Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-497/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-426/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən 06 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 90748,70 manat malların dəyəri, 16334,77 manat isə ƏDV borcu olmaqla, cəmi 107084,04 manat borc və ilkin mediasiyaya dəvət olunması iştirak olunmamasına görə ödənilmiş 400 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli e-2-2(113)-426/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən ƏDV daxil 107083,47 manat əsas borc və 400 manat mediasiya xərci cəmi 107483,47 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh “X1” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən “Satıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı”ya satılan malların təhvil verilməsini öhdəsinə götürür. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmiş, halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhviltəslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməli idi. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı “X1” MMC arasında 06 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə əlavə razılaşdırma protokoluna əsasən malı və yaxud malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və 90748,70 manat məbləğində borcu, o cümlədən ƏDV kimi hesablanmış 16334,77 manat, cəmi ƏDV daxil 107084,04 manat məbləğində borcu ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 01.08.2020-ci il tarixli üzləşmə aktına əsasən alıcı “X1” MMC-nin satıcı İddiaçı MMC-yə ƏDV daxil 107084,04 manat məbləğində borcu vardır. Həmin akt iddiaçı və cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmçinin 16.05.2020-ci il tarixli EBAJ seriyalı 972131 nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV daxil 107083,47 manat məbləğində mallar satılmışdır. Göründüyü kimi tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi həm üzləşmə aktı, həm də cavabdehin etiraz etmədiyi elektron qaimə ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 107083,47 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təqdim etməsəydi, cavabdehin direktoru üzləşmə aktını imzalamaz və möhürlə təsdiq etməzdi, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Qeyd olunan hallar isə iddiaçı tərəfindən müqavilədə göstərilən malların təhvil verilməsini, cavabdeh tərəfindən bu halın təsdiq etməsini və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-426/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-497/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-497/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver