Məhkəmə qərarları › İş №2-2(103)-502/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-502/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-502/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “X4” MMC-yə qarşı kommersiya işi Açar söz: hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X11, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “X4” MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 418/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 "xxxx" İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin cavabdeh X6 və X7 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221,000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcumun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borcum tam ödənildikdən sonra qalan vəsaitin qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsi ilə iddiaçı bankın və borcluların apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdeh X5 iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulmas; hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779,27 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 3940/2020 saylı qərarı ilə iddiçı İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 11-3.2020-ci il tarixli qətnaməsi iddiaçı bankın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli icra sənədi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. 14. Abşeron rayon icra və probasiya bölməsinin xx.xx.2021-ci il tarixli 17/752100911T saylı hərracın keçirilməsi haqqında sifariş məktubu ilə əmlakın dəyəri 221000 manat müəyyən olunmaqla “X3 Mərkəzi” MMC-yə göndərilmiş və surəti tələbkar və borcluya təqdim olunmuşdur.

5. Açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli 478 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, xx.xx.2021-ci il tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 221000 manat təşkil etdiyi, açıq hərracın xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elan “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara və icra şöbəsinə göndərilmişdir.

6. Açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli 513 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, xx.xx.2021-ci il tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 187/850 manat təşkil etdiyi, açıq hərracın xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elanın “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara göndərilmişdir.

7. Cavabdeh MMC-nin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 027 saylı ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişində kredit borcu üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evin hərracda satılmadığı və Azərbaycan Respublikası MM-nin 405.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən müqavilə bağlanılması banka təklif olunduğu və xx.xx.2021-ci il tarixinədək əmlak alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacağı qeyd olunmuşdur.

8. İddiaçı ASC-nin cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli KBD-8420 saylı məktubda (xx.xx.2021-ci il tarixli, 027 saylı məktuba cavab olaraq) Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair təklifi 140888 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıqlarını bildirdikləri və mənizlin qısa müddət ərzində balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir.

9. “X3 Mərkəzi” MMC-nin Abşeron rayon icra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda icra məmurunun sifarişi ilə əlaqədar hərrac mərkəzi tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığı və qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün geri qaytarıldığı qeyd olunmuşdur.

10. Cavabdeh MMC-nin X9 ünvanladığı xx.xx.2021-ci il tarixli, 162 saylı məktubunda Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evin hərracda satılmadığı üçün ipoteka predmetinə dair alqı-satqı müqaviləsinin bağlanması barədə xx.xx.2021-ci il tarixli, 027 saylı bildiriş məktubu ipoteka saxlayan İddiaçı ASC-nə 140.888 manata təklif olunduğu, xx.xx.2021-ci il tarixli KBD-8420 saylı məktubla bank tərəfindən qəbul edilməsinə dair razılıq bildirildiyi, lakin müddət başa çatan kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmadığı üçün xx.xx.2021-ci il tarixli, 051 saylı məktubla icra şöbəsinə qaytarıldığı qeyd olunmuşdur.

11. X2 nümayəndəsi X7 Abşeron rayon icra və probasiya bölməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair keçirilmiş hərracda alıcı olmadığı üçün əmlakın tələbkara təklif olunduğu və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə bank tərəfindən əmlak qəbul edilmədiyi üçün icra sənədi icra məmuru tərəfindən məhkəməyə geri qaytarılmamışdır, buna görə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 55.3-cü maddəsinə əsasən icra sənədini məhkəməyə geri qaytarılması xahiş olunmuşdur.

12. Abşeron rayon icra və probasiya şöbəsinin icra sənədinin məhkəmyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı icra vərəqəsinin həmin məhkəməyə qaytarılması və qərar və sənədlərin surətinin tələbkara göndərilməsi qərara alınmışdır.

13. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/752100091 İT nömrəli, xx.xx.2021-ci il tarixli sifarişi ilə X12 və X7 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda satılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 866/2020 saylı icra vərəqəsi “X3 Mərkəzi” MMC-yə göndərildiyi, X12 və X7 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 221.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə açıq hərraca çıxarılmışdır, iştirakçı olmadığından hərrac baş tutmadığı, təkrar hərrac 28 aprel 2021-ci il tarixdə keçirildiyi, həmin vaxtda da iştirakıçı olmadığından hərrac baş tutmadığı, bununla bağlı “X3 Mərkəzi” MMC tərəfindən hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi barədə 027 saylı, 30 aprel 2021-ci il tarixli məktubla İddiaçı (əvvəlki adı "xxxx" İKB) ASC-yə müraciət edildiyi, “X3 Mərkəzi” MMC-nin 027 saylı, 30 aprel 2021-ci il tarixli təklif məktubuna cavab olaraq, KBD-8420 saylı xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar razılıq bildirildiyi, X12 və X7 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinin -140.888 manat olmaqla qısa müddət ərzində yuxarıda göstərilən əmlakın Bankın balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması bildirildiyi, bundan sonra “X3 Mərkəzi” MMC əmlakın balansa götürülməsi ilə bağlı sənədlərin hazırlanması barədə Bankın məktubuna cavab vermədiyi və adı keçən fərdi yaşayış evinə dair hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsnin bağlanması vəzifəsiin yerinə yetirilməsinin tələb olunduğu, tələb könüllü şəkildə yerinə yetirilədiyi təqdirdə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4637/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ("xxxx" İKB ASC) ilə X19 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0- 263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Mərkəzin MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X9 və X7 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi öhdəliyinin qoyulması və 210 manat ödənilmiş mediasiya ödənişinin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (hazırkı İddiaçı ASC ) X9 və X10 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)- 4852/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 35305 manat əsas kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı "xxxx" İKB-(hazırkı İddiaçı ASC) yə ödənilməsi, tələbin X9 və X7 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 221000 manat ilkin satış qiyməyi ilə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh X8 Nikoil İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satışından sonra əldə edilmiş vəsait hesabına cavabdeh Ofelya Əlizadənin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin X1 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçı və cavabdehlərin apellyasiya şikayətlərini 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixdə qəbul etdiyi qərarla qismən təmin etmiş, 35.305 manat əsas kredit borcun tutulması hissəsində dəyişdirilməsi, əsas kredit borcunun 27.779 manat olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3940/2020 saylı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2020- ci il tarixli Qərarla təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün X3 Mərkəzinə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan X3 Mərkəzinin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 478 №-li bildirişlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti 07 aprel 2021-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından növbəti hərrac xx.xx.2021-ci il tarixli 513 №-li bildirişlə təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2021-ci il tarixli 27№ li bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 140888 manata İddiaçı ASC-nə təklif olunmuşdur. İddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2021ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmamış, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı xx.xx.2021-ci il tarixli № 17/75 2100087C saylı cavab məktubu, həmin əmlakın İddiaçı ASC tərəfindən qəbul edilməsini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin hərrac sənədlərini icra məmuruna qaytarılması əsassız hesab edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X9 və X7 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0, 03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması “X3 Mərkəzinin üzərinə vəzifə kimi qoyulmalıdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabdeh “X3 Mərkəzi MMC arasında olan kommersiya mübahisəsini xx.xx.2023-cü il tarixdə mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-418/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia rədd edilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti X9 və X7 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh hərrac təşkilatının üzərinə qoyulması məhkəmədən xahiş edir və həmin tələbin əsası kimi iddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olma barədə xx.xx.2021-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını hərrac mərkəzindən xahiş etdiklərini, cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmadığı, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmadığını, dəfələrlə MMC-yə şifahi qaydada müraciət edilməsi və nəticə əldə olunmaması dəlilinə istinad edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 2 ildən artıq müddət ərzində yerinə yetirməmiş, qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür (bilavasitə protokolun/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə İcra Şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə hazırki iddiadan əvvəlki dövrlərdə məhkəməyə müraciət etməmişdir).

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 2 il sonra ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı davam edən zaman iddiaçı tərəf yalnız xx.xx.2023-cü il (hərracın baş tutulmaması barədə xx.xx.2021-ci il tarixli bildirişdən 2 ildən çox müddət keçdikdən sonra) tarixində Bakı Kommersiya Məhkəməsinə hazırkı iddia ilə müraciət etmiş, eyni zamanda xx.xx.2023-cü il tarixində protokolun və alqı-satqı müqaviləsinin imzalanmasına dair xəbərdalıq məktubu ilə cavabdeh hərrac təşkilatına müraciət olunmuşdur.

21. Məhkəmə bildirmişdir ki, iddiaçı 2021-ci ildən 2023-cü ilə kimi sadəcə bir razılıq məktubu yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişməsindən xəbərdar olmuş, lakin məhkəmə çəkişməsi gedən instansiyada yekun akt qəbul edilməsi ərəfəsində hərrac protokolunun və alqı-satqı müqaviləsinin bağlanması tələbi ilə harrac təşkilatına qarşı iddia qaldırmışdır.

22. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkəmə araşdırılması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etməsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz. Digər məqam isə ondan ibarətdir ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra sənədinin məhkəmyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ipoteka saxlayana ünvanlanmış və iddiaçı bundan da məlumatlı olduğu halda xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müaciət edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-418/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi iddiaçı tərəf ipoteka predmetinin təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən sonra hərrac təşkilatının ipoteka predmetinin əldə olunması barədə xx.xx.2021ci il tarixli 027 № li təklifə xx.xx.2021-ci il tarixdə KBD8420 saylı ipoteka predmetinin əldə olunmasına dair razılığını bildirmiş, əmlakın balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını hərrac təşkilatından xahiş etmişdir. Yəni qanunun tələbindən irəli gələn 30 günlük müddət ərzində-təklif göndərildikdən 20 gün sonra bank öz üzərinə düşən öhdəliyi lazımınca yerini yetirmişdir. İş materiallarında mövcud olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4637/2023 saylı qətnaməsi ilə X8 "xxxx"ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq İddiaçı ASC ("xxxx" İKB ASC) ilə X19 arasında bağlanmış 11 iyun 2014- cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. Mövcud olan qətnamədən də göründüyü kimi hərrac təşkilatının təqsiri səbəbindən iddiaçı tərəf zərərə məruz qalmışdır. Bundan sonra iddiaçı hərrac protokolunun imzalanması tələbi ilə hərrac təşkilatına qarşı iddia qaldırmaq hüququna malikdir. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur. Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Hərrac təşkilatı öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirməyərək bankın hüquq və mənafelərinə ciddi formada zərər vurmuş və məhkəmə tərəfindən bu nəzərə alınamayaraq iddiaçı tərəfin pozulmuş hüquqlarının bərpa etmək hüququnu məhdudlaşdırmışdır. Cavabdeh hərrac təşkilatı ilə iddiaçı bank arasında müqavilə qüvvəsinə malik protokol imzalanmasının səbəbi iddiaçıdan asılı olmayan səbəblərdən- iddiaçının hərəkətsizliyi və ya hər hansı bir məsuliyyətsizliyi səbəbindən deyil, cavabdeh tərəfin təqsiri səbəbindən mümkün olmamışdır. İş materiallarında mövcud olan sübutlardan göründüyü kimi iddiaçı tərəf hərrac təşkilatı tərəfindən göndərilən ipoteka predmetinin əldə olunması ilə bağlı təklifə öz razılığını və müvafiq sənədlərin hazırlanması xahişini bildirməklə aktiv hərəkət etmişdir. Lakin bundan sonra cavabdeh tərəf əmlakın balansa götürülməsi ilə bağlı öhdəliyinə düşən hərəkətləri yerinə yetirməmişdir. Bu səbəbdən əmlakın 30 günlük müddət ərzində balansa götürülməsi ilə bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması iddiaçının təqsirindən deyil, cavabdehin təqsirindən asılı olan səbəblərdən dolayı mümkün olmamışdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları nəzərə almamış, iddiaçı tərəfindən ipoteka predmetinin əldə olunması barədə bildiriş göndərildikdən sonra Bank buna 20 gün ərzində öz razılığını bildirərək zəruri sənədlərin hazırlanmasını hərrac təşkilatından xahiş etmişdir. Yəni bank öz öhdəliyinə düşən vəzifəni lazımi qaydada yerinə yetirirək bundan sonrakı hərəkətin icra edilməsi isə-yəni,əmlakın balansa götürülməsi ilə bağlı müvafiq zəruri sənədlərin hazırlanması hərrac təşkilatı tərəfindən icra edilməli idi, bu hərəkətin icra edilməməsi, hərrac təşkilatının məsuliyyətsizliyinin nəticəsi kimi bank zərərə məruz qalmışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

26. Üçüncü şəxs X13 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

27. Tətbiq edilən hüquq

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 43.7-1-ci maddə- təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddə- ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

28. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2- 2(113)-418/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ipoteka predmeti X12 və X7 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı iş üzrə 11 mart 2020-ci il tarixli icra sənədi üzrə tutma yönəldilmiş, xx.xx.2021-ci il tarixdə birinci hərrac, xx.xx.2021-ci il tarixdə ikinci hərrac keçirilmiş, əmlak satılmadığından xx.xx.2021-ci il tarixli bildiriş məktubu ilə iddiaçıya təklif edilmiş, iddiaçı “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində ipoteka predmetini əldə etmək üçün aktiv hərəkətlər etmədiyindən ipotekaya xitam verilməli olduğu üçün birinci instansiya düzgün olaraq hesab etmişdir ki, iddia təmin edilə bilməz.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd edilmişdir ki, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. İpoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. İpoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

32. Hazırkı halda iddiaçı tərəfindən hərrac baş tutmadığı vaxtdan 30 günlük müddət ərzində hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən və bank bu iddia ilə 2023-cü ilin noyabr ayında məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)-418/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-418/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar