Məhkəmə qərarları › İş №2-2(103)-505/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-505/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-505/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-225/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşi̇ n Hallari

1. İddiaçı (“icarəyə verən”) və "xxxx" MMC (“icarəçi”) arasında imzalanmış icarə müqaviləsinə əsasən “icarəyə verən” “MAN” markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük avtomaşını aylıq icarə haqqı 3500 manat olmaqla icarə hüququ ilə “icarəçiyə” verir.

2. xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, "Hovo” markalı ** MA *** dövlət qeydiyyat nişanlı yük avtomaşını mülkiyyətçisi Cavabdeh2 tərəfindən 4 il 1 ay 26 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh1 etibar etmişdir.

3. 07.11.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və qərarın məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə Howo ZZ1317N306GE1 markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 327.1-ci maddəsində nəzərədə tutulan inzibati xətaları törətmişdir.

4. Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 42780 manat ziyan,hüquqi yardım göstərilməsi üçün vəkilə 100 manat dövlət rüsumu olaraq 218.50 manat, etibarnaməyə görə 17.25 manat, cəmi 43116 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “Ulduz’' metrostansiyasının yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olan və digər Cavabdeh1 tərəfindən idarə edilən "Hovo” markalı ** MA *** dövlət qeydiyyat nişanlı yük avtomaşını (betonqarışdırıcı) iddiaçının mülkiyyətində “Man" markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə toqquşması nəticəsində iddiaçının maşınına 32245 manat ziyan dəymişdir, (qiymətləndirmə rəyi əlavə edilir) ƏN-V11 № 741734 savlı etibarnamədən görünür ki. "Hovo” markalı ** MA *** dövlət qeydiyyat nişanlı yük avtomaşını (avtobetonqarışdırıcı) xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 Xiyafəddin qızının mülkiyyətində olmaqla xx.xx.2023-cü il tarixdə digər cavabdehə idarə etmək üçün səlahiyyət vermişdir.Nərimanov rayon Polis İdarəsinin 1 saylı 1İK1213 nömrə ilə qeydə alınmış1.2023-cii il tarixli “Cinayət işinin başlanmasını rədd edilməsi barədə” qərardan görünür ki. (baş təhqiqatçı Mirsaleh Cavadov) parılan araşdırma ilə müəyyən edilmişdir ki. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu. X.R.Ulutürk küçəsi ilə M.Nərimanov küçəsinin kəsişməsində sağa M.Nərimanov küçəsinə dönmək istəyən zaman manevr etmə qaydasını pozması nəticəsində iddiaçının mülkiyyətində olan "Man"’ markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük avtomaşınla toqquşmuş və təqsirli olduğu üçün Cavabdeh1 AR İXM-nin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə ilə barəsində qəbul edilmiş bu qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPİ-nə göndərilmişdir.Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya 32245 manat ziyandan başqa həmin betonqarışdırıcı maşının işərisində olan 7 kub beton (735 manat dəyərində) beton hadisə nəticəsində dağılaraq həmin məbləğdə ziyan dəymişdir, (qaimə əlavə edilir)Belə ki. malın aid olduğu "xxxx" MMC-dən betonun dəyəri olaraq 735 manat pul hazırda məndən tələb edilir. Eləcə də həmin zavodla bağladığı müqaviləyə əsasən aylıq 3500 manata hazırda zədələnmiş və işlədilməyə yararlı olmayan "Man" markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük avtomaşını xx.xx.2023-cü il tarixdən işlək vəziyyətdə deyil və dayanacaqda saxlanılıb nə nəticədə 3 ay müddətində 10500 manat gəlirdən məhrum olmuşam. Halbuki mənim kredit götürdüyüm "Rabitəbank” ASC-yə aylıq 1807 manat borcum qalmışdır ki. 3 aydır ki. kredit borcumu da verə bilmirəm.Nəticədə cavabdehlər iddiaçıya ümumilikdə 42780 manat ziyan vurmuşlar. Bundan başqa, hüquqi yardım göstərilməsi üçün vəkilə 100 manat dövlət rüsumu olaraq 218.50 manat, etibarnaməyə görə 17.25 manat pul ödəmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-225/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 20050 (iyirmi min əlli) manat dəymiş ziyan,10500 (on min beş yüz) manat məbləğində əldən çıxmış fayda, cəmi 30550 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə ödənilən 181 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 40 manat hissəsinin Cavabdeh1, 10 manat hissəsinin isə İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Man" markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük maşınına dəymiş ziyanın məbləğinin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən yuxarıda qeyd olunan yük maşınına dəymiş ziyanın məbləği 25050 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. İddiaçıya vurulmuş real maddi ziyan 25050 manat təşkil edir. Həmin məbləğdən 5000 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ çıxılmaqla 20050 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı və "xxxx" MMC arasında imzalanmış icarə müqaviləsinə əsasən “icarəyə verən” “MAN” markalı ** FH *** dövlət qeydiyyat nişanlı yük avtomaşını aylıq icarə haqqı 3500 manat olmaqla icarə vermişdir və həmin yek avtomaşını 3 ay müddətində dayanacaqda olması səbəbilə iddiaçıya ziyan dəymişdir. Belə olan halda isə maddi zərərin əvəzi olaraq 10500 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə də təmin edilməlidir.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-225/2025 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobilinə dəymiş ziyanın elə sürücü Cavabdeh1 tərəfindən də ödənilməli olduğu qənaətinə gələrək, iş üzrə digər cavabdeh-yüksək təhlükə mənbəyinin mülkiyyətçisi Cavabdeh2 Ziyafəddin qızını zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad etmişdir. Halbuki, Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.” Göründüyü kimi, etibarnamənin olması (hətta bunu, “yüksək təhlükəli mənbəyin sahibi” hesab edilmək üçün ilkin şərt kimi qəbul etsək belə) həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Bu hüquqi yanaşma, zərərin əvəzini ödəmək məsələsində yalnız fiziki şəxsin yüksək təhlükə mənbəyinə sahib olması və ondan mənfəət əldə etməsi durumunda məsuliyyətə cəlb olunması ilə əlaqədardır. Hazırkı işdə cavabdeh sahibkar yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır (məhz bu səbəbdən də hər hansı dövr üçün ödəniş edilməyəndə nəqliyyat vasitəsini onu idarə edənin - yəni ikinci cavabdehin Cavabdeh1 əlindən ala bilir). Zərərin əvəzinin ödənilməsi üçün mülkiyyətçi kimi Cavabdeh2 Ziyafəddin qızının məsuliyyət daşıdığı aşkardır. Mülkiyyətçi Cavabdeh2 məxsus yük avtomobillərinin etibarnamə əsasında müxtəlif şəxslərə idarə olunmaq üçün verilməsi, işçilərin əmək münasibətləri üzrə məsuliyyətdən yayınmaq məqsədilə həyata keçirilmiş formal hüquqi mexanizm ola bilər. Lakin məhkəmə bu məsələləri araşdırmamış və işin hərtərəfli qiymətləndirilməsinə uyğun addımlar atılmamışdır. Bu da işin hərtərəfli və obyektiv araşdırılması prinsipinə ziddir. Məhkəmə, işin obyektiv və düzgün araşdırılmasını təmin etməli idi. Sürücü Cavabdeh1 məhkəmə iclasında verdiyi etiraf faktiki əmək münasibətlərinin mövcudluğunu təsdiq edir. O, məhz Cavabdeh2 məxsus betonun daşınması üçün "Hovo" markalı ** MA *** dövlət qeydiyyat nişanlı yük avtomaşını idarə etdiyini bildirir. Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş ƏN-Vİİ № 741734 saylı xx.xx.2023-cü il tarixli etibarnamə əsasında yük avtomobilini idarə etdiyini və obyektlər arasında beton daşınması işi ilə məşğul olduğunu məhkəmə iclasında təsdiq etmişdir. Bu, faktiki olaraq işçi kimi fəaliyyət göstərdiyini göstərir. Bu etiraf, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin mövcudluğunu sübut edir. Etibarnamə hüquqi baxımdan mülkiyyət hüquqlarının ötürülməsi deyil, müəyyən icazə xarakteri daşıyır. Lakin burada sürücü etiraf edir ki, o, işçi kimi fəaliyyət göstərib və Cavabdeh2 üçün konkret funksiyanı – beton daşınmasını yerinə yetirib.

b) Apellyasiya şikayətinə qarşi etirazin dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraati iştirakçilarinin izahatlari

12. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçının vəkili ərizə ünvanlayaraq məhəkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin R Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

17. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

AR Mülki Porsessual Məcəllənin

22. - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

24. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikasi Konstitusiyasinin 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərar

Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur, zərər vuran şəxs bəlli olmaqla, barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflər arasında mübahisəli hal: hazırda iddiaçı həm haqqında inzabiti protokol tərtib edilən sürücünü, həmçinin avtomobilin mülkiyyətçisindən avtomobilinə dəymiş zərəri, əldən çıxmış faydanı tələb edir.

30. 07.11.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və qərarın məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə Howo ZZ1317N306GE1 markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 327.1-ci maddəsində nəzərədə tutulan inzibati xəta hadisəsi törədilmiş, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurulmuşdur.

31. 21.11.2023-cü il tarixli, ZA-2111/ME saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “MAN” markalı ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərər dəyərinin qiyməti 32245 manat təşkil edir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 3-16-16/2-9/5316/2024 saylı ekspert rəyinə əsasən 2004-cü il buraxışlı “MAN TGA 35” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 25050 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

33. İş materiallarına əlavə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi mövcud olmamışdır.

34. Kollegiya yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, apellyasiya şikayətinin dəlilllərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası Cavabdeh1 ilə Cavabdeh2 arasında münasibətlərin faktiki əmək münasibətləri olması dəlilini əsassız hesab edərək qeyd edir ki, əmək qanunvericiliyindən də göründüyü kimi əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

36. Məhkəmə kollegiyası Cavabdeh1 etibarnamə əsasında yük avtomobilini idarə etdiyini və obyektlər arasında beton daşınması işi ilə məşğul olduğunu məhkəmə iclasında təsdiq etməsi dəlilinə münasibətdə qeyd edir ki, digər Cavabdeh2 ilə və ya iddiaçının idda etdiyi kimi onun rəhbərlik etdiyi hər hansı hüquqi şəxslə Cavabdeh1 əmək münasibətlərində olmasına dair hər hansı sübut təqdim olunmamış, əksinə Cavabdeh1 adına “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi mövcud olmaması iş materialları əlavə olunmuş sübutlarla təsdiq olunur.

37. Göründüyü kimi iş materillarında olan bütün sənədlər (etibarnamə, inzibati xəta haqqında protokol, inzibati tənbeh tədbirinin tətbiqi haqqında qərar və.s) Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulduğundan vurulmuş zərərə görə məsuliyyəti də o daşıyır.

38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-225/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar