Məhkəmə qərarları › İş №2-2(103)-494/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-494/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-494/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: əsassız varlanma qaydasında pulun geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əsassız varlanma qaydasında əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-889/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, tərəflər arasında 15 iyul 2022-ci il tarixli 125 nömrəli müqavilə bağlanmışdır. 2.xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1850 manat məbləğində pul köçürülmüşdür.

3. Cavabdeh tərəfindən iddiaçıya EBDP 959601 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmiş, qaimə cavabdeh tərəfindən düzəlişə göndərilmişdir.

4. xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 1700 manat məbləğində pul köçürülmüşdür.

5. "xxxx" MMC tərəfindən iddiaçıya EBCA 094616 nömrəli elektron qaimə göndərilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda iddiaçı və cavabdeh arasında aparılmış elektron qaimə faktura əməliyyatının müəyyən edilmədiyi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə əsassız olaraq köçürülmüş 1.850.00 manat məbləğin, eləcə də ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 60 manat xərcin, ümumilikdə 1910 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünü Cavabdeh MMC-nin əməkdaşı kimi təqdim edən Şahin adlı şəxs mobil nömrəsindən iddiaçının mühasibatlıq işləri üzrə məsul əməkdaşı Leyla Piriyevaya zəng edərək, qaimə göndərildiyini bildirmiş və ödənişin həyata keçirilməsini xahiş etmişdir. Göndərilmiş EBDP 959601 №-li qaiməyə əsas olan xidmət kimi “www.karchershop.az saytına bir illik yerləşməsi - 268 saylı müqavilə (xx.xx.2024-cü ilədək qüvvədədir)” göstərilmişdir. Daha öncə də, oxşar adda "xxxx" MMC şirkətinə (hər iki şirkətdə qanun təmsilçi Qanuni nümayəndə2 adlı şəxs olmuşdur) bir neçə dəfə oxşar xidmətlərlə bağlı ödəniş həyata keçirildiyi üçün xx.xx.2023-cü il tarixli EBDP 959601 saylı qaimə ilə bağlı banka BD1№-li ödəniş tapşırığı göndərilmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Mərkəz filialında olan iddiaçıya məxsus AZ95AİİB400600C**********102 saylı hesabdan həmin bankın Sahil filialında olan Cavabdeh MMC-yə məxsus AZ04AİİB400300F**********208 saylı hesaba EBDP 959601 №-li qaimə üzrə 1.850.00 manat məbləğində vəsait köçürülmüşdür. Əməkdaşlarına zəng edən şəxs iddiaçının rəhbər şəxsləri – direktor Ruslan İvanov və maliyyə və idarəetmə üzrə menecer Mirkamil Abbasovun ödənişi təsdiq etdiyini bildirsə belə, ödəniş icra edildikdən sonra araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş EBDP 959601 №-li qaimə və həmin qaimə əsasında həyata keçirilmiş ödəniş əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə göstərilmiş hər hansı xidmət və ya görülmüş iş mövcud deyildir, həmçinin, mal təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli EBDP 959601 №-li qaiməyə əsas kimi göstərilmiş 268 saylı müqavilə tərəflər arasında bağlanmamışdır. Buna görə də “elektron qaimə” sistemdə qarşı tərəfə geri göndərilmişdir. Qarşı tərəflə əlaqə saxlanıldıqda həqiqətən də, tərəflər arasında hər hansı xidmət və müqavilə olmadığı və vəsaitin geri ödəniləcəyi bildirilsə də, vəsait hələ də hesaba qaytarılmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-889/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1850 manat vəsait ödənilmiş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-889/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin qətnaməni əsaslandırarkən faiz borcunun tutulması hissəsində işin həqiqi hallarına uyğun olmamış və həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddə-öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddə- varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-889/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə sonradan ləğv edilmiş elektron qaimə əsasında 1850 manat vəsait ödənilmiş, həmin vəsaitin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olduğu cavabdeh tərəfindən sübut edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cavabdeh şikayətin tələb hissəsində qətnamənin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, faiz borcunun tutulmasını əsassız hesab edir. Halbuki mübahisələndirilən qətnamə ilə cavabdehdən faiz tutulmamışdır.

21. Məhkəmə tərəfindən cavabdehin iştirakının təmin edilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlərə münasibətdə qeyd olunur ki, iş materiallarına əlavə edilmiş məhkəmə bildirişlərinə əsasən cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (hüquqi şəxsin və direktorunun elektron kabinetə bildirişlər yerləşdirilməklə, SMS xəbərdarlıq göndərilməklə) iclaslarda, o cümlədən apellyasiya icraatı mərhələsində nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən hətta cavabdehin hüquqi ünvanına kağız daşıyıcıda bildiriş göndərilmiş, həmin ünvanda fəaliyyət göstərmədiyindən çatmamışdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 889/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-889/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar