Məhkəmə qərarları › İş №2-2(103)-496/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-496/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-496/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-810/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, obyekt 10 il müddətinə cavabdehə icarəyə verilimişdir.

2. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcəkdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədən irəli öhdəliklərə görə yaranmış 40000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-810/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-810/2025 tarixli qətnaməsinin qismən ləğv edilməsini, cərimənin daha aşağı həddə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müqavilədə müqavilənin ləğv edilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, müqaviləni ləğv etmək istəyən tərəf digər tərəfi altı ay qabaqcadan yazılı şəkildə xəbərdar etməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin həmin şərtinə əməl edilməmiş və cavabeh iddiaçını qabaqcadan xəbərdar etmədən icarə obyektindən çıxmış, birtərəfli qaydada müqavilə münasibətlərinə xitam vermişdir. Əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi də icarə münasibətlərinə onlar tərəfindən xitam verildiyini təsdiqləmiş, lakin şifahi qaydada iddiaçını məlumatlandırdığını bildirmişdir.Cavabdeh tərəfindən müqavilənin 7-ci bəndinin şərti pozulmuş, cavabdeh həmin bənd üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir, ona görə də iddiaçının cavabdehdən icarə haqqının 40 misli miqdarında cərimə (kompensasiya qeyd olunsa da, cərimə olaraq qəbul olunur, iddiaçı özü də ərizədə cərimə kimi qeyd etmişdir) tələb etmək hüququ yaranmışdır. Sahibkar olan tərəflər azad surətdə müqavilələr bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər. 7-ci bənddə aydın şəkildə aylıq ödəmənin 40 misli dəyərində təzminatdan bəhs edilir. İddiaçı aylıq ödəməni 1000 manatdan götürərək, 40 mislini hesablamış (1000X40=40000) və həmin məbləği cavabdehdən tələb etmişdir. Tələb olunan məbləğin tam şəkildə cavabdehdən tutulması ədalətli olmaz və işin halları nəzərə alınaraq, tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 7200 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən həmçinin nəzərə alınmışdır ki, 6 aylıq müddət ərzində iddiaçıya ən azı 6000 manat icarə haqqı ödənilməli idi (müqaviləyə əsasən ilk bir il üçün aylıq 1000 manat, növbəti illər üçün isə aylıq 1200 manat) və həmin vaxtdan 2 ildən artıq müddət keçmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

1. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarəyə verilmiş əmlak icarə məqsədlərinin istifadəsi üçün uyğun vəziyyətdə olmadığı üçün cavabdeh tərəfindən 25-30 (iyirmi beş, otuz) min manat arası xərc çəkilməklə təmir edilərək, eyni zamanda icarə obyektinə əlavə avadanlıqlar alınmışdır. Əmlakda icarəyə götürüldükdən ilk 3 aya yaxın müddətdə təmir işləri həyata keçirilmişdir. Növbəti 3 ay işlənilən müddətdə isə icarədarın cavabdehin işlərinə və işçilərinə yersiz müdaxiləsi və işlərin ümumiyyətlə getməməsi səbəbindən cavabdeh artıq icarə obyektində bu şəkildə davam edə bilməyəcəyi qənaətinə gəlmişdir. Bu səbəbdən icarə obyektinə kifayət qədər əlavə vəsait qoymağına baxmayaraq əmlakı icarədara qaytarmaq istəyini bildirmişdir. O isə buna etiraz edərək əmlakın uzun müddətə icarəyə götürüldüyünü, əgər qaytarsa əlavə cərimələr ödəməli olacağını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəlində cavabdeh ona aid icarə obyektində daşına bilən əmlaklarını götürməklə icarə obyektini boşaltmışdır. Eyni zamanda icarə obyektini icarəyə verənə təhvil vermək istədikdə, o, ona böyük məbləğdə təzminat tələbi barədə məhkəməyə müraciət edəcəyini bildirdi. İddiaçı tələbində 40000 (qırx min) manat təzminat tələb etməklə bildirmişdir ki, guya aralarında bağlanılmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7 – ci bəndində qeyd edilmiş olan müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməli, əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməlidir barədə olan şərt 10 illik icarə haqqının cəmindən ibarətdir. Nəzərə çatdırmaq lazımdır ki, cavabdeh icarə müqaviləsinin bu bəndi üzrə şərti müqavilə bağlandığı zaman əsla belə anlamamışdır Belə ki, icarə müqaviləsinin həmin şərtinə nəzər etdiyimiz zaman ilk öncə həmin şərtdə 10 illik icarə haqqının cəminin 40 misli cərimə veriləcəyi qeyd edilməmişdir. Əksinə həmin şərtin önündə gələn müqavilənin ləğvi barədə şərt üzrə altı aylıq xəbərdarlıq müddəti təyin edilir və həmən ondan sonra gələn cümlənin başlanğıcında əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi yəni, bu altı ay öncədən bildirişin verilməsi icra edilmədikdə bu müddəti icra etməyən tərəf həmin müddətin icarə haqqının 40 misli həddində cərimə ödəyəcəyi kimi anlaşılmışdır. Lakin cavabdeh məhkəmədə artıq qaldırmış olduğu iddia tələbində yuxarıda qeyd etmiş olduğum 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin 7 – ci bəndində qeyd edilən şərtin 10 illik icarə haqqının cəmindən ibarət olmasını qeyd etmişdir. Qeyd etmək lazımdır ki, cavabdehin icarə müqaviləsinin mübahisə predmeti olan bu şərti üzrə ondan belə bir əsasla bu həcmdə təzminat tələb edilməsi onun hüquqlarını pozmaqdadır. Belə ki, cavabdeh ilə 03 mart 2022-ci il tarixli icarə müqaviləsini bağladığı zaman müqavilənin heç kim onlara izah etməmiş, eyni zamanda özü şəxsən müqaviləni oxuduğu zaman müqavilənin 7–ci bəndində qeyd edilmiş “müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilməli, əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməlidir” şərtini 6 aylıq xəbərdarlıq müddəti üzrə həmin müddətin icarə haqqının 40 misli həddində anlamaqla, bu şərti belə qəbul etmişdir. İcarə müqaviləsinin 6 aylıq öncədən xəbərdarlıq müddətinin pozulmaqla ləğv edilməsinin şərtinin pozulması halında 10 illik icarə haqqının 40 misli kimi təzminatın tələbi onun bağlamağı arzuladığı əqdin məzmunu barədə səhv etməyi nəticəsində hüquqlarının birtərəfli şəkildə pozulması ilə nəticələnməsinə dəlalət etməkdədir. Belə ki, hüquqi savadının olmaması, eyni zamanda müqavilənin 7-ci bəndində qeyd edilmiş bəndin aydın şəkildə dəqiqliklə ifadə edilməməsi əqdin bu şərtinin bağlanması zamanı onun vacib əhəmiyyətli yanılmağa səbəb olmağa gətirib çıxarmışdır. Qeyd etmək lazımdır ki, cavabdeh məhkəmənin iddia tələbinə münasibətə gəlmiş olduğu qənaəti qismən qəbul etmiş olsa da, görünən odur ki, məhkəmə tərəflər arasında hazırkı mübahisə üzrə işin digər hallarına münasibətdə hüquqi qiymət verməyə diqqət göstərmədiyi üçün ədalətli və qanuni məhkəmə aktı qəbul etməmişdir. Hesab edilir ki, məhkəmə icarə müqaviləsi üzrə cəriməni tutarkən, cavabdehin həmin icarə obyektində aparmış olduğu təmirə kifayət qədər qoymuş olduğu xərci, bu xərc nəticəsində iddiaçının icarə obyektində yaranmış yaxşılaşdırma işlərini, belə bir yaxşılaşdırma nəticəsində icra obyektinin gələcəkdə icarə xərclərinin daha yüksək olmaqla icarəyə verilə biləcəyini, eyni zamanda icarə obyektində cavabdehin təmirdən sonra qısa müddətdə yəni, cəmi 3 ay müddətində icarədə qalmasını və icarə obyektindən gedərkən bir çox yaxşılaşdırmanın icarə obyektində qalmasını lazımınca nəzərə almayaraq yenidən cavabdehdən 7200 manat cəriməni tutmağı ədalətli və qanuni hesab oluna bilməz. Belə ki, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almış olsaydı, cavabdehdən daha aşağı məbləğdə cərimə tutulmasına dair qənaətə gələ bilərdi. Çünki, icarə obyektinə qoyulmuş təmir və çəkilmiş xərclərin mövcudluğu aksiomadır. Eyni zamanda cavabdehin icarə obyektində qısa zaman ərzində qalması da iddiaçı tərəfindən də etiraf edilmişdir. Obyektin tam təmir olunmasından sonra onun icra haqqı dəyərinin artrmasının da sübuta ehtiyacı yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

2. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçı və cavabdehin vəkili ərizə ünvanlayaraq məhəkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

3. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

4. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

5. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

6. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Həmin Məcəllənin

7. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsi (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir.

11. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı, yəni icarəyə verən icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, icarəçi, yəni cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

23. Beləliklə, tərəflər arasında müqavilənin bağlanması, icarə obyektinin cavabdehə təhvil verilməsi, icarə obyektinin bir neçə ay cavabdehin istifadəsində olması, müqavilənin 10 illik müddətə bağlanmasına baxmayaq, cavabdehin icarə obyektindən çıxması və icarə münasibətlərinə birtərəfli qaydada xitam verməsi işin mübahisəsiz hallarını təşkil edir.

24. İşin mübahisəli halı icarə müqaviləsinin 7-ci bəndi ilə bağlıdır. Belə ki, həmin bəndə əsasən müqavilənin ləğv edilməsi tərəflərin altı ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əlavə olaraq qarşılıqlı razılığa gəlinmədiyi təqdirdə etiraz edən tərəf qarşı tərəfə aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəməsidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində dolayı yolla müqavilə şərtinə uyğun olaraq 6 aylıq xəbərdarlıq etmədən, obyekt işləmədiyindən 2022-ci ilin sentyabr ayından obyektdən çıxaraq müqavilə şərtlərini pozduğunu, eyni zamanda bunu icarəyə verənə bildirdiyini, onun belə etdiyi təqdirdə cərimə ödəyəcəyini, müqavilə şərtlərini pozduğunu icarəyə verənin cavabdehə xəbərdalıq etdiyini etiraf etmişdir.

26. Həmçinin icarə müqaviləsinin 7-ci bəndini hüquqi savadı olmadığından icarə haqqının 10 misli məbləğində cərimə ödəməsi kimi başa düşməməsi dəlilinə münasibətdə kollegiya bildirir ki, cavabdeh icarə müqaviləsini oxuyaraq 6 aylıq xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə xitam verəcəyi təqdirdə aylıq kirayə haqqının 10 misli məbləğində cərimə ödəmək şərtini qəbul etmiş, müqavilə imzalanan zaman etiraz etməmiş və imzası ilə təsdiq etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh icarə obyektinin yaxşılaşdırılması üçün əlavə xərclər çəkdiyini, avadanlıqlar aldığını qeyd etsədə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

28. Kollegiya qeyd edir ki, apellyator cərimənin daha aşağı həddə tutulmasını qeyd etsədə hansı məbləğdə olmasını qeyd etməmiş və əsaslandırmamışdır.

29. Qeyd olunan halları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən 7200 manat cərimənin tutulmasına dair qənaətini ədalətli və ağlabatan hesab edir. Belə ki, məhkəmə cavabdehin icarə obyektindən istifadə edərək icarə haqqını ödəmədiyi, 6 aylıq müddət ərzində iddiaçıya ən azı 6000 manat, müqavilə şərtinə əsasən növbəti ilin bir ayını da nəzərə alaraq 1200 manat icarə haqqı ödənilməli olduğunu qənaətinə gəlmişdir.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-810/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar