Məhkəmə qərarları › İş №2-2(103)-513/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-513/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-513/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3942/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 06 iyul 2020-ci il tarixli 07NKX/20 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borc alana 12 ay müddətinə, illik 16 faiz ödəmək şərtilə 100000 manat bərpa olunan kredit xətti açılmış və həmin vəsaitin hər biri 50000 manat olmaqla iki tranşla verilməsi razılaşdırılmışdır.

2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 (zamin) arasında 06 iyul 2020-ci il tarixli 07NKXZ/20 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 07NKX/20 nömrəli kredit Xətti müqaviləsinə əsasən: 1-ci tranş üzrə 50000 manat əsas, 1124,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 51124,38 manat, 2-ci tranş üzrə 50000 manat əsas, 1333,32 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3458,33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 54791,65 manat məbləğində kredit borcunun, (ümumilikdə hər iki tranş üzrə 105916,03 manat kredit borcunun) həmçinin 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 07NKX/20 nömrəli kredit xətti müqaviləsinə əsasən: 1-ci tranş üzrə 50000 manat əsas, 1124,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 51124,38 manat, 2-ci tranş üzrə 50000 manat əsas, 1333,32 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3458,33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 54791,65 manat məbləğində kredit borcu, ümumilikdə hər iki tranş üzrə 105916,03 manat kredit borcu mövcuddur.

5. Cavabdeh, həm də Cavabdeh2 MMC-nin nümayəndəsi Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qismən qəbul edərək kreditin verildiyini, lakin tələb olunan vəsaitlə razılaşmayaraq iddianın rədd olunmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3942/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsinin 1-ci tranşı üzrə 49999,98 manat əsas və illik 5%-lə 1124,38 manat cəmi 51124,36 manat, 2-ci tranşı üzrə 49999,99 əsas, 1333,32 manat faiz borcu və illik 5%-lə 3458,33 manat cəmi 54791,64 manat məbləğində pul, ümumilikdə 105916 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 150 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC həmin qətnmədən apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında bir ildən çox ödəniş etdiyini, həmin məbləğin əsas borca deyil, faiz borcuna silinməsini bildirsə də, işə baxan məhkəmə bu halı nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

11. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 445.7, 470.1, 472.1, 472.2-ci maddələri təşkil edir.

21. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

22. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 oktyabr 2022-ci il tarixli 9/6458 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 1-ci tranş üzrə Azgersu MMCnin 06 iyul 2021-ci il tarixə Beynəlxalq Bank ASC-yə əsas borc 49.999,98 manat, 1333,32 manat faiz borcu, 13 iyul 2022-ci il tarixə faiz dərəcəsi 5 % hesablanmaqla əsas 3673,60 manat faiz borcu, 2-ci tranş üzrə Azgersu MMC-nin 06 iyul 2021-ci il tarixə Beynəlxalq Bank ASC-yə əsas borc 49999,99 manat, 1333,32 manat faiz borcu, 13 iyul 2022-ci il tarixə faiz dərəcəsi 5 % hesablanmaqla 3673,60 manat faiz borcu vardır.

23. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz borcunun tutulması hissəsində isə iddianı tam təmin etmişdir.

24. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 445.7, 470.1, 472.1, 472.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

25. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, kredit müqaviləsi üzrə borcun məbləği və iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3942/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar