Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-502/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirvaliollaha qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 Mirvaliollahın nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-178/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirvaliollaha qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Mirvaliollahdan 18000 manat əsas vəsait və 2100 manat dəymiş zərər olmaqla, cəmi 20100 manat, Cavabdeh1 isə 10000 ABŞ dolları əsas vəsait və 1125 ABŞ dolları dəymiş zərər olmaqla, cəmi 11125 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, o, “A-Medikal” klinikasında direktor vəzifəsində çalışır. Əvvəlcədən tanıdığı Cavabdeh1 onu İran İslam Respublikasının vətəndaşı olan həkimfizioterapevt Cavabdeh2 Mirvaliollah ilə tanış etmişdir. 2020-ci ilin yanvar ayında X9 iddiaçıya “A-Medikal” klinikasını işlətmək istədiyini demişdir. Həmin vaxt klinika işləmədiyindən iddiaçı onun klinikanı işlətməsinə razılıq vermişdir. Bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivinin təşkil edilməsi, tibbi ləvazimatın alınması və klinikanın kütləvi informasiya vasitələrində reklamı üçün 18000 manat pul istəmiş, iddiaçı da həmin pulu 2020-ci ilin yanvar ayında adı çəkilən klinikada ona vermişdir. Cavabdeh 3-4 ay ərzində vəd etdiyi prosesi tamamlayacağını bildirsə də, heç bir tədbir görməmişdir. 2019-cu ilin dekabr ayında Cavabdeh1 iddiaçıdan 10000 ABŞ dolları borc istəmişdir. İddiaçı 5-6 aya qaytarmaq şərti ilə onunla razılaşmış və 10000 ABŞ dollarını borc vermişdir. İddiaçı sonradan aldadıldığını görərək cavabdehlərdən verdiyi pulu geri istəsə də, cavabdehlərin heç biri pulun qaytarılması istiqamətində tədbir görməmişdir. Borclular Cavabdeh2 Mirvaliollah və Cavabdeh1 iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, vəsaiti qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişlər. Belə ki, Cavabdeh1 2019-cu ilin dekabr ayında 5-6 aylıq aldığı pulu 2020-ci ilin 6-cı ayından qanunsuz saxlamışdır. 2022-ci ilin sentyabr ayı da nəzərə alınmaqla 27 ay ərzində ödəniş edilməmişdir. X9 isə aldığı pul müqabilində vədini 3-4 ay ərzində yerinə yetirməmiş, 2020-ci ilin may ayından tələb edilsə də, 18000 manat vəsaitini qanunsuz olaraq 28 ay özündə saxlamışdır.
3. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, cavabdehlərin iddiaçı ilə heç bir münasibətləri olmayıb. Klinikanın sahibi – qohumu və həmkəndlisi olan X4r. Sonuncunu Cavabdeh2 Mirvaliollah ilə tanış etmiş və yeni klinakının fəaliyyətə başlamasında hər ikisi kömək etmişdir. İddiaçı isə Azər Əmiraslanovun köməkçisidir. Bütün işlərə nəzarət etmə cavabdehə tapşırıldığından iddiaçı prinsipə düşmüş və hər vəchlə onlara mane olmuşdur. Həmçinin, X7 onu ofisinə dəvət edib avtomobil alması üçün 10000 ABŞ dolları pulu ona bağışlamışdır. “A-Medical” adlı klinika açılacaqdı, həkimlər dəvət edilib həmin klinakada fəaliyyət göstəriləcəkdi. Cavabdeh2 Mirvaliollah klinikanın sahibi – X5 bisnes planı təqdim etmiş və həmin bisnes planına uyğun olaraq cavabdehlər klinika açılana qədər təmir işlərini başa çatdırmalı, klinikanın reklamını həyata keçirməli və həkimlərin gətirilməsi məsələsini həll etməli idi. Bütün xərcləri X7 qarşılayacaqdı. Belə ki, sonuncu Cavabdeh2 Mirvaliollah ilə şərik idi, Cavabdeh1 isə baş həkim kimi təyin olunacaqdı. X2 üçün Cavabdeh2 Mirvaliollaha 15-16 min manat pul vermişdir. Cavabdeh2 Mirvaliollah da İran İslam Respublikasından 10-a yaxın həkim gətirmiş, onlar həftələrlə Bakıda qalmışdır. Eləcə də Tibb Universitetinin şöbəsinin birində mayalanma avadanlığı təmir olunmalı idi, klinikanın təbliğatı üçün rayonlara maşınlar ayrılmalı, rayonlara işçilər göndərməli idi. Nəzərdə tutulan bütün bu işlə görüldü. Pandemiya dövrünə təsadüf etdiyi üçün klinika fəaliyyətə başlamadı.
4. Cavabdeh2 Mirvaliollah da iddiaya etiraz edir və bildirir ki, 18000 manat məbləğində pul məhz X7 tərəfindən verilmiş, həmçinin klinika üçün müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün ilkin danışıqlar da məhz onunla aparılmışdır. Eləcə də göstərilən xidmətlər barədə də hesabatlar məhz X5 verilmişdir. Lakin sonradan layihədən imtina edilmiş, iranlı həkimlərlə yox, türkiyəli həkimlərlə işləmək qərarına gəlinmişdir. Cavabdehlə X7 arasındakı münasibət şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibət olmuş və həmin münasibətdə vəkalət alan – cavabdeh xidmətləri əvəzsiz olaraq göstərmişdir. Belə olan halda, onun məsuliyyəti Mülki Məcəllənin 779.2-ci maddəsi ilə məhdudlaşır. Həmçinin müqavilə münasibətlərinə xitam verən də məhz X7 olmuşdur. Həmin müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmiş, İran İslam Respublikasından həkimləri dəvət etmiş, onları klinikanın şəraiti ilə tanış etmiş, internet səhifəsinin domenini almış, instaqram səhifəsinin yaradılması, həmin həkimlərin orada tanıdılmasını həyata keçirmiş, xəstəxananın loqosunun hazırlanmasını təmin etmişdir. İddiaçı klinikanın direktoru olduğuna görə onunla cavabdehin müəyyən münasibətləri olmuş, lakin cavabdehin xidmət göstərməli olduğu şəxs məhz X7 idi. İddiaçı subyektiv hüququ olmayan şəxsdir. İş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir və səs yazıları dinlənilsə, aydın olacaq ki, iddiaçı orada sadəcə icraçıdır. Bütün danışıqlar, bütün münasibətlər X7 ilə aparılıb. X6 daha əvvəl tanımamış, sonuncu ilə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. İddiaçını isə X3 nümayəndəsi, işçisi kimi tanımışdır. X7 ilə danışıqlar aparılmış, biznes plan tərtib olunmuşdur. Daha sonra sonuncu Rusiya Federasiyasına getməsi ilə əlaqədar müqavilənin tərtib olunmasını iddiaçının vəkilinə həvalə etmiş, iddiaçı da əlaqələndirici şəxs olmuşdur. Razılıq isə belə olmuşdur ki, klinika fəaliyyətə başlayandan sonra əldə olunan qazanc yarı-yarıya bölünəcəkdir. X7 biznes planında nəzərdə tutulan işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün hissə-hissə (2 və ya 3 dəfə olmaqla) 18000 manat pulu cavabdehə təqdim etmişdir. Tapşırığın icrası üçün xidmət haqqı kimi klinikanın açılışına qədər hər ay 3000 manat pul ödənilməli olsa da, heç bir ödəniş edilməmişdir. Göstərilən xidmətlərin dəyəri 10000 manat civarında olmuş, qalan pul razılaşdırılmış xidmət haqqı, əldə edilmiş avadanlıqların dəyəri ödənilmədiyindən onun tərəfindən qaytarılmamışdır.
5. Üçüncü şəxs X7 bildirir ki, qeyd olunan pul vəsaiti İddiaçı İmadəddin oğluna məxsus idi və sonuncu həmin pul vəsaitini ona vermiş və cavabdehlərə təqdim etməyi ondan xahiş etmişdir. Həmin pul vəsaiti İddiaçı İmadəddin oğlunun şəxsi vəsaitidir, o, sadəcə olaraq qeyd olunan vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqdim etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-178/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 Mirvaliollahın nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
11. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
16. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ (Cavabdeh1 pulun tutulması tələbinə münasibətdə)
20. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia əsassızdır.
21. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
22. Lakin hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcud deyildir.
23. Belə ki, iddiaçı 10000 ABŞ dolları pul vəsaitinin məhz onun tərəfindən Cavabdeh1 borc verildiyini qeyd edir və bu halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı və məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatlara və üçüncü şəxsin məhkəmələrə təqdim etdiyi ərizədə qeyd etdiyi yazılı izahata istinad edir.
24. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı öhdəlik münasibətinin olmadığını, 10000 ABŞ dolları pul vəsaitinin X7 tərəfindən ona bağışlandığını qeyd edir.
25. Göründüyü kimi qeyd edilən məbləğin məhz borc münasibətlərindən irəli gələrək öz vəsaiti hesabına verildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür.
26. Lakin o, bunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
27. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə uyğun olaraq, predmeti 3000 manatdan artıq olan borc müqaviləsinin bağlanması məhz yazılı müqavilənin təqdim olunması ilə təsdiq oluna bilər.
28. Lakin iddiaçı cavabdehə 10000 ABŞ dolları məbləğində borc pul verdiyini təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir.
29. Cavabdeh isə iddiaçıdan borc kimi 10000 ABŞ dolları aldığını qəbul etməmişdir. Borc müqaviləsinin bağlanması sübut edilmədiyi kimi, təqdim edilən pulun mülkiyyətçisi qismində məhz iddiaçının olduğu, pula mülkiyyət hüququnu borc məqsədi ilə cavabdehə verdiyi təqdim edilən sübutlarla təsdiqlənmir.
30. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən də görünür ki, cavabdeh istintaqa izahatında “Azər müəllim ona avtomaşın almaq üçün 10000 ABŞ dolları pul vermişdir....İddiaçı pul almamış və həmin 10000 ABŞ dolları pulu Azər müəllim Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “A-Club” deyilən ofisində verib bildirmişdir ki, bu pulu götür özünə avtomaşın al, piyada gəzmə. Bu söhbət ikimizin arasında qalacaq və bu jesti mən sənə edirəm. O isə həmin pulu ilkin ödəniş ödəyib özü üçün kreditlə Hyundai Accent markalı avtomaşın almışdır” bildirmişdir.
31. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, 10000 ABŞ dolları vəsaitin X7 tərəfindən ona hədiyyə edildiyini qeyd etmişdir.
32. X3 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə, qeyd olunan pul vəsaitinin İddiaçı İmadəddin oğluna məxsus olduğu, sonuncunun həmin pul vəsaitini X5 verdiyi və cavabdehlərə təqdim etməyi ondan xahiş etdiyi, həmin pul vəsaitinin İddiaçı İmadəddin oğlunun şəxsi vəsaiti olduğu, üçüncü şəxs X1 olaraq qeyd olunan vəsaiti cavabdehlər X9 və Cavabdeh1 təqdim etdiyi qeyd olunmuşdur.
33. İddiaçı tərəfindən elektron iş materiallarına əlavə olunan X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizədə qeyd olunmuşdur ki, X9 və Cavabdeh1 müxtəlif vaxtlarda onun tərəfindən verilən 18000 manat və 10000 ABŞ dolları pul İddiaçı İmadəddin oğluna məxsus olmuşdur.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, üçüncü şəxsin ərizədə qeyd etdiyi hallar da izahatdan ibarət olub hər hansı başqa sübutlarla öz təsdiqini tapmır.
35. Bundan başqa, üçüncü şəxs 18000 manat və 10000 ABŞ dolları pulun onun tərəfindən cavabdehlərə verildiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 Mirvaliollaha 10000 manatı Əmiraslanov Azər (üçüncü şəxs), 8000 manatı isə iddiaçı, Cavabdeh1 isə 10000 ABŞ dollarını iddiaçı özü vermişdir. 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən isə görünür ki, İddiaçı İmadəddin oğlu izahatında 18000 manat pulu Cavabdeh2 Mirvaliollaha 2020-ci ilin yanvar ayında klinikada özünün verdiyini qeyd etmişdir.
36. Göründüyü kimi, iddiaçı və üçüncü şəxsin izahatları, eyni zamanda iddiaçı tərəfin müvafiq şikayət əsasında aparılan araşdırma zamanı verdiyi izahatla məhkəmədə verdiyi izahatlar ziddiyyətlidir, eyni fakt barəsində bir-birinə zidd ifadələrin verilməsi isə anlaşılmazdır. Belə olan halda üçüncü şəxsin ərizə ilə məhkəməyə təqdim etdiyi yazılı izahatı mötəbər sübut kimi qiymətləndirilə və cavabdehin əleyhinə istifadə oluna bilməz.
37. Belə ki, Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
38. İddiaçı cavabdehlə aralarında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, ona məxsus pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə keçirdiyini, borc pul verdiyini sübuta yetirə bilmədiyindən, beləliklə də, subyektiv hüquqa malik olmadığından kollegiya hesab edir ki, iddia tələbi Cavabdeh1 10000 ABŞ dolları əsas vəsaitin tutulması hissəsində rədd olunmalıdır. Eləcə də, 1125 ABŞ dolları dəymiş zərərin tutulması tələbi əsas borcun tutulması tələbi ilə bağlı olduğundan və əsas borcun tutulması hissəsində tələb əsassız olduğundan iddia tələbi həmin hissədə də rədd edilməlidir.
39. Cavabdeh2 Mirvaliollahdan pulun tutulması tələbi ilə bağlı
40. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbi də əsassızdır.
41. Belə ki, iddiaçı bildirir ki, o, Cavabdeh2 Mirvaliollaha 18000 manat pulu ödəmiş, lakin cavabdeh öz öhdəliklərini icra etməmiş, yəni həkim kollektivini təşkil etməmiş, tibbi ləvazimatı almamış və klinikanın kütləvi informasiya vasitələrində reklamını təşkil etməmiş və nəticədə ona zərər dəymişdir.
42. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 779.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
43. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
44. Belə ki, məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən görünür ki, cavabdeh istintaqa izahatında “söhbət zamanı Azər müəllim Xətai rayonu ərazisində yerləşən “Azər-Türk” Klinkasını və Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “Azər-Türk Klinikasının lahiyəsinin işlənib hazırlanmasını, tibbi avadanlıqlarla təchiz olunmasını və İranlı həkimlərin həmin Klinikalara cəlb olunmasım təklif etmiş onlar isə onun təklifini qəbul edib ümumi razılığa gəlmişlər. Bundan sonra o, biznes plan hazırlayıb ilkin olaraq işlərə başlamışdır. Bunun üçün hissə-hissə Azər müəllim ona 18000 manat pul vermişdir. Bu pulun verilməsində məqsəd Klinikanın fəaliyyətə başlamasına qədər birgə işlərin görülməsi və reklam işləri, İranlı həkimlərin Bakı şəhərinə gətirilməsi və digər işlərin görülməsi olmuşdur. O, işə başlayıb İranlı həkimləri Bakı şəhərinə dəvət etmiş, onların Bakı şəhərində qalmaları üçün otel xərclərini və digər xərclərini çəkmiş və diplomlarının sutərlərini çıxarıb Azər müəllimin işlərini aparan şəxs kimi tanıdığı Vüqar adlı şəxsə vermişdir. İrandan dəvət olunmuş həkimlərin miqrasiya sənədlərinin qaydaya salınması üçün bir ayadək vaxt çəkməsini bəhanə edərək Vüqar aralarında olan razılaşmanı pozaraq Azər mülllimin verdiyi 18000 manat pulun qaytarılmasını tələb etməyə başlamışdır. O isə təklif etmişdir ki, Klinikanın açılması üçün xərclənən pulları hesablayıb ümumi məbləğdən çıxaq və yerdə qalan pulun əvəzinə isə bahalı tibbi avadanlığı veriləcək pulun təminatı kimi həmin Klinikaya yerləşdirək satılandan sonra həmin pul onlara qaytarılar” bildirmişdir.
45. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, xidmət münasibətlərinin X7 ilə olduğunu bildirmişdir.
46. Birinci instansiya məhkəməsi də düzgün olaraq üçüncü şəxsin ərizədə qeyd etdiyi izahatla bağlı yuxarıda mövqeyini bildirmiş və hesab etmişdir ki, üçüncü şəxsin izahatı tələbin əsasını təşkil edən halı təsdiq edən sübut kimi nəzərə alına bilməz.
47. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddiaçı və üçüncü şəxs ilə cavabdeh arasında WhatsApp vasitəsilə aparılan audio yazışmalar təqdim edilmişdir.
48. İddiaçı tərəf həmin sübutların qəbul edilməsinə etiraz edir. Kollegiya hesab edir ki, iddiaçının həmin etirazı əsassızdır.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
50. Belə olan halda, hazırkı audio sübutlar birbaşa əlaqədar tərəflər arasında olan danışıqları əks etdirdiyindən məhkəmə düzgün olaraq həmin sübutları qəbuledilən hesab etmişdir.
51. Təqdim olunan səs yazıları və yazışmalarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasındakı audio yazışmalarda göstərilən xidmətlərlə bağlı cavabdehin suallarına iddiaçı tərəfindən “Azər müəllimlə danışaram”, “Azər müəllimlə dəqiqləşdirərəm” cavabları verilir, klinikanın adı üçüncü şəxslə dəqiqləşdirilir, loqo ilə bağlı iddiaçı məhz üçüncü şəxsin istəklərini cavabdehə çatdırır, “Azər müəllim verilən pulun hesabatını istəyir”.
52. Eləcə də, “WhatsApp” danışıqlarının aparıldığı mobil telefon nömrələrindən 055 *** ** ** nömrəsinin iddiaçıya məxsus olduğu sonuncunun nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunur.
53. Beləliklə, təqdim edilən sübutlar əsasında müəyyən olunur ki, tapşırıq müqaviləsi üzrə vəkalət verən qismində məhz üçüncü şəxs çıxış edir. Belə ki, görülməsi planlaşdırılan istənilən iş üçüncü şəxsə təqdim edilir, göstərilən istənilən xidmət üçüncü şəxslə dəqiqləşdirilir və müvafiq pulların hesabatı da məhz üçüncü şəxsə verilir.
54. Bu isə Mülki Məcəllənin 781-ci maddəsində nəzərdə tutulmuş vəzifənin məhz vəkalət alana – üçüncü şəxsə yönəlməsi ilə də təsdiq olunur. Həmin maddədə göstərilir ki, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
55. İş materiallarında olan audio yazışmalarla da təsdiq olunan tapşırıq müqaviləsindən irəli gələn subyektiv hüquqların məhz üçüncü şəxsdə cəmləşməsi – verilən pulların hesabatının üçüncü şəxsə verilməsi, tapşırığın məzmununu təşkil edən klinikanın loqosu barədə layihələr üzrə yekun razılığı üçüncü şəxsin verməsi, klinikanın adının məhz sonuncu ilə dəqiqləşdirilməsi və s. kimi hallar vəkalət alının informasiya və hesabat vermək vəzifəsinin məhz üçüncü şəxsə istiqamətləndiyini təsdiq edir.
56. İddiaçının nümayəndəsi tanınmış həkim olan üçüncü şəxslə iddiaçının dostluq münasibətində olduğu, bu səbəbdən sonuncunun tibb sahəsində onlara köməklik göstərdiyini bildirsə də, klinikanın fəaliyyət göstərməsinin təmin edilməsi üçün maliyyə və texniki – loqonun müəyyənləşdirilməsi, maliyyə hesabatının verilməsi kimi qeyri-tibbi məsələlərin də məhz üçüncü şəxslə razılaşdırılması nəzərə alındığında iddiaçının arqumentlərinin əsassız olduğu, sözügedən tapşırıq müqaviləsinin tərəfi – vəkalət verəni qismində iddiaçının çıxış etmədiyi aydın olur.
57. Beləliklə, iddiaçı adıçəkilən xidmət müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyildir. Ona görə də, cavabdeh tərəfindən təqdim edilmiş, müqavilənin lazımınca icra olunmasını göstərən sübutların tədqiq edilməsinə zərurət yoxdur və iddiaçının Cavabdeh2 Mirvaliollahdan 18000 manat məbləğində pul vəsaitinin tutulması tələbi əsassız olduğundan rədd edilməlidir. Eləcə də, 2100 manat dəymiş zərərin tutulması tələbi əsas borcun tutulması tələbi ilə bağlı olduğundan və əsas borcun tutulması hissəsində tələb əsassız olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
59. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərər əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-178/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn