Məhkəmə qərarları › İş №2-2(103)-503/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-503/2023

07.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-503/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Elburus oğlunun iştirakları ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (SAACO) Cavabdehnə qarşı “hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-360/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMC 2002-ci il hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, təsisçiləri İran İslam Respublikasının hüquqi şəxsi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (50 faiz pay) və X4 (50 faiz pay) olmuşlar.

2. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh MMC-nin təsisçilərinin təsis paylarının həcmi dəyişməmişdir.

3. İddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh MMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin yığıncaqda təsisçilərdən X4 iştirak etmiş, yığıncağın qərar ilə Qanuni nümayəndə Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və bu barədə rəsmi sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi vəzifəsi ona həvalə edilmişdir.

4. Cavabdeh MMC-nin təsisçisi T.İbrahimov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarix təyin edilmiş ümumi yığıncaqda təsisçilərdən X4 iştirak etmiş, təsisçilərin xx.xx.2021-ci il tarixli ümumi yığıncağı barədə digər təsisçiyə EE001741729AZ nömrəli bildiriş göndərilsə də, sonuncu heç bir əsas bildirmədən yığıncaqda iştirak etməmişdir, yetərsay olmadığından ümumi yığıncağın iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır.

5. Cavabdeh MMC-nin 2005-ci il tarixli (sonuncu) nizamnaməsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və və vəzifədən azad etmək daxildir (9.1.2.2), cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır (9.1.4), cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır (9.1.5), iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncaq səlahiyyətli hesab edilir (9.1.6).

6. İddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərekspresspoçt” rabitə müəssisəsi filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, EE001741729AZ nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə X4 tərəfindən müəssisəyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, xx.xx.2021-ci il tarixdə sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixdə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır. EE001742004AZ nömrəli göndəriş xx.xx.2021-ci il tarixdə X4 tərəfindən müəssisəyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, xx.xx.2021-ci il tarixdə sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixdə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycana geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İran İslam Respublikasının hüquqi şəxsi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi haqqında təsisçilərin (iştirakçıların) ümumi yığıncağının 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İran İslam Respublikasının "xxxx" QSC (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X4 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən cavabdehi təsis etmişlər. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X8 cavabdehin baş direktoru – qanuni təmsilçisi təyin edilmişdir. Cavabdeh dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X8 isə cavabdehin qanuni təmsilçisi kimi 14 iyun 2011-ci il tarixdə hüquqi qeydiyyata alınmışdır. Cavabdehin möhürü də onda saxlanılırdı. . Cavabdehin həmtəsisçisi X4 təsisçilərinin ümumi yığıncağını keçirmək üçün həmtəsisçi olan "xxxx" QSC-nə hüquqi qeydiyyat ünvanı üzrə poçt vasitəsilə yazılı müraciət edərək iclasın keçirilməsini təklif etmişdir. Guya iddiaçı təklifə münasibət bildirmədiyindən X4 ancaq özünün iştirakı ilə 03 noyabr 2021-ci il tarixdə təsisçilərin ümumi yığıncağını keçirmiş və Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru təyin etmişdir. Bu barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 04 noyabr 2021-ci il tarixdə qeydiyyat aparılmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmtəsisçi X4 cavabdehin təsisçilərinin yığıncağını çağırmaq üçün təkliflərini qəsdən iddiaçının hüquqi qeydiyyat ünvanı olan İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5 ünvanına deyil, fərqli ünvana göndərmişdir. Ünvanlar qəsdən yanlış yazıldığından bildirişlərin həmin ünvana da çatdırılması mümkün olmamışdır. Eləcə də ümumi yığıncağı qanunla müəyyən edildiyi kimi cavabdehin icra orqanı deyil, qanunsuz olaraq Tağı İbrahimov çağırmışdır. Halbuki ümumi yığıncaq təsisçi kimi Tağı İbrahimovun təklifi ilə cavabdehin icra orqanı yığıncağın keçiriləcəyi vaxt və yer barədə göndərildiyi göstərilən bildirişlərin nüsxələri vergi orqanına təqdim edilməmişdir. Ümumiyyətlə, belə bir bildirişin həqiqətən də tərtib edilərək göndərildiyini təsdiq edən sübutlar yoxdur. X5 cavabdehin qanuni təmsilçisi və direktoru Ahmad Fakharini azad etmədən qanunsuz tərtib etdiyi 03 noyabr 2021- ci il tarixli qərarı hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etməklə Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. Bu isə cavabdehin bərabər paylarla digər təsisçisi kimi iddiaçının qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdrilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin arayışından göründüyü kimi cavabdehin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi və ev 89-da 10 və 11 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, C.Məmməduluzadə küçəsi, 9 saylı qeyri-yaşayış sahələri vardır. Qeyd edilənlərə əsasən Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilməsi barədə 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı zərurət yaranmışdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 91.1-4, 91.1-5, 91.1-6 və 91.1-7-ci maddələri göstərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-360/2023 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia təmin edilmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, təsisçilər (iştirakçılar) iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi). Qeyd edilməlidir ki, mülki qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çağırılması üçün iştirakçılara məlumat verilməsinin forma və qaydası barədə bilavasitə tənzimləmə həyata keçirməsə də, hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək hüququnu tanımışdır. Bu mənada məhkəmə qeyd edir ki, mülki hüquqların onların realizə olunma imkanı olmadan xəyali və nəzəri xarakterə malik olması hüquqi dövlət anlayışı ilə üst-üstə düşmür, qanunçuluq və hüquq qaydası həmin hüquqların həqiqi təminat mexanizminə və realizə imkanına malik olmasını tələb edir. Mülki Məcəllənin 91.1-3-cü maddəsi cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə cavabdehin nizamnaməsində növbədənkənar ümumi yığıncağın çağırılmasının dəqiq qaydası qeyd olunmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iştirakçılarının növbədənkənar ümumu yığıncağı xx.xx.2021-ci il tarixdə keçirilərkən həmin yığıncağa çağırış üçün iddiaçıya yollanmış bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qəbul edilməmiş, xx.xx.2021-ci il tarixli yığıncaq keçirilərkən də həmin yığıncağın yeri və vaxtı barədə bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qeydiyyata alınmamışdı. Məhkəmə nəzərə almışdır ki, poçt göndərişlərinin izləmə kodu göndərişi edən təsisçi X3 poçt müəssisəsi tərəfindən təqdim edilmiş və həmin göndərişin izlənmə imkanı sonuncuda olmuşdur. Həmçinin iddiaçı hüquqi şəxsin ünvanı İran İslam Respublikasında olduğu halda, X4 növbədənkənar yığıncağı sadəcə 5 gün təxirə salmışdır. Eləcə də cavabdehin nümayəndəsi poçt göndərişindən başqa, iddiaçının hər hansı digər üsulla xəbərdar edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu mənada məhkəmə cavabdehin iştirakçılarının hər iki yığıncağının keçirilməsi barədə iddiaçının lazımi qaydada xəbərdar olunmadığı və qanunla ona verilmiş hüququn realizə imkanından məhrum olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, təsisçilər (iştirakçılar) mülki qanunveriliciyin ümumi yığıncağın keçirilməsi üçün yetərsay barədə müəyyən etdiyi qaydadan fərqli qayda müəyyən etmiş, iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi). Buna baxmayaraq xx.xx.2021ci il tarixli ümumi yığıncaqda 50% paya malik iştirakçı iştirak edərək müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 91.1-3 və 91.1-5-ci maddələrinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, eləcə də yetərsay olmadıqda, təkrar ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən çağırılmalıdır. Hazırkı işdən görünür ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixə təyin olunmuş ümumi yığıncaq hüquqi şəxsin icra orqanı tərəfindən deyil, təsisçisi tərəfindən çağırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı qanunvericiliyin və hüquqi şəxsin nizamnaməsinin tələblərinə əməl olunmadan keçirilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin Azərekspresspoçt filialının xx.xx.2022-ci il tarixli məktubdan da göründüyü kimi, göndərilmiş bildirişlərin ünvana çatması və ya çatmaması barədə bildiriş, birinci bildiriş iki aydan sonra, ikinci bildiriş isə bir aydan sonra, amma nədənsə hər ikisi eyni gündə xx.xx.2021-ci il tarixdə Azərbaycana çatıb. Ən azından birinci bildiriş daha tez də çatmalı idi və buradan görünür ki, birinci bildiriş iddiaçının ünvanında bilərəkdən gecikdirilmiş, ikinci bildiriş getdikdən sonra isə, bilərəkdən ünvanın səhv olduğu bildirilərək məktublar eyni vaxtda geri qaytarılmışdır. Məktublar geri Azərbaycana çatdığı vaxt artıq təsisçilərin ümumi yığıncağı keçirilmiş və xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin xx.xx.2022-ci il tarixli məktubda göstərilən, guya xx.xx.2021-ci il tarixdə Tağı İbrahimova zəng edilərək məktubun geri qayıtdığının və onun götürülməsi üçün deyilən ünvana getməsinin bildirilməsi həqiqətə uyğun deyil, Tağı İbrahimova heç vaxt zəng edilməyib və bunun barəsində hər-hansı bir məlumatı olmayıb. Ümumiyyətlə qanunvericilikdə təsisçilərin ümumi yığıncağının keçirilməsi üçün təsisçilərə bildirişlərin çatdırılması üçün konkret müddət təyin edilməmişdir. Sübutların araşdırılması zamanı, normanın tələblərinə tam əməl edilməmişdir. Belə ki, yalnız iddiaçının təqdim etdiyi sübutlar araşdırılmışdır, məhkəmə əlavə heç bir araşdırma aparmamışdır. Məhkəməyə təqdim olunmuş sübutlar araşdırılan zaman , nəzərə alınmamışdır ki, ümumi yığıncağın keçirilməsi üçün göndərilmiş iki bildiriş və birinci bildirişin hansı səbəbdən bu qədər gecikdirilmiş, yəni iki ayadək bir müddət keçdikdən sonra ikinci bildirişlə birlikdə geri ünvana çatdırılmışdır, əslində göndərənin ünvanına deyil, poçt filialına çatdırılmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 89-cu maddə- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 91.1-ci maddə- məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. 91.1-1-ci maddə- məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. 91.1-2-ci maddə-cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. 91.1-3-cü maddə- cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. 91.1-4-cü maddə- cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5-ci maddə- cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.2-ci maddə- cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3-cü maddə və 91.3.2-ci maddə- cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28-ci maddə-əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 439.1-ci maddə-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddə-Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddə-məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.2-ci maddə-hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa.

“Beynəlxalq xüsusi hüquq” haqqında Qanun 1.1-ci maddə-bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2-ci maddə-xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-cü maddə-tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 23-cü maddə-şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə bu hüquqların həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-360/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan mübahisə xarici elementlidir. İddiaçının tələbi hüquqi ünvanı Azərbaycan Respublikasında olan hüquqi şəxsi Cavabdeh ümumi yığıncağının qərarının ləğvi barədə olduğundan MPMnin 444.0.2-ci maddəsinə əsasən işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aid olduğu üçün Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur.

20. Məhkəmə hesab edir ki, hüquqi şəxsin təsisçisinin hüquqi şəxsin ümumi yığıncağında iştirak etmək və səs vermək hüququ qeyri-əmlak xarakterli hüquq olduğundan məhkəmə “Beynəlxalq xüsusi hüquq” haqqında Qanunun 23-cü maddəsini analogiya qaydasında tətbiq edərək hesab edir ki, təsisçinin Cavabdeh ümumi yığıncağında iştirak etmək hüququ Azərbaycan Respublikasında realizə edilməli hüquq olduğu üçün mübahisəyə hüququn həyata keçirildiyi ölkənin, yəni Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması düzgün olmuşdur.

21. Mübahisə ilə bağlı məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində təşkilatı hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan hüquqi şəxsin ümumi yığıncağının qərarlarının ləğv edilməsi əsasları nəzərdə tutulmamışdır. Hüquqi şəxsin ümumi yığıncağı hüquqi şəxsin təsisçilərindən ibarət qurum olaraq qəbul etdiyi qərarların digər təsisçilərin və hüquqi şəxsin mənafeyinə uyğun olub-olmamasına görə özü məsuliyyət daşıdığından qanunvericilikdə məhkəməyə hüquqi şəxsin ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarları bu baxımdan təftiş etmək, digər təsisçinin mənafeyinə uyğun olmayan qərarı ləğv səlahiyyəti verilməmişdir. Buna görə də, hüquqi şəxsin ümumi yığıncağının qərarı mübahisələndirildiyi halda məhkəmənin səlahiyyəti yalnız yığıncağı çağırmış şəxs tərəfindən ümumi yığıncaqda iştirak etmək səlahiyyətinə malik təsisçilərin iştirakının təmin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş tələbə əməl edilib-edilməməsini yoxlamaqla məhdudlaşır.

22. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, MM-nin 91.1-5-ci maddəsində cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən çağırılması nəzərdə tutulmuş, hazırkı halda isə həm xx.xx.2021-ci il, həm də xx.xx.2021-ci il tarixlərdə nəzərdə tutulmuş ümumi yığıncaqlar təsisçi tərəfindən çağırılmışdır. Məhkəmə kollegiyası, bununla bağlı qeyd edir ki, hüquqi şəxsin ümumi yığıncağını çağırmaq öhdəliyinin icra orqanına aid olması qanunla müəyyən edilmiş ümumi qaydadır. Mülki Məcəllədə hüquqi şəxsin təsisçinin ümumi yığıncağı çağırmaq hüququnu istisna edən hər hansı norma yoxdur. Hətta MM-nin 91.1-3-cü maddəsində qeyd edilir ki, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırıla bilər. Eyni müddəa Cavabdeh sonuncu nizamnaməsinin 9.1.6-cı bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, 10/1 səs hüququna malik təsisçinin növbədənkənar ümumi yığıncaq çağırılmasını tələb etmək hüququ qanunda nəzərdə tutulmuşsa, bu hüququn yetərsay olmadıqda təkrar çağırılan ümumi yığıncağa aid olmadığını və həmin yığıncağın yalnız icra orqanı tərəfindən çağırıldıqda qanuni olduğunu düşünmək məntiqsizdir. Əks halda icra orqanının rəhbəri vəfat etdiyi təqdirdə təsisçilər tərəfindən çağırılan bütün növbədənkənar ümumi yığıncaqlar qanunsuz sayılar.

23. İddiaçının mübahisələndirilən qərarın qanunsuz olduğunu əsaslandırmaq üçün istinad etdiyi digər hal ondan ibarətdir ki, həmtəsisçi X4 cavabdehin təsisçilərinin yığıncağını çağırmaq üçün təkliflərini qəsdən iddiaçının hüquqi qeydiyyat ünvanı olan İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5 ünvanına deyil, fərqli ünvana göndərmişdir. Bu mülahizə ilə bağlı cavabdeh məhkəməyə bildirmişdir ki, ümumi yığıncaqla bağlı bildirişlərin göndərildiyi ünvanın (Təbriz şəhəri, 29, Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A”) iddiaçıya məxsus olması barədə “SAACO” şirkəti özü məlumat vermiş, bütün yazışmalar bu ünvanla aparılmış, ünvanın dəyişdiyinə dair qarşı tərəfdən hər hansı məlumat təqdim edilməmişdir.

24. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövllət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxsləin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “SAACO” şirkəti xx.xx.2013-cü ildə nümayəndə təyin etdiyi X1 verdiyi etibarnamədə hüquqi şəxsin qeydə alınmış və inzibati binasının yerləşdiyi ünvanı Təbriz şəhəri, 29, Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A” göstərilmişdir. Məhkəmə hesab edir ki, sözügedən etibarnamə cavabdehin özündə olmadığı üçün həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmadığından MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməlidir. Bu etibarnaməyə əsasən müəyyən olunur ki, ümumi yığıncağın keçiriləcəyinə dair bildirişlərin digər təsisçi tərəfindən qəsdən yanlış ünvana göndərildiyinə dair iddiaçının dəlili əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı digər həmtəsisçiyə 2013-cü ildən sonra inzibati binasının yerləşdiyi ünvanın dəyişməsi barədə hər hansı məlumat göndərmədiyindən bildirişlərin həmtəsisçi X4 tərəfindən ona məlum olan sonuncu ünvana göndərilməsi pozuntu hesab edilə bilməz.

25. İddiaçının digər dəlilli bundan ibarətdir ki, ümumi yığıncağın keçirilməsi barədə bildirişlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə çatmamışdır. Bu mülahizə ilə bağlı məhkəmə qeyd edir ki, bu hal o halda ümumi yığıncağın qərarının ləğv edilməsinə əsas ola bilərdi ki, ümumi yığıncaqla bağlı bildişlərin çatmamasına görə bildirişi göndərmiş şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı halda işdən görünür ki, Cavabdeh MMC-nin təsisçilərin növbədənkənar ümumi yığıncağının xx.xx.2021-ci il tarixdə keçiriləcəyi barədə bildiriş xx.xx.2021-ci il tarixdə göndərilməsi üçün poçt şöbəsinə təqdim edilmiş, həmin bildirişin çatması barədə məlumat daxil olmamış, iclasın təxirə salınması barədə ikinci bildiriş isə xx.xx.2021-ci il tarixdə göndərilməsi üçün poçta təqdim edilmişdir. “Azərekspresspoçt” Rabitə müəssisəsinin iş materiallarına əlavə edilmiş arayışından görünür ki, İran İslam Respublikasının poçt xidməti tərəfindən bildirişlərin çatdırılmamasının səbəbi ünvanın səhv olması, yəni iddiaçının göndərilmiş ünvanda fəaliyyət göstərməməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının inzibati binasının yerləşdiyi Təbriz şəhəri, 29, Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A” ünvanının dəyişdiyinə dair həmtəsisçiyə məlumat verilməməsi ilə bağlı məsuliyyət “SAACO” şirkətinin üzərinə düşdüyündən iddiaçı bu əsasa istinad etməklə ümumi yığıncağın qərarının ləğv edilməsini tələb edə bilməz..

26. İddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsində qeyd edilməmiş, məhkəmə iclaslarında səsləndirdiyi mülahizələrlə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixə təyin edilmiş ümumi yığıncaq barədə xx.xx.2021-ci il tarixdə poçta təhvil verilmiş poçt göndərişinin qaiməsinin üzərində zərfin çatdırılacağı hüquqi şəxsin adının və “29” rəqəminin qeyd edilməməsi iddaiçı ünvanda fəaliyyət göstərmiş olsaydı bildirişin çatmaması üçün əsas ola bilməzdi. Hamıya məlum olan haldır ki, poçt göndərişinin ünvanlandığı şəxsin adı yalnız qaimədə deyil, eyni zamanda poçt zərfinin üzərində qeyd olunduğundan zərfin hansı hüquqi şəxsə çatmalı olduğu məlum olmuş və poçt şöbəsi göndərişi bu əsasla qaytarmamışdır. Bundan əlavə zərfin çatdırılacağı ünvanın Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binasında yerləşdiyi (Bəhmən Bulvarında cəmi bir Su və Kanalizasiya İdarəsi olduğu nəzərə alınarsa) aydın qeyd edildiyindən “29” rəqəminin qeyd edilməməsi bildirişin çatdırılmaması üçün əsas ola bilməzdi. İşdən görünür ki, 2-ci göndərişdə ünvan tam qeyd edilsə də, həmin bildiriş də eyni əsasla “ünvan səhv olduğuna” görə çatmamışdır.

27. MPM-nin 91.1-5-ci maddəsinə əsasən yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçılar iştirak etdikdə səlahiyyətli sayıldığından xx.xx.2021-ci il tarixə təyin olunmuş ümumi yığıncağın qərarının ləğv edilməsi üçün qanuni əsaslar müəyyən olunmur.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-360/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-360/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar