Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-501/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-282/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında 8 fevral 2008-ci il tarixli 228 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borc alana 8 mart 2008-ci il tarixinədək illik 17% ödənilmək şərtilə 2.400.000 manat məbləğində kredit verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı LPO İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.081.667,04 (bir milyon səksən bir min altı yüz altmış yeddi manat 04 qəpik) manat – bundan 378.576,74 (üç yüz yetmiş səkkiz min beş yüz yetmış altı manat 74 qəpik) manat əsas, 258.778,65 (iki yüz əlli səkkiz min yeddi yüz yetmiş səkkiz manat 64 qəpik) manat faiz, 188.983,17 (bir yüz səksən səkkiz min doqquz yüz səksən üç manat 17 qəpik) manat cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 (iki yüz əlli beş min üç yüz iyirmi səkkiz manat 48 qəpik) manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc və iş üzrə ödənilmiş 731 (yeddi yüz otuz bir) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 1.081.667,04 (bir milyon səksən bir min altı yüz altmış yeddi manat 04 qəpik) manat təşkil edir. Bundan 378.576,74 (üç yüz yetmiş səkkiz min beş yüz yetmış altı manat 74 qəpik) manat əsas, 258.778,65 (iki yüz əlli səkkiz min yeddi yüz yetmiş səkkiz manat 64 qəpik) manat faiz, 188.983,17 (bir yüz səksən səkkiz min doqquz yüz səksən üç manat 17 qəpik) manat cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 (iki yüz əlli beş min üç yüz iyirmi səkkiz manat 48 qəpik) manat faiz borcu təşkil edir.
4. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edir.
5. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edir və bildirir ki, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, ərizə və sübutlar hazırlıq iclaslarında verilməlidir. Cavabdeh tərəfindən qeyd olunan tələb pozulduğu iddia müddətinin tətbiqi barədə ərizə baxış iclasında verildiyi üçün nəzərə alınmamalıdır. Bundan əlavə, tərəflər arasında mediasiya prosesi keçirilmiş və iddia müddətinin axımı kəsilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-282/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artması, habelə mediasiya prosesinin Azərbaycan Respublikası hüquq müstəvisində yeni bir institutun olmasını və bununla da bu institutun spesifikası və praktikası baxımından tətbiqini nəzərə almamışdır. Həmçinin iş materiallarından göründüyü kimi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə elektron məhkəmə icraatı materiallarına xx.xx.2023-cü il tarixində əlavə olunmuşdur. Məhkəmənin iş üzrə baxış iclasının xx.xx.2022-ci il tarixinə təyin olunması barədə qərardad xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Belə olan halda hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin məhkəmədə baxılmağa hazırlaması zamanı ərizənin təqdim edə bilməməsini cavabdeh əsaslandırmamışdır. Belə olan təqdirdə ərizənin məhkəmə baxışı zamanı baxılmağa qəbul edilməsi prosessual qanunvericiliyin pozulmasını aydın göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
12. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
13. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
14. Həmin Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
16. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
20. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavənin şərtlərinə görə kreditdən istifadə müddəti 08 mart 2008-ci il tarixdə başa çatır.
21. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə olmuşdur.
22. Tərəflər arasında mediasiya sessiyasının keçirilməsi barədə arayış isə 14 dekabr 2021-ci il tarixdə verilmişdir.
23. Həmin arayışda tərəflərin ilkin mediasiya sesiyasının yeri vaxtı barədə 10 gün əvvəldən məlumatlandırılması qeyd edilmişdir.
24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsinin mediasiya prosesinin təbiqi barədə 2021-ci ilin sentyabr ayında müraciət etdiklərini bildirmişdir.
25. Kollegiya qeyd edir ki, hətta iddiaçının 2021-ci ilin sentyabr ayında mediasiya təşkilatına müraciət etməsi faktı qəbul edilsə belə, bu sonuncu ödəniş tarixindən xx.xx.2018-ci il tarixdən hesablanmaqla 3 il 2 ay keçdikdən sonra verilmişdir.
26. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
30. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir.
31. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamışdır. Çünki həmin vaxt onun elektron kabineti mövcud olmamış (elektron kabinet xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir), məhkəmə tərəfindən onun ünvanına göndərilən bütün poçt bildirişləri geri qaytarılmış, eyni zamanda heç bir SMS bildiriş göndərilməmişdir. Yalnız 23 yanvar 2023-cü il tarixdə cavabdehin nümayəndəsinin telefon nömrəsinə SMS bildiriş göndərilmiş və bundan sonra da, yəni 27 yanvar 2023-cü il tarixdə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artmasının isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki bu hal heç bir halda müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Həmçinin, mediasiya prosesi iddia müddətinin axımının kəsilməsinə deyil, dayandırılmasına səbəb olur və yuxarıda qeyd edildiyi kimi hətta iddiaçının 2021-ci ilin sentyabr ayında mediasiya təşkilatına müraciət etməsi faktı qəbul edilsə belə, bu hərəkət ödəniş tarixindən (xx.xx.2018-ci il) hesablanmaqla 3 il 2 ay müddət, yəni iddia müddəti keçdikdən sonra edilib və ona görə də, iddia müddətinin hesablanması baxımından əhəmiyyət kəsb etmir.
32. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-282/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn