Məhkəmə qərarları › İş №2-2(103)-5/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-5/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-5/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Rəşad oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 fevral 2018-ci il tariхli, 109876- 483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 247654.87 (iki yüz qırx yeddi min altı yüz əlli dörd manat, səksən yeddi qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 111962.57 (bir yüz on bir min doqquz yüz altmış iki manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 359617.44 (üç yüz əlli doqquz min altı yüz on yeddi manat, qırx dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650.59 (altı yüz əlli manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.mdən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə 15 fevral 2018- ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə 238024,08 manat əsas borc və 84886,41 manat faiz borcunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, qeyd olunan əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ipoteka qoyana qaytarılması, ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.mdən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 985.000 manat məbləğində müəyyən edilməsi, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 649,62 manat dövlət rüsumu, 400 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, 14 noyabr 2022 tarixli 9/7065 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 200 manatın (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq 300 manatın Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, "xxxx" MMCyə (VÖEN: **********, ABB Nərimanov Filialı, M/H: AZE03NABZ 013501**********2944, SWİFT: İBAZAZ2X, İBAN: AZ61İBAZ********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi, iddiaçıya izah olunur ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmaları qərara alınmışdır.

4. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qətnaməsinin qalan hissələri qüvvədə saxlanılmaqla, borcun tutulması və ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və qeyd etdiyi hallar nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsində kredit borcunun məbləği və ipoteka predmetinin qiyməti işin faktiki hallarına uyğun gəlmir. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə cavabdeh "xxxx" MMC-nin 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) olan ümumi borcu 322.910,49 manat (238024,08 manat əsas borc + 84886,41 manat faiz borcu) məbləğində müəyyən edilmişdir. 14 noyabr 2022-ci il tarixli ekspert rəyini təhlil edərkən müəyyən olunmuşdur ki, ekspertiza düzgün keçirilməmişdir. Belə ki, Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 345033,17 manat (247654.87 manat əsas borc + 97378,30 manat faiz borcu) təşkil edir Kredit müqaviləsi üzrə hesabdan çıxarışdan da görünür ki, cavabdehin sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə olmuş və həmin tarixdən sonra heç bir ödəniş aparılmamışdır. Cavabdehin gecikməsi 1000 gündən çoxdur. Ekspert rəyindən məlum olur ki, ödənişlərin ekspert tərəfindən yalnız əsas və faiz borcundan silinməsi göstərilmişdir. Halbuki, borc üzrə gecikmələr olduqda ödənişlər ilk növbədə dəbbə pulundan, sonra əsas borcdan və faiz borcundan silinir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda silinmələrin hansı qaydada aparılması aydın göstərilir. Lakin, göstərilənləri ekspert öz rəyində nəzərə almamış, ödənişlər hesablanarkən silinmələr yalnız əsas və faiz borcundan aparmış və nəticədə məhkəməyə düzgün rəy təqdim etməmişdir. Həmçinin, ekspert tərəfindən gecikmə günləri də düzgün hesablanmamış və bunun nəticəsində ödənilən vəsaitlərin silinməsi düzgün aparılmamışdır. Ona görə, bank tərəfindən təqdim edilmiş borc məbləği ilə ekspert rəyində göstərilmiş məbləğ arasında böyük fərq (22.122,68 manat) yaranmışdır. Məhkəmə qətnaməsində müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti işin hallarına və həmin əmlakın ümumi bazar dəyərinə uyğun deyildir. Belə ki, məhkəmənin əsas kimi götürdüyü "xxxx" MMC tərəfindən verilmiş rəydə işin hallarına uyğun olmayan metod və vasitələrlə aparılmış və nəticədə əmlaka reallığa uyğun olmayan, açıq-aşkar şişirdilmiş qiymət qoyulmuşdur. Belə ki, ekspert rəyindən görünür ki, həmin rəy ümumi sözlərlə yazılmış, əmlakla bağlı konkret araşdırılma aparılmamışdır. Ekspert rəyində guya müqayisə metodu ilə araşdırma apardığını qeyd edir, lakin müqayisə apardığı əmlakların harada yerləşməsi, ünvanları, həmin əmlakların təyinatı, vəziyyəti göstərilməmiş, qeyri-müəyyən rəqəmlərlə kv.metrin orta qiyməti çıxarılmış və bunun nəticəsində də əmlaka reallıqdan uzaq, şişirdilmiş qiymət qoyulmuşdur. Bundan əlavə, qətnamədə müəyyən edilmiş qiymətin reallığı əks etdirməməsi Bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi ilə də təsdiqini tapır. Belə ki, cavabdehin, yəni ipoteka qoyanın özünün də imzaladığı ipoteka müqaviləsində əmlakın likvid dəyəri 600.000 manat müəyyən edilmişdir. Ekspert rəyində isə əmlakın likvid dəyəri 985.000 manat müəyyən edilmişdir. Əmlakın bu müddət ərzində dəyərinin 60 % həcmində artması reallığı əks etdirmir. Rəyə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, əmlakın dəyəri olduğundan daha artıq qiymətləndirilmişdir.

7. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ayrı-ayrılıqda 5 dəfə olmaqla ümumilikdə 300.000 manat məbləğində kredit götürüb və bu borcdan 141.367 manat ödəniş edib. Ekspert rəyində əsas borc 238.000 manat, faiz borcu isə 84000 manat olaraq göstərilib. Ödəniş faizdən deyil, əsas borcdan çıxılmalıdır. Əsas borc məbləğindən ümumi ödənilən məbləği çıxdıqda 158.632,94 manat əsas borc qalmalı idi. Əsas borca nisbətdə qeyd olunan məbləğ tutulmalıdır. Belə ki, cavabdehin ödədiyi ödənişlərin əsas borc üzrə hesablanması lazımdır. Lakin təəssüf ki, ekspert rəyində bu hal nəzərə alınmayıb və məhkəmə də ekspert rəyinə istinad etməklə səhvə yol vermişdir. İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi hissəsində məhkəmənin hansı qiyməti nəzərə alması əsasdır. Belə ki, qiymətləndirmə zamanı ipoteka predmetinin 1.150.000 manat bazar qiyməti, 985.000 manat likvid dəyəri qeyd olunmuşdur. Lakin təəssüf ki, məhkəmə bu hissədə də ipoteka predmetinin likvid dəyərini əsas götürməklə səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

11. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;

17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

23. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

24. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

25. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

26. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

27. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.

28. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

29. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

30. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

37. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə əsas vəsaitlərin artırılması məqsədilə illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit xətti açılmışdır.

38. Ödəniş cədvəllərindən məlum olur ki, 36 ay müddətinə, 21% dərəcəsi ilə 10.000 manat, 9.740,17 manat, 95.654,19 manat, 89.654,82 manat, 147.328,8 manat, 145.137,72 manat məbləğində vəsait İddiaçı ASC trərəfindən Cavabdeh3 MMC-yə ayrılmışdır.

39. Cavabdeh1 və İddiaçı ASC arasında imzalanmış 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli ipotеka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

40. İddiaçı ASC xx.xx.2021 tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasını xahiş etmiş, bununla bağlı xx.xx.2021 tarixində 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənişi etmişdir.

41. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 14 noyabr 2022 tarixli 9/7065 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 15 fevral 2018-ci il tarixli 109876- 483925/1 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixə (sualda soruşulan tarixə) olan ümumi borcu 322.910,49 manat (238024,08 manat əsas borc və 84886,41 manat faiz borcu olmaqla) məbləğində müəyyən edilir, o cümlədən: 23 fevral 2018-ci il tarixdə istifadə edilmiş 150.000,00 manat üzrə: əsas borc üzrə - 123566,64 manat, faiz borcu üzrə - 43898,28 manat, 28 mart 2018-ci il tarixdə istifadə edilmiş 100.000,00 manat üzrə: əsas borc üzrə - 76088,45 manat, faiz borcu üzrə - 28424,24 manat, 14 may 2018-ci il tarixdə istifadə edilmiş 10.000,00 manat üzrə: əsas borc üzrə - 7853,81 manat, faiz borcu üzrə - 2551,80 manat, 18 may 2018-ci il tarixdə istifadə edilmiş 20.000,00 manat üzrə: əsas borc üzrə - 15210,69 manat, faiz borcu üzrə - 4691,23 manat, 31 may 2018-ci il tarixdə istifadə edilmiş 20.000,00 manat üzrə: əsas borc üzrə - 15304,49 manat, faiz borc üzrə 5.320,86 manat. Aparılmış tədqiqatın dəyəri 200 manat olmuşdur.

42. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 30 noyabr 2022 tarixli 24/22 nömrəli rəydə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinin 1.150.000 manat bazar dəyəri və 985.000 manat likvid dəyəri müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat olmuşdur.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə arasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 fevral 2018-ci il tariхli, 109876- 483925/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində krеdit xətti açılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır.

44. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə mühasibatıq ekspertizası nəticəsində verilmiş ekspert rəyini nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcu hissəsində qismən əsaslı olmaqla təmin edilməli, 238024,08 manat əsas borc və 84886,41 manat faiz borcu Cavabdeh3 MMC-dən tutulmalıdır.

45. Tərəflər apellyasiya şikayətlərində məhkəmənin keçirdiyi mühasibatlıq ekspertizasının nəticələrini qəbul etməmiş və ekspert rəyi mübahisələndirilmişdir.

46. İddiaçının mövqeyinə görə ekspert dəbbə pulunu əsassız olaraq hesablamamış, cavabdehin mövqeyinə görə isə ekspert əsassız olaraq ödənişi əsas borca silməmiş, faiz borcuna silmişdir.

47. Kollegiya hər iki tərəfin mövqeyini əsassız hesab edir. Belə ki, ekspert dəbbə pulunun hesablanması üçün cərimə ilə bağlı hesabdan çıxarışın zəruri olduğunu və ona görə hesablanmadığını qeyd etdiyindən və ödənişi faiz borcuna silməsi (MM-nin 432.4-cü maddəsinin tələblərinə uyğundur) onun əsas borc və faiz borcu ilə bağlı gəldiyi qənaət qanuni və əsaslıdır. Ekspert rəyi mötəbərdir. Odur ki, kollegiya hesab etmişdir ki, təkrar mühasibatlıq ekspertizasının keçirilməsi üçün zərurət olmamışdır.

48. Məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəlməli, qeyd olunan əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ipoteka qoyana qaytarılmalı, ipoteka predmetinə tutma yönəldildikdə, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyər) 985.000 manat məbləğində müəyyən edilməlidir.

49. Tərəflər ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə apellyasiya şikayətlərində dəlillər irəli sürmüşlər. İddiaçı qiymətin şişirdilməsinə, cavabdeh isə süni şəkildə azaldılmasına istinad etmişdir. Tərəflərin dəlillərini yoxlamaq məqsədilə kollegiya məhkəmə əmtəəşünaslıq ekspertizaları (2 dəfə-biri özəl, biri dövlət təşkilatı) keçirmişdir.

50. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 10/9985-9/10110 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri 561666 manat və likvid dəyəri 505500 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 50 manat olmuşdur.

51. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 17 fevral 2025-ci il tarixli, 22-052/25 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri ******* manat və likvid dəyəri ******* manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 50 manat olmuşdur.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

53. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Göründüyü kimi yuxarıda qeyd edilən cəmi 2 ədəd özəl təşkilatlar tərəfindən verilmiş rəylərin bazar və likvid qiymətlə bağlı müəyyən etdiyi məbləğlər yaxındır, lakin dövlət təşkilatının verdiyi rəy kəskin şəkildə aşağıdır. Onların içində ən aşağı məbləğ Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ağlabatan və real olduğuna görə kollegiya hesab edir ki, ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Beləliklə tərəflərin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilləri əsassızdır.

55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı və cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-107/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 50 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin bank hesabına (ABB kod 805711, VÖEN **********, Müxbir Hesab AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar