Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-514/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-370/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.08.2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 fevral 2018-ci il tarixli 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X1 İddiaçı BOKT ASC-nin xeyrinə 13964 ABŞ dolları məbləğində qalıq, 3461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 78 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 13964 ABŞ dolları məbləğində qalıq, 3461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.08.2020-ci il tarixli e-2-2(113)-370/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC (borc verən) ilə X5 (borc alan) arasında bağlanmış 09 fevral 2018-ci il tarixli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X1 09 fevral 2018-ci il tarixli, 2018/00052-01 saylı kredit müqaviləsinə əsasən 13964 ABŞ dolları (on üç min doqquz yüz altmış dörd) əsas borc, 3461,11 ABŞ dolları (üç min dörd yüz altmış bir ABŞ dolları on bir sent) faiz borcu, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17430,11 ABŞ dolları (on yeddi min dörd yüz otuz ABŞ dolları on bir sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X4 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 78 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin cavabdeh X4 qaytarılması, əmlakın ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclaslarından məlumatı olmadığından cavabdeh kimi birinci instansiya məhkəməsində hüquqlarını həyata keçirə bilməmişdir. Bundan başqa o, iddiaçıya 09.04.2018, 09.05.2018, 09.06.2018-cı il tarixlərində 435 ABŞ dolları məbləğində pul ödəmişdir. “xxxx” BOKT ASC məhkəməyə müraciət etdikdən sonra o, yenə ödənişlər etmiş, lakin məhkəmə işə baxarkən bunları nəzərə almamışdır. Ümumilikdə 3000 ABŞ dollarına yaxın məbləğdə pul ödəməyinə baxmayaraq, onun 13964 ABŞ dollar məbləğində qalıq borcunun qaldığı göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici rəyi nəzərə alınmışdır. Lakin mənzilin real bazar dəyərinin 90000 manat olmasına baxmayaraq, rəydə mənzilin qiyməti 75000 manat göstərilmişdir. Həmçinin qiymətləndirici rəyində ona məxsus evin ümumi sahəsi ilə bağlı da məlumat yanlış qeyd olunmuşdur. Rəydə mənzilin ümumi sahəsi 61,3 m2 göstərilsə də realda mənzilinin artırma hissəsi olan eyvan hissəsi ilə bərabər mənzilinin ümumi sahəsi 66,3 m2-dən ibarətdir. Rəydə isə mənzilinin əlavə hissəsi nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT ASC ilə X5 arasında 09 fevral 2018-ci il tarixli, 2018/00052-01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi eyni tərəflər arasında 09 fevral 2018-ci il tarixli, 2018/00052-01İP saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 13964 ABŞ dolları, faiz borcu 3461,11 ABŞ dolları, cərimə 472,60 ABŞ dolları, cəmi borcu isə 17897,71 ABŞ dolları təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qismən etiraf edərək, əsas borc məbləğini və faiz borcunu qəbul etdiyini bildirmiş və iddianın qismən təmin olunmasına etiraz etməmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etiraz etmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Kredit borcunun müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03.12.2019-cu il tarixli, 14195 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən X2 İddiaçı BOKT ASC-yə 12.11.2018-ci il tarixə olan cəmi borcu 15833,22 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 1869,22 ABŞ dolları) məbləğində, 05 fevral 2019-cu il tarixə olan cəmi borcu 16605,89 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 2641,89 ABŞ dolları) məbləğində və 03 may 2019-cu il tarixə olan cəmi borcu 17425,11 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 3461,11 ABŞ dolları) məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinə xitam verilməsi, əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və 03.12.2019-cu il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh X2 apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iş materiallarına əsasən X5 ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrində də həmin ünvan göstərilmişdir. Bu səbəbdən məhkəmə bildirişləri məhz həmin ünvana göndərilmişdir. X5 isə qeydiyyat ünvanının dəyişdiyini bildirsə də, bununla bağlı iddiaçıya heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsində də təsbit olunmuşdur ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclaslarından məlumatsız olduğunu bildirsə də, sonuncu məhkəmə iclasında iştirak etmiş və iddianı qismən qəbul etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində cavabdeh əsas və faiz borcunu mübahisələndirmədiyi halda, apellyasiya şikayətində faiz və cərimə borcu hissəsində də iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan başqa iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin və ekspert rəyinin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinə də hər hansı ödəniş qəbzləri əlavə edilməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti isə qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuşdur. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-370/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.08.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-514/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-514/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver