Məhkəmə qərarları › İş №2-2(103)-501/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-501/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-501/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1142/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 4a ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən üçün şəxslərə icarəsi və hər hansı məqsədlə istifadəyə verilməsinin qadağan olunması və icarə obyektindən maliyyə mühasibatlıq sənədlərinin götürülməsinə şərait yaradılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli e-2-2(113)-263/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 4a ünvanında yerləşən icarə obyektinin üçüncü şəxslərin icarə və istifadəsinə verilməsi cavabdehə qadağan edilməlidir. Belə ki, mübahisənin mahiyyətindən aydın şəkildə görünür ki, işə mahiyyəti üzrə baxılana qədər həmin əmlakın üçüncü şəxslərin icarə və ya istifadəsinə verilməsi gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Bununla yanaşı kollegiya hesab edir ki, icarə obyektindən maliyyə mühasibatlıq sənədlərinin götürülməsinə şərait yaradılması hissəsində ərizə rədd edilməlidir. Çünki bu tədbirlə iddia tələbləri arasında hər hansı əlaqə mövcud deyil. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və yuxarıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1142/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 fevral 2021-ci il tarixli qərardadı qismən ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 4a ünvanında yerləşən icarə obyektinin üçüncü şəxslərin icarə və hər hansı məqsədlə istifadəsinə verilməsi Cavabdeh qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar