Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-512/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-676/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 16 mart 2022-ci il tarixli AMX-2055/22 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçının istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğac xx.xx.2023-cü il tarixdə elektron hissənin işləməməsi səbəbindən çıxarılmış, müvəqqəti olaraq həmin gün “G-400” markalı 32104163 nömrəli sayğac quraşdırılmışdır.
3. 29 mart 2023-cü il tarixdə cavabdehin Metrologiya Departamentində çıxarılan sayğaca baxış keçirilmiş, korrektorun xx.xx.2020-ci il tarixdən söndüyü, bu səbəbdən arxivlərin pozulduğu, mexaniki hissədən keçən 223129 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmiş, nəticədə batareyanın tələb olunduğu göstərilmiş, bu barədə qeyri-əhali sayğacının yoxlanılması haqqında 10 aprel 2023-cü il tarixli SS-14-2- 2/3-5- 2155-3 nömrəli akt tərtib edilmiş, daha sonra həmin akt əsasında 31 may 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir.
4. 02 iyun 2023-cü il tarixdə uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilərək 72278 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 6-cı ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 18069,50 manat məbləğində borc daxil edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 18069,5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, iddiaçının istehsalat sahəsi Bakı- Sumqayıt şosesi 20-ci kilometr ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. İddiaçı ilə cavabdeh arasında 13 mart 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqında müqaviləsi bağlanmışdır. Lakin həmin qeyri-yaşayış sahəsinin sayğacı mülkiyyətçi Qanuni nümayəndə adınadır. Qaz sərfiyyatı ilə bağlı elektron qaimələr isə müqavilə əsasında İddiaçı MMC-yə təqdim edilir. 03 mart 2023-cü il tarixində cavabdeh adıçəkilən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı çıxararaq yerinə müvəqqəti sayğac quraşdırmışdır. Sayğac çıxarılarkən bütün plombları üzərində olmuş və sayğaca heç bir kənar müdaxilə olmamışdır. Həmin sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 16 aprel 2023-cü il tarixində isə müvəqqəti sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra cavabdeh heç bir əsas olmadan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Qanuni nümayəndə barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişdir. Sonradan isə həmin akt əsasında iddiaçıya təbii qazdan istifadəyə görə 18069,5 manat məbləğində əlavə pul hesablamışdır. Cavabdeh bu cür əsassız və qeyri-qanuni hərəkətləri ilə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri qeyri-qanuni və əsassız olduğundan qazdan istifadəyə görə iddiaçıya hesablamış 18069,5 manat əlavə pul məbləği silinməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia təmin edilmişdir.
8. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən əksi iddia olunsa da, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “çıxarılmasına səbəb” qrafasında növbəti yoxlama göstərilmiş, tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 10 aprel 2023-cü il tarixli SS- 14-2-2/3-5-2155-3 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iş üzrə yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. KY231934643 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır. Hazırkı halda isə sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq halın aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız uçotu aparılmayan təbii qazın həcminin hesablanması üçün tələbnamənin daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, laboratoriya rəyindəki məlumatlardan görünür ki, iddiaçının istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğacda batareyanın tükənməsi ilə bağlı korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməsi halı mövcud olmuş, bu səbəbdən sayğac sərfiyyatı düzgün qeydə almamışdır. Sayğacda yaranmış bu nasazlığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə ki, sayğac çıxarılarkən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda plombun vəziyyəti “yerindədir” qeyd edilmiş, laborator müayinə nəticəsində tərtib edilmiş 10 aprel 2023-cü il tarixli SS-14-2-2/3-5-2155-3 nömrəli aktda da əks hal müəyyən olunmamışdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür, cavabdeh isə bu hesablamanın qanuni əsasını göstərə bilmir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçı tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2023-cü ilin iyun ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı nəzərə almamışdır. Qaydalara əsasən yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla qaz paylayıcısı yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Hazırki işin hallarından isə göründüyü kimi Cavabdeh İB-nə sayğaca müdaxilə, nə də ki qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar nə sayğaca müdaxilə, nədə ki qanunsuz istifadə halı ilə bağlı deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
15. Tətbiq edilən hüquq
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11-ci maddə- plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
“Qaz təchizatı haqqında” Qanun 3-cü maddəsinin 5-ci bəndi- sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndi- qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3-cü maddəsinin 5-2-ci bəndi- qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4-cü bənd- qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bənd-yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. 4.3-1-ci bənd- Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.4-cü bənd- yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.
“Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4- cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin hallarından görünür ki, iddiaçı tərəfindən silinməsi tələb edilən 18069,5 manat borc 31 may 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının su təchizatı sistemi yoxlanılaraq sayğacın düzgün işləmədiyi (korrektorunun söndüyü, minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı) müəyyən edilmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən həyata keçirilmiş və 31 may 2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş yoxlama yoxlamanın həyata keçirildiyi dövrdə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından nəticələri etibarsızdır.
20. İşdəki KY231934643 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması uçun xx.xx.2023 –cü il tarixdə, yoxlama aktı tərtib edildikdən sonra müraciət etmişdir. Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədi ilə sayğacın yoxlanılması reyestrdə qeydə alınmalı idi.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.