Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-508/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması, məhkəmə aidiyyatı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh3nə qarşı “müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı
1. İddiaçı MMC (iddiaçı) Cavabdeh1 MMC-yə və Cavabdeh3nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, hazırda istifadəsində olan 145 və 147 nömrəli avtobus maşrutları üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli müsabiqənin nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı
2. Birinci instansiya məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılması qərara alınmış, iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir və buna görə də adi hüquqi şəxsdən fərqli olaraq imtiyazlara malikdir. Həmin imtiyazların əsas səbəbi publik hüquqi şəxsin təsisçisinin dövlət olmasıdır. Buna görə də publik hüquqi şəxs heç bir halda müflis ola bilməz və ona qarşı məhkəmə iddiaları ənənəvi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. Həmçinin qanunvericilik təsbit edir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin icraat çərçivəsində inzibati orqan kimi qəbul edilməlidirlər. İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqanın hazırkı mübahisə üzrə hərəkətləri (qərarları) mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və sair) dövlət vəsaiti hesabına alınması, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə də əlaqədar olmamışdır.
4. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Mülki Məcəllənin 43.5-ci, 43.7ci, “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.1-ci, 2.2-ci, 3.1-ci, 3.4-cü, 4.1-ci, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci, 1.2-ci, 2-ci, “Dövlət satınalmaları haqqında” Qanunun 34-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci, İnzibati Prosessual Məcəllənin 1-ci, 2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarına istinad etmişdir.
5. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına uyğun olmamışdır. Belə ki, həmin qərarın 6.3-ci bəndinə görə, “Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və yaicarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur.”
Apellyasiya baxışı
7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
8. Cavabdeh3n nümayəndəsi tərəfindən şikayətə qarşı aşağıdakı məzmunda yazılı etiraz verilmişdir (elektron sistemə yüklənmişdir): “Birinci instansiya məhkəməsinin 18 mart 2025-ci il tarixli qərardadı tam qanuni və əsaslıdır. Məlumat üçün bildirmək istərdik ki, iddiaçının mübahisələndirdiyi 145 və 147 nömrəli avtobus maşrutları üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli müsabiqənin AYNA tərəfindən diskresion səlahiyyətləri çərçivəsində qiymətləndirməsinin nəticəsində iddia ərizəsində qeyd edilən digər cavabdehlə AYNA arasında bağlanmış müqavilələr inzibati aktlardır. Belə ki, həmin müqavilələr sözügedən sahədə faliyyət göstərmək məqsədi ilə nəzərdə tutulmuş icazə növüdür. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3cü maddəsinə əsasən, icazə verən orqan - icazə vermək səlahiyyətinə malik olan inzibati orqandır. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən icazə - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra - hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkət. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraa haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Sözügedən Qanunun sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyasının qeyd edildiyi 3 nömrəli əlavəsinin 37-ci bəndindən göründüyü kimi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında bağlanmış müqavilə həmin sahədə olan icazə növüdür. "X1” Qanunun 21-ci maddəsindən göründüyü kimi, daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin (AYNA) keçirdiyi müsabiqə əsasında cəlb olunurlar və müsabiqənin qalibləri ilə sifarişçi yuxarıda qeyd edilən müqavləni bağlayır. Müsabiqənin keçirilməsinin proseduru və qiymətəndirmə meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” Qaydası ilə tənzimlənir. "X1” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2008-ci il tarixli 792 saylı Fərmanının 2.2-2-ci bəndinə (həmçinin, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarına) əsasən sözügedən qanunda göstərilən avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının tənzimlənməsi sahəsində (publik hüquq) tənzimləməni həyata keçirdən (o cümlədən müsabiqənin keçirdən və müqavilən bağlayaraq həmin sahədə fəaliyyətə icazə verən) inzibati orqan AYNA-dır. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının iddia tələbinin məzmunundan da göründüyü kimi, iddiaçının iddia tələbinin məzmunu mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin ("İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd etmək istərdik ki, iddiaçı eyni məzmunlu iddia tələbi və bununla əlaqədar müvəqqəti təminat tədbiri (MTT) barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. MTT ilə bağlı məhkəmə iclasları xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində keçirilərək növbəti məhkəmə prosesinin iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, iddia tələbi üzrə isə məhkəmə prosesi xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Həmçinin, onu da xüsusilə qeyd etmək istərdik ki, anoloji iş üzrə AYNA-ya qarşı digər daşıyıcı tərəfindən inzibati məhkəməyə verilmiş iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-336/2025 nömrəli qərarı qanuni qüvvəyə mimişdir. Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi, iddiaçının verdiyi iddia tələbi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraat qaydasında baxılmalıdır”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
10. Maddə 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu
11. Maddə 2.1. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur;
12. Maddə 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır;
13. Maddə 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
14. Maddə 3.4. Publik hüquqi şəxs "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.
15. Maddə 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
“İnzibati icraat haqqında” Qanun
16. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
17. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
19. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
İnzibati Prosessual Məcəllə
20. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
21. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
22. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.
23. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
26. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
27. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
28. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
29. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı
30. Bənd 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər.
31. Bənd 6.3. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur.
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı
32. Bənd 21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.
33. Bənd 22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.
34. Bənd 25. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır
Apellyasiya baxışının həddi
35. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 25). İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 27). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 28).
37. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tətbiqi ilə bağlıdır.
38. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.
39. MPM-nin 153.2.1-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, irəli sürülən iddia tələbinə kommersiya məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması mümkün olmasın.
40. İddiaçının irəli sürdüyü iddia tələbinin mahiyyətindən görünür ki, o, istifadəsində olduğunu bildirdiyi müntəzəm avtobus marşurutu xəttlərinin müsabiqəyə çıxarılmasını və müsabiqənin nəticələrini mübahisələndirir.
41. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh3 yaradılmış, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Fərmanla isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir.
42. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı sahəsində tənzimləməni, ölkədə avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir.
43. AYNA-nın Nizamnaməsinin 2.1-ci bəndinə görə, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; 2.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin (Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımalar üzrə dövlət sifarişi istisna olmaqla) formalaşdırılmasını təmin etmək; 2.1.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək; 2.1.5. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək; 2.1.5-1. yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; 2.1.6. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.7. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
44. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur və Azərbaycan dövlətinin başçısının icra qaydasında həll etdiyi digər məsələlərə əvvəllər yalnız dövlət orqanlarına məxsus olan idarəçilik funksiyalarının həmin sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün publik hüquqi şəxslərin yaradılması yolu ilə sonunculara həvalə edilməsi də aiddir.
45. Belə bir zərurət ondan irəli gəlmişdir ki, icra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə və pullu xidmətlər göstərə bilməzlər. Bunun üçün pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır. Mövcud qanunvericiliyə görə isə bu mümkün deyil. Səbəbi də odur ki, adi hüquqi şəxsin əmlakı girov qoyula, onun əmlakına qarşı məhkəmə icraatı başlana və nəhayət, müflis elan edilə bilər. Dövlət və mərkəzi icra hakimiyyəti orqanlarına qarşı isə bunları etmək mümkün deyil.
46. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bu problemlərin qanuni həll yoludur və məhz bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1125 nömrəli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə bir sıra mərkəzi icra hakimiyyəti və dövlət orqanları statusuna malik olan təşkilatların bazasında eyni adlı publik hüquqi şəxslər yaradılmışdır.
47. Bunlar o qurumlar idi ki, dövlətin müxtəlif sahələrdəki siyasətini həyata keçirməklə yanaşı, fiziki və hüquqi şəxslərə müəyyən pullu xidmətlər göstərmək imkanına malik idilər və bəziləri bu xidmətləri göstərirdilər.
48. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir və buna görə də adi hüquqi şəxsdən fərqli olaraq imtiyazlara malikdir. Həmin imtiyazların əsas səbəbi publik hüquqi şəxsin təsisçisinin dövlət olmasıdır. Buna görə də publik hüquqi şəxs heç bir halda müflis ola bilməz və ona qarşı məhkəmə iddiaları ənənəvi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür.
49. Həmçinin, qanunvericilik təsbit edir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin icraat çərçivəsində inzibati orqan kimi qəbul edilməlidirlər.
50. Cavabdeh3, Azərbaycan Respublikasının ali icra hakimiyyəti orqanı tərəfindən mərkəzi icra hakimiyyətinin yanında fəaliyyət göstərən dövlət xidmətinin əsasında, həmin sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək məqsədilə yaradılan, nizamnaməsi ilə icrası məcburi olan göstərişlər vermək (inzibati akt qəbul etmək) və bundan irəli gələn tədbirlər görmək səlahiyyəti verilən, əmlakı və hətta özü dövlət mülkiyyəti sayılan, dövlət orqanı olmayan, lakin sözügedən sahədə Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminin subyekti kimi çıxış edib, dövlətin idarə olunmasında bilavasitə iştirak edən, inzibati orqan statusuna malik publik hüquqi şəxsdir, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
51. Xüsusi qeyd olunmalıdır ki, AYNA yalnız Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
52. Mübahisə AYNA-nın 145 və 147 nömrəli avtobus maşrutları üzrə keçirdiyi xx.xx.2025-ci il tarixli müsabiqə ilə əlaqədar yaranmışdır hansı ki, həmin müsabiqə nəticəsində tərtib olunan protokol “... ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan ...” elementi mövcud olmadığı üçün "İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmasa da, onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir.
53. Bundan əlavə, cavabdeh publik hüquqi şəxs, mübahisənin predmeti dövlət mülkiyyətində olan əmlakla bağlı, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan, yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.
54. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.
55. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Cavabdeh3n nümayəndəsi tərəfindən elektron sistemə yerləşdirilən sənədlərdən, İddiaçı MMC-nin müvafiq iddia tələbinə artıq Bakı İnzibati Məhkəməsində baxıldığı, həmçinin bənzər mübahisəyə inzibati icraat qaydasında baxılaraq yekun məhkəmə aktı çıxarıldığı aydın olur.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3216/2025 saylı iş üzrə 18 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva