Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-51/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, ipoteka müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-389/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 002L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000. ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsini açır.
2. İddiaçı ilə cavabdeh arasında Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002L**********98 saylı kredit xətti müqaviləsi üzrə 15 fevral 2021-ci il tarixli 999R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 100000 manat olan krediti aylıq faiz dərəcəsi 1.3333 % olmaqla 24 ay müddətinə kredit alana verir.
3. Razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
4. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 999R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır.
5. İddiaçı ilə Cavabdeh4 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********03 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgə məsuliyyət daşıyır.
6. İddiaçı ilə Cavabdeh1 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********02 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgə məsuliyyət daşıyır.
7. İddiaçı ilə Cavabdeh3 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********01 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgə məsuliyyət daşıyır.
8. İddiaçı ilə Cavabdeh5 (zamin) və Cavabdeh2 (borclu) arasında bağlanmış 999S**********01 nömrəli 15 fevral 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə qarşısında birgə məsuliyyət daşıyır.
9. İddiaçı ilə Cavabdeh1 (ipoteka qoyan) Cavabdeh2 (borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 999M**********01 -ci il nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 20 noyabr 2019-cu il tarixdə Bakı şəhərində aşağıdaki şərtlərlə bağlanmış 002L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
10. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 105000 manat təşkil edir.
11. Azərbaycan Respublikasının Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir.
12. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 05R**********99R********** saylı kredit razılaşması üzrə xx.xx.2023cü il tarixə olan borcu əsas məbləğ üzrə 31515,89 manat, faiz üzrə 1981,36 manat, cərimə borcu 3918,04 manat, cəmi 37415,29 manat təşkil edir.
13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu, Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 263000 manat, likvid dəyəri 237000 manat müəyyən edilmişdir.
14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu, Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 350000 manat, likvid dəyəri 280000 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/80xx-xx/7765 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 138.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair analoji birja məlumatları olmadığı üçün həmin qeyri-yaşayış sahəsinin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23/QYS/25 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin gəlir yanaşması ilə bazar dəyəri 310 000,0 (üç yüz on min) manat, likvid dəyəri 240 000,0 ( iki yüz qırx min) manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 31515.89 manat krеdit bоrcu, 1981.36 manat faiz bоrcu və 3918.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 37415 (otuz yeddi min dörd yüz on beş) manat 29 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (39 saylı mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 37415 (otuz yeddi min dörd yüz on beş) manat 29 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, ünvan 4 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (39 saylı mağaza) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 999R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 68484.11 manat ödəmiş, onun 31515.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 226 gün üçün hesablanmış faiz borcu 1981.36 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 226 gün üçün hеsablanmış cərimə 3918.04 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri-yaşayış sahəsini (39 saylı mağaza) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 158 nömrəli reyestr kitabının 14854 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-389/2024 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-389/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada 999R********** saylı krеdit razılaşması üzrə 31515,89 manat krеdit bоrcu, 1981,36 manat faiz bоrcu və 1500 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ümumilikdə 35207,35 (otuz beş min iki yüz yeddi manat otuz beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSCyə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (39 saylı mağaza) - ilkin satış qiyməti 280000 (iki yüz səksən min) manat olmaqla yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 35207,35 (otuz beş min iki yüz yeddi manat otuz beş qəpik) manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının İddiaçı QSC-nin özünə aid edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 300 (üç yüz) manat xərc müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə, 500 (beş yüz) manat xərcin müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" QSC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit verilmiş, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmış, habelə uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri-yaşayış sahəsi (39 saylı mağaza) İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya (31515,89 manat əsas, 1981,36 manat faiz borcu) ödənilməlidir. İddia ərizəsində görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq 1500 manat müəyyən edilməlidir. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 34997,25 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMCnin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 999R********** saylı krеdit razılaşması üzrə 31515.89 manat krеdit bоrcu, 1981.36 manat faiz bоrcu və 1500 manat cərimə borcu, ümumilikdə 34997,25 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə (39 saylı mağaza) - ilkin satış qiyməti 280.000 manat olmaqla yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 34997,25 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 210 manat cavabdehlərə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab etmişdir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.5, 470.1, 472.1, 472.2, 478, 489.1, 739.1, 739.2, 741ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-389/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və tərəflər arasında xx.xx.2021-ci ildə bağlanmış ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiyməti də nəzərə almaqla yenidən qiymətləndirmə keçirilməklə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280000 manat müəyyən edilməsi hissəsində əsassızdır, əmlakın dəyəri əsassız olaraq həddindən artıq yüksək məbləğdə müəyyən edilmişdir. Ona görə də həmin hissədə qətnamə dəyişdirilməli və əmlakın ilkin satış qiyməti tərəflər arasında 2021-ci ildə bağanmış ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiymət də nəzərə alınmaqla yenidən qiymətləndirmə keçirilməklə müəyyən edilməlidir. Belə ki, tərəflər arasında 2021-ci ildə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin qiyməti qarşılıqlı razılığıilə 105000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində ilk dəfə qiymətləndirmə təyin edilərək keçirilmiş və "xxxx"MMC-yə həvalə edilmişdir. Legal Prime MMC-nin xx.xx.2024cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 263000 manat, likvid dəyəri 237000 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçı bankın vəsatətinə əsasən təkrar qiymətləndirmə təyin edilmiş və qiymətləndirmənin keçirilməsi MBA Consulting MMC-yə həvalə edilmişdir. MBA Consulting Group MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) bazar dəyəri 350000 manat, likvid dəyəri 280000 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçı bank tərəfindən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Hesab edirik ki, həm Legal Prime MMCnin, həm də MBA Consulting MMC-ninrəyləri ilə müəyyən edilmiş qiymətlər əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspertlər tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri rəylərində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Legal Prime MMC-nin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilməmişdir. Rəydə əmlakın çıxarış üzrə ölçüsü və faktiki ölçüsü barədə məlumatlar düzgün qeyd edilməmişdir. MBA Consulting Group MMC-nin rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir: bu cür məlumat standart olaraq bütün rəylərdə olur; qiymətləndirici isə həmin metodlardan (xərc metodu, uyğun satışların müqayisəli metodu) konkret əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çunki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər; yalnız ekspert-qiymətləndirici verdiyi qiyməti təfərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Hazırki iş üzrə təqdim edilmiş rəylər mütəxəssis rəyləridir. İpoteka predmeti olan əmlakın likvid dəyəri müəyyənləşdirilərkən ekspert rəyi daha mötəbər hesab edilməlidir. Ekspert rəyi isə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilir. Beləki, "xxxx" MMC-nin və MBA Consulting MMC-nin rəyləri ekspert rəyi olaraq deyil, mütəxəssis rəyi olaraq tərtib edilmiş, rəyləri tərtib etmiş qiymətləndirici mütəxəssislərin əmtəəşünas kimi iş təcrübəsi, qiymətləndirmə sahəsində xüsusi biliyə malik olduğunu təsdiq edən təhsili barədə məlumatlar rəydə qeyd edilməmişdir. Qiymətləndirici tərəfindən əmlakın qiyməti müəyyən edilərkən ərazi üzrə əmlak bazarının monitorinqi səthi şəkildə aparılmış, rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər mənbələrdən məlumatlaralınmamışdır. Mütəxəssis rəyində tədqiqat zamanı daşınmaz əmlakların alqı-satqısı barədə internet saytlarında olan məlumatlardan istifadə edildiyini qeyd etmişdir. İnternet saytlarında oxşar ölçülü əmlaklarla bağlı axtarış aparılarkən yaxın ərazilərdə oxşar ölçülü əmlakların daha aşağı qiymətlə satışa çıxarıldığı müəyyən edilmişdir. Başqa sözlə qiymətləndirici şirkət tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin qiyməti düzgün müəyyən edilməmişdir. Həmçinin qiymətləndirmə və əmlak alqı-satqısına aid internet saytlarında araşdırma apardığımız zaman daşınmaz əmlakın alqı-satqı elanları yerləşdirilmiş “əmlak.az”, “yeni əmlak.az” və “bina.az” internet saytlarında oxşar ölçülü və sahəli əmlakların daha aşağı qiymətə (təqribən 140000-190000 manat) satışa çıxarıldığı müəyyən edilmişdir. Həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə tərəfindən qiymət verilməmişdir. Mütəxəssislər tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. Hesab edirik ki, ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfində nmünasibət bildirilməmişdir. Qanunvericiliyin tələblərinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən digər sübutlar kimi mütəxəssis rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə rəylərə də digər sübutlarla bərabər qiymət verilməli, rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işinhallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, ipoteka müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış qiymət nəzərə alınmamış, həmçinin iki qiymətləndirici şirkətin rəyləri ilə ipoteka müqaviləsi arasındakı kəskin fərq araşdırılmamış, sonuncu rəy ilə müəyyən edilmiş qiymətin məhz hansı səbəblərə görə mötəbər sübut növü kimi qəbul edilməsi əsaslandırılmamışdır. Həmin hissədə qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli,ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Lakin məhkəmə 2 rəy arasında kifayət qədər qiymət fərqlərinin olmasını araşdırmamış, məhz nə üçün sonuncu rəy ilə müəyyən edilmiş qiymətin əmlakın ilkin satış qiyməti olaraq müəyyən edilməsini qətnamədə əsaslandırmamışdır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, ipoteka müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış qiymət nəzərə alınmamış, həmçinin iki qiymətləndirici şirkətin rəyləri ilə ipoteka müqaviləsi arasındakı kəskin fərq araşdırılmamış, sonuncu rəy ilə müəyyən edilmiş qiymətin məhz hansı səbəblərə görə mötəbər sübut növü kimi qəbul edilməsi əsaslandırılmamışdır. Həmin hissədə qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Mütəxəssislər tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. Ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. İkinci dəfə qiymətləndirmə aparan MBA Consulting Group MMC-nin rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir: bu cür məlumat standart olaraq bütün rəylərdə olur; qiymətləndirici isə həmin metodlardan (xərc metodu, uyğun satışların müqayisəli metodu) konkret əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çunki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər; yalnız ekspert-qiymətləndirici verdiyi qiyməti təfərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Mütəxəssis rəyində tədqiqat zamanı daşınmaz əmlakların alqı-satqısı barədə internet saytlarında olan məlumatlardan istifadə edildiyini qeyd etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
26. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı QSC tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-389/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi “ilkin satış qiyməti 280000 (iki yüz səksən min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməlidir.
33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə "xxxx" QSC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit verilmiş, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmış, habelə uzunmüddətli kredit müqaviləsiüzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 138.8 m ümumi sahədən ibarət 2a saylı qeyri yaşayış sahəsi (39 saylı mağaza) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. İpoteka müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən tələb ipoteka predmetinə yönəldilməli, kredit müqaviləsinin icrası təmin edilməlidir.
34. Apellyator ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd edir, apellyasiya şikayətinin əsas dəlilini bu məsələ təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən ipoteka predmetinin dəyərini analoji məlumatlar əsasında müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçı məhkəməyə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyini təqdim etmişdir. Həmin rəydən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 138,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri 310 000 manat, likvid dəyəri isə 240 000 manat təşkil edir. Kollegiya hesab edir ki, Bakı Kommersiya məhkəməsində "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sabir Rəhman küçəsində yerləşən 2a saylı qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) likvid dəyəri 237000 manat, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən likvid dəyəri 280000 manat, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən likvid dəyəri 240000 manat müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün hər 3 rəydəki əmlakın likvid dəyəri toplanılmalı, 3 yerə bölünməli və orta qiymət çıxarılmalıdır (237000+280000+240000):3=252000. İpoteka predmetinin ilkin satış qiyməti 252 000 manat məbləğində müəyyən edilməlidir.
35. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-389/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi “ilkin satış qiyməti 280000 (iki yüz səksən min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 138.8 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (39 saylı mağaza) ilkin satış qiyməti 252 000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.