Məhkəmə qərarları › İş №2-2(103)-511/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-511/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-511/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı «kredit borcunun tutulması tələbinə dair» ilkin və Cavabdeh “xxxx” KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.01.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, e-2-2(113)-1204/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 31 iyul 2013-cü il tarixli, 35 nömrəli kredit müqaviləsi üzrə 260.000 (iki yüz altmış min) manat əsas borc, 73.060,01 (yetmiş üç min altmış manat, 01 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 11.880,56 (on bir min səkkiz yüz səksən manat, 56 qəpik) manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 344.940,57 (üç yüz qırx dörd min doqquz yüz qırx manat, 57 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə “xxxx” KB ASC-nin arasında bağlanmış 30 iyul 2013- cü il tarixli, 35 nömrəli kredit müqaviləsi bağlandığı andan etibarsız hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.01.2021-ci il tarixli qərardadı “xxxx” KB ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti, e-məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi verilmədiyindən geri qaytarılmışdır. İlkin iddiaçı “xxxx” KB ASC-nin elektron qaydada tərtib olunmuş apellyasiya şikayəti

18. 01.2021-ci il tarixində məhkəməyə daxil olmuş, 26.01.2021-ci il tarixində isə həmin şikayətinə müddətin bərpası barədə ərizəsini əlavə emişdir. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadı ilə onun müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İlkin iddiaçı “xxxx” KB ASC məhkəmənin 18. 01.2021-ci ilə tarixli qərardadından şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən bankın nümayəndəsi Nümayəndə bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini aldıqdan sonra apellyasiya şikayətini 13.01.2021-ci il tarixində elektron kabinetə daxil etmək mümkün olmamış, və müddəti ötürmədən poçt xidməti vasitəsilə şikayəti məhkəməyə göndərmiş, məhkəmə tərəfindən onun apellyasiya şikayəti qaytarıldıqdan sonra isə dərhal 18.01.2021-ci il tarixində elektron qaydada apellyasiya şikayətini kabinetə yerləşdirmişdir. Məhkəmə tərəfindən isə bütün bunlar nəzərə alınmamışdır. Odur ki, qərardaın ləğv olunmasını və müddətin bərpa olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 133.2-ci madəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddiaçının şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin 18.01.2021-ci il və 19.03.2021-ci il tarixli qərardadları ləğv olunmalı, qətnamədən buraxılmış müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə qanunula müəyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə rəsmi qaydada iddiaçıya 14.12.2020-ci il tarixində çatdırılmış, sonuncu qətnamədən apellyasiya şikayətini 13.01.2021-ci il tarixində poçt xidmətinə təqdim etmişdir. Elektron məhkəmə informasiya sisteminin “digər sənədlər” və “əməliyyatlar” bölməsinə əsasən müəyyən olunur ki, 18.01.2018-ci il tarixində “xxxx” KB ASC-nin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul olunmuş, elə həmin gün də iddiaçının elektron kabinet vasitəsilə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Həmin tarix (18.01.2018) sərt karantin rejimi dövrünə, yəni qeyri-iş gününə düşürdü. Məhkəmələrin fəaliyyəti isə yalnız 25 yanvar 2021-ci il tarixində bərpa olunmuşdur. Digər tərəfdən, qeyd olunmalıdır ki, elektron məhkəmə informasiya sistemində həmin dövrdə texniki səbəblər üzündən sənədlərin qəbulunda da problemlər yaşanmışdır. Göründüyü kimi, sadalanan hallar müddətin buraxılması üzrlü səbəbləri kimi qiymətləndirilməyə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda qeyd olunanlar nəzərə alınmamış, birinci halda, məhkəmə 18.01.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini geri qaytarmaqda səhv etmiş, sonradan isə əsassız olaraq müddətin bərpası barədə ərizəsini 19.03.2021-ci il tarixli qərardadı ilə təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, ilkin iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.01.2021-ci il tarixli qərardadı və bununla əlaqədar 19.03.2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı:

Ləğv prosesində olan “xxxx” KB ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.01.2021-ci il tarixli qərardadı və bununla əlaqədar 19.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. Ləğv prosesində olan “xxxx” KB ASC-nin müddətin bərpası barədə ərizəsi təmin edilsin və Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, e-2-2(113)- 1204/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar