Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-505/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3252/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 210078 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC bu müqaviləyə 1 saylı əlavədə göstərilən cəmiyyətin YDM-də hüquqları Cavabdeh MMC-yə məxsus olan “Baku Barbeque” “fast food” satışı konteynerlərin yerləşdirilməsi üçün sahələri Cavabdeh MMC-nin müvəqqəti sahibliyinə və istifadəsinə verir, Cavabdeh MMC isə əmlakı qəbul edib bu müqavilənin şərtlərinə əsasən onun istifədəsi üçün ödənişlər aparmaq öhdəliyini öz üzərinə götürür.
2. Müqavilələrin 4.4.3-cü bəndinə əsasən borclu icarə müqaviləsində göstərilən müddətdə icarə haqqının ödənilməsi öhdəliyini daşıyır.
3. Müqavilənin 2.3-cü bəndinə əsasən bir tərəf müqaviləyə vaxtından əvvəl xitam verməkistədikdə, digər tərəfi müqavilənin ehtimal olunan ləğv edilməsi tarixinə ən azı 30 gün qalmış yazılı şəkildə rəsmi qaydada xəbərdar etməlidir.
4. Müqavilənin 4.4.4-cü maddəsinə əsasən icarəçinin vəzifələrindən biri kimi ayrı-ayrı kommunal xidmətlərin qiyməti icarə haqqına daxil edilmədikdə ödənişlərin (elektrik, qaz su, kanalizasiya, rabitə və s) tam həcmdə ödənilməsini təmin etmək (ayrıca qurulmuş sayğacların göstəricilərinə və ya İddiaçı QSC tərəfindən təqdim edilən hesablara əsasən) qeyd edilmişdir.
5. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə dair Müqavilənin şərtlərinin pozulmasına görə icarəçi icarəyə verənə hər gecikdirdiyi gün üçün ödənilməmiş məbləğdən 0,1% miqdarında cərimə ödəməlidir.
6. Həmin müqaviləyə 1 saylı əlavədə əmlak və avadanlığın siyahısı müəyyən edilmişdir (9 №-li yanacaq doldurma məntəqəsində 1 ədəd 36 kv.m sahə və 18 №-li yanacaq doldurma məntəqəsində 1 ədəd 36 kv.m sahə).
7. 19.09.2022-ci il tarixli ********** saylı razılaşma sazişinə əsasən 2022-ci ilin iyul ayının 1-dən dekabr ayı daxil olmaqla icarə haqqı 750 manatdan 350 manata dəyişilməsi, icarəçi göstərilən müddətdən əvvəl fəaliyyətə başlayarsa icarə haqqının 750 manat təşkil etməsi, 2023-cü ilin 01 yanvar tarixindən fəaliyyəti bərpa olunmazsa müqavilənin 2.3-cü bəndinə uyğun olaraq yazılı xəbərdarlıq təqdim ediləndən sonra xitam verilməsi razılaşdırılmışdır.
8. xx.xx.2021-ci il tarixli 210078 nömrəli icarə müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2022-ci il tarixli ********* saylı razılaşma sazişinə əsasən tərəflər 9 saylı YDMdə yerləşən “Baku Barbeque” brendi altında işləyən köşkün fəaliyyətinin müvəqqəti olaraq dayandırılması barədə və xx.xx.2022-ci il tarixdən icarə haqqı və kommunal xərclər daxil olmaqla 90 gün ərzində hesablanmaması barədə razılığa gəlmişlər.
9. İddiaçı QSC xx.xx.2023-cü il tarixli ZC-02/4 nömrəli məktubla Cavabdeh MMC-yə müraciət edərək, 31 yanvar 2023-cü il tarixdən icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı QSC iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan 1565,59 manat məbləğində debitor borcunun və 60 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı bildirir ki, cavabdeh 1565,59 manat məbləğində icarə haqqını və kommunal ödənişləri iddiaçıya ödəməmişdir.
12. Eyni zamanda, Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödədiyi bütün icarə haqqlarının (toplam 5225 manat) qaytarılması, konteynerləri özünə götürməklə onların birlikdə 23400 manat dəyərinin, cavabdehin əvəzinə ödənilmiş 1040 manat "xxxx" ASC-yə cərimə məbləğinin, konteynerlərin saxlanmasına görə (40 manat x 6 ay - 240 manat) məbləğin, cəmi 29905 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus olmayan və üzərində hüquqları olmayan Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsini özününkü kimi təqdim etmiş və icarəyə vermişdir. Lakin 20 iyul 2021-ci il tarixdə iddiaçı orada köşk quraşdırmaq istəyərkən Sabunçu rayon icra hakimiyyəti orqanının və şəhərsalma idarəsinin nümayəndələrini bu işi dayandırmış və izah etmişlər ki, bu sahə üzərində cavabdehin heç bir hüququ yoxdur. Beləliklə, iddiaçı icarə müqaviləsinə əsasən quraşdırmalı olduğu iki konteyner-köşkdən birini quraşdıra bilməmişdir. Biznes bir konteyner fəaliyyəti ilə mənfəət əldə edə bilməmiş, xərcləri mənfəətindən çox olduğundan 11 mart 2022-ci il tarixdə fəaliyyətini dayandırmalı olmuşdur. Həmin vaxtdan konteynerlər BakAvtoServisdə saxlamadadır və bunun üçün hər ay hər birinə görə 80 manat haqq ödənilir. Bundan başqa, su təchizatı ilə bağlı "xxxx" nümayəndələri tərəfindən cavabdehə yazılmış və onun ödəməli olduğu, lakin iddiaçıdan alınmış 1040 manat cərimə məbləğini də cavabdeh tərəfindən qaytarılmalıdır.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3252/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
15. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti və ona əlavədə işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.
19. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Həmin Məcəllənin 706.4-cü mddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçıya məxsus 9 saylı yanacaq doldurma məntəqəsinin ərazisində 36 kv.m torpaq sahəsinin cavabdehin icarəsinə verilməsi işin mübahisəsiz halıdır.
28. Bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
29. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
30. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli EBBL seriyalı 582819 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin oktyabr ayı üçün 9 saylı YDM-ə 205,65 manat məbləğində icarə haqqı hesablanmışdır.
31. 03.12.2021-ci il tarixli EBBN seriyalı 534387 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin noyabr ayı üçün 9 saylı YDM-ə 440 manat məbləğində icarə haqqı hesablanmışdır.
32. 05.12.2021-ci il tarixli EBBN seriyalı 577292 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 1013,08 manat məbləğində kommunal ödəniş hesablanmışdır.
33. 14.12.2021-ci il tarixli EBBO seriyalı 108929 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 9 saylı YDM-ə 510 manat məbləğində icarə haqqı hesablanmışdır.
34. 07.01.2022-ci il tarixli EBBP seriyalı 286491 nömrəli elektron qaimədən görünür ki, 2021-ci ilin dekabr ayı üçün 35,23 manat məbləğində kommunal ödəniş hesablanmışdır.
35. 01.02.2022-ci il tarixli EBBQ seriyalı 563146 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin yanvar ayı üçün 9 saylı YDM-ə 600 manat məbləğində icarə haqqı hesablanmışdır.
36. 24.02.2022-ci il tarixli EBBR seriyalı 781669 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin yanvar ayı üçün 12,77 manat məbləğində kommunal ödəniş hesablanmışdır.
37. 09.02.2022-ci il tarixli EBBQ seriyalı 970563 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin fevral ayı üçün 9 saylı YDM-ə 700 manat məbləğində icarə haqqı hesablanmışdır.
38. 05.03.2022-ci il tarixli EBBS seriyalı 447557 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin fevral ayı üçün 35,81 manat məbləğində kommunal ödəniş hesablanmışdır.
39. 05.04.2022-ci il tarixli EBBT seriyalı 955762 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin mart ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır.
40. 13.09.2022-ci il tarixli EBCD seriyalı 753952 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin iyul ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır.
41. xx.xx.2022-ci il tarixli EBCB seriyalı 641505 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin avqust ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır.
42. 14.09.2022-ci il tarixli EBCD seriyalı 818967 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin sentyabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır.
43. 07.10.2022-ci il tarixli EBCG seriyalı 720891 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin oktyabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır.
44. 18.11.2022-ci il tarixli EBCJ seriyalı 451537 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin noyabr ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır.
45. 07.12.2022-ci il tarixli EBCK seriyalı 666344 nömrəli elektron qaimədən görünür ki, 2022-ci ilin dekabr ayı üçün 9 saylı YDM-ə 350 manat məbləğində icarə haqqı hesablanmışdır.
46. 02.02.2023-cü il tarixli EBCO seriyalı 036963 nömrəli elektron qaimədən görünür ki, 2023-cü ilin yanvar ayı üçün 9 saylı YDM-ə 750 manat məbləğində icarə haqqı hesablanmışdır.
47. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 210078 saylı müqavilə üzrə mühasibat hesabından çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Cavabdeh MMC-nin 1449,93 manat icarə haqqı borcu, 115,66 manat kommunal ödənişlərə görə borc, ümumilikdə icarə müqaviləsi üzrə 1565,59 manat borcu vardır.
48. Qeyd olunan sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı borcu 1449,93 manat, kommunal ödənişlərə görə borc 115,66 manat, ümumilikdə borc isə 1565,59 manat təşkil edir.
49. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə ödənilməyən 1565,59 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
50. Qarşılıqlı iddia isə rədd edilməlidir.
51. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
52. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda birinci tələb təmin olunaraq cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
53. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.
54. Belə ki, tərəflər arasında icarə müqaviləsinin şərtləri İddiaçı QSC tərəfindən pozulsa da (belə ki, 18 nömrəli yanacaq doldurma məntəqəsində nəzərdə tutulmuş sahə cavabdehə təqdim edilməmişdir), bunun nəticəsində Cavabdeh MMC-yə zərərin dəyməsi və İddiaçı QSC-nin öz öhdəliklərinin pozulması ilə həmin zərər arasında səbəbli əlaqənin olması sübut olunmur.
55. Çünki Cavabdeh MMC zərərin mövcüd olmasını və ikinci sahənin onun istifadəsinə verilməməsi nəticəsində biznes lahiyəsinin alınmamasını təsdiq edən sübutları (məhz iki sahə üçün işlənilmiş biznes layihə, mühasibat sənədləri və s.) ilə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
56. Cavabdehin zərər kimi qeyd etdiyi məbləğlər isə müqavilə öhdəliklərinə uyğun könüllü ödədiyi icarə və kommunal xərclər, habelə yanacaq doldurma məntəqəsində “fast food” satışını həyata keçirilməsi məqsədi ilə iki ədəd konteynerin hazırlanmasına və hazırda saxlanılmasına sərf olunan vəsaitlərdir. Həmin konteynerlər hazırda da cavabdehin sahibliyində olduğuna və yuxarıda qeyd edilən “səbəbli əlaqənin olması” təsdiq olunmadığına görə konteynerlərin hazırlanmasına və hazırda saxlanılmaına xərclənən məbləğlər zərər kimi qiymətləndirilə bilməz.
57. Apellyasiya icraatında təqdim edilən cavabdehlə “Tural-Ş” K/M arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi, konteynerlərin hazırlanması və avadanlıqların alınması ilə bağlı "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il xidmət müqaviləsi və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, habelə həmin müqavilələrə aid ödəniş sənədlərinə dair kollegiya qeyd edir ki, həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyinə və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən apellyasiya icraatında təqdim edilməsinin səbəbləri lazımi qaydada əsaslandırılmadığına görə gecikdirilmiş sübutlar hesab edilir və ona görə də, qəbul edilə bilməz.
58. Bununla yanaşı, kollegiya qeyd edir ki, həmin sübutlar da yalnız cavabdeh tərəfindən konteynerlərin hazırlanması və fəaliyyətinin həyata keçirilməsi üçün çəkilən xərcləri təsdiq edir və yuxarıda qeyd edildiyi kimi “səbəbli əlaqənin olması” təsdiq olunmadığına görə həmin məbləğlər zərər kimi qiymətləndirilə bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3252/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Cavid Hüseyn
Ziya Şirinov