Məhkəmə qərarları › İş №2-2(103)-508/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-508/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-508/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-197/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00241888-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189,143.50 (bir yüz səksən doqquz min bir yüz qırx üç manat əlli qəpik) manat əsas borc, 9,090.94 (doqquz min doxsan manat doxsan dörd qəpik) manat faiz borcu, 8,021.42 (səkkiz min iyirmi bir manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 206,255.86 (iki yüz altı min iki yüz əlli beş manat səksən altı qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı ASC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00241888R saylı maliyyələşdimə üçün ərizəyə əsasən 189143,50 manat əsas borc, 26023,13 manat cərimə borcu olmaqla, cəmi 215166,63 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 106 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-197/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 (yüz səksən doqquz min yüz qırx üç manat, əlli qəpik) manat əsas borc məbləği, 9458 (doqquz min dörd yüz əlli səkkiz) manat dəbbə pulu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

4. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-197/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə iclasları zamanı, habelə tərəfimizdən verilmiş vəsatətdə də iddia tələbini qəti şəkildə qəbul etmədiyimizi bildirmişik. Məndə qalan xx.xx.2022-ci il tarixli, 28761 saylı qəbzdən görünür ki, 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixli, 15051 saylı qəbzdən görünür ki, 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixli, 27727 saylı qəbzdən görünür ki, 1980 (bir min doqquz səksən) manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 5000 (beş min) manat, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 10.000 (on min) manat məbləğində ödəniş edilmişdir. Təkcə bu qəbzlərə baxdıqda görünür ki, yalnız bu qəbzlər üzrə 21.980 (iyirmi bir min doqquz yüz səksən) manat məbləğində ödəniş edilmişdir. Necə ola bilər ki, bu qədər ödəniş edilsin, lakin iddiaçı tərəfindən verilmiş ərizələrdə cəmi kredit məbləğindən 2000 ödəniş edildiyi qeyd edilsin?! Bildirirəm ki, ödəniş qəbzlərinin bir neçəsini hazırda tapdığımdan birinci instansiya məhkəməsində təqdim edə bilməmişəm. Cavabdeh2 birdəfəlik 20.000 (iyirmi min) manat məbləğində birdəfəlik ödəniş də etmişdir. Həmin ödəniş iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda öz əksini tapmamışdır. Ümumilikdə tərəfimdən 70000 (yetmiş min) manatdan çox ödəniş edilmişdir. Lakin işin hallarından da göründüyü kimi, tərəfimdən kifayət qədər ödənişlər edilmiş, lakin edilmiş ödənişlər əsas borc məbləğindən çıxılmamışdır. Qəbzlər də bir daha bu halı təsdiq edir. Tərəfimdən 70000 (yetmiş min) manatdan artıq ödəniş edilməsinə baxmayaraq həmin ödənişlər əsas borc məbləğindən silinməmişdir. Öhdəlik münasibətlərini pozan tərəf ilk olaraq iddiaçıdır. Məhkəmə tərəfindən cərimə məbləği azaldılarkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin həddən artıq yüksək olmasını, habelə cavabdehlər tərəfindən edilmiş ödənişlərin əsas borc məbləğindən çıxılmadığını nəzərə almamışdır. Və nəticə etibarı ilə cərimə məbləği kifayət qədər azaldılmamışdır. Halbuki, ədalət nöqteyi nəzərindən hazırki işdə cərimə məbləği azaltmaq yox, birdəfəlik o-a endirmək zərurəti vardır. Bildirirəm ki, birinci instansiya məhkəməsində icraat zamanı təqdim edə bilmədiyim qəbzlərin bir hissəsini indi təqdim etmək məcburiyyətində qalmışam. Belə ki, həmin qəbzlər birinci instansiya məhkəməsində icraat zamanı tapa bilməmişdim. Odur ki, bu halı üzrlü hesab edib, qəbzləri sübut kimi qiymətləndirməyinizi və əsas borc məbləğindən çıxmağınızı xahiş edirəm.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

14. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

15. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

17. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin xülasəsi əsas borcun qismən ödənilməsinin iddiaçı və məhkəmə tərəfindən nəzərə alınmaması və nəticə olaraq cərimə borcunun da azaldılmamasından ibarətdir.

22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixlində DC00241888R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191,000 (bir yüz doxsan bir min) manat məbləğində DCL00241888-01 saylı kreditin restrukturizasiyası məqsədi ilə birdəfəlik kredit verilmişdir.

23. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5326 saylı Zaminlik Müqaviləsi müqavilə bağlanmışdır.

24. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBŞ-OUT-00991-2023 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 manat əsas borc, 26023,13 manat cərimə borcu olmaqla, cəmi 215.166,63 manat və gecikdirilmiş günlərin sayı 302 gün qeyd olunmuşdur.

25. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBŞ-OUT-00048-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00241888R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 189.143,50 manat əsas borc, 48.215,95 manat cərimə borcu olmaqla, cəmi 237.359,45 manat və gecikdirilmiş günlərin sayı 437 gün qeyd olunmuşdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator 70000 (yetmiş min) manatdan artıq ödəniş edilməsinə baxmayaraq həmin ödənişlərin əsas borc məbləğindən silinməməsinə əsaslansa da, müvafiq qəbzləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, apellyasiya şikayətinə əlavə etdiyi qəbzlərin 2022-ci il tarixli olmasını nəzərə alaraq həmin məhkəmədə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırmamışdır. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır.

27. Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

28. Apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əsas borc və faiz borcu məbləğlərinin azaldılması əsasları müəyyən edilmədiyindən dəbbə pulunun azaldılması da mümkün olmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-197/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar