Məhkəmə qərarları › İş №2-2(103)-498/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-498/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-498/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 526/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh1 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASCdən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 29 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4643 saylı rəyi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə iddiaçıya olan əsas borcu 13.064,18 manat, faiz borcu 4.576,72 manat, illik 5 faizlə borcu 480,83 manat məbləgində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 29 noyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 14691.33 manat əsas borc, 8844.25 manat faiz borcu, 8621.03 manat cərimə borcu, xx.xx.2022-ci il il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 608,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 32765,41 manat borcun və 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 29 noyabr 2019cu il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 30 aprel 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləgi kapitallaşdırılmaqla 14691.33 manat müəyyən edilmişdir. Müqavilə üzrə kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehlər tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 14691.33 manat əsas borc, 8844.25 manat faiz borcu, 8621,03 manat cərimə borcu, xx.xx.2022-ci il il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 608,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 32765.41 manat borc və 206 (mediasiya xərci olaraq ödənilmişdir) manat pul cavabdehlərdən tutulmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, 29 noyabr 2019-cu il tarixli 22-MZ2-1-0-563-19 saylı kredit müqaviləsi üzrə 13064,18 manat əsas borc, 4576,72 manat faiz borcu, 650 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 480,83 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18771,73 manat borcun və mediasiya xərcinə görə 125,58 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 15.000 manat məbləğində pul cavabdehə ödənilmişdir. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 13.064,18 manat, faiz borcu üzrə 4.576,72 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə iddianın dəbbə pulunun tutulmasına münasibətdə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləginə gündəlik borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 05% məbləgində dəbbə pulu hesablanır. Belə ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 650 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə ekspert rəyi ilə hesablanmış 480,83 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsinin ləğv edilməsino, iddia tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2019cu il tarixində imzalanmış, davamında bütün dünyada koronavirus epidemiyası başlamış, buna uyğun olaraq 02 mart 2020-ci il tarixindən başlayaraq 04 may 2020-ci il tarixinə kimi ölkə ərazisində tam məhdudiyyətli karantin rejimi tətbiq edilmiş, 04 may 2020-ci il tarixində sahibkarlıq sahəsində fəaliyyətin bərpası təmin edilsə də, 2020-ci ilin iyun ayından yenidən məhdudiyyətlər tətbiq edilmiş və bəzi xidmət sahələrinin fəaliyyəti yenidən dayandırılmışdır ki, həmin xidmət sahələrinin biri də Cavabdeh1 tərəfindən göstərilən xidmət kateqoriyası olmuşdur. Faktiki olaraq cavabdeh Laçın Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və həmin dövrdə ayrılmış kredit vəsaiti də məhz dövriyyə vəsaitinin artılması məqsədi ilə cavabdeh sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş kredit olmuşdur. Sərtləşdirilmiş karantin dövründə sahibkarlıq sahəsində məhdudiyyətlərin olmasını nəzərə alaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icrası mümkünsüz olmuşdur ki, belə olan təqdirdə iddiaçı tərəfindən müqavilə münasibətlərinin cavabdehin məsuliyyətindən irəli gələrək müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini icra etməməsi halına istinad etməsi hesab olunur ki, doğru olmazdı. Cavabdehin öhdəliklərini icra etməməsi birbaşa onun iradəsi xaricində baş vermiş halla bağlıdır ki, bu halda onun məsuliyyəti bu hissədə istisna edilməlidir. Hətta bununla bağlı cavabdehin Mərkəzləşdirilmiş Kredit Reyestrində faktiki olaraq xüsusi qeyd mövcuddur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamışdır. Kreditor olaraq iddiaçının xüsusi olaraq məlumatlandırılmasına ehtiyac olmamışdır, lakin cavabdeh bununla bağlı dəfələrlə həm iddiaçıya, həm də Mərkəzi Banka müraciətlər ünvanlamışdır. Bu anlamda baş verən məhdudiyyətləri cavabdehin əvvəlcədən bilməsi mümkün olmamaqla bərabər baş vermiş halları qismən və ya tam ortadan qaldırıması da onun iradəsi xaricində olmuşdur. Məhz respublika ərazisində koronavirus epidemiyası elan olunduğundan və cavabdehin xidmət göstərdiyi xidmət sahəsinin uzun müddət fəaliyyət göstərmədiyindən və bu hal cavabdehin iradəsi və əvvəlcədən bilməsi mümkün olmayan hallardan irəli gəldiyindən və buna uyğun olaraq ayrılmış kredit vəsaiti üzrə alınmış məhsulların satışı realizə oluna bilmədiyindən hazırki mərhələdə iddiaçının kredit müqaviləsi üzrə eyni zamanda həm əsas, həm faiz, həm cərimə, həm də əldən çıxmış fayda kimi 5% borc məbləğinin tələb edilməsi doğru olmazdı. Faktiki olaraq xidmət sahələrinin uzun müddət bağlı olması və məhdud fəaliyyət göstərməsi səbəbindən onsuz da iqtisadi cəhətdən ağır vəziyyətə düşmüş cavabdeh həm də alınmış məhsulları vaxtında və lazımı qaydada realizə imkanından məhrum olmaqla iqtisadi cəhətdən daha da ağır vəziyyətə düşmüşdür. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə zərər faktını istinad etməklə pul vəsaitinin qaytarılmasını əldən çıxmış fayda kimi xarakterizə etsə də, hazırki situsiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin 1 və 2-ci bəndlərinə istinad edilməklə həll edilməli idi. Faktiki olaraq zərər vurma faktı o zaman olardı ki, cavabdeh ona ayrılmış kredit vəsaitini istifadə edərək onun əvəzini qəsdən ödəməsin və ya qabaqcadan ona bəlli olması mümkün olan hallara istinadən geri qaytarmasın. Hazırki işə münasibətdə cavabdeh faktiki olaraq xidmət sahəsinin uzun müddət fəaliyyət göstərməməsi səbəbindən özü də zərərə məruz qalmış, bu zərər nəticəsində götürülmüş kreditin faizlərlə birlikdə qaytarılmasına nail ola bilməmişdir. Bu anlamda məhkəmə baş vermiş halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458-ci maddəsinə istinadən borclunun məsuliyyət ölçüsünü azalda bilərdi. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçı 8621,03 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etsə də, məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 4.8-ci bəndinə istinad etməklə dəbbə pulunun tutulması qənaətinə gəlmişdir. Bu anlamda iddiaçının tələbi bu hissədə qeyri müəyyəndir. Mülki qanunvericilik dəbbə pulu anlayışından cərimə, dəbbə və zərər anlayışını fərqləndirilmiş, hansı hallarda həmin məbləğlərin tutulması imkanını nəzərdə tutmuşdur. Tərəflər arasında imzalanmış müqavilənin 4.8-ci bəndində iddiaçı (kreditor) tərəfindən dəbbə pulu anlayışından istifadə edildiyindən bu zaman məhkəmə mülki məcəllənin 463-cü maddəsinə istinadən tərəflər arasında əsas öhdəlik barədə razılaşmadan əlavə dəbbə pulu ilə bağlı razılaşmanın olub-olmamasını aydınlaşdırmalı idi. Məhz həmin maddənin 463.1-ci maddəsində qeyd edilmişdir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından aslı olmayaraq yazılı formada bağlanmışdır və əksi halda həmin hissə etibarsızdır. Bu anlamda kredit müqaviləsində dəbbə pulu anlayışından istifadə edilməsi iddiaçıya hüquq vermir ki, dəbbə pulunun ödənilməsini cavabdehdən tələb etsin. xx.xx.2020-ci il tarixinli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixində Əlavə Saziş imzalanmış və həmin sazişə əsasən gecikdirilmiş faiz və cərimə borcu məbləği kapitallaşdırılmaqla borc məbləği 14691,33 manat həddində müəyyən edilmişdir ki, bu hal faktiki olaraq faiz və cərimə borcunun hesablanması ilə bağlı kreditor olaraq iddiaçı kimi cavabdehə koronavirus pandemiyası dövründə müəyyən güzəştlərin tətbiqi edilmədən həmin məbləğlərin yenidən əsas borc kimi xarakterizə edilməklə həmin məbləğə yenidən faiz və cərimə borcunun hesablanmasında öz əksini tapmışdır ki, bu hal hesab edirik ki, hüquqdan sui-istifadə kimi xarakterizə olunmalıdır. Faktiki olaraq cavabdeh onsuz da kredit müqaviləsini imzaladıqdan sonra xidmət sahəsinin fəaliyyətinin dayandırılması səbəbindən daha da ağır vəziyyətə düşmüş və bu vəziyyətdən istifadə edən iddiaçı öz hökmran mövqeyindən istifadə etməklə cavabdehi daha da ağır vəziyyətə salmışdır. Halbuki iddiaçı hazırki iş üzrə cavabdehin koronavirus pandemiyası səbəbindən sahibkar kimi təsirləndiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlər” də nəzərdə tutulan halları tətbiq etməklə pandemiyadan birbaşa təsirlənmiş sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi üçün addımlar atamlı, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməli idi. Hər nə qədər banklara tövsiyyə verilsə də, cavabdehin maliyyə vəziyyətə nəzərə alınmaqla kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması həyata keçirilə bilərdi. Lakin iddiaçı requlyativ tədbirlərdə nəzərdə tutulan halları nəzərə almamış, gecikmiş faiz və cərimə borcu məbləğlərini restrukturizasiya edərək həmin məbləğlərin sadəcə müddətini uzatmışdır. Bu isə hesab edirik ki, hüquqdan sui-istifadə də öz əksini tapır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə xx.xx.2020-ci il tarixində kapitallaşdırılmış borc məbləğinin əsas borc məbləğini ehtiva edib-etməməsini, cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla qalıq əsas borc məbləğinin həqiqətən də iddiaçının tələb etdiyi əsas borc məbləği ilə uyğunluq təşkil edib-etməməsini sübut etməmiş, bununla bağlı yalnız ekspert rəyinə istinad etmiş, faktiki olaraq iddiaçı tərəfindən silinmə ardıcıllığına riayət edilməsi sübut edilməmişdir. Halbuki bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlə çıxılmalı idi. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc alığı məbləğinə hesablanır. Yəni borc öhdəliyi qismən icra olunduqda qalıq məbləğlə yanaşı, həmin borc üzrə yaranmış faiz məbləği də müvafiq qaydada azalır. Bu hissədə hər nə qədər ekspert rəyinə istinad olunsa da, həmin ekspert rəyinin tam həqiqiliyini əks etdirdiyini qəbul etmək doğru olmazdı. Bundan başqa məhkəmə cavabdehin müqavilə üzrə öhdəlikləri icra etməməsi qənaətinə gəlsə də, mövcud vəziyyətin yaranmasında cavabdehin təqsirli olub-olmamasını, öhdəlik münasibətlərinin cavabdehin iradəsindən aslı olub-olmamasını aydınlaşdırmamış və bu halları sübut edə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında müqavilə bağlanan dövrdə mövcud olmuş redaksiyada) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 445.7-ci maddə-bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 470.1-ci maddə-zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddə-borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2.-ci maddə-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh (əsas borclu) Cavabdeh1 tərəfindən qismən –iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Cavabdeh1 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüş, öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi halda kredit və faizlər banka ödənilməmiş, bank xx.xx.2022-ci il tarixdə kredit borcunun tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İşdəki hesabdan çıxarışdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4643 saylı rəyindən görünür ki, borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən öhdəliyin icra müddətinin bitdiyi tarixədək kredit müqaviləsi üzrə əsas borcun məbləğinin 13064,18 manat, faiz borcunun 4576,72 manat olduğu müəyyən edilmiş, birinci instansiya məhkəməsi tərəfindən bankın iddiası ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər həddində təmin edilmişdir. Əsas və faiz borcu hissəsində məhkəmənin iş üzə gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndinə əsasən kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləginə gündəlik borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən bankın hər gecikdirilən gün üçün 05% məbləgində dəbbə pulu hesablamaq hüququ olduğundan 650 manat dəbbə pulu tutulması hissəsində qətnamə qanuni və əsaslı, tutulmuş cərimənin məbləöi isə formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab edilir. MM-nin 462.1-ci maddəsində dəbbə pulu anlayışının cərimə, penya anlayışları ilə eyni mənaları ifadə etdiyi qeyd edildiyindən apellyasiya şikayətində bu anlayışların fərqli olduğuna dair qeyd edilənlər əsassızdır.

20. MM-nin 445.7-ci maddəsində kreditorun pul öhdəliyinin icrası gecikdirildiyi təqdirdə borcludan ən azı borcun 5% həddində əldən çıxmış faydanı tələb etmək hüququ nəzərdə tutulduğundan cavabdehdən bu normaya əsasən 480,83 manat pul tutulması hissəsində də qətnamənin ləğvi üçün əsaslar müəyyən edilmir.

21. Kredit götürdükdən sonra koronavirus pandemiyasının başlaması ilə əlaqədar borcalanın gəlir əldə edə bilməməsi və bununla əlaqədar krediti qaytarmaq imkanı olmaması barədə dəlilləri bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə fors major halla bağlı borcalanın krediti və faizləri ödəmək öhdəliyinin icrasından azad edən şərt nəzərdə tutulmamışdır. MM-nin 448.4-cü maddəsində nəzərdə tutulmuş fors major hallar isə borclunu öhdəliyin icrasından azad etmir, yəni hər bir halda bankdan götürülmüş kredit və faizləri ödənilməlidir. Həmin norma borclunu qanunda göstərilmiş əsaslar baş verdikdə öhdəliyin pozulmasına görə məsuliyyətdən, yəni cərimə və zərərin ödənilməsindən azad edir. Hazırkı halda isə sahibkar kredit götürərkən müxtəlif səbəblərdən gəlir əldə etməmə və gəlilərinin azalmasının mümkünlüyü ehtimalını əvvəlcədən bildiyindən və ya bilməli olduğundan MM-nin 448.1-ci maddəsinə əsasən öz risk dairəsinə aid öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır və MMnin 448.4-cü maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 526/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-526/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar