Məhkəmə qərarları › İş №2-2(103)-51/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-51/2022

26.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-51/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbi, habelə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-2(113)- 474/2021 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 3000 manat icarə haqqının və 10000 manat maddi ziyanın cavabdehdən tutulması və Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232,2 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən obyektin təmirinə iddiaçı tərəfindən sərf edilmiş 40000 manat və bağlanmış 01 iyun 2017-ci i tarixli müqavilənin tələblərini pozmadan obyektdən əsassız və haqsız olaraq çıxarılmaqla orada işləyib, hər ay qazanacağı və onu faktiki olaraq məhrum etdiyi 24000 manat, ümumilikdə isə 64000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2934/2020 nömrəli qərardadı ilə qeyd olunan işlər üzrə icraat bir iş icraatda birləşdirilərək mülki işə 2(006)-1397/2020 nömrəsi verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-2(113)-474/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-2(113)-474/2021 saylı qətnaməsinin qismən, cavabdeh İddiaçı qarşı təmirə sərf edilmiş 40.000 manat pul vəsaitinin və əldən çıxmış 24.000 manat faydanın tutulmasna dair iddianın rədd edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ötən dövr ərzində cavabdehə obyektin təmirinə sərf etdiyi 40000 manat pulu vermələrini dəfələrlə xahiş etsə də, onlar ziyanı ödəməkdən qəti olaraq imtina etmişdir. Bundan başqa, Rüstəmzadə və qohumları heç bir təqsiri olmadan onu obyektdan əsassız və haqsız olaraq çıxarmış, orada işləməklə hər ay qazanacağı gəlirdən faktiki olaraq məhrum etmişlər. Obyekti müvafiq icarə müqaviləsi əsasında işlətməklə orta hesabla hər ay 3000 manat gəlir əldə etmişdir. 2019cu ilin sentyabr ayı nəzərə alınmasa, müqavilənin müddəti bitənədək, yəni 8 ay ərzində ümumilikdə 24000 manat gəlir əldə edə bilərdi. Ona görə da obyektin təmirinə sərf etdiyi 40.000 manat və əldə edə biləcəyi 24000 manatdan məhrum etməklə ümumilikdə 64000 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən həmin məbləğ qarşı tərəfdən tutularaq ona ödənilməlidir. İşə baxılması sonuncu dəfə 26.01.2022-ci il tarixə təyin edilmiş, Cavabdeh elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh, vəkili Vəkil2 Məzəffər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli 2-2(113)-474/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə Cavabdeh tərəfindən iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 01.06.2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanmış, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 232.2 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh 01.06.2020-ci il tarixədək icarəyə verilmişdir. İcarədar tərəfindən 13.09.2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən müqavilənin 6-cı və 8-ci bəndləri pozulduğundan icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. İcarəçi qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etdiyindən İddiaçı müqavilənin ləğv edilməsi. icarə haqqı, maddi ziyanın tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia qaldırmışdır. 10.06.2021-ci il tarixdə İddiaçı iddia tələbindən imtina etmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən icarəyə götürülmüş obyektdən 2019-cu ilin sentyabr ayında çıxdığını bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili bu faktı təsdiq etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbi iki hissədən ibarətdir:

1. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 24.000 manatın tutulması. 2.Təmirə sərf edilmiş 40.000 manat pul vəsaitinin tutulması Cavabdeh əldən çıxmış faydanı tutulması barədə iddia tələbinin hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar icarəçiyə maddi zərər dəyməsi mümkündür. Məhkəmə tərəfindən hüquqi qiymə verilməli olan məsələ icarədar tərəfindən müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv edilərkən mülki hüquq pozuntusuna yol verilib-verilməməsidir. Tərəflər arasında bağlanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən tərəflərin 1 ay qabaqcadan yazılı ərizə ilə digər tərəfə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv etmək hüquqları vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər 01 iyun 2017-ci il tarixli icarə müqaviləsini bağlayarkən müqavilə tərəflərinin istənilən əsasla bir ay əvvəl qarşı tərəfi xəbərdar etməklə müqaviləni ləğv etmək hüququ olduğunu razılaşdırdıqlarından İddiaçı hərəkəti müqavilə şərtinə uyğun olmuş və hər hansı mülki hüquq pozuntusu baş verməmişdir. Buna görə də bu hissədə iddia tələbinin rədd edilməsi qanuni və əsaslıdır. İcarə obyektində Cavabdeh tərəfindən aparılmış təmir xərclərinin ödənilməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən icarə obyektində aparılan təmir işlərinin həyata keçirilməsinə əvvəlcədən icarəyəverənin razılığı alınmalı idi. Eyni zamanda “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsində nəzərdə tutulur ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. İddiaçı ona məxsus obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsinə Cavabdeh razılıq verdiyi iddiaçı tərəfindən sübut edilməmişdir. İddiaçı öz iddia ərizəsində obyektdə onun məlumatı və razılığı olmadan dəyişikliklər edildiyini, arakəsmələr quraşdırıldığını, təmirin korlandığını göstərərək obyektə 10.000 ziyan vurulduğunu göstərmişdir. Belə olan halda içarəçinin razılıq alınmadan həyata keçirdiyi təmir işlərinin dəyərini qarşı tərəfdən tələb etmək hüququ istisna olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, təmir işlərinə razılığın verildiyi təsdiq edilmiş olsaydı belə icarəyə götürülmüş obyektdə Cavabdeh tərəfindən 40.000 manat dəyərində təmir işləri görüldüyü mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi üzərində möhür və zəruri rekvizitlər olmayan, kim tərəfindən tərtib edildiyi məlum olmayan, üzərində əlyazma ilə qeydlər edilmiş qaimələr və fotoşəkillər iddiaçının tələbinin əsaslı olduğuna dair qənaətə gəlmək üçün kifayət etmədiyindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2- 2(103)-1033/2021 saylı qərardadı ilə iddiaçının vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, 21.12.2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş məktuba əsasən iş üzrə tərəflər tədqiqat obyektinə baxış keçirilməsi üçün gəlmədiklərindən və təmir işlərinə dair smeta sənədləri təqdim edilmədiyindən tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsinə əsas verən maddi və prosessual pozuntuya yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli 2-2(113)-474/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli 2-2(113)-474/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar