Məhkəmə qərarları › İş №2-2(103)-498/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-498/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-498/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2645/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16195 (on altı min yüz doxsan beş) manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-549/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və icraatın təzələnərək mahiyyəti üzrə baxılması haqqında qərar qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-549/2021 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(113)-2645/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 16195 (on altı min yüz doxsan beş) manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 16225 (on altı min iki yüz iyirmi beş) manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2645/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e2-2(113)-2645/2024 saylı qətnaməsindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(113)-2645/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra qeyd edilən qətnamədən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş və şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2645/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(113)- 2645/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2-2(113)-2645/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2645/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16195 manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla,cəmi 16225 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə cavabdeh tərəfə vaxtında təqdim edilmədiyindən qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, lakin düzgün qaydada elektron məhkəmə sisteminə yerləşdirilmədiyindən şikayət qəbul edilməmişdir. Apellyasiya qaydasında şikayət verilməsi ilə əlaqədar yazışmalar getsə də, üzrlü səbəbdən müddətin bərpasına nail olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi ərizəni rədd etməklə cavabdehin məhkəmə mübahisəsini davam etdirmək hüququndan məhrum etmişdir. Halbuki şikayət vermə müddəti məhz üzürlü səbəbdən mübahisə davam etdirilərkən pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(113)-2645/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Hazırkı halda EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin qanuni nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə (təsdiq edilmiş elektron ünvan yəni e-maili vardır) yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisi müddətin bərpa edilməsi barədə ərizələr ilə müraciət etsə də (xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində) apellyasiya şikayətini ilk dəfə xx.xx.2025-ci il tarixdə, yəni qətnamə rəsmi qaydada verildikdən 7 ay sonra vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti buraxılmışdır. Digər tərəfdən cavabdeh müddətin bərpa edilməsi barədə ərizədə apellyasiya şikayətinin verilməsi müddətinin üzürlü səbəbdən buraxılmasına dəlalət edən konkret hallara istinad etməmişdir. Birinci dəfə verdiyi apellyasiya şikayətinin məhkəmə tərəfindən geri qaytarılması barədə cavabdehin ərizəsində göstərdiyi dəlillərə münasibətdə kollegiya bir daha vurğulayır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti birinci dəfə də prosessual müddət buraxılmaqla (qətnamə verildiyi tarixdən 7 ay sonra) verildiyindən cavabdehə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olmuş nöqsanların aradan qaldırılması üçün vaxt tələb olunması müddətin buraxılmasının üzürlü səbəbi kimi nəzərə alına bilməz. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2645/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar