Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-50/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə qarşı “pul” tələbinə dair kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin cavabdeh Türkiyə Respublikasının “X1 Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2- 2(113)-2391/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubunda cavabdehə göstərimiş stansiya xidmətlərinə görə xx.xx.2021-ci il tarixinə olan 234968,11 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. Dəyəri tələb edilən xidmətlərlə bağlı yığım və yaddaş vərəqələri iddia ərizəsinə əlavə edilmişdir.
2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə "xxxx" QSC tərəfindən “X1 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlar barədə arayışdan görünür ki, tələb olunan borc Şabran və H.Z.Tağıyev stansiyalarında iddiaçıya məxsus vaqondan (konteynerdən) istifadə, yol haqqı hesablanması (dərkənar), ünvandəyişmə üzrə, ümumilşdirilmiş vahid yığımlardan ibarətdir. Həmin arayışda borcun 325865,46 manat olduğu qeyd edilmişdir. Tərəflərin izahatlarından görünür ki, borcla bağlı cavabdeh gndərilmiş elektron qaimələr etiraz bildirildiyindən ləğv edilmişdir.
3. İddia ərizəsinə əlavə edilmiş səndlərdən görünür ki, idiaçı iddia ərizəsi verilməsinə görə 216 manat dövlət rüsumu, mediasiya sessiyasında iştirakla bağlı xx.xx.2022-ci il tarixli, MŞB/6-1840 saylı arayışa əsasən 400 manat məbləğində mediasiyaya xərci ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" QSC xx.xx.2022-ci il tarixdə cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 325.865,46 manat borc, 616 manat ödənilmiş dövlət rüsumu, cəmi 326481.46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Şabran və H.Z.Tağıyev Çeşidləmə stansiyalarında göstərilmiş xidmətlərə görə (“ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi) cavabdehə 325.865,46 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.
6. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsində qeyd edilən hallar mövcud olmamışdır. İşlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə mövcud olmamışdır. İşlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı olaraq tərəflər arasında təhvil-təslim aktları mövcud deyildir. İşlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı olaraq elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilən sənədlərin heç birində cavabdehin səlahiyyətli şəxsinin imzası və cavabdehin möhürü yoxdur; İddiaçı tərəfindən, cavabdehə xidmət göstərilməsi ilə bağlı olaraq qarşılıqlı təsdiqlənmiş hər hansı bir sənəd mövcud deyil. İddia olunan xidmətlərin kolin tərəfindən istifadə edilməsini təsdiq edən qanuna müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) əks olunan hüquqi mövqeyinə görə: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Konstitusiya Məhkəməsinin Plenum Qərarında əks olunan sübut etmə faktlarının hər hansı biri iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2391/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmir. İddiaçı iddia ərizəsində iddiaçının Şabran və H.Z.Tağıyev çeşidləmə stansiyalarında göstərilmiş xidmətlərə görə (“ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi) cavabdehə 325.865,46 manat yığım hesablandığını göstərmiş, cavabdeh iddiaya etiraz edərək, iddiaçıya məxsus həmin stansiyalardan cavabdeh tərəfindən ümumiyyətlə istifadə edilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
9. İddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız iddiaçı tərəfindən tərtib edilmiş arayış, yığım və yaddaş vərəqələri təqdim edilmiş, həmin sənədlərdə iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə məxsus vaqonların yüklənməyə verilməsi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş yığım və yaddaş vərəqələrində onların kim tərəfindən hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin vərəqələr nə iddiaçı, nə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədlərin əsli deyil, surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
10. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 325.865,46 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, xidmətlərin göstərilməsini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2391/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “iddiaçı tərəfindən təqdim edilmiş yığım və yaddaş vərəqələrində onların kim tərəfindən hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin vərəqələr nə iddiaçı, nə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədlərin əsli deyil, surətləri məhkəməyə təqdim edilmişdir”. Bununla bağlı qeyd edilir ki, stansiya xidmətlərinin göstərilməsi üçün ilkin tərtib olunmuş sənəd olaraq ADY-nin xx.xx.2018-ci il tarixli 66/S saylı əmri ilə təsdiq edilmiş “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” çıxış edir. Stansiya xidməti göstərilən müştəriyə məxsus vaqonlara stansiya xidməti göstərilməyə başlanıldığı andan Yaddaş vərəqəsi açılır, xidmətlər bitdikdən sonra yaddaş vərəqəsi bağlanır və stansiya rəisi, stansiyanın yük xəzinədarı və stansiya xidməti göstərilmiş hüquqi şəxsin nümayəndəsinin imzası ilə təsdiq olunur. Daha sonra tərtib olunmuş yaddaş vərəqələri əsasında Əlavə yığımlar üçün yığım vərəqələri (FDU-92) tərtib olunur və göstərilmiş xidmətlərə uyğun xidmət haqqı hesablanır. Yuxarıda göstərilən sənədlər stansiya yığımının hesablanmasını təsdiq edən sənədlər hesab olunur. Lakin məhkəmə nədənsə həmin sənədləri sübut qismində qəbul etməmişdir. Bundan başqa qeyd edilən sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin sənədlərin əsillərini tələb etməmişdir. Birinci instansiya məhkəməsinin digər arqumenti ondan ibarət olmuşdur ki, “iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz”. Lakin elektron məhkəmə portalına yüklənmiş yuxarıda qeyd edilən sənədlər kifayət qədər aydın və oxunaqlı olmuşdur. Bundan başqa məhkəmə iclasında sözügedən sənədlər kağız formada da məhkəməyə təqdim olunmuşdur. Məhkəmə prosesində işə baxan hakim sənədlərin oxunaqlı olmaması və aydın olmaması ilə bağlı hər hansı iradını bildirməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
14. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Nümayənd əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İlk öncə mübahisə tərəflərindən cavabdeh xarici hüquqi şəxsin Azərbaycan Respubikasındakı nümayəndəliyi olduğundan işə baxılmasının Bakı Kommesiya Məhkəməsinin səlahiyyətinə aid olub-olmadığına hüquqi qiymət verilməlidir.
19. MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İş materiallarına əlavə edilmiş Əsasnaməyə əsasən Türkiyə Respublikasının hüquqi şəxsi olan “X1 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasında Nümayəndəliyi olduğundan Bakı Kommesiya Məhkəməsi mübahisəyə baxmağa səlahiyyətli olmuşdur.
20. “Dəmir yolu stansiyasiyaları tərəfindən göstərilən xidmətlərə görə yığımların hesablanması və tətbiqi” Qaydalarının 7-ci bəndində vaqon və konteynerlərdən istifadəyə görə tətbiq edilənyığımın hansı qaydada hesablanmalı olduğu qeyd edilmiş, həmin qaydaların 3.3-cü bəndində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərə məxsus olan dəmir yollarına və ya icarəyə verilmiş stansiya yollarına vaqonların verilib-götürülmə məsafəsi və eyni vaxtda ötürülə bilən vaqonların sayı ADY ilə həmin hüququ və fiziki şəxslə arasında bağlanmış müvafiq müqaviləyə əsasən müəyyən olunur.
21. İddiaçı iddia ərizəsində qeyd edir ki, tələb olunan borc cavabdehə göstərilmiş stansiya xidmətinə görə hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında qeyd edilənlərə əsasən, borcun əsas hissəsi iddiaçı tərəfindən vaqonlarn istifadəyə verilməsi ilə bağlı hesablanmışdır. Belə olanda tərəflər arasında bu barədə müqavilə bağlandığını və cavabdehin iddiaçının vaqonlarından istifadə etmək istədiyinə dair iradə ifadəsi, müraciəti olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəflər arasında vaqonlardan istifadə ilə bağlı müqavilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının nümayəndəsi izahatında müqavilənin şifahi bağlandığını qeyd etsə də, iş materialları ilə cavabdehin iddiaçıya məxsus vaqonlardan istifad etməyə iradə ifadəsi oduğunu təsdiq edən hər hansı sübut mövcud deyil. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir.
22. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9153 saylı rəyində xidmət müqaviləsi, mühasibat sənədləri (ödəniş tapşırıqları, mədaxil məxaric orderləri, təhvil-təslim aktları, qaimə fakturalar və s) olmadan “Qəbul təhvilçinin yaddaş vərəqələri” və yığım vərəqləri üzrə hesablama aparmağın mümkün olmadığı qeyd edilmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, təqdim edilmiş “Qəbul təhvilçinin yaddaş vərəqələri” və yığım vərəqləri iddianın əsaslı olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının nümayəndəsi tərəfindən elektron sistemə xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin sədrinin İ müavini Ə.Süleymanov tərəfindən imzalanmış təkrar ekspertiza keçirilməsi barədə vəsatət yüklənmiş, Ə.Süleymanovun iddia ərizəsinə əlavə edilmiş etibarnaməsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən və yeni etibarnamə təqdim edilmədiyindən vəsatətə baxılmamışdır.
24. MPM-nin 78.1-1-ci maddəsin əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. 193.2-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə kağız daşıyıcıda təqdim edilmiş “X1 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasında Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubu (vaqonların boaldılmasında gecikmələrə görə yaranmış borclarla bağlı ( iş materiallarının 1-ci cildi 82ci 2-ci cildi 134-cü vərəq) elektron məhkəmə icraatı materiallarına əlavə edilmədiyindən tədqiq edilməsi qanunla istisna olunur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən normanın tələbinə əsasən iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmədiyi, apellyasiya instansiyası mərhələsində təqdim etdiyi etibarnamələr, yığım və yaddaş vərəqələri məhkəmə tərəfindən qəbul edilmir
26. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci iddiaçı "xxxx" QSC-dən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.