ibarət olduğunu göstərə və əsaslandıra bilməyib. Müqavilənin heç bir müddəasında, o cümlədən müqavilənin “icarəçinin öhdəlikləri” adlanan 5.3-cü maddəsində təmir işləri ilə əlaqədar icarəçinin icarəyə verənə borc vermək öhdəliyi nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, icarə müqaviləsinə əsasən müvafiq təmir işləri icarəyə verənin hesabına həyata keçirilməli idi. Sonradan icarəyə verən qeyd edilən təmir işləri üçün icarəçidən 50.000 manat borc istəyib, icarəçi həmin məbləği icarə haqqından çıxılmaq şərtilə verməyə razı olub və icarə müqaviləsi bağlanandan 15 gün sonra xx.xx.2020-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı icarə obyektini nəinki müqavilədə nəzərtə tutulan müddətdə, hətta sonrakı aylarda da yerinə yetirməmişdir. İcarəyə verən obyektin təmir olunması ilə bağlı öz müqavilə öhdəliklərini nəinki xx.xx.2020-ci il tarixədək, 2021-ci ilin fevral ayınadək yerinə yetirməyib. Buna görə də icarəçi/cavabdeh müqavilənin 12.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə icarəyə verən İddiaçı bir ay əvvəlcədən - xx.xx.2021ci il tarixdə bildiriş göndərib. İddiaçı özü də müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilməsini qəbul edib və hazırki iddianın qaldırıldığı xx.xx.2022-ci ilədək ötən 1 il 5 ay ərzində bunu hər hansı formada mübahisələndirməmişdir. Yalnız Cavabdeh MMC İddiaçı verdiyi 50.000 manat borcun qaytarılması məqsədilə (borc müqaviləsi imzalandıqdan 2 il sonra) Bakı şəhəri 43 saylı notariat kontorundan icra qeydi aldıqdan sonra iddiaçı həmin öhdəliyin icrasından yayınmaq məqsədilə formal olaraq hazırki iddianı qaldırmışdır. Odur ki, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun xitam verildiyi və hər iki tərəfin bu faktı qəbul etdiyi halda icarə müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. Eyni zamanda müqaviləyə xitam verilməsi iddiaçının öz öhdəliyini pozması nəticəsində baş verdiyindən onun cavabdehdən dəymiş ziyanın əvəzinin və ya əldən çıxmış faydanın tələb etməsi tamamilə əsassızdır. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi “X4” MMC tərəfindən '‘verildiyi” qeyd olunan 4 ədəd qəbz də sübut kimi qəbul edilə bilməz. Çünki qəbzlərin heç biri ciddi hesabat blankında deyil, habelə İddiaçı və “X4” MMC vergi ödəyicisi olduğu üçün onların hesablaşmaları yalnız nağdsız qaydada aparılmalı idi.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-278/2023 saylı qərardadı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış və reyestrdə 3 M-625 nömrə ilə qeydə alınmış icarə müqaviləsinin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-278/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
20. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
21. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
22. Belə ki, hazırki iddianın əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin pozulması halı müəyyən olunmalıdır.
23. İddiaçının istinad etdiyi hallara əsasən o, icarə obyektinin təmiri üçün kifayət qədər yüksək məbləğdə xərc çəkmişdir. Cavabdeh isə müqaviləyə vaxtından əvvəl xitam vermiş və bununla da, ona zərər dəymişdir.
24. Kollegiya hesab edir ki, bu əsaslarla iddia təmin edilə bilməz.
25. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12.2-ci bəndində də göstərilmişdir ki, icarəçi icarəyə verəni 1 ay əvvəlcədən xəbərdar etməklə bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər.
27. İşin halları da ondan ibarətdir ki, icarəçi/cavabdeh müqavilənin 12.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə icarəyə verən İddiaçı bir ay əvvəlcədən - xx.xx.2021-ci il tarixdə bildiriş göndərmiş və sonuncu həmin bildirişi almışdır.
28. Göründüyü kimi müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi ilə bağlı cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilə bilməz. Çünki o, bunu müqavilə şərtlərinə uyğun icra etmişdir.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddia özü-özlüyündə əsassızdır və ona görə də, sübutlar araşdırılmadan rədd edilməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn