Məhkəmə qərarları › İş №2-2(103)-508/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-508/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-508/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “qarantiya müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Açar söz: borcun ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “qarantiya müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-471/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə CR/552 saylı, xx.xx.2019-cu il tarixdə CR/553 saylı və xx.xx.2019-cu il tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Müqavilələr hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli CR/552 saylı, xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqavilələri üzrə eyni tarixli zaminlik müqavilələri bağlanmışdır.

2. xx.xx.2019-cu il tarixli CR/552 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 59.316,41 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir.

3. xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC-də olan hesabdan çıxarışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Banka xx.xx.2019-cu il tarixdə 6.004 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə isə 6.760 ABŞ dolları məbləğində pul yəni, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8.402 ABŞ dolları, bundan CR/552 saylı qarantiya müqaviləsi üzrə cəmi 1.617 ABŞ dolları faiz borcu və CR/553 saylı qarantiya müqaviləsi üzrə cəmi 6.785 ABŞ dolları faiz borcunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış CR/552 saylı, 04 dekabr 2019-cu il tarixli qarantiya müqaviləsinə əsasən, bank prinsipialın xahişi ilə, “Sammi Construction CO.” LTD-nin xeyrinə 59.316,41 ABŞ dolları və CR/553 №-li, 04 dekabr 2019-cu il tarixli qarantiya müqaviləsinə əsasən, 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edilmişdir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, qarantiya 04 dekabr 2019-cu il tarixindən 24 aprel 2021-ci il tarixinədək təqdim edilir. Benefisiarın xeyrinə Bankın vəsaiti hesabına ödənişin həyata keçirildiyi gündən qarantiya üzrə ödəmə zamanı yaranmış borc tam ödənilənədək ödənilmiş məbləğə illik 50% (əlli faiz) hesablamaq hüququna malikdir. Həmçinin, prinsipial banka qarantiyanın tam məbləğindən illik 1.5% ölçüsündə komissiya ödəyir. Cavabdeh1 MMC-yə qarantiya təqdim edilərkən Cavabdeh2 ilə Bank arasında 04 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında prinsipial ilə birlikdə məsuliyyət daşıyırlar. Qarantiya müqaviləsinin 3.1-ci bəndinə əsasən prinsipial bu müqavilə üzrə benifisiarın xeyrinə və onun hesabına ödəniş məbləğlərinin banka qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və qarantiyanın bütün məbləğinin, qarantiyadan istifadəyə görə müqavilənin 2.8 və 3.3.2-ci bəndinə uyğun olaraq faizlərin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi üçün Cavabdeh1 MMC və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********165 və **********168 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 MMC və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli e-2-2(113)-471/2023 nömrəli qətnaməsi ilə ( hakim Kənan Hüseynov) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, mübahisə qarantiya müqavilələri üzrə komissiya haqları hesablanması ilə bağlıdır. xx.xx.2019-cu il tarixli, CR/552 saylı qarantiya müqaviləsinin məbləğinin 59.316,41 ABŞ dolları, müddətinin isə xx.xx.2021-ci il tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 1.186,32 ABŞ dolları (59.316,41x1.5/100=889,746 (illik komissiya haqqı), 889,746/12=74,145 (aylıq komissiya haqqı), 74,145x16=1.186,32 (16 aylıq komissiya haqqı)) təşkil edir. Digər xx.xx.2019-cu il tarixli, CR/553 saylı qarantiya müqaviləsinin məbləğinin 248.949,10 ABŞ dolları, müddətinin isə xx.xx.2021-ci il tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 4.978,98 ABŞ dolları (248.949,10x1.5/100=3.734,236 (illik komissiya haqqı), 3.734,236/12=311,186 (aylıq komissiya haqqı), 311,186x16=4.978,982 (16 aylıq komissiya haqqı)) təşkil edir. Göründüyü kimi, mübahisələndirilmiş CR/552 və CR/553 saylı qarantiya müqavilələri üzrə komissiya haqlarının (muzdun) cəmi 6.165,3 ABŞ dolları (1.186,32+4.978,982) təşkil edir.

9. Məhkəmə müəyyən etmişdir ki, hətta Bank tərəfindən mübahisələndirilməmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli CR/554 saylı qarantiya müqaviləsində komissiya haqqının konkret olaraq 2.581,1 ABŞ dolları olması, mübahisələndirilən qarantiya müqavilələri üzrə isə cəmi 6.165,3 ABŞ dolları komissiya haqlarının olması nəzərə alındığında görünür ki, cavabdeh tərəfindən Banka cəmi 15.764 ABŞ dolları məbləğində pul ödənilməklə bütün müqavilələr üzrə nəzərdə tutulmuş komissiya haqlarından da, artıq məbləğdə pul ödənilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-471/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara fərqli və yanlış hüquqi qiymət verməyə çalışmış, cavabdehin banka olan qarantiya müqaviləsi üzrə borcunu bankın aktiv dövründə yəni, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində ödənilmiş cəmi 15.764 ABŞ dolları məbləğində pul məbləği ilə əvəzləşdirmişdir. Əmanətlərin Sığortalanması Fondu Bankın hərəkət və hərəkətsizliyi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürə bilməz. Həmçinin cavabdehin qarantiya müqaviləsi üzrə borcunun növbədən kənar icrasının təmin edilməsi borc vəsaitinin silinməsinə gətirib çıxaran amildir ki, bu da digər kreditorların maraqlarının toqquşmasına səbəb olur. Qanunvericiliyə uyğun olaraq, cavabdehlər bankın kreditoru kimi çıxış edir və onların kreditor tələbləri ləğvedici tərəfindən qeydə alınmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş kreditor olaraq təsdiq edilmişdir. “Banklar haqqında” Qanunun 92-ci maddəsinə əsasən, bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını və vəzifələrini həyata keçirərkən bankın hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)- 132/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Bankın iddiasının təmin edilməməsi hazırki iş üzrə cavabdehlərin kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaların nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Eyni zamanda Kollegiyanın nəzərinə çatdırmaq istərdik ki, ləğv prosesində olan "xxxx" ASC hazırda Qanunun 82.1.2-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblərin icrasını təmin etmək mərhələsindədir. İş üzrə cavabdehin qeydə alınmış kreditor tələbi isə Qanunun 82.1.8-ci maddəsində nəzərdə tutulan təminatsız kreditorların tələbləri üzrə ödənişlər sırasında icra edilməlidir. Beləliklə cavabdehlərin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində ödədikləri pul vəsaitlərinin banka olan qarantiya müqaviləsi üzrə komissiya borcu ilə əvəzləşdirilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Həmin maddəyə əsasən bu Qanununun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82.1-ci maddəsi müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülməsini nəzərdə tutur. Həmin Qanunun 87-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanunun 82ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Beləliklə, hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Həmin maddəyə əsasən bu Qanununun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Bu isə banka qarşı kreditor tələblərin ödənilməsinin həmin qanunun 82.1-ci maddəsinə uyğun olaraq yalnız növbəlilik qaydasında mümkün olmasını müəyyən edir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 460.1-cı maddə- öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 478-ci maddə-qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.2-ci maddə- qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 480-ci maddə- qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-471/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin hallarından görünür ki, mübahisə qarantiya müqavilələri üzrə komissiya haqqının ödənilməsi ilə bağlıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə CR/552 saylı, xx.xx.2019-cu il tarixdə CR/553 saylı və xx.xx.2019cu il tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Hər iki qarantiya müqaviləsi üzrə illik 1,5 faiz komissiya ödənilməsi nəzərdə tutulduğundan birinci instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli CR/552 saylı qarantiya müqaviləsinə əsasən (təqdim edilmiş qarantiya məbləği 59.316,41 ABŞ dolları) illik komissiya haqqı 889,7 ABŞ dolları, 16 ay üçün 1186,32 ABŞ dolları, xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqaviləsinə əsasən (qarantiya məbləği 248.949,10 ABŞ dolları) illik komissiya haqqı 3734,2, 16 ay üçün 4978,98 ABŞ dolları təşkil edir. Ümumilikdə cavabdeh iddiaçıya 2 qarantiya müqaviləsi üzrə 6165,3 ABŞ dolları ödəniş etməli idi.

21. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 MMC tərəfindən Banka xx.xx.2019-cu il tarixdə 6.004 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə isə 6.760 ABŞ dolları olmaqla, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Qarantiya müqavilələrinin 3.3.3-cü bəndinə əsasən, prinsipial banka olan borcun istənilən məbləğini prinsipialın bankdakı hesabından akseptsiz qaydada silmək hüququ verdiyi halda İddiaçı ASC ləğv edilənədək həmin məbləğləri qarantiya müqavilələri üzrə borc üzrə silməmiş və cavabdehə geri qaytarmamışdır.

22. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixli CR/552 saylı və CR/553 saylı qarantiya müqavilələri üzrə 6165,3 ABŞ dolları komissiya haqqının ödənilməsi öhdəliyini bank ləğv edildiyi tarixədək icra etdiyindən (bankda olan hesaba mədaxil etməklə) və mədaxil edilmiş məbləğlər halhazıradək bankın sərəncamında olduğundan həmin borcun yenidən cavabdehdən tutulması barədə iddiaçının tələbi təmin edilə bilməz. Cavabdehin hesabına mədaxil edilmiş vəsaitin bank ləğv edilənədək borc üzrə silinməməsinə görə məsuliyyət iddiaçının risk dairəsinə aid məsələ olduğundan və bankın hazırda ləğv prosesində olması ilə əlaqədar cavabdehin öz hesabına mədaxil etdiyi vəsaitin borc üzrə silinməsinin mümkün olmamasına görə cavabdeh məsuliyyət daşımadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 471/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-471/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar